19 July, 2018

Rövşən Abdullaoğlu – Relslər Üzərinə Uzanmış Adam


     Bu dəfə bloguma yenidən bir azərbaycanlı yazar qonaq olur. Uzun müddətdir ki, öz ədəbiyyatımızdan bir əsər oxumurdum. Bu sehri təsadüfən əlimə keçən bir kitabla pozdum. Bu kitab Rövşən Abdullaoğludan “Relslər Üzərinə Uzanmış Adam” oldu. Həm müasir Azərbaycan ədəbiyyatına müraciət, həm də müəlliflə ilk tanışlıq. “Relslər Üzərinə Uzanmış Adam” bir müddət öncə qarşıma çıxmış, adı və üz qabığı ilə məni cəlb etmişdi. Ancaq oxuyarkən əsla bu qədər sarsılacağımı xəyal etməzdim. Son illər mənə dərindən təsir edən bir əsər oxumamışdım. Düzdür, bəlkə digər kitablarını oxuduqca yenə də bəyənəcəyəm, amma hal-hazırda ola fikrim – Yaxşı ki, müəllifi tanımağa bu kitabdan başlamışam. Növbədə isə digər kitabları məni gözləyir.
     Keçək müəllif və kitaba... Rövşən Abdullaoğlu 1978 təvəllüdlü güclü təhsil keçmişi olan bir yazardır. Psixologiya, fəlsəfə və teologiya üzrə elmi araşdırmalar aparmaqla yanaşı hər kəs tərəfindən sevilən kitablar yazmaq da ayrı bir istedaddır deyə düşünürəm. Zatən kitabı oxuyarkən də yazıçının bu sahələrdə geniş biliyə malik olduğunun nəzərdən qaçması qeyri-mümkündür. Bu günə qədər 24 kitabı işıq üzü görmüş yazarın mən bu kitabı oxuduğum müddət ərzində daha bir kitabı – Abaddon – yayımlandı.
     Vəəə kitab... İlk səhifədən Don Aminado imzalı bir sitatla həyəcan başlayır, 400 səhifə bitənədək də oxucunu tərk etmir.
Xüsusilə də sən relslər üzərində uzanmısansa.
Qatarı gözləmək qədər heç nə daha yorucu deyildir.
      2017-ci ildə Qədim Qala nəşriyyatı tərəfindən yayımlanan bu psixoloji roman bəhs ediləcək mövzuya uyğun seçilən mükəmməl başlıqlardan ibarətdir. Hər başlıq bir ipucudur deyərdim. Kitabın sevdiyim digər bir özəlliyi müxtəlif dövr və hadisələrdən bəhs etməklə başlayaraq oxucunu daha da maraqlandırması oldu. Yorulmadan “Görəsən, məni daha nə gözləyir?” deyərək səhifələri çevirirdim. İlk olaraq Şulutruq tayfasının (sonradan bu tayfanın adının güzgü effekti ilə böyük məna daşıdığını biləcəyik) həyata baxışı və adəti ilə başlayır mövzu. Belə ki, bu tayfa həyatda ən güclü qorxunun yüksəklikdən tullanış olduğunu düşünür və “Həyat sadəcə yüksəklikdən bir tullanışdır!” şüarı ilə tanınırlar. Bu tayfadan olan uşaqlar hələ kiçik yaşlarından yüksək zirvələrdən gölə tullanmaqla öz qorxmazlıqlarını sübut edirdilər. Bu mözvuda qeyd olunan bir psixoloji məqamı çox bəyəndim. İkinci tullanış birincidən daha önəmli idi özünü isbat etmək üçün. Çünki, ilk dəfə insan bir şeyin dadını bilmədən onu etmək üçün atılır, maraq və həyəcanla. İkinci dəfə bunu etmək istəyən insan isə onu nəyin gözlədiyini bilir. Bu dəhşəti, qorxunu dadaraq yenidən bunu edirsə, daha qorxmazdır.
       Kitabda sevdiyim digər bir məqam ulduzlar bağlı əfsanə oldu.   Ulduzlar bu dünyanı tərk etmiş sevdiklərimizdir. Onları göydə saxlayan ailələrinə, sevdiklərinə olan bağlılıqdır, məhəbbətdir. Yerə yaxınlaşmaqdan qorxurlar, çünki yaxınlaşdıqları an zülmət dənizinə, uçuruma yuvarlanıb ailələrini bir daha görmək şansını itirərlər. Bizim şahidi olduğumuz və izləyərkən arzu tutduğumuz ulduz düşməsi bir insanın öz sevdiklərindən ayrılışıdır.
     
      Hadisələr əsas olaraq 2 obrazın ətrafında baş verir. Bunlar relslərə uzanaraq intahar etmək yolunu seçmiş 2 insandır. Hər biri həyatda ağrılar, acılar, böyük itkilər görmüş, həyata küsmüş, öz mövcudiyyətini sonlandırdığı an hər şeyi yoluna qoyacağını düşünən iki insan... Relslər üzərinə uzanmaqla relsdən çıxmış həyatlarını əvvəlki yoluna qaytarmaq istəyən, yenə də ilk andaca psixologiyalarına ağır zərbə vurmuş dəmiryol vağzalına qaçıb gələn, hər şeyin məhv olduğu bu yerdə də düzələcəyinə inanan 2 insan... Həyat necə də qəribədir?! Bir şey səni sarsıdır, həyatını alt-üst edir, ancaq sənin çıxış yolu kimi ağlına gələn ilk variant da elə həmin şey olur... Qəhrəmanlarımız da bu “uğursuz” təsadüflə bir-birini tanıyır, bir-birini həyatına, yaşadığı hər duyğuya şahid olurlar. Bir tərəfdə yaşadıqlarını paylaşmaqdan çəkinməyərək 31 psixoterapevtdən kömək uman ancaq nəticə etibarilə çıxış yolunu intiharda görən “TED”, digər tərəfdə isə öz varlığından, həyatından utanan, bu utancla hər kəsin həyatını məhv etdiyini düşünüb bu işgəncəyə son vermək istəyən FARUQ... Bu relslər üzərində 2 həyat bitməmiş ən başdan yenidən yaşanır. Bütün sevincləri, acıları ilə... Kim bilərdi ki, psixoloqlardan daha çox 2 intihara gəlmiş insan bir-birinə yardım edə bilər? Heç də hər zaman yaşadıqlarımızı anlatmaqdan qaçmamalıyıq, bu bizə ağır olsa da, bəlkə də çıxış yolumuz elə ondadır... Kitabda 2 fərqli qəhrəman elə gözəl təsvir olunmuşdu ki, onların duyğularını dərindən hiss edib ağlamamaq imkansız idi. Göz yaşları qeyri-ixtiyarı gözlər sətirlər arasında gəzişdikcə səhifələrə damlayırdı.

       Kitabda eyni zamanda 1995-ci ilin iyulunda Bosniyada Srebrenitsada sebrlərin bosniyalılara qarşı törətdiyi qətliam elə gözəl təsvirini tapıb ki, oxucu orada onlarla bərabər mübarizə aparmış, işgəncələrə məruz qalmış, sevdiklərini itirmiş və heç bir çıxış yolu tapmayaraq hər gün yenidən ölərək yaşamış kimi hiss edir. Əmin və Adriana obrazları ilə müharibənin dəhşəti bütün çılpaqlığı ilə göz önünə sərilir. Dostunu ailəsinin həyatını xilas etmək üçün satanlar, övladını qorumaq üçün özünü qurban verən analar, xilas olmaq yolu varkən yaşlı ata-anasını qoyub gedə bilməyən övladlar, şəxsiyyəti, mənəviyyatı ayaqlar altına alınmış qadınlar, sonu ilə barışıb təslim olanlar, müharibənin bütün dəhşətini damarlarında hiss edib ruh kimi ömür sürənlər... Bu müharibədə ağıla gəlməyəcək işgəncələr yaşanmışdı. Ən təsir edən səhnə bir ananın ən çətin məqamda necə addım atacağını müəyyən etmək üçün ona qarşı oynanılan psixoloji oyun oldu.Gözləri qarşısında həyat yoldaşını və övladını asan düşmən onun hansını qurtaracağını müəyyən etmək istəyirdi. Ancaq ana üçün bundan böyük faciə ola bilər mi? Bu oyun insanın ağlını başından ala bilmək üçün kifayət edər. Təsirli digər bir məqam isə düşmənlərin günahsız qurbanlar haqqında düşündükləri oldu. Onlar maşına mindirilərək ölümə aparıldıqlarını bildiyi halda niyə müqavimət göstərmirlər, onsuz da öləcəklərini bilirlər axı? Bu məqamda tək cavab ümid olur. Son saniyəyə qədər insan yaşayacağına ümid edir.
"Relslər Üzərinə Uzanmış Adam" əsərində tarixin müəyyən vaxtlarında baş vermiş faktlara, təsadüflərə, dinlərə, nikaha, psixoloji terminlərin izahına, bir sıra dünya klassiklərinə fərqli yanaşmalara yer verilməsi əsəri daha dolğun, daha maraqlı edir deyə düşünürəm. Müxtəlif ölkələrdə intihar faizləri, səbəbləri, toplu intiharlar və hətta heyvanlar arasında baş vermiş intiharlara qədər bir çox məlumatla zəngirdir kitab. Qəhrəmanların dilindən bir sıra əsərlər nümunə çəkilir və izahı verilir. Həmçinin, qəhrəmanımızın qatıldığı ədəbiyyat dərnəyində bir sıra müəlliflər haqqında geniş məlumatlar verilir. Bu yazarlar barədə sadəcə müsbət deyil, səsləndirilən mənfi fikirlər də xüsusilə maraqlı oldu. Oxuyarkən Rövşən Abdullaoğlunun ədəbiyyat sahəsində də məlumatlı olduğunu görmək, bir çox yazarları araşdıraraq öz münasibətini ortaya qoyması çox çox xoşuma gəldi. Əsərdə adı çəkilən kitablardan müəllifin nə tip kitablar oxuduğunu da müəyyən etmək olur. Höte - Gənc Verterin İztirabları, Nikolay Karamzin - Yazıq Liza, F. Kafka - Məhkəmə, Lev Tolstoy - Etiraflar, Ceyms Coys - Uliss, Vladimir Nabokov - Lolita.  Bu, oxucularda həmin əsərlərə, müəlliflərə və onların yaradıcılığına böyük maraq oyadır. Bir sözlə, kitab oxucularda ədəbiyyata da həvəs yaradır, onları mütaliəyə təşviq edir. Son zamanlar müasir ədəbiyyatımıza bu tip zəngin əsərlərin qazandırılması sevindirici haldır. Psixologiya, din, fəlsəfə bir vəhdət təşkil edir bu kitabda... Müxtəlif zövqə malik hər bir oxucunun özünə aid nə isə tapa biləcəyi bu möhtəşəm kitaba 5 baldan az vermək düzgün olmaz. Ən sevdiklərim arasında yerini aldı...



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.