Showing posts with label tercume. Show all posts
Showing posts with label tercume. Show all posts

11 June, 2020

İda Yessen - Doktor Baggenin Əhvalatı


         Bu il oxuma sürəti bir qədər zəif, kitab seçimi isə daha fərqli biri olduğumu hiss edirəm. İndiyədək müraciət etmədiyim yazarlar və mövzular əhatə edəcək blogumu deyə ön proqnoz verə bilərəm. Amma 2020-ci il üçün ilk kitab rəyim keçən ilin bu günlərində tanış olduğum İda Yessendən növbəti seçimim – “Doktor Baggenin Əhvalatı” kitabı haqqında olacaq. Bu kitab “Yeni Çağlar” kitabının davamı olaraq qələmə alınmışdır. Sadəcə ilk kitabda qadının duyğuları, yaşadıqları ön planda idisə, indi onun həyat yoldaşını daha yaxından tanımaq şansı əldə edirik.
         “Doktor Baggenin Əhvalatı” İda Yessen imzasını daşıyaraq 2017-ci ildə oxucuya Lilly və Viqand Bagge cütlüyünün həyatlarının davam hekayəsi kimi təqdim olunub. Azərbaycanda isə Anar Rəhimovun orijinaldan tərcüməsində sadəcə 1 il sonra 2018-ci ildə Alatoran nəşriyyatında işıq üzü görərək oxucuların ixtiyarına verilib. “Yeni Çağlar” kitabı Viqandın ölümü ilə başlayıb həyat yoldaşının ayaqda durmaq mübarizəsindən bəhs edirdisə, ikinci hissə bir qədər geriyə gedərək Vigandın daxili aləmini gözlərimiz qarşısında açır. Məndə oxuyarkən elə bir hiss yarandı ki, bəlkə bu ilk kitab olmalı imiş və ya bunu bitirdikdən sonra bir daha Lillynin gündəliyini nəzərdən keçirib orada həyat yoldaşı ilə bağlı qaranlıq qalan duyğularına bir cavab tapa bilim. Qeyd etməliyəm ki, ikinci hissə axıcılığı, duyğu ötürücülüyü, bədiiliyi ilə heç də “Yeni Çağlar”dan geri qalmır. İlk hissədən bizə quru, soyuqqanlı, arvadına qarşı laqeyd biri kimi xatırladığımız Viqandın burada fərqli keyfiyyətlərini aşkar edirik. 
        Hər şey Viqanda Danimarka Həkimlər Birliyindən gələn bir təkliflə başlayır. Ona həkimin bir günü barədə qeydlər yazmaq təklif edilir. Xarakterinə uyğun olaraq əvvəlcə tərəddüd etsə də, yazının onun üçün ancaq resept yazmaqdan ibarət olduğunu düşünsə də, sonra cızmaqara etməyə qərar verir. Beləliklə ikinci macəramız başlayır...
       20-ci əsrin ilk illərində Thyregodda bölgə həkimi kimi çalışan Vigandın həyat hekəyəsini özünə xas yığcamlıqla öyrənirik. Duyğularını göstərə bilməyən qəhrəmanımızın yazarkən də bu xüsusiyyətinə görə əzab çəkdiyini görürük. Atasına vurğun olan yeganə övlad onu erkən yaşlarında itirdikdə təbii olaraq onun hər şeyini mənimsəməyə, onun kimi olmağa, xatirəsini davam etdirməyə çalışır. Anası ilə münasibətindəki qəribə uçurum, atasını isə ideallaşdırması Viqandın bugünki kimi formalaşmasında mühüm rol oynayıb. Hər kəslə məsafəli olmaq, bütün fırtınalı və sakit duyğuları sadəcə öz daxilində yaşamaq, kənardan necə göründüyünə əhəmiyyət vermədən məntiqinin səsinə qulaq asmaq ona atasından qalan mirasdır. Uşaqlıq illərinin atasına heyranlıqla, gənclik illərinin isə daim oxuyaraq, sənətinə vurğunluqla keçdiyini görürük. Qəhrəmanımız ailədə, digər insanlarla münasibətdə necə soyuq görünürsə, xəstələrinə qarşı necə tolerant, həvəsli, yardımsevər olduğu sətirlər bir-birini əvəzlədikcə aydın sezilir. O dövr kiçik bir əyalətdəki xəstəxana şəraitindən, tüğyan edən yolucuxu xəstəliklərdən, illər ötdükçə elmə gətirilən yeniliklərdən, bir çox hallarda türkəçarə müalicə metodlarının həkim resptlərinə qalib gədiyinə inanılan bir cəmiyyətdən, insanların tabu sayılan mövzulara baxışından da ara-ara söz açan yazar Viqandın anlatması ilə oxucu üçün həmin dövr Danimarkasının kiçik bir mənzərəsini bədii təsvir edir.
      Bütün bunlar fonunda Viqand və Lillynin ailə daxili münaqişələrinin səbəbinin təkcə yaş fərqi ilə məhdudlaşmadığını da görürük, qapalı biri ilə yaşamağın hər şeyi paylaşmağı sevən bir qadın üçün necə çətin olduğu, böyük məsuliyyət kimi görünən uşaq məsələsinə illər sonra yenidən qayıdılarkən artıq gec olduğunun anlaşılması, iki fərqli xarakterin bir evi paylaşsa belə, fərqli dünyası, dünyagörüşü bu münaqişələr üçün qığılcım rolunu oynayan detallardır. Əslində dərinə getdikdə onlar arasında sevgi əskikliyindən söhbət gedə bilməz, sadəcə Viqandın sakit təbiəti, gündəlik qayğıları, özünəməxsus çətin xarakteri, həyatının başında kariyerasını ərinə fəda edən dolu-dolu yaşamağı sevən bir gənc müəlliminrəngarəng daxili aləmi ilə uzlaşmır. Amma yenə də son ana qədər qayğı, hörmət çərçivəsində davam etdirilən münasibət də bir alqışa layiqdir deyə düşünürəm. 
       “Doktor Baggenin Əhvalatı” öləcəyini bilən, getdikcə daha ağırlaşsa da, bunu arvadından son ana qədər gizlədib həyatını heç nə baş verməyəcəkmiş kimi yaşayan, həkimliyin mənasını tam anlamı ilə dolduran – son günlərini belə imkansız xəstələrə yardım edərək keçirən bir qəhrəmanın həyatından qeydləri ehtiva edir. Bəzən hirslənsək, bəzən haqq verməsək də, ən azından ilk kitabdakı qəzəbimizin bir qədər solduğu, anlamağa çalışdığımız güclü bir insan olan Viqandın həyatının son sətirləri... Bir həkimin gününü təsvir etmək məqsədilə başlayan yolculuq kitabın sonunda da qeyd edildiyi kimi məqsədini aşsa da, ancaq İda Yessenin oxucuya ötürmək istədiyi mesajı mükəmməl bir şəkildə daşıya bildiyini etiraf etməliyəm.
       “Yeni Çağlar” və “Doktor Baggenin Əhvalatı” İda Yessenin səmimi yazı tərzi ilə, Danimarka ədəbiyyatı ilə tanış olmaq istəyən hər kəsə məsləhət görə biləciyim iki kitab oldu.  Beləliklə kitabı – bir tarixi romanı, bir ailə hekayəsini, maraqlı iki həyatı qarışıq duyğularla bağlayıb rəfimə qoyarkən qadın olmasına baxmayaraq kişilərin də daxili aləmini detallarla oxucuya çatdırmağın öhdəsindən layiqincə gələn bir yazarla - İda Yessenlə tanış olduğum üçün sevinirəm.
“Doktor Baggenin Əhvalatı” maraqla oxuduğum kitablardan biri kimi məndən 4 bal aldı. 

07 May, 2019

İda Yessen – Yeni Çağlar

      İlin yeddinci kitabı da bitdi... Bu dəfəki mütaliə səfərim bir qədər uzağa – Skandinaviya yarımadasına – Danimarka sərhədlərinə doğru uzanır. Müasir Danimarka ədəbiyyatında özünəməxsus yer tutan, hal-hazırda da yaradıcılıqla məşğul olan yazarlardan biri İda Yessen “Yeni Çağlar” kitabı ilə siyahıma daha bir maraqlı əsərin əlavə olunmasına şərait yaratdı. Son zamanlar Alatoran nəşrlərinə üstünlük verdiyimi artıq bilirsiniz. Bu dəfə də ənənəni pozmadım. Anar Rəhimovun orijinaldan tərcüməsində 2018-ci ildə işıq üzü görən bu tarixi roman öz ölkəsində nəşr olunduqdan 3 il sonra oxucularımıza təqdim olunub. Alatoran nəşriyyatında bir-birinin ardınca çapdan çıxan maraqlı kitablar Skandinaviya ölkələrinin ədəbiyyatı ilə maraqlanan hər kəs üçün əvəzsiz hədiyyədir. Eyni zamanda bu addım həmin ölkələrin dillərini bilməyən kitabqurdları üçün də yeni çıxan nəşrləri əlçatan edir.

         İda Yessen 1989-cu ildən yaradıcılıq fəaliyyətinə başlasa da onu dünyaya daha çox tanıdan, sevdirən “Yeni Çağlar” (En ny tid) və “Doktor Baqqenin əhvalatı” (Doktor Bagges anagrammer) başlıqları ilə çap olunan ikihissəli tarixi romanıdır. İlk olaraq 2015-ci ildə oxucuya təqdim olunan “Yeni Çağlar” romanı haqqında fikirlərimi paylaşım.
       Qısa müddətə oxuyub bitirdiyim bu əsər bəzi səhifələrdə darıxmağıma səbəb olsa da, ümumilikdə sevdiyim romanlar arasında öz yerini aldı. Kitab baş qəhrəmanımız Lilly Baggenin gündəliyi şəklində yazılıb. Bir gənc qızın ailəsindən uzağa müəllim kimi kariyerasına başladığı bölgəyə - Thyregoda səfəri ilə 1904-cü ildən başlayan xatirələri müxtəlif fasilələrlə 1932-ci ilədək davam edir. Yeni həyata başlayan, yeni bir əraziyə, yeni bir evə köçən Lilly kim bilə bilərdi ki, böyük ümidlərlə gəldiyi Thyregodda həm həyatının ən özəl, həm də ən ağrılı günlərini yaşayacaq. Yaşadıqlarını ağappaq səhifələrə köçürmək istəyən qəhrəmanımızın gündəlik yazmağa başlasa belə elə ilk səhifələrdən  uzun müddət ara verdiyinin şahidi oluruq. O ana qədər ki, təmizlik işləri apararkən illər sonra evin bir kənarında unudulmuş halda gündəliyini tapır. Yenidən yazmağa başlayan Lilly qəlb yoldaşı olmuş bu dəftərlə hər şeyini paylaşır. İndi daha açıq, daha təcrübəli, özündə dərin duyğular ehtiva edən sətirlər çıxır qarşımıza. Artıq ölüm döşəyində olan həyat yoldaşını hər gün xəstəxanada ziyarət edən Lilly qarışıq duyğular içərisində davam edir həyata. Onun qarşısında iki variant var: Ya Viqanddan sonra boşluğun içində qeyb olacaq, ya da həyatın bir qolundan yapışıb yaşamağa davam edib hər şeyi geridə qoyacaq. Yazıları ilə iç dünyasına səyahət etdiyimiz bu qadın ərinin ölümü ilə əvvəlcə tərəddüdlər içində boğulur. Öz ayaqları üzərində durmağı bacardığı halda bütün həyatını aralarında dərin sevgidən çox bağlılıq olan həyat yoldaşına təslim etdiyini anlayır tənha qaldığı bu günlərdə. Yeni evə köçmək ərəfəsində olan Lilly əşyalarını toplayarkən, keçmişini, ailəsini, universitet illərini, dostlarını, işə qəbul edilmə xatirələrini bir-bir yada salır. Həyat yoldaşının əşyaları arasında ondan bir iz, bir sevgi nişanəsi axtararkən artıq onsuz bir həyata məhkum olunduğunu anlayır. Bu kitab bir qadının gündəliyindən daha çox yenidən həyata tutunma hekayəsidir desək daha doğru olar. Hər anına şahid olduğumuz qəhrəmanımızı bəzən qınayır, bəzən dəstəkləyir, bəzənsə halına acıyırıq. Ancaq əminəm ki, heç birimiz özümüzü onun yerində təsəvvür etmirik. İndi onu yenə yeni bir ev, yeni bir həyat gözləyir, bu dəfə də tək öhdəsindən gəlməlidir hər şeyin, ancaq daha əvvəlki kimi nə gənc, nə də güclüdür. Bu dəfə yeni həyata başlamaq əvvəlkindən daha çətin olacaq.
         Əsəri oxuduqca Lilly və Vigand kimi iki fərqli xarakterin necə illərlə evli olduğu mənə qəribə gəldi. Bir tərəfdə işinə aşiq, danışmağı xoşlamayan, hökmlü, ənənələrdən uzaq, mərhəmət hissindən məhrum, məntiqinin gücünə önəm verən Viqand, digər tərəfdə həyata yeni atılan, gənc, duyğusal, romantik bir müəllim Lilly. Bu münasibətdə istər-istəməz qadın bu dominant xarakter altında əzilməyə məhkum idi. Bunun fərqinə isə illər sonra həyatda özünü tapmağa çalışarkən varır Lilly. İndi yaşadıqlarını keçmişi ilə müqayisə edərək hər şeyi götür-qoy edir, beləcə nə istədiyinə, qalan həyatına necə davam etməli olduğuna qərar verə bilir. Əsərin əvvəlində tənha qadın kimi halına üzüldüyümüz Lilly, illər keçdikcə artıq tənha yox azad qadın kimi qarşımıza çıxır. Bütün zəncirlərini qıraraq o, tənhalıqdan azadlığa gedən yolu özü qət edir. Bu yolda onun qarşısına yeni insanlar, yeni təkliflər, yeni şanslar da çıxır. Qəhrəmanımız isə tələsik qərar vermədən, ətrafı yox özünü düşünərək, həyatın selinə qapılmadan yoluna davam edir. Sonda kitabxana açaraq həm insanlara xidmət göstərən, həm də yaşadığı bölgənin daha müasir, daha məlumatlı olmasına çalışan bu qadın həyat qarşısında dimdik duruşu ilə çıxır qarşımıza. Və gündəliyin son xatirələrini oxuduqca isə keçmişinin onun üçün yeni həyatına da bir təkan olduğunun şahidi oluruq. Pozitiv notlarla bitirdiyim bu əsər həm Danimarka ədəbiyyatı, həm də İda Yessen qələmi ilə ilk tanışlıq oldu mənim üçün. Lilly həyatın zalımlığı qarşısında əzilmədən vuruşan mübariz bir qadın obrazı kimi yaddaşıma həkk olundu. “Yeni Çağlar” isə güclü bir qadının həyat mübarizəsini onun öz dilindən oxumaq istəyənlərə tövsiyə edəcəyim bir kitaba çevrildi.
         Əsər gündəlik şəklində oxucunu özünə cəlb edərək davam edərkən müəllif araya əsərlə bilvasitə əlaqəsi olan bəzi kənar əhvalatlar yerləşdirərək sanki bunun bir gündəlik olmadığını xatırladır. Bu əhvalatlar mənə qəribə görünsə də, əsərin ümumi məzmununa xələl gətirib onun sehrini poza bilmədi mənə görə. Son səhifənin xəyalını quraraq oxuyub bitirdim bu həyat mübarizəsini. Lilly Baggenin duyğuları, yaşadıqları, həyatını kağıza həkk etməsi – hər şeylə “Yeni Çağlar” vaxtımı dəyərli keçirməyimə yardımcı oldu və məndən 4 bal aldı. Növbədə isə romanın ikinci hissəsi məni gözləyir.


05 April, 2019

Sergey Dovlatov – Əcnəbi Qadın

       İlin beşinci kitabını da bitirdim. Bu kitab bir müddət əvvəl yaradıcılığı ilə tanış olduğum Sergey Dovlatovdan “Əcnəbi Qadın” oldu. Sergey Dovlatovun yazı tərzini bəyəndiyim üçün ona yenidən müraciət etmək ehtiyacı duydum. Əsərlərində obrazlarına tənqidi yanaşan, satirik məqamlardan istifadə edən yazarlar hər zaman mənə daha cəlbedici gəlib. Sergey Dovlatov da onlardan biri kimi mütaliə zamanı mənə xoş dəqiqələr yaşadır. Çox təəssüf ki, bu müəllif ölkəmizdə layiq olduğu qədər məşhur deyil, sadəcə üç əsəri tərcümə olunaraq oxuculara təqdim olunub. Alatoran nəşriyyatından işıq üzü görən “Çamadan “ əsərini çox sevdim. İndi isə Qanun nəşriyyatından yayımlanan və elə həmin nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun öz tərcüməsi ilə buraxılan “Əcnəbi Qadın” əsəri barədə fikirlərimi bölüşəcəyəm. 
          Orijinalda adı “Иностранка” olan 1986-ci ildə işıq üzü görən əsər Azərbaycanda isə 2014-cü ildə tərcümə edilib nəşr olunmuşdur. Bu əsərin maraqlı bir cəhəti var. Kitabda bir cümlədə eyni hərflə başlayan 2 sözə rast gəlmək mümkün deyil. Tərcümə zamanı da bu xüsusiyyət gözlənilib. Əsər, həmçinin, müəllifin yaradıcılığının son dövrlərinin məhsuludur və burada da avtobioqrafik məqamlara rast gəlmək olur. Ümumilikdə, bu əsər sırf Sovet İttifaqını tənqid atəşinə tutmaq və Amerikadakı vəziyyətin mükəmməlliyini vurğulamaq üçün yazılmayıb. Yazıçı burada hər iki ölkədə yaşayışın mənfi və müsbət cəhətlərini gözlər önünə sərir, eyni zamanda ölkəsindən ayrı düşən mühacirlərin hər biri üçün Amerikada həyatın kənardan göründüyü kimi elə də asan olmadığını oxucularının nəzərinə çatdırır. 
         Əsərin əsas obrazları 1980-ci illərdə Amerikada məskunlaşmış rus və yəhudi emiqrantlardır. Sergey Dovlatov hər qəhrəmanının Rusiya və Amerikadakı həyatını müqayisəli şəkildə oxuculara çatdırıb. Onların timsalında öz yaşadıqlarını da gözlər önünə sərib. Baş qəhrəmanımız Kommunist partiyasına sadiq bir ailənin qızı olan Marusya Tataroviçdir. Onun Rusiyadakı qayğısız həyatı, qarşısında bütün qapıların açıq olduğu, valideynlərinin uğurlu kariyera yolu, iki uğursuz evliliyi, bir övladının olması və bir çox münasibətləri ilk mərhələdə öz əksini tapır. Sonradan “perspektivsiz” həyatı gələcək üçün qorxu yaradır Marusyada. O da o zamanlar dəbdə olan mühacirlərə qoşulub ölkəsini tərk edir. Bunu parlaq görmədiyi gələcəyi və həyatının iplərini öz əlinə almaq istəyi üçün reallaşdırır. Amerikada yaşamağa başlayan Marusya ilk əvvəl qohumlarının yanına sığınsa da, sonra iş axtarmaq, övladını saxlamaq cəhdi onu bir çox çətinliklərlə üzləşdirir. Bir müddət sonra latınamerikalı Rafaellə yaşadığı eşq macərası isə onun həyatını həm asanlaşdırır, həm də daha çətin mərhələyə gətirib çıxarır. Varlı ailəsi hesabına dolanan, baş qoşduğu hər işdə müvəffəqiyyətsizliyə düçar olan, gününü qadınlarla keçirən bu qəribə xarakterli kişi Marusyanın uğursuz seçimlərindən biri olur. Əslində Marusyanın “rahat” həyatı digər mühacirlərdə bəzən həsəd, bəzənsə qıcıq yaratsa da, bu qadının özü üçün isə artıq dözülməz hal alır. Hətta ölkəsinə geri qayıtmaq üçün bir sıra addımlar atmağa belə məcbur olur. Ancaq baş verən bir çox hadisələr, bir evi paylaşdığı Rafaelin duyğuları Marusyanın fikrinin dəyişməsinə səbəb olur. Sonda hər şeyi geridə qoyan Marusyanın buradakı həyatına alışmağa başlayıb Rafaellə ailə həyatı qurmasının şahidi oluruq. Müəllif də sonluqla mühacirlər üçün Rusiya səhifəsinin birdəfəlik bağlandığını bir daha dəqiqləşdirir oxucular üçün.
        Tərcümə olduqca soyuq təsir bağışlasa da, əsərə uyğunlaşmaqda çətinlik çəksəm də, orijinal əsərin yazılma stilinin gözlənilməsi mənim üçün təqdirəlayiq bir detal oldu. Ancaq bəzi məqamlarda bu prinsipin gözlənilməsinin tərcümənin keyfiyyətinə mənfi təsiri açıq-aydın görünürdü. Maraqlı müqayisələrə, satirik yanaşmalara, müsbət sonluğa baxmayaraq ilk oxuduğum “Çamadan” əsərini daha çox bəyəndiyimi etiraf etməliyəm. Beləcə, “Əcnəbi Qadın” məndən 2 bal alır. İl ərzində bu müəllifə bir daha müraciət etmək arzusu ilə…

30 January, 2019

Thomas Mann – Aldanmış

        İlin ikinci kitabı olaraq Thomas Mann imzalı “Aldanmış”ı seçdim. Maraqla oxuduğum və tez bir zamanda bitirdiyim kitablardan biri oldu. “Aldanmış” 2018-ci ildə Qanun Nəşriyyatının “miniKLASSİKA” başlığı ilə işıq üzü görmüşdür. Kitabda olan bütün səhvlər, redaktor və korrektorun adının qeyd olunmaması məndə  bu kitabın redaktə olunmadığına dair şübhə yaratdı. Düzünü desəm, bu şübhə Qanun nəşriyyatından oxuduğum əksər kitablara xasdır. )) Buna baxmayaraq, bu nəşriyyatın miniklassika seriyasını təqdir edirəm. Kiçik kitablarla hər növ oxucunu mütaliəyə təşviq edir Şahbaz Xuduoğlu. Əsas da kitabların həcmindən qorxub mütaliə fikrindən daşınan "oxucularımızı".
       Müəllif və kitaba gəldikdə bu Thomas Mann yaradıcılığı ilə ilk tanışlığım oldu. Alman ədəbiyyatının ən önəmli nümayəndələrindən olan, 1929 Nobel mükafatı laureatı, dünyaşöhrətli yazar bu kitabı ilə qəlbimə toxunmağı bacardı. Oxuduqca onun insan psixologiyasına necə dərindən bələd olmağı məni heyrətə düşürdü. Xüsusilə də, bir kişi yazıçı üçün qadın duyğu və düşüncələrinin bu qədər dəqiqliklə - bütün çılpaqlığı ilə əks etdirilməsi gözardı edilməyəcək bir istedaddır deyə düşünürəm.
        “Aldanmış” ilk dəfə 1954-cü ildə oxucu qarşısına çıxmış və dünyanın bir çox dillərinə tərcümə olunaraq yazarın şöhrətinə şöhrət qatmışdır. Thomas Mann yaradıcılığının son məhsullarından olan “Aldanmış” mövzu baxımından da onun əhval-ruhiyyəsinə uyğun gəlir. Əsərdə toxunduğu bir çox məqam kimi ölüm məsələsinə də xüsusi bir tərzdə yanaşan yazıçı sanki onu gözləyən qaçınılmaz son haqqında daxilində duyduğu hər şeyi sətirlərə töküb. Kitabda Birinci dünya müharibəsindən sonra yaranan müasir və qədim dövrün müqayisəsi geniş şəkildə öz əksini tapıb. Ancaq bunun fonunda təbiətə vurğunluq, incəsənət, din, sevgi, həyat, xəstəlik, ümid və sonda qədərlə barışma kimi bir çox məqama da toxunulub. Kitabda 4 əsas obraz ön plana çəkilsə də, kiçik obrazlarla da həmin dövrün cəmiyyəti gözlər önünə sərilir. Əsas qəhrəmanımız Rosalie ərini müharibədə itirmiş, iki övladına həyatını həsr etmiş bir qadındır. Yazıçı müharibə dövrünü, köhnəfikirli insanları bu obrazla tənqid edir. Rosalienin qızı Anna və oğlu Edwardın timsalında isə gənc nəslin nümayəndələri olaraq fikir fərqlilikləri öz əksini tapır. Anna fiziki qüsurlu və yaşadığı ilk uğursuz eşq təcrübəsinə görə özünü ətrafa qapamış rəsm çəkməklə həyatını keçirən dərin düşüncələrə malik gənc qızdır. Edward isə təhsilə önəm verən, gələcəyini Amerikada planlaşdıran bir yeniyetmədir. Sonuncu qəhrəmanımız isə hekayənin üzərində qurulduğu, ona can verən Ken Keatondur. Edwardın ingilis dili müəllimi olaraq ailəyə girən və Avropa sevgisi, tarix bilgisi, Amerika gerçəkliyinə olan münasibəti ilə qəlblərdə taxt quran bir gəncdir. Xüsusilə də Rosalie xanımın qəlbində. Bu 4 obraz vasitəsilə yazar o dövrün beyinlərinə nüfuz edib fikirləri, duyğuları, xarakterləri sərgiləsə də, onun əsas çatdırmaq istədiyi ideyaları ana-qız dialoqlarında öz əksini tapır. Oğlunun müəlliminə vurulan Rosalie cəmiyyətin tənqidindən çəkinsə də, bu sevgini utanc yox, mərhəmətli təbiətin ona bəxş etdiyi bit lütf sayır. Əvvəlvə özü ilə mübarizə aparsa da, sonra ona verilən bu şans üçün şükr edir. Bu sevginin gücü ilə yaşını unudub gəncləşdiyini zənn edən ana qızı ilə dialoqunda öz duyğularına bəraət qazandırır. Bu dialoqlarda Rosalie və Anna yaş və dövr baxımından sanki yerlərini dəyişmiş görünür. Qızı dönə-dönə anasına insanların onlar haqqında nələr danışacağını xatırlatsa da, bu münasibətin fəsadlarının həm ona, həm qardaşına necə təsir edəcəyini söyləsə də, Rosalie öz sevgisini, ona cavanlaşmağı üçün verilən bu duyğunu müdafiə edir, bu şansı qaçırarsa təbiətin bir daha belə mərhəmətli olmayacağını bildirir. Kendən də duyğularına qarşılıq alan Rosalie daha da cəsarətlənir. Ancaq heç də gedişat gözlədiyi kimi olmur. Allahın onu təkcə mənən deyil, həmçinin fiziki baxımdan da gəncləşdirdiyini düşünən qadın yaşadığı dəyişikliyin əslində isə xəstəliyin nəticəsi olduğunu anlayanda hər şey üçün artıq gec olur. Ancaq həyatda təbiəti – ağacları, güllərin ətirlərini, quşları, dənizi, günəşi dəli kimi sevən bu qadın təbiətin ona rəva bildiyi bu xəstəliyi də qəbul edir və taleyin acı sonu ilə barışır.

       Kitabın adının xüsusilə çox gözəl seçildiyini düşünürəm. “Aldanmış” onu oxumadan oxucunu mövzü ilə bağlı aldada bilir. Ancaq kitabı bitirdikdən sonra bu başlığın mövzunu tam əhatələdiyi məlum olur. Qanun nəşriyyatının seçdiyi üz qabığını da bəyəndim. Həm gəncləşən, həm də xəstəliyi, zəifliyi üzündən hiss olunan qadın Rosalieyə çox bənzəyir. Amma tərcümə ilə bağlı eyni şeyi deyə bilməyəcəyəm. Kitabın ilk səhifələrindən tərcümə və əsər mənə soyuq təsir bağışladı ancaq 50 səhifə sonra tərcümənin keyfiyyəti xeyli artır. Ümumilikdə isə kitab mövzusu, axıcılığı, maraqlı dialoqları və qadın psixilogiyasının dərinliyinə qədər təsviri ilə zövqümü oxşadı. Thomas Manndan oxuduğum ilk əsər məndən 4 bal alır. Növbəti miniklassikalarda görüşmək üzərə...

10 January, 2019

Sergey Dovlatov – Çamadan

     Yeni il gəldi… Yeni kitablar məni gözləyir, mən də onları oxumağı özü də səbrsizliklə )) İlk olaraq, yanvar ayı üçün niyyətim ötən il bitirə bilmədiyim kitabları “Oxuduğum kitablar” siyahıma əlavə etməkdir. Bu yolda atılan ilk addım Sergey Dovlatovdan “Çamadan” oldu. 2019-un ilk kitabı olan “Çamadan” sadəcə əlimin altında olduğu üçün oxumağa başlasam da, məni özünə cəlb etməyi bacardı.
      Bu kitab 2013-cü ildə Alatoran Yayınlarından
işıq üzü görüb. Həmçinin, qeyd edim ki, Sergey Dovlatovun əsərlərinin Azərbaycan dilində ilk nəşridir. Son zamanlar bu nəşriyyat dünya 
ədəbiyyatından xeyli sayda fərqli əsərləri oxuculara təqdim etməsi ilə diqqətimi cəlb edir. Mən də artıq 1 ildir ki, elə bu əsərlərə üstünlük verirəm desəm yanılmış olmaram.      
Keçək əsas məsələyə… Sergey Dovlatov yəhudi əsilli rus yazıçıdır. XX əsrin sonlarında rus ədəbiyyatında ən çox sevilən və oxunan yazarlar sırasındadır. Baxmayaraq ki, jurnalist kimi fəaliyyət göstərib, bir sıra qəzetlərdə yazıları dərc olunub və bunun sayəsində xeyli tanınıb, siyasi görüşləri ucbatından bir müddət oxunulmayıb, təzyiqlərə məruz qalaraq Nyu-Yorka mühacirət edib. İllər sonra dəyəri anlaşılan yazarın çox sayda kitabı olmasa da, xeyli oxucusu var. “Çamadan” avtobioqrafik əsər olub bir çox dilə tərcümə olunan kitablarındandır müəllifin. 1986-cı ildə qələmə aldığı “Чемодан” 
kiçikhəcmli əsər olsa da o zamankı rus cəmiyyətini bütün mənfilikləri, haqsızlıqları ilə oxucu qarşısında ifşa etməyə müvəffəq olub bu əsərlə. Oxuyarkən “Bu qədər şey yaşayıb, həyata bu qədər laqeyd baxmaq necə mümkün olur? deyə sual yarandı məndə. Ancaq sonra yazara haqq verdim, belə bir dövrdə, cəmiyyətdə yaşayıb, bütün iyrənclikləri ilə insanları tanımaq və mövcud şəraiti dəyərləndirməyə yazar sadəcə laqeydliyi hesabına müvəffəq olub. Çünki hər şeyi içində dərindən hiss edən biri bu yaşadıqlarına – həbs olunmağa, təqib və təzyiqlərə, qərib ölkədə həyat sürməyə məruz qalmağa necə dözə bilərdi, ağrı-acı, bəlkə də üsyan ilə necə hər şeyi ifşa edə bilərdi?! “Çamadan” əsərində müəllifin həyata barmaqarası baxmaqla hər şeyi anlatma tərzi çox xoşuma gəldi, hələ tərcümə mükəmməl olmasa belə əsərin ideyası, xəfif zarafat anlayışı zövqümü oxşadı.
        Bir çamadan düşünün, 36 il yaşayıb hər şeyinizi sığışdıra bildiyiniz bir çamadan. Bu çamadanla xarici ölkəyə üz tutan bir yazıçı… Siz nə deyərdiniz, o, bir çamadan dolusu xatirə ilə ölkəsindən uzaqlaşır, yoxsa bu qədər il yaşadığı doğma ölkəsini tərk edərkən əlində qalan sadəcə bircə çamadanı dolduracaq qədər olan xatirələrdir? Məncə, xatirələrin çoxluğu deyil əhəmiyyətli olan onların bir ömrə bəs edəcək qədər dəyərli olmasıdır məsələ. Müəllifin özünün dediyi kimi:

“Vətəndə yaşadığım 36 il ərzində əldə etdiyim hər şey mətbəx stolunun üstündə idi. Öz-özümə fikirləşdim – doğrudanmı, elə bu? Sonra cavab verdim – hə, elə bu. Və burda, necə deyərlər, xatirələr axıb-tökülüşdü. Yəqin, onlar bu cır-cındır əski-üskülərin arasında gizlənmişdi. İndi isə ortalığa çıxıblar. Bu xatirələri “Marksdan Brodskiyə” adlandırmaq da olar. Ya da – Mən nə əldə etmişəm?” Ya da ki, sadəcə, - “Çamadan”…
       Yazıçı mühacirətdə olduğu Nyu-Yorkda çamadanını açır və içindən çıxan səkkiz əşya ilə səkkiz xatirəsini oxucuları ilə paylaşır. Bütün səmimiliyi ilə, sıxmadan, şişirtmədən, hətta bəzən zarafat da qataraq yaşadıqlarını maraqla çatdırır. Krepdən hazırlanmış fin corabları, nomenklatur çəkmələr, kostyum, zabit kəməri, Fernan Lejenin gödəkçəsi, poplin köynək, qış papağı, sürücü əlcəkləri – bunlar indi ona mənasız gəlsə də, istifadə olunmasalar belə hər birinin xatirəyüklü əşyalar olduğunu xatırlayır. Beləcə, Sergey Dovlatovun indiki mövqeyə gələnə qədər keçdiyi həyat yolundan 8 fraqment gözlərimiz qarşısında canlanır. İşlədiyi redaksiyadan tutmuş hərbi xidmətinə, müvəqqəti vəzifələrdə çalışmağından tutmuş uşaqlığının keçdiyi yerlər, valideynləri, dostları, hətta həyat yoldaşı ilə necə tanış olduqlarına qədər bütün məqamlar bu çamadanda – bu kitabda öz yerini tapıb.
   
 Kitabda ən sevdiyim fikirlər bunlar oldu:
“Əksər adamlar həll olunmasının sərf etmədiyi problemləri həlledilmız hesab edir. Və onlar doğru cavabların tələb olunmadığı saysız-hesabsız suallar verirlər… “
“Aşiq olmuş yoxsulun istənilən fikri cinayətə aparır.”
      Ən bəyəndiyim məqamlar isə uşaqlıq qonşusu ilə özünü, ailəsini etdiyi müqayisə, “Şahzadə və Dilənçi” bənzətməsi, həmçinin, onun kimi arvadının da laqeyd münasibət ilə ailə həyatlarını sürdüklərini düşündüyü zaman əlinə təsadüfən keçən bir albomla həyat yoldaşının onu nə qədər çox sevdiyini anlaması oldu.
         Ümumiyyətlə, bezmədən oxuduğum kitablardan oldu, ilk başladığım zaman bunun əksini düşünsəm belə. Ancaq mütaliə zamanı “həm bitirmək istəyib, həm də bitirsəm məyus olacağam” hissi yaşamadım. “Çamadan” Sergey Dovlatov yaradıcılığı ilə ilk tanışlıq və oxuduğum ikinci avtobioqrafik əsər oldu mənim üçün. Bu əsər məndən 3 bal aldı. Növbədə eyni müəllifdən daha bir kitab olacaq.

19 November, 2018

Roy Jacobsen – Görünməzlər

     Bu gün Norveçdə çox məşhur olan və tərcümə olunduğu digər dillərin oxucuları tərəfindən də çox bəyənilən kitab haqqında yazacağam. Kitabım Roy Jacobsenin 3 hissəli romanının ilk kitabı “Görünməzlər”dir.
     Roy Jacobsen Norveçin çox sevilən roman və qısa hekayələr yazarıdır. 1954-cü ildə Osloda doğulub və hal-hazırda bu şəhərdə də yaşayır. Həyatı boyu bir çox işlərdə çalışsa da, yazıçılıqda özünü tapıb deyə bilərəm. Ədəbiyyatdakı yerini aldığı bir çox mükafatlarla daha da möhkəmləndirən Roy Jacobsen bir çox dillərə tərcümə olunmuş və Norveç ədəbiyyatının dünyada daha çox tanınmasında xüsusi rol oynayan müəlliflərdən birinə çevrilmişdir.
      “Görünməzlər” (orijinal adı De Usynlige) Norveçdə çap olunduqdan 4 il sonra 2017-ci ildə Qanun nəşriyyatından işıq üzü görmüş və dilimizə Norveç dilindən birbaşa tərcümə olunmuşdur. Bu, mütaliə zamanı mənim üçün önəmli faktorlardan biridir. Oxuyarkən yalnızca bir tərcüməçinin ruhu qatılmış əsər orijinala daha çox sadiq qalır deyə düşünənlərdənəm. Digər dillərdən tərcümə zamanı tərcüməçi öz dəsti-xətti ilə yanaşı bu dillərə tərcümə edənlərin əsərə qatdığı bir çox duyğunu da istəmədən belə olsa əsərə daxil etmək məcburiyyətində qalır. Əsərlərin yazıldığı dili bilmədiyimiz halda birbaşa tərcüməyə müraciət etmək daha məqsədəuyğundur deyə düşünürəm. Bu sahədə də son illər norveç, isveç və danimarka dillərindən birbaşa tərcümələri ilə Anar Rəhimov köməyimizə çatır. Skandinav ədəbiyyatına marağı olan və eyni zamanda əsərləri birbaşa tərcümədən oxumaq istəyənlər üçün Anar Rəhimov imzalı tərcümələr xüsusi dəyərə malikdir.
       Əsərin təhlilinə gəldikdə ən önəmli məqamlardan başlasaq, ilk növbədə fərqli süjet xəttini vurğulamalıyam. Kitabda hər şey dümdüz davam edir. Bu, macəra sevən oxuculara sıxıcı gələ bilər. Ancaq hadisələr o qədər axıcı davam edir ki, heç macəra axtarmağa macal qalmır. Kitab 51 bölümdən ibarətdir. Hər bölümün öz süjeti, öz hadisələri əvəzləmə tərzi var. Bu da əsərdə daha nələrin ola biləcəyi haqda insanı düşünməyə vadar edir. Tam hər şey bitdi deyilən anda, yeni obrazlar peyda olur, yeni hadisələr cərəyan edir. Digər vacib məqamlar rahat başa düşülən yazı tərzi, detallı təsvirlərlə baş verən hər şeyin göz önündə asan canlandırılması, oxuyarkən oxucunu yormaması, yazıçının məharətinə bir növ sübutdur.
      Kiçik bir adada yaşanan çətin həyat tərzi, inadkar insanlar, amansız təbii hadisələr, hər şeydən, hər kəsdən uzaq yaşamağa çalışanlar, dünyanın mərkəzindən kənarda qalmış ada sakınləri – GÖRÜNMƏZLƏR... Qəhrəmanlarımız - həyata 1-0 geridə başlayanlar Barröy adasının sakinləridir. Əsərdə ətraf adalardan söz açılsa da, əsas hadisələr Barröydə cərəyan edir. Hans, atası Martin, bacısı Barbro, həyat yoldaşı Maria və kiçik qızları İngrid. Onlar görünməzlərdir... Onların səsi də duyulmur... O qədər qələbəyə yaxınlaşdıqları anda məğlub olub həyata yenidən başlayıblar ki, bütün hirslərini, bağırtılarını, üsyanlarını öz içlərində boğmağa alışıblar... Zatən görünməyən, heç varlıqlarından xəbər belə olmayan insanların səsi necə eşidilə bilər ki?! Kitabda Hadisələr 1913-1928-ci illər aralığını əhatə edir. Bu müddət ərzində bu 5 sakindən bəziləri həyata vida edir, bəzisi doğulur, bəziləri isə qonşu ərazilərdən gəlib adada yaşamağa məcbur olur. Onların əməyi və həyatı təbiətin gücü qarşısında aciz olsa da, inadkar sakinlər öz adalarını yaşanmalı yer etmək üçün əllərindən gələn hər şeyi edir, bununla da həyatda qalmaq uğrunda mübarizə aparırlar.
Onlar yaşamlarını balıqçılıqla, quru balıq, süd, yun ticarəti ilə sürdürən, qazandıqları məhdud büdcə ilə, həm təbii hadisələr nəticəsində dağıntılara məruz qalan adalarını bərpa etməyə səy göstərən, həm öz qida tədarüklərini, həm də saxladıqları heyvanların yemlərini təmin etməyə çalışan inadkar insanlardır. Burada kişi-qadın bərabərliyi var, zərif məxluq anlayışı öz hökmünü itirib. Qadınlar da kişilərlə bərabər qayıqla dənizə açılır, balıq tutur, tarlada çalışır, balıq qurudur, heyvanlara qulluq edib onları əmək üçün hazırlayır hətta kişilərdən əlavə balıq tutmaq üçün tor toxuyur, kiçik tikinti işləri ilə məşğul olur, evin və adanın qayğısına qalırlar. Bu adada kiçik yaşlı uşaqlar belə işdən kənarda qalmır. Onların da böyüklər kimi bu cür çətin, güc tələb edən işlərin öhdəsindən gəlməsi heyrət doğurur. Uşaqlıqlarını yaşamaq yoxsa sadəcə yaşamaq uğrunda mübarizə... Bax bu seçim haqqı belə onlara verilmir. Hər an fırtına, tufan, leysan, qar fırtınası, quraqlıq təhlükəsi ilə üzləşən qəhrəmanlarımızın bu kiçik dünyasında sadalanan bu işlərdən başqa heç nəyə yer yoxdur. Hər yeni gün onlar üçün həyatla mübarizənin başlanğıcıdır. Bütün bunların fonunda isə ailə üzlərinin bir süfrə arxasında oturub yemək yeməsi, qəhvə içib ətrafı seyr etməsi belə onlar üçün əvəzsizdir, xüsusi dəyərə malikdir. Ailə sevgisi, doğma yurda bağlılıq, əməyin təbliği, təbiət qarşısında inadla mövqe tutmaq, sevdiklərini itirənlərin həyata və bir-birlərinə dörd əllə sarılması bu kitabın əsasını təşkil edir. Aşağıda əsərdən ən bəyəndiyim sətirləri paylaşıram. Onları oxuyarkən bütün həyatı kiçik bir adadan ibarət olan qəhrəmanlarımızı daha yaxşı tanıyacaqsınız.
  • Bütün məsafələrin aldadıcı olduğu dənizdəki metafizik bir qüvvə kimi onun həyatında bəzi proseslər baş verirdi. 
  • Qadının üzünə bir az öncə dalğalar onların həyatına hökmranlıq edərkən yaranan gülüş yenidən qayıtdı. 
  • Bu yağış altında o, küləyin titrətdiyi dəniz yosunlarına bənzəyirdi. 
  • Həyat – onu yaşamağa dəyməyəcək qədər dəyərsizdir. 
  • Qoy ən güclü külək əssin, qoy ən dağıdıcı fırtına qopsun, qoy göy məhvərindən çıxıb yerlə birləşsin, yenə də onların doğma adalarına heç nə olan deyil. 
  • Yazanın xətti dəniz dalğaları kimi səliqəsiz, qalxıb-enən idi. 
  • Bu ona bənzəyirdi ki, insan bütün dünyanı özü üçün bir evə çevirir: səmanı tavana, göz işlədikcə görünən üfüqləri isə evin divarına. Bu evin adı isə dünya olur. 
  • Yüksəklikdən uçan quş qanadlarını açır və qalan hər bir işi külək onun əvəzində edir. 
  • İnsanın hansısa bir xəyal qurduğuna görə peşmançılıq hissi keçirməsi kimi sarsıdıcı bir şey ola bilməz. 
  • Malik olduğunu başa düşmədiyi qiymətli bir şeyin ondan ayrılması faktı ilə üzbəüz qalmışdı. 
  • Ətrafdakı heyvanlar və həşəratlar isə elə insanların özü kimi ölü bir səssizliyə bürünüb. Bu dəmdə eşidilən yalnız dumanın qəribə səsidir: fısıltı! Bu fısıltı balıqqulağının içindəki dənizin səsinə bənzəyir. 
     Sonda bütün oxuculara bu əsəri tövsiyə edirəm. Norveçi, onun təbiətini, ədəbiyyatını sevən, dünya yazarları ilə tanış olmaq istəyən hər kəsin bəyənəcəyi bu kitab məndən 5 bal alır. Siz də kiçik bir adaya səyahət edib bir müddətlik qəhrəmanlarımızın qonağı olmaq istəyirsinizsə, “Görünməzlər” sizin üçün əla seçimdir.

30 May, 2018

Cengiz Aytmatov – Kızıl Elma


      2018-ci ilin ilk kitabı keçən ildən qalan Çingiz Aytmatovdan hekayələr kitabı oldu. Bu il yarımçıq qalan bütün kitablarımı bitirməyi planlaşdırmışam. Belə ki, 2017-nin son günlərində şəhərdəki tıxaclar sayəsinde ibook'umu nəzərdən keçirərkən yenicə endirdiyim kitabı açdım ve oxuduqca axıb geden dili, yaratdığı maraq məni özünə çəkdi. Həm də hekayələr olması Bakımızın tıxaclı yollarında oxumaq üçün çox münasibdir. )))
Kitabda yer alan hekayələr Kızıl Elma, Oğulla Buluşma, Beyaz Yağmur, Asker Çocuğu ve Deve Gözü'dür. Həmçinin, bu 5 hekayə mənim müəllifin yaradıcılığı ilə ilk ciddi tanışlığım oldu.
İlk olaraq Çingiz Aytmatov'la başlayaq. Yazıçı Qırğızıstanın dünyaya açılmış ilk nümayəndəsidir. "Türk dünyasının böyük yazarı" sayılan Çingiz Aytmatov onlarla dilə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə sevə-sevə oxunur. Ədəbiyyatçı, siyasətçi, jurnalist, tərcüməçi, diplomat olan bu yazarın ‘Kızıl Elma’ kitabı 1964-cü ildə işıq üzü görmüşdür. Hekayələr haqqında qısaca bunları qeyd ede bilərəm:
  •         Kızıl Elma – hekayəsində bir atanın həyat yoldaşı ilə arasındakı münasibətin gərginləşdiyini, problemlərin çətin mərhələyə yüksəldiyini qızına anlatmaqda əziyyət çəkdiyini görürük. Burada təkcə həyat yoldaşını sevən bir kişi deyil, eyni zamanda mübahisələrin qızında yaradacağı təsirdən qorxan düşüncəli bir ata obrazı yaradıb müəllif. Və bütün bu qarışıq duyğular arasında tapılan bir qırmızı alma atanı keçmişə qaytararaq həyat yoldaşını bütün fərqliliyi, gözəl xüsusiyyətləri ilə gözündə canlandırmasına səbəb olur. Hər şeyin bir həll yolu var, yetər ki, insan vazkeçməsin. Kiçik bir alma ümid işığı olursa əgər, demeli heç vaxt gec deyil münasibəti yoluna qoymaq üçün.
  •         Oğulla Buluşma – burada Vətən uğrunda ölən bir oğulun həsrəti ilə alışıb-yanan bir ata görürük. Oğlunun öldüyünü bildiyi halda illər keçməsinə baxmayaraq bu reallığı qəbul etmək istəməyən ata həmin torpaqlara getmək üçün yola çıxır. Bu yolculuqda oğlunun əskər getdiyi günü, - baxmayaraq ki, bacıları yoldaşlarını bu səbəbdən itirdikləri üçün onun getməyinə razı deyildilər, amma o yenə də vətənə öz borcunu qaytarmaq istəyirdi, - bütün detalları ilə xatırlayır. Çarəsiz ata o torpaqlara çatdığı an oğlu ilə qarşılaşacağını düşünür.
  •      Beyaz Yağmur – bir-birinin həyatı olan ana və qız... Günləri birlikdə, işləri birlikdə, ortaq həyatı paylaşaraq yaşayan iki nəfərlik kiçik bir ailə... O vaxta qədər ki, yaşadıqları əraziyə kimsəsiz qalmış torpaqları əkib-becərmək üçün bir qrup gəlir... Bundan sonra bəzi şeylər dəyişməyə başlayır. Qız getdikcə yaşlanan anasına baxmaq üçün işə müraciət edib bu qrupa qoşulur. Əvvəl birlikdə etdikləri hər şeyi artıq ana tək etməyə başlayır. Qızının evdə olanda isə otağında – öz dünyasında olduğunu müşahidə edir. Qızının ondan qopduğunu anlayan ana ilk əvvəl nə onun ərini – iş yoldaşını, nə də bu bölgə üçün gördükləri işləri qəbul etmək istəmir. Yoldaşından sonra qızını da itirəcəyindən qorxan ana bir müddət sonra nəhayət onları qəbul edir. Bəyaz Yağmur adı həm torpağa bərəkət verən yağışı, həm də öz sevgisini burada tapmış bir qızın gəlinliyini ifadə edir və çox gözəl seçilib deyə düşünürəm.
  •           Asker Çocuğu - mənə ən çox təsir edən hekayə... müharibədə heç görmədiyi atasını itirmiş bir uşağın şəhərə gələn film ilə onu tanımasından bəhs edir bu hekayə. Burada ana obrazı xüsusi qüvvətli verilib. Filmə baxaraq bütün dərdini yenidən yaşayan ana, oğluna atasını anladır, necə mərdliklə savaşıb, necə qəhrəmanca öldüyünü. İzləyərkən anasına suallar verərək atasını tanıyır, hiss edir balaca. Artıq hər kəsə onun necə biri olduğunu, onunla necə fəxr etdiyini izah edə biləcək.
  •         Deve Gözü – son hekayədə məhsuldar torpaqları əkib-becərən bir qrup və onlara kömək etmək üçün gələn, işə ehtiyacı olan bir tələbədən danışılır. Qrupun bir üzvü ilk gündən tələbəni qəbul etmir və hər fürsətdə öz üstünlüyünü göstərməyə, onu əzməyə, bezib öz razılığı ilə işdən çıxmağına çalışır. Ancaq deyilən hər işi edən, bütün yükün altına şikayətsiz girən bu cavan oğlan tezliklə bütün qrupun rəğbətini qazanır. Elə bu tələbə ilə düşmən olan işçinin həyat yoldaşının belə. Günlər keçdikcə tələbə daha çox sevilir, bu mənfi qəhrəman isə huzuru pozmağa başlayır. Təkcə onunla deyil artıq hər kəslə münasibətini gərginləşdirir. Və bir gün torpaqda işləyərkən tələbənin tapdığı bir qızıl hər şeyin sonu olur... Bəlkə də gözəl günlərin başlanğıcı... Bir tərəfdən qızılı başıçıxan birinə göstərmək üçün saxlayan bu qaraqabaq işçinin hər şeyi geridə qoyaraq – öz həyat yoldaşını belə - o torpaqlardan qaçması, digər tərəfdən tələbənin onun yerinə keçib artıq traktorun idarəsini əlinə alması... Bəzən bir şeyi itirmək ağır olsa da, ümidli sabaha da bir işarədir, ağır yüklərdən qurtulmalısan ki, gələcəyə inamla addımlaya biləsən. Bu hekayədə Dəvə Gözü bulağın adı kimi burada həm torpaqların canlanması üçün suvarma mənbəyi, həm də su kimi saf yeni bir sevginin doğuşu üçün bir ümid işığı mənasında işlənir.
         Yazıçı bu 5 hekayəsində torpağa bağlılığı, qırğız xalqının çətin dönəmini, müharibə şəraitini oxucu üçün detallı canlandırır, sevgini, riyakarlığı, nifrəti, hərisliyi, həsrəti, çarəsizliyi, ümidi isə hiss etdirir. Oxuyarkən sırf bir müddəti oxumuş kimi oldum, yəni bu hekayədən öncə də obrazların bir həyatı olub, hekayə bitdikdən sonra da davam edəcək təsiri bağışlayır insana. Maraqlı, axıcı əsər olsa da, ən sevdiklərim arasında yer ala bilmədi, uzun müddət xatırlayacağım bir əsər olmayacağına əminəm. KızıL Elma məndən 3 bal ala bildi.

22 March, 2018

Sophia James – Fırtınada Bir Gece

    Son zamanlar çox kitab oxuya bilməməyim məlumdur. Oxusam belə onlar haqqında yazmağa vaxt ayıra bilmirəm. Amma bu gün əlimə yenidən kağız-qələm aldım. Hər oxuduğum kitabı və izlədiyim filmi sizlərlə paylaşmaq istəyirəm. Bu, həm mənim onları illər sonra xatırlamağımı asanlaşdırır, həm də sizlər bu yazılar sayəsində müəyyən qədər fikir sahibi olursunuzsa, məni çox sevindirir. Belə ki, keçək əsas məsələyə )))
       Bu dəfəki kitabım Sophia Jamesdən “Fırtınada Bir Gece”. (başıbəlalı kitabım)😃 Niyə? Çünki keçən il yayda oxumağa başlayıb indi bitirmişəm.. Arada bunu oxuduğumu unudub başqalarını bitirdiyimi xatırlamaq belə istəmirəm. 🙈 Yox, yox, əsla maraqsız olduğu üçün yox, sadəcə əlimin altında çox olmadığı üçün.

     Yazar barədə onu deyə bilərəm ki, Sophia James dəsti xəttinin formalaşmasında Georgette Heyer romanların böyük təsiri olmuşdur. Xeyli roman oxuduqdan sonra yazmağın onda da uğurlu alınacağını düşünüb fəaliyyətə başlamışdır. Yazıçılıq həyatına İspaniya, Bilbaoda atılan Sophia James xeyli qaralamalardan sonra Harlequin Historical üçün yazmağa başlayır. Yazmaqla yanaşı onun digər sevdiyi iş rəssam olan əri ilə səyahətlərə çıxmaqdır. 3 övladı, bir sıra ev heyvanı olan yazıçının ev dizayn etməyə də xüsusi marağı var. Hal-hazırda da yazıçılıq fəaliyyətini davam etdirir.
      Fırtınada Bir Gece “Wellingham Brothers” (Wellingham Qardaşları) seriyasının ikinci kitabıdır.
  • High Seas to High Society (Fırtınalı Denizler) 2007 
  • One Ashamed Night (Fırtınada Bir Gece) 2010 
  • One İllicit Night (Yasaklı Bir Gece) 2011 
  • The Dissolute Duke (Ahlaksız Dük) 2013 
     Bu kitabı ikinci əl olaraq bir neçə il əvvəl əldə etmişdim. Amma nə bir iz, nə də əlamət var oxunduğuna dair. Yayda istirahətdə olarkən seçimim bu kitab olmuşdu. Beləliklə başlamışdım oxumağa, ilk öncə alışa, diqqətimi cəlb edə bilmirdim. Ancaq bir neçə səhifə sonra kitab məni elə çəkdi ki, özünə qəhrəmanlarla gülüb əylənməyə başladım. Beatrice, Taris, Emerald, Asher, Lucinda – hər biri gənc, özünəməxsus, sevimli obrazlar...Oxuyarkən bəzən “Bu qədər də olmaz!” desəm də yerində işlənmiş zarafatlar və sataşmalarla vaxt necə keçdi bilmədim.


     Hər şey bir fayton qəzası ilə başladı. Həyatlarının məhv olduğunu düşünüb yeni səhifə açmağa qərar verən iki qəhrəmanımız qəza baş verən fırtınalı gecədə qarşılaşdı. Qeyri-ciddi başlayan münasibət sən demə ilk baxışda məhəbbət imiş. “İlk baxışda” desəm də, kişi qəhrəmanımızın kor olduğunu qeyd etməliyəm. Ona görə ilk toxunuşda daha yerinə düşmüş olar. Bir tərəfdə, ölənədək ərinin həm işgəncələrinə dözüb, həm də onun əziyyətini çəkən qadınlığını unutmuş, öz həyatı olmayan ancaq yaşadıqları nəticəsində dimdik ayaqları üstündə durmağı öyrənmiş, azadlığına düşkün, kişilərdəm, evlilikdən, bağlılıqdan uzaq qaçan Beatrice, digər yanda yaşadığı bölgədə hörmətlə qarşılanan varlı, tanınmış bir ailənin oğlu, qızların evlənməyi arzuladığı, döyüşlərdə göstərdiyi qəhrəmanlıqları dillər əzbəri olan, qardaşını düşməndən xilas edərkən gözlərini itirmiş və bundan utanıb kor olduğunu hamıdan gizlədən, öz qaranlıq dünyasına qapanan Taris...
Əsərin gedişatında bu iki obrazın fırtınalı gecədə başlayan sevgisinin addım-addım necə dərinləşdiyinin, uzaq qalmaq, dost olmaq üçün verdikləri sözlərin sadəcə özlərini aldatmaqdan başqa bir şey olmadığının, sevginin gücü ilə maqnit kimi bir-birlərinə necə çəkildiklərinin şahidi oluruq.


Gözəl təsvirləri, ağıllı fikirləri, gülümsədən sətirləri ilə bu kitab mənə çox xoş təsir bağışladı. Duyğusuna qapılıb illərlə unutmayacağım kitablardan olmasa da, vaxtımı maraqlı keçirdim mütaliə zamanı.



      Xüsusilə, xoşbəxt sonluqla bitməyi məni sevindirdi... Son səhifələri “Nə olar, pis bitməsin.” qorxusu ilə oxuduğumu unutmaram. Ancaq bir arzum ürəyimdə qaldı – Tarisin gözlərinin açılacağını xəyal etmişdim. Yaxşı, yaxşı hind filmləri ilə qarışdırmayaq. ))) “Fırtınada Bir Gece” pozitiv saatlar keçirdiyim bir kitab kimi məndən 4 bal alır. Qeyd edim ki, mən bu kitabı oxuyarkən onun seriya olduğunu bilmirdim, indi isə daha maraqlı gəlir növbəti kitabları oxumaq “Wellingham Brothers” seriyasından.