Showing posts with label Kamal Abdulla. Show all posts
Showing posts with label Kamal Abdulla. Show all posts

23 December, 2019

Kamal Abdulla - Sirlərin Sərgüzəşti


       İlin on üçüncü kitabını 2019-un sonuna yaxınlaşdığımız bu günlərdə bitirdim. Bu dəfə yenidən öz ədəbiyyatımıza müraciət etdim və seçimim Azərbaycanın dünyaşöhrətli yazarı Kamal Abdullanın elə bu yaxınlarda işıq üzü görən kitabı “Sirlərin Sərgüzəşti” oldu. Əvvəl oxuduğum “Sehrbazlar Dərəsi”nin məndə yaratdığı müsbət emosiya və böyük gözləntilərlə başladığım yeni kitab da bütün tələblərimi artıqlaması ilə ödədi. İlk tanışlıqla məndə gözəl təəssürat yaradan yazıçılara il ərzində yenidən müraciət etməyə çalışdım. Kamal Abdulla da onlardan biri oldu.
Bu yazara xas bir xüsusiyyət var ki, - yeni əsərini oxuduğumuz zaman digər əsərlərindən də bir nümunəni - bir obraz, bir əhvalat olsun əlavə etməsi - mənim zövqümü oxşayır. Sanki yeni bir həyata alışmağa çalışarkən köhnə, tanış bir sima gəlir gözlərimiz önünə bu prosesi asanlaşdırmaq üçün. Kitabın mövzusu o qədər fərqlidir ki, açıqlanacaq hər bir detal əslində sirlərin içinə doğru atılan bir addım mahiyyəti daşıyır. Əsər adının haqqını verir desəm yanılmış olmaram. İlk sətirlərdən oxucu elə bir sirli aləmə atılır ki, son səhifəni bitirib kitabı bağladıqdan sonra belə düşüncələrində bu aləmin qonağı olmağa davam edir. 
          Əsərdə hər bir qəhrəman başlı-başlına sirli bir dünyadır. Hər kəs gizlətdiyi sirlərlə yaşamağa məhkumdur. Kimisi bunu rahat bacarır, kiminin isə vicdanı onu əzərək məhv edir. Bu mənada paralel zaman anlayışı dövrəyə girir. İki zaman arasında sıxışıb qalanlar... Reallıqla təxəyyülün mübarizəsi... Gerçəklər nə qədər acıdırsa, yaraları qanadır, yaşamağı çətinləşdirirsə, insan çıxış yolunu xəyallar dünyasına səyahət edərkən tapır, bu yolla sirlərinin əsiri olaraq öz dünyasına qapanır, unudaraq gerçəklikdən intiqamını alır. Ailə, sevgi, dostluq, qardaşlıq, vəd, yalan, güvən, mərhəmət, utanc, qorxu kimi məfhumlar bir də sirlərin fonunda çıxır qarşımıza. Hər sətri hiss edərək oxuyuruq, varlığına şübhə duyulan qəhrəmanlar belə qəlbimizdəki o telə toxunmağı bacarır. Kitabda zaman-zaman yer verilən fantastik məqamlar ayağımızı yerdən kəsmir, əksinə real həyatla müqayisələr aparmağa, cərəyan edən hər hadisədən müəyyən nəticələr çıxarmağa təlqin edir bizi. 
       Kitabdakı bir neçə sirr bəziləri üçün öz real obrazları ilə həmahəng olub açılır, bəzi oxucular üçün isə digər sirlər karvanına qoşulub gizli diyara səyahətə davam edir. Bir çox məqamın sirrini açan oxucuların Kamal Abdulla qələminin böyüklüyünə və yeri gəldikdə necə sivri ola biləcəyinə heyran qaldığına əminəm. Ən azından mən səhifələri çevirdikcə bunu bir daha dəqiqləşdirdim özüm üçün.
       Ədəbiyyatımız üçün bu fərqli üslub çox önəmlidir deyə düşünürəm. Hər gün işıq üzü görən bir-birinin bənzəri kitablardan fərqli olaraq oxucunu düşünməyə vadar edir “Sirlərin Sərgüzəşti”. Anlamadıqda təkrar oxumaq istəyir insan, görəsən hansı məqamı qaçırdım deyə nəfəs alıb bir də keçmişə qayıdır. Bu keçmiş sirlərdən bu günə qədər hər detalda fərqli mənaların gizləndiyini yəqin etdikcə risalələr qəlbinə yağ kimi yayılır. Həm dastan, həm əfsanə, həm rəvayət, həm nəzm qatılmış bu rəngarəng kitab insanı darıxmağa qoymur, beyin hər an gərgin vəziyyətdə nə olacağını gözləyir. Keçmişdən gələn gizli məqamlar, müasir dövrün açıq problemləri ilə vəhdət təşkil edir. Nigaranlığın fonunda hər sətirlə duyğu burulğanına qapılırsan mütaliə zamanı. Bu fəsli də bitirim sonra kitabı bağlayım deyərək bir də son səhifələrdə gəzişdiyinin fərqinə varırsan. Adicə “fəsil” sözündə belə 2 məqamın gizləndiyi bu kitab düşünün sizi haralara səyahətə çıxaracaq. Qədim Oğuz yurdundan tutun, Hindistana yaxın nəhəng adayadək, Çərxi-fələk diyarından sıx meşələrin dərinliyinədək yolculuğa çıxarkən bir anda necə Sahil metrosu yaxınlığında yerləşən bir mənzildə gözlərinizi açdığınıza heyran qalacaqsınız       
         Uşaqlar dondurma gördüyü an necə sevinc duyğusu onları bürüyürsə, mən də ləzzətlə oxuduğum kitabları dondurmaya bənzədirəm. Hələ üzərində adım yazılan bir dondurmadırsa, heç doymaq olmur dadından... 2019-un sonuna yaxınlaşarkən kitab xəzinəmə belə dəyərli bir əsər əlavə etdiyim üçün çox sevinirəm.
Təsirindən hələ bir müddət də çıxa bilməyəcəyim  “Sirlərin Sərgüzəşti” məndən 5 bal aldı və sevərək oxuduqlarım arasına daxil oldu.
Ədəbiyyatımızın zənginləşməsində və tarixi irsimizdən nümunələrin bu gün də canlanmasında, gənclərə çatdırılmasında Kamal Abdullanın rolunu inkar etmək olmaz. Gələn il üçün onun digər kitabları oxuma siyahımda olsa da, yeni əsərlərinin nəşr olunmasını səbrsizliklə gözləyirəm.

13 April, 2019

Kamal Abdulla – Sehrbazlar Dərəsi

        İlin altıncı kitabı ədəbiyyatımızın müasirlərindən olan Kamal Abdulla imzalı “Sehrbazlar Dərəsi” oldu. Bu yazar hər zaman tərif atəşinə tutulsa da, ona ilk müraciətim məhz 2019-a təsadüf etdi. “Sehrbazlar Dərəsi”ni əldə etdiyim an həm üz qabığı, həm də şüarı ilə diqqətimi çəkdi... “Tale özü gedəni aparır, tərslik edəni sürükləyir.” Bu cümlə oxucunu təkcə kitabda onu gözləyən qəhrəmanların həyatı haqqında düşünməyə vadar etmir, eyni zamanda onu öz yaşadıqları və ətrafına da bir nəzər salmağa, müşahidə aparmağa məcbur edir.
       İlk əvvəl kitaba başladığım zaman Aydın Talıbzadənin ön sözü mənə sıxıcı təsir bağışladı. Ancaq əsəri oxuduqca səhifələr necə bir-birini əvəzlədi, zamanım necə maraqla ötüb keçdi xatırlamıram... Sanki mən də oxuyarkən əsərin sehrinə qapılıb kiçik bir obraz kimi ərtafdan seyr edirdim baş verənləri. Bəzən qorxu hissi keçirir, bəzən əsəbi olur, bəzən isə onların qələbəsinə uşaq kimi sevinirdim. Ancaq kitabın ilk səhifəsində “sirli görüş faciə ilə bitərkən...” sətri də ağlımdan çıxmır, beynimdə müxtəlif faciəvi sonluqlar yazırdım. Belə düşüncələr içində kitab su kimi bitdi desəm yanılmaram. Sonluq isə post-modernizmə xas mükəmməlliklə qurulmuşdu. Hər oxucunun öz təxəyyülünün ixtiyarına buraxılan sonluq mənə görə isə yeni hadisələrin başlanğıcı idi...
        Əsərin təhlilinə keçmədən qeyd edim ki, bu tip kitabları oxumaqdan xeyli uzaq düşmüşdüm məktəbi bitirəndən bəri. Ona görə oxuyarkən o illərə dair bir çox xatirə canlandı beynimdə... O zamanlardan qalan bədii ədəbiyyat sevgim bir daha təzələndi. İlk dəfə 2006-cı ildə oxuculara təqdim olunan kitab təkrar nəşrlə 2018-ci ildə Qanun nəşriyyatında çapdan çıxıb. Bir çox dillərə tərcümə olunan “Sehrbazlar Dərəsi”nə kitabın sonunda İtaliya, Fransa, Rusiya, Rumıniya kimi ölkələrdən təriflər yağdığının şahidi oluruq.
       Kitab keçmişin izinin rahat buraxmadığı Karvanbaşının atası cəlladbaşı Məmmədqulunun ruhunu çağıran bir dərviş axtarışı və bu ruh vasitəsilə keçmişə səyahət edərək qaranlıq məqamaları aşkar etməsindən bəhs edir. Kitabda hər hansı bir obraza əsas qəhrəman deyə bilmirəm. Hər kəsin öz fərqliliyi, hekayəyə rəng qatma xüsusiyyəti var. İstər Karvanbaşı, istər Xacə İbrahim ağa, istər Məmmədqulunun ruhu, istərsə də Səyyah dərviş. Sehrbazlar dərəsinə uzun bir karvan səyahəti ilə başlayan əsər sonda da həmin dərəyə yolculuq ilə bitir, sadəcə səfər edən qəhrəmanlar fərqli olur.
       Hər gün yuxuda onu rahat buraxmayan qardaşı, atası keçmişin kül altında qalmış sirrlərini açmağa vadar edir Karvanbaşını. Bunun isə yeganə çıxış yolu bütün suallarına cavab ala biləcəyi atası Məmmədqulunun ruhunu çağırmaqdan keçir. Bu ümidlə səyahətə çıxan karvan 1 il sonunda yenidən öz obasına qayıdır ancaq onlara Sehrbazlar dərəsindən arzularını reallaşdıracaq dərviş də qoşulub. Dərviş Səyyah Karvanbaşının atasının ruhunu çağırmağa müvəffəq olsa da, bütün gizli məqamlar açılsa da, Karvanbaşı yenə də sakitləşmir. Çünki artıq iş işdən keçmiş olur. Öz uşaqlıq xatirələri və onu böyüdən nənəsinin dediklərinə əsasən özü üçün Şahın nəvəsini günahkar kimi müəyyənləşdirib artıq ondan intiqamını almış Karvanbaşı atasının məsləhəti ilə həyatına son qoyur. Onsuz da çıxış yolunun olmayacağını anlayan cəllad Məmmədqulu bunun oğlu üçün ən münasib son olduğuna inandırır onu. Vaxtilə Şahın ən sadiq adamı olan Cəlladbaşı onun talan edib viran qoyduğu mahalda bir gəlinə vurularaq Şahın əmrinin əleyhinə hərəkət edir və nəticədə cəzalarına da dözmək məcburiyyətində qalır. Ancaq nə biləydi ki, intiqam ruhunda böyüyən doğma oğlu da onunla eyni taleyi paylaşacaq və yeni Şahın qəzəbinə tuş gələcək. İntiqam heç də hər zaman düzgün çıxış yolu olmur. Keçmişin izi ilə hərəkət edən Karvanbaşı ailəsinin intiqamını almaq eşqi ilə yaşayarkən nəticələrini gözardı edir, öz ailəsini, gözünün ağı-qarası oğlunu unudur. Nəticə isə təkcə Karvanbaşının özü üçün deyil, onun ailəsi, ixtiyarında olan hər kəs üçün də faciə ilə bitir. Yanlızca oğlu dərvişin sayəsində canını qurtara bilir. Əsər Dərviş Səyyahın Karvanbaşının oğlunu özü ilə Səhrbazlar dərəsinə gətirməsi ilə - açıq sonluqla bitir.
         Əsər sufilərin dilində nəql olunduğu üçün ilk əvvəl bir qədər qəribə təsir bağışlasa da, tez öyrəşdim, hətta xoş gəlməyə də başladı oxuduqca. Əsərdəki bir çox fikirlər xüsusilə göy üzü və ulduzlarla bağlı olanlar çox xoşuma gəldi. Sufilərə xas ideyalar, dindən bəhs edən sətirlər bir-birini əvəzlədikcə kitabın sonuna daha da yaxınlaşır, qəhrəmanların sonunu və həmçinin onları bu yollara gətirib çıxaran səbəbləri müəyyən etməyi maraqla gözləyirdim. Təkcə Karvanbaşı və atasının hekayəti deyil, Dərviş Səyyah ilə onun dərviş yoldaşları və müəllimi ilə bağlı olan əhvalat da kitaba əlavə rəng qataraq əsərin ümumi məğzini daha da maraqlı edən məqamlardan oldu mənim üçün.
         Yazımın əvvəlində ön sözü oxuyarkən çox sıxıldığımı etiraf etmişdim. Amma kitabı bitirdikdə onu təkrar oxuyarkən haqsızlıq etdiyimi anladım. Buna görə bu kitabı mütaliə edəcək olanlara kiçik bir məsləhət verim ki, ön sözü əsəri tam bitirdikdən sonra oxusunlar. O zaman professor Aydın Talıbzadənin əsərin ruhuna xitab edərək düşüncələrini necə aydın ifadə etdiyinə heyran olacaqsınız. Duyğu yüklü bu əsər həm vaxtımı dəyərli keçirməyimə kömək oldu, həm də bir çox məlumat əldə etməyimə, öz fikirlərimlə müəllifin ideyalarını müqayisə etməyə şərait yaratdı. Kamal Abdulla yaradıcılığı ilə məni tanış edən “Sehrbazlar Dərəsi” məndən 4 bal aldı və yazardan daha bir kitab oxumaq üçün təkan rolunu oynadı.