Showing posts with label müasir Azərbaycan ədəbiyyatı. Show all posts
Showing posts with label müasir Azərbaycan ədəbiyyatı. Show all posts

23 December, 2019

Kamal Abdulla - Sirlərin Sərgüzəşti


       İlin on üçüncü kitabını 2019-un sonuna yaxınlaşdığımız bu günlərdə bitirdim. Bu dəfə yenidən öz ədəbiyyatımıza müraciət etdim və seçimim Azərbaycanın dünyaşöhrətli yazarı Kamal Abdullanın elə bu yaxınlarda işıq üzü görən kitabı “Sirlərin Sərgüzəşti” oldu. Əvvəl oxuduğum “Sehrbazlar Dərəsi”nin məndə yaratdığı müsbət emosiya və böyük gözləntilərlə başladığım yeni kitab da bütün tələblərimi artıqlaması ilə ödədi. İlk tanışlıqla məndə gözəl təəssürat yaradan yazıçılara il ərzində yenidən müraciət etməyə çalışdım. Kamal Abdulla da onlardan biri oldu.
Bu yazara xas bir xüsusiyyət var ki, - yeni əsərini oxuduğumuz zaman digər əsərlərindən də bir nümunəni - bir obraz, bir əhvalat olsun əlavə etməsi - mənim zövqümü oxşayır. Sanki yeni bir həyata alışmağa çalışarkən köhnə, tanış bir sima gəlir gözlərimiz önünə bu prosesi asanlaşdırmaq üçün. Kitabın mövzusu o qədər fərqlidir ki, açıqlanacaq hər bir detal əslində sirlərin içinə doğru atılan bir addım mahiyyəti daşıyır. Əsər adının haqqını verir desəm yanılmış olmaram. İlk sətirlərdən oxucu elə bir sirli aləmə atılır ki, son səhifəni bitirib kitabı bağladıqdan sonra belə düşüncələrində bu aləmin qonağı olmağa davam edir. 
          Əsərdə hər bir qəhrəman başlı-başlına sirli bir dünyadır. Hər kəs gizlətdiyi sirlərlə yaşamağa məhkumdur. Kimisi bunu rahat bacarır, kiminin isə vicdanı onu əzərək məhv edir. Bu mənada paralel zaman anlayışı dövrəyə girir. İki zaman arasında sıxışıb qalanlar... Reallıqla təxəyyülün mübarizəsi... Gerçəklər nə qədər acıdırsa, yaraları qanadır, yaşamağı çətinləşdirirsə, insan çıxış yolunu xəyallar dünyasına səyahət edərkən tapır, bu yolla sirlərinin əsiri olaraq öz dünyasına qapanır, unudaraq gerçəklikdən intiqamını alır. Ailə, sevgi, dostluq, qardaşlıq, vəd, yalan, güvən, mərhəmət, utanc, qorxu kimi məfhumlar bir də sirlərin fonunda çıxır qarşımıza. Hər sətri hiss edərək oxuyuruq, varlığına şübhə duyulan qəhrəmanlar belə qəlbimizdəki o telə toxunmağı bacarır. Kitabda zaman-zaman yer verilən fantastik məqamlar ayağımızı yerdən kəsmir, əksinə real həyatla müqayisələr aparmağa, cərəyan edən hər hadisədən müəyyən nəticələr çıxarmağa təlqin edir bizi. 
       Kitabdakı bir neçə sirr bəziləri üçün öz real obrazları ilə həmahəng olub açılır, bəzi oxucular üçün isə digər sirlər karvanına qoşulub gizli diyara səyahətə davam edir. Bir çox məqamın sirrini açan oxucuların Kamal Abdulla qələminin böyüklüyünə və yeri gəldikdə necə sivri ola biləcəyinə heyran qaldığına əminəm. Ən azından mən səhifələri çevirdikcə bunu bir daha dəqiqləşdirdim özüm üçün.
       Ədəbiyyatımız üçün bu fərqli üslub çox önəmlidir deyə düşünürəm. Hər gün işıq üzü görən bir-birinin bənzəri kitablardan fərqli olaraq oxucunu düşünməyə vadar edir “Sirlərin Sərgüzəşti”. Anlamadıqda təkrar oxumaq istəyir insan, görəsən hansı məqamı qaçırdım deyə nəfəs alıb bir də keçmişə qayıdır. Bu keçmiş sirlərdən bu günə qədər hər detalda fərqli mənaların gizləndiyini yəqin etdikcə risalələr qəlbinə yağ kimi yayılır. Həm dastan, həm əfsanə, həm rəvayət, həm nəzm qatılmış bu rəngarəng kitab insanı darıxmağa qoymur, beyin hər an gərgin vəziyyətdə nə olacağını gözləyir. Keçmişdən gələn gizli məqamlar, müasir dövrün açıq problemləri ilə vəhdət təşkil edir. Nigaranlığın fonunda hər sətirlə duyğu burulğanına qapılırsan mütaliə zamanı. Bu fəsli də bitirim sonra kitabı bağlayım deyərək bir də son səhifələrdə gəzişdiyinin fərqinə varırsan. Adicə “fəsil” sözündə belə 2 məqamın gizləndiyi bu kitab düşünün sizi haralara səyahətə çıxaracaq. Qədim Oğuz yurdundan tutun, Hindistana yaxın nəhəng adayadək, Çərxi-fələk diyarından sıx meşələrin dərinliyinədək yolculuğa çıxarkən bir anda necə Sahil metrosu yaxınlığında yerləşən bir mənzildə gözlərinizi açdığınıza heyran qalacaqsınız       
         Uşaqlar dondurma gördüyü an necə sevinc duyğusu onları bürüyürsə, mən də ləzzətlə oxuduğum kitabları dondurmaya bənzədirəm. Hələ üzərində adım yazılan bir dondurmadırsa, heç doymaq olmur dadından... 2019-un sonuna yaxınlaşarkən kitab xəzinəmə belə dəyərli bir əsər əlavə etdiyim üçün çox sevinirəm.
Təsirindən hələ bir müddət də çıxa bilməyəcəyim  “Sirlərin Sərgüzəşti” məndən 5 bal aldı və sevərək oxuduqlarım arasına daxil oldu.
Ədəbiyyatımızın zənginləşməsində və tarixi irsimizdən nümunələrin bu gün də canlanmasında, gənclərə çatdırılmasında Kamal Abdullanın rolunu inkar etmək olmaz. Gələn il üçün onun digər kitabları oxuma siyahımda olsa da, yeni əsərlərinin nəşr olunmasını səbrsizliklə gözləyirəm.

13 April, 2019

Kamal Abdulla – Sehrbazlar Dərəsi

        İlin altıncı kitabı ədəbiyyatımızın müasirlərindən olan Kamal Abdulla imzalı “Sehrbazlar Dərəsi” oldu. Bu yazar hər zaman tərif atəşinə tutulsa da, ona ilk müraciətim məhz 2019-a təsadüf etdi. “Sehrbazlar Dərəsi”ni əldə etdiyim an həm üz qabığı, həm də şüarı ilə diqqətimi çəkdi... “Tale özü gedəni aparır, tərslik edəni sürükləyir.” Bu cümlə oxucunu təkcə kitabda onu gözləyən qəhrəmanların həyatı haqqında düşünməyə vadar etmir, eyni zamanda onu öz yaşadıqları və ətrafına da bir nəzər salmağa, müşahidə aparmağa məcbur edir.
       İlk əvvəl kitaba başladığım zaman Aydın Talıbzadənin ön sözü mənə sıxıcı təsir bağışladı. Ancaq əsəri oxuduqca səhifələr necə bir-birini əvəzlədi, zamanım necə maraqla ötüb keçdi xatırlamıram... Sanki mən də oxuyarkən əsərin sehrinə qapılıb kiçik bir obraz kimi ərtafdan seyr edirdim baş verənləri. Bəzən qorxu hissi keçirir, bəzən əsəbi olur, bəzən isə onların qələbəsinə uşaq kimi sevinirdim. Ancaq kitabın ilk səhifəsində “sirli görüş faciə ilə bitərkən...” sətri də ağlımdan çıxmır, beynimdə müxtəlif faciəvi sonluqlar yazırdım. Belə düşüncələr içində kitab su kimi bitdi desəm yanılmaram. Sonluq isə post-modernizmə xas mükəmməlliklə qurulmuşdu. Hər oxucunun öz təxəyyülünün ixtiyarına buraxılan sonluq mənə görə isə yeni hadisələrin başlanğıcı idi...
        Əsərin təhlilinə keçmədən qeyd edim ki, bu tip kitabları oxumaqdan xeyli uzaq düşmüşdüm məktəbi bitirəndən bəri. Ona görə oxuyarkən o illərə dair bir çox xatirə canlandı beynimdə... O zamanlardan qalan bədii ədəbiyyat sevgim bir daha təzələndi. İlk dəfə 2006-cı ildə oxuculara təqdim olunan kitab təkrar nəşrlə 2018-ci ildə Qanun nəşriyyatında çapdan çıxıb. Bir çox dillərə tərcümə olunan “Sehrbazlar Dərəsi”nə kitabın sonunda İtaliya, Fransa, Rusiya, Rumıniya kimi ölkələrdən təriflər yağdığının şahidi oluruq.
       Kitab keçmişin izinin rahat buraxmadığı Karvanbaşının atası cəlladbaşı Məmmədqulunun ruhunu çağıran bir dərviş axtarışı və bu ruh vasitəsilə keçmişə səyahət edərək qaranlıq məqamaları aşkar etməsindən bəhs edir. Kitabda hər hansı bir obraza əsas qəhrəman deyə bilmirəm. Hər kəsin öz fərqliliyi, hekayəyə rəng qatma xüsusiyyəti var. İstər Karvanbaşı, istər Xacə İbrahim ağa, istər Məmmədqulunun ruhu, istərsə də Səyyah dərviş. Sehrbazlar dərəsinə uzun bir karvan səyahəti ilə başlayan əsər sonda da həmin dərəyə yolculuq ilə bitir, sadəcə səfər edən qəhrəmanlar fərqli olur.
       Hər gün yuxuda onu rahat buraxmayan qardaşı, atası keçmişin kül altında qalmış sirrlərini açmağa vadar edir Karvanbaşını. Bunun isə yeganə çıxış yolu bütün suallarına cavab ala biləcəyi atası Məmmədqulunun ruhunu çağırmaqdan keçir. Bu ümidlə səyahətə çıxan karvan 1 il sonunda yenidən öz obasına qayıdır ancaq onlara Sehrbazlar dərəsindən arzularını reallaşdıracaq dərviş də qoşulub. Dərviş Səyyah Karvanbaşının atasının ruhunu çağırmağa müvəffəq olsa da, bütün gizli məqamlar açılsa da, Karvanbaşı yenə də sakitləşmir. Çünki artıq iş işdən keçmiş olur. Öz uşaqlıq xatirələri və onu böyüdən nənəsinin dediklərinə əsasən özü üçün Şahın nəvəsini günahkar kimi müəyyənləşdirib artıq ondan intiqamını almış Karvanbaşı atasının məsləhəti ilə həyatına son qoyur. Onsuz da çıxış yolunun olmayacağını anlayan cəllad Məmmədqulu bunun oğlu üçün ən münasib son olduğuna inandırır onu. Vaxtilə Şahın ən sadiq adamı olan Cəlladbaşı onun talan edib viran qoyduğu mahalda bir gəlinə vurularaq Şahın əmrinin əleyhinə hərəkət edir və nəticədə cəzalarına da dözmək məcburiyyətində qalır. Ancaq nə biləydi ki, intiqam ruhunda böyüyən doğma oğlu da onunla eyni taleyi paylaşacaq və yeni Şahın qəzəbinə tuş gələcək. İntiqam heç də hər zaman düzgün çıxış yolu olmur. Keçmişin izi ilə hərəkət edən Karvanbaşı ailəsinin intiqamını almaq eşqi ilə yaşayarkən nəticələrini gözardı edir, öz ailəsini, gözünün ağı-qarası oğlunu unudur. Nəticə isə təkcə Karvanbaşının özü üçün deyil, onun ailəsi, ixtiyarında olan hər kəs üçün də faciə ilə bitir. Yanlızca oğlu dərvişin sayəsində canını qurtara bilir. Əsər Dərviş Səyyahın Karvanbaşının oğlunu özü ilə Səhrbazlar dərəsinə gətirməsi ilə - açıq sonluqla bitir.
         Əsər sufilərin dilində nəql olunduğu üçün ilk əvvəl bir qədər qəribə təsir bağışlasa da, tez öyrəşdim, hətta xoş gəlməyə də başladı oxuduqca. Əsərdəki bir çox fikirlər xüsusilə göy üzü və ulduzlarla bağlı olanlar çox xoşuma gəldi. Sufilərə xas ideyalar, dindən bəhs edən sətirlər bir-birini əvəzlədikcə kitabın sonuna daha da yaxınlaşır, qəhrəmanların sonunu və həmçinin onları bu yollara gətirib çıxaran səbəbləri müəyyən etməyi maraqla gözləyirdim. Təkcə Karvanbaşı və atasının hekayəti deyil, Dərviş Səyyah ilə onun dərviş yoldaşları və müəllimi ilə bağlı olan əhvalat da kitaba əlavə rəng qataraq əsərin ümumi məğzini daha da maraqlı edən məqamlardan oldu mənim üçün.
         Yazımın əvvəlində ön sözü oxuyarkən çox sıxıldığımı etiraf etmişdim. Amma kitabı bitirdikdə onu təkrar oxuyarkən haqsızlıq etdiyimi anladım. Buna görə bu kitabı mütaliə edəcək olanlara kiçik bir məsləhət verim ki, ön sözü əsəri tam bitirdikdən sonra oxusunlar. O zaman professor Aydın Talıbzadənin əsərin ruhuna xitab edərək düşüncələrini necə aydın ifadə etdiyinə heyran olacaqsınız. Duyğu yüklü bu əsər həm vaxtımı dəyərli keçirməyimə kömək oldu, həm də bir çox məlumat əldə etməyimə, öz fikirlərimlə müəllifin ideyalarını müqayisə etməyə şərait yaratdı. Kamal Abdulla yaradıcılığı ilə məni tanış edən “Sehrbazlar Dərəsi” məndən 4 bal aldı və yazardan daha bir kitab oxumaq üçün təkan rolunu oynadı.

26 March, 2019

Rasim Qaraca – On Bir Gecə

        İlin bitirdiyim üçüncü kitabı Rasim Qaracadan “On Bir Gecə” oldu. Tez bir zamanda bitirdiyim “On Bir Gecə”13 hekayədən ibarət kiçikhəcmli kitabdır. Savaş günlərində eşq hekayələri – Qarabağ Dekameronu başlığı ilə təqdim olunan bu kitabda Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəliklərindən əldə olunub bədii formaya salınan 10 hekayə öz əksini tapıb. Qalan 3 hekayə isə müəllifin öz qələminin məhsuludur. Müasir ədəbiyyatımızın çox oxunan istedadlı naşir-yazarlarından olan Rasim Qaraca yaradıcılığı ilə ilk tanışlığım olan bu kitab 2014-cü ildə Alatoran nəşriyyatından işıq üzü görüb.
        Kitabın təhlilinə keçək. İlk sətirlərdən məlum olur ki, əlil arabasına məhkum olan Kamil Dadaşov indi həyatda olmayan yoldaşlarının xatirələrini yaşatmaq üçün onların həyatlarında olan ən önəmli anları kağıza köçürüb. 10 günlük mühasirədə olarkən taqım komandiri Çingizin təklifi ilə əsgərlər ilk sevgiləri, ilk intim münasibətləri haqqında danışmağa başlayıblar. Beləcə özəl həyatlardan bir dövr, bir an, bir bölüm oxuculara təqdim olunur kitabın davamında. 10 fərqli həyat, 10 fərqli xarakter, 10 fərqli hekayə, 10 fərqli sevgi münasibəti... Kimisi dəli kimi sevmiş, kimisi bir günlük əyləncə hesab etmiş, kimisi toxunmağa qorxmuş, kimisi nifrət etmiş, kimisi aldatmış, kimisi peşman olmuş... Fərqli duyğularla oxudum bu hekayələri, bəzən üzüldüm, bəzən qəzəbləndim, bəzən ümidləndim, bəzənsə kaş indi yaşayıb axtardıqları qadınlara qovuşardılar deyə ürəyimdən keçirdim. Kitabda bir çox mövzuya toxunulub bu həyat hekayələri sayəsində. Qədim cahil adət-ənənələrdən tutmuş, gənc yaşda hiss edilən hər duyğunun eşq sanılması, azəri qadınlarla xaricilərin fərqli cəhətləri, kiçik bir səhvə məhkum olan bir ömür, fiziki qüsurlu insanların ailə həyatı, valideyn xeyir-duası olmadan qurulan ailələr, xəyanətin ən ülvi hissləri məhv edərək geriyə peşmanlıqdan başqa bir şey buraxmaması kimi bir çox məsələlərə toxunulub.
       Mənə bu hekayələr arasında ən çox təsir edən “Sevginin nifrətə çevrilməsi” oldu... Soyuq təsir bağışlayan isə tamamlanmamış “Çətini ölənəcəndi” oldu. Kitabın sonuna müəllifin əlavə etdiyi 3 hekayədən biri olan “Sevgilim “Yox” olub” isə sevərək oxuduğum bölüm idi deyə bilərəm. “Könüzsüzlər” adlı essedən çıxarış kimi verilmiş annotasiyası da zövqümü oxşadı və ümumi məzmunu tam əhatələmiş oldu.
        Kitabda ən xoşuma gələn fikirlər:
  • Xoşbəxtlik bir-birinə zidd olan iki halın – ayıqlıqla hissə qapılmanın vəhdətindədir, bunun əksi ola bilməz.
  • İnsan beyni bağımsız çalışır, sən istəsən də, istəməsən də o bütün variantları süzgəcdən keçirir.
  • Könüllü gedənlərə elə gəlirmiş ki, onlar öz istəkləriylə gəldikləri üçün savaş tanrısının xüsusi himayəsi altına girmişdilər, başqalarına olan şeylər onlara ola bilməzdi, savaşın məntiqi də, məntiqsizliyi də onlardan yan keçəcəkdi.
  • Könüllü insanlar heç zaman ölmürlər, onlar könüllərdə yaşayırlar və beləcə bir gün dirilib bizi göz yaşına boğurlar.
        Sonda kitabı tez bir zamanda bitirsəm də, ayrılmağımın çətin olduğu əsərlərdən ola bilmədi mənim üçün. Sadə, səmimi dili ilə oxunaqlı olsa da, nədənsə müəllifin kitabını deyil də, kiminsə gündəliyini oxuyuram təsiri bağışladı məndə. Kitab oxuyarkən sıxıldığımı deyə bilmərəm, amma bitməyini də gözləmirdim desəm yalan olar. Bu detalları nəzərə alaraq “On Bir Gecə” məndən sadəcə 3 bal ala bildi. İl ərzində yenidən Rasim Qaraca yaradıcılığına müraciət edəcəm. Bu artıq məlum oldu.

Əziz Yabuqzadə - Ona

        İlin dördüncü kitabı gənc yazarlardan olan Əziz Yaqubzadənin “Ona” kitabı oldu. Ad günümdə gələn hədiyyələrdən biri olan bu kitab həm adı, həm də üz qabığı ilə diqqətimi ilk andaca çəkdi. Hələ bir də “Kimə şeir yazılsa, onu dünyanın ən xoşbəxti hesab edərdi. Ona kitab yazılırdı, xəbəri yox idi...” cümləsini oxuduqdan sonra...
       Kitab 2016-cı ildə Bakumoz nəşriyyatında işıq üzü görüb. Yazar bu kitabda öz fikirlərini, duyğularını, müşahidə etdiklərini başlıqlar formasında oxuculara təqdim edir. Dilinin çox sadə və axıcı olması, aydın ifadə olunmuş düşüncələr, əsas da məzəli çalarlar qatılmış sətirlər çox xoşuma gəldi. Kitabı karandaşla oxumağı sevən biri olaraq bütün sətirlərin altından xətt çəkməmək üçün özümü güclə saxlamışdım. O qədər fikirlərimə tərcüman oldu ki, bəzi sətirlər... Oxuduqca səhifələr başlıqları, başlıqlar bölmələri izləyirdi. Əlimə aldığım zaman əqrəblərin necə sürətlə hərəkət etdiyini unudurdum sanki. Kitabı maşında bitirdim desəm yalan olmaz. Həm zövqümə xitab etdiyi, həm də yolda gedərkən oxumaq üçün rahat - bölmələr şəklində - olduğu üçün nə zaman başlayıb – bitirdiyimi xatırlamıram.

       Nə yalan deyim bu tip kitabları sevdiyim və çox oxuduğum üçün kitaba başladığım ilk anda bir türk kitabının tərcüməsi ilə qarşı-qarşıya olduğumu sandım. Ancaq sonra yazarın özünə xas fikirləri ilə tanış olduqca bizdə də belə istedadların ədəbiyyata qədəm qoyması məni çox sevindirdi. Oxuyarkən qarışıq hisslər yarandı məndə. Beynimdə ən çox təkrarlanan sual yazarın bunları yazacaq qədər nə yaşadığı düşüncəsi oldu və ya bunları böyük bir eşq yaşamadan yazmaq olar mı? Çünki sətirlər təkcə bir qıza olan saf sevgidən bəhs etmir, bu sətirlər bəzən sevgiliyə nifrəti ifadə edir, bəzən peşmanlığı dilə gətirir, bəzən üsyan qoxuyur. Əziz Yaqubzadə kişilərlə qadınların elə gözəl təsvirini verib ki, bizlərə ən az öz həmcinsləri qədər yaxşı bələd olması heyran etdi məni. Həmçinin, qadınlarda olan bəzi nöqsanları dilə gətirdiyi kimi kişilərə xas bəzi səhv davranışların da izahını verir. Qısacası sırf sevgi kitabı deyil “Ona”, sevgi fonunda bir çox mövzuya toxunaraq oxuyucunu yormadan əyləndirir. Bəzi sətirləri təqdim edim sizə özünüz qərar verin:
  • · Sən heç birinin gedişinə görə saatlarla ağlamaq istərkən yanaqlarında onun əllərinin izi silinməsin deyə göz yaşlarını içinə axıtdın mı?
  • · Mən içində 8 milyard insanın həyat mübarizəsi apardığı bu dünyadan idim, o isə mənim dünyam idi.
  • · İçində “sən” olan hər şeyi sevərdim. Amma “sən”sizlik ağır oldu, sevgilim.
  • · Unudacaq qədər güclü idim. Ancaq unutmağa qıya bilməyəcək qədər çox sevmişdim.
  • · Sevdiyiniz birindən “qadınım” sözünü eşitdiyiniz an onun əllərindən möhkəm yapışın və ona onun qadını olduğunuzu bir daha hiss etdirin.
  • · Hər gözəl şeyin bir sonu var deyirlər. Biz çirkin qalaq, olarmı?
  • · Üzünü görmək istəmədiyimi, sənə nifrət etdiyimi öz-özümə təkrarladığım sənsiz saatlarım var mənim. Bir də səsini eşitsəm, dünyanın ən xoşbəxti olacağım axmaq bir xasiyyətim var.
  • · “ Kiçik bir gülüşümüzə belə layiq olmayan insanlar üçün günlərlə göz yaşı tökdük”, - deyə özlərini dəyərli sandılar.
  • · Qorxmursanmı, yalnızlığa öyrəşsəm, səni unudaram?

         Müəllif sonda qeyd edir ki: “Xahis edirəm, kitabı bitirərkən məmnun olub-olmadığını deyərək qapağını bağla. Və əmin ol ki, mən eşitməsəm də hiss edərəm.” Elə mən də kətabı məmnun bitirdiyimi qeyd edərək yazımı sonlandırım. Məndən 4 bal alan kitablardan oldu. Növbədə Əziz Yaqubzanin “Bir Sən Qədər” kitabı məni gözləyir...

19 July, 2018

Rövşən Abdullaoğlu – Relslər Üzərinə Uzanmış Adam


     Bu dəfə bloguma yenidən bir azərbaycanlı yazar qonaq olur. Uzun müddətdir ki, öz ədəbiyyatımızdan bir əsər oxumurdum. Bu sehri təsadüfən əlimə keçən bir kitabla pozdum. Bu kitab Rövşən Abdullaoğludan “Relslər Üzərinə Uzanmış Adam” oldu. Həm müasir Azərbaycan ədəbiyyatına müraciət, həm də müəlliflə ilk tanışlıq. “Relslər Üzərinə Uzanmış Adam” bir müddət öncə qarşıma çıxmış, adı və üz qabığı ilə məni cəlb etmişdi. Ancaq oxuyarkən əsla bu qədər sarsılacağımı xəyal etməzdim. Son illər mənə dərindən təsir edən bir əsər oxumamışdım. Düzdür, bəlkə digər kitablarını oxuduqca yenə də bəyənəcəyəm, amma hal-hazırda ola fikrim – Yaxşı ki, müəllifi tanımağa bu kitabdan başlamışam. Növbədə isə digər kitabları məni gözləyir.
     Keçək müəllif və kitaba... Rövşən Abdullaoğlu 1978 təvəllüdlü güclü təhsil keçmişi olan bir yazardır. Psixologiya, fəlsəfə və teologiya üzrə elmi araşdırmalar aparmaqla yanaşı hər kəs tərəfindən sevilən kitablar yazmaq da ayrı bir istedaddır deyə düşünürəm. Zatən kitabı oxuyarkən də yazıçının bu sahələrdə geniş biliyə malik olduğunun nəzərdən qaçması qeyri-mümkündür. Bu günə qədər 24 kitabı işıq üzü görmüş yazarın mən bu kitabı oxuduğum müddət ərzində daha bir kitabı – Abaddon – yayımlandı.
     Vəəə kitab... İlk səhifədən Don Aminado imzalı bir sitatla həyəcan başlayır, 400 səhifə bitənədək də oxucunu tərk etmir.
Xüsusilə də sən relslər üzərində uzanmısansa.
Qatarı gözləmək qədər heç nə daha yorucu deyildir.
      2017-ci ildə Qədim Qala nəşriyyatı tərəfindən yayımlanan bu psixoloji roman bəhs ediləcək mövzuya uyğun seçilən mükəmməl başlıqlardan ibarətdir. Hər başlıq bir ipucudur deyərdim. Kitabın sevdiyim digər bir özəlliyi müxtəlif dövr və hadisələrdən bəhs etməklə başlayaraq oxucunu daha da maraqlandırması oldu. Yorulmadan “Görəsən, məni daha nə gözləyir?” deyərək səhifələri çevirirdim. İlk olaraq Şulutruq tayfasının (sonradan bu tayfanın adının güzgü effekti ilə böyük məna daşıdığını biləcəyik) həyata baxışı və adəti ilə başlayır mövzu. Belə ki, bu tayfa həyatda ən güclü qorxunun yüksəklikdən tullanış olduğunu düşünür və “Həyat sadəcə yüksəklikdən bir tullanışdır!” şüarı ilə tanınırlar. Bu tayfadan olan uşaqlar hələ kiçik yaşlarından yüksək zirvələrdən gölə tullanmaqla öz qorxmazlıqlarını sübut edirdilər. Bu mözvuda qeyd olunan bir psixoloji məqamı çox bəyəndim. İkinci tullanış birincidən daha önəmli idi özünü isbat etmək üçün. Çünki, ilk dəfə insan bir şeyin dadını bilmədən onu etmək üçün atılır, maraq və həyəcanla. İkinci dəfə bunu etmək istəyən insan isə onu nəyin gözlədiyini bilir. Bu dəhşəti, qorxunu dadaraq yenidən bunu edirsə, daha qorxmazdır.
       Kitabda sevdiyim digər bir məqam ulduzlar bağlı əfsanə oldu.   Ulduzlar bu dünyanı tərk etmiş sevdiklərimizdir. Onları göydə saxlayan ailələrinə, sevdiklərinə olan bağlılıqdır, məhəbbətdir. Yerə yaxınlaşmaqdan qorxurlar, çünki yaxınlaşdıqları an zülmət dənizinə, uçuruma yuvarlanıb ailələrini bir daha görmək şansını itirərlər. Bizim şahidi olduğumuz və izləyərkən arzu tutduğumuz ulduz düşməsi bir insanın öz sevdiklərindən ayrılışıdır.
     
      Hadisələr əsas olaraq 2 obrazın ətrafında baş verir. Bunlar relslərə uzanaraq intahar etmək yolunu seçmiş 2 insandır. Hər biri həyatda ağrılar, acılar, böyük itkilər görmüş, həyata küsmüş, öz mövcudiyyətini sonlandırdığı an hər şeyi yoluna qoyacağını düşünən iki insan... Relslər üzərinə uzanmaqla relsdən çıxmış həyatlarını əvvəlki yoluna qaytarmaq istəyən, yenə də ilk andaca psixologiyalarına ağır zərbə vurmuş dəmiryol vağzalına qaçıb gələn, hər şeyin məhv olduğu bu yerdə də düzələcəyinə inanan 2 insan... Həyat necə də qəribədir?! Bir şey səni sarsıdır, həyatını alt-üst edir, ancaq sənin çıxış yolu kimi ağlına gələn ilk variant da elə həmin şey olur... Qəhrəmanlarımız da bu “uğursuz” təsadüflə bir-birini tanıyır, bir-birini həyatına, yaşadığı hər duyğuya şahid olurlar. Bir tərəfdə yaşadıqlarını paylaşmaqdan çəkinməyərək 31 psixoterapevtdən kömək uman ancaq nəticə etibarilə çıxış yolunu intiharda görən “TED”, digər tərəfdə isə öz varlığından, həyatından utanan, bu utancla hər kəsin həyatını məhv etdiyini düşünüb bu işgəncəyə son vermək istəyən FARUQ... Bu relslər üzərində 2 həyat bitməmiş ən başdan yenidən yaşanır. Bütün sevincləri, acıları ilə... Kim bilərdi ki, psixoloqlardan daha çox 2 intihara gəlmiş insan bir-birinə yardım edə bilər? Heç də hər zaman yaşadıqlarımızı anlatmaqdan qaçmamalıyıq, bu bizə ağır olsa da, bəlkə də çıxış yolumuz elə ondadır... Kitabda 2 fərqli qəhrəman elə gözəl təsvir olunmuşdu ki, onların duyğularını dərindən hiss edib ağlamamaq imkansız idi. Göz yaşları qeyri-ixtiyarı gözlər sətirlər arasında gəzişdikcə səhifələrə damlayırdı.

       Kitabda eyni zamanda 1995-ci ilin iyulunda Bosniyada Srebrenitsada sebrlərin bosniyalılara qarşı törətdiyi qətliam elə gözəl təsvirini tapıb ki, oxucu orada onlarla bərabər mübarizə aparmış, işgəncələrə məruz qalmış, sevdiklərini itirmiş və heç bir çıxış yolu tapmayaraq hər gün yenidən ölərək yaşamış kimi hiss edir. Əmin və Adriana obrazları ilə müharibənin dəhşəti bütün çılpaqlığı ilə göz önünə sərilir. Dostunu ailəsinin həyatını xilas etmək üçün satanlar, övladını qorumaq üçün özünü qurban verən analar, xilas olmaq yolu varkən yaşlı ata-anasını qoyub gedə bilməyən övladlar, şəxsiyyəti, mənəviyyatı ayaqlar altına alınmış qadınlar, sonu ilə barışıb təslim olanlar, müharibənin bütün dəhşətini damarlarında hiss edib ruh kimi ömür sürənlər... Bu müharibədə ağıla gəlməyəcək işgəncələr yaşanmışdı. Ən təsir edən səhnə bir ananın ən çətin məqamda necə addım atacağını müəyyən etmək üçün ona qarşı oynanılan psixoloji oyun oldu.Gözləri qarşısında həyat yoldaşını və övladını asan düşmən onun hansını qurtaracağını müəyyən etmək istəyirdi. Ancaq ana üçün bundan böyük faciə ola bilər mi? Bu oyun insanın ağlını başından ala bilmək üçün kifayət edər. Təsirli digər bir məqam isə düşmənlərin günahsız qurbanlar haqqında düşündükləri oldu. Onlar maşına mindirilərək ölümə aparıldıqlarını bildiyi halda niyə müqavimət göstərmirlər, onsuz da öləcəklərini bilirlər axı? Bu məqamda tək cavab ümid olur. Son saniyəyə qədər insan yaşayacağına ümid edir.
"Relslər Üzərinə Uzanmış Adam" əsərində tarixin müəyyən vaxtlarında baş vermiş faktlara, təsadüflərə, dinlərə, nikaha, psixoloji terminlərin izahına, bir sıra dünya klassiklərinə fərqli yanaşmalara yer verilməsi əsəri daha dolğun, daha maraqlı edir deyə düşünürəm. Müxtəlif ölkələrdə intihar faizləri, səbəbləri, toplu intiharlar və hətta heyvanlar arasında baş vermiş intiharlara qədər bir çox məlumatla zəngirdir kitab. Qəhrəmanların dilindən bir sıra əsərlər nümunə çəkilir və izahı verilir. Həmçinin, qəhrəmanımızın qatıldığı ədəbiyyat dərnəyində bir sıra müəlliflər haqqında geniş məlumatlar verilir. Bu yazarlar barədə sadəcə müsbət deyil, səsləndirilən mənfi fikirlər də xüsusilə maraqlı oldu. Oxuyarkən Rövşən Abdullaoğlunun ədəbiyyat sahəsində də məlumatlı olduğunu görmək, bir çox yazarları araşdıraraq öz münasibətini ortaya qoyması çox çox xoşuma gəldi. Əsərdə adı çəkilən kitablardan müəllifin nə tip kitablar oxuduğunu da müəyyən etmək olur. Höte - Gənc Verterin İztirabları, Nikolay Karamzin - Yazıq Liza, F. Kafka - Məhkəmə, Lev Tolstoy - Etiraflar, Ceyms Coys - Uliss, Vladimir Nabokov - Lolita.  Bu, oxucularda həmin əsərlərə, müəlliflərə və onların yaradıcılığına böyük maraq oyadır. Bir sözlə, kitab oxucularda ədəbiyyata da həvəs yaradır, onları mütaliəyə təşviq edir. Son zamanlar müasir ədəbiyyatımıza bu tip zəngin əsərlərin qazandırılması sevindirici haldır. Psixologiya, din, fəlsəfə bir vəhdət təşkil edir bu kitabda... Müxtəlif zövqə malik hər bir oxucunun özünə aid nə isə tapa biləcəyi bu möhtəşəm kitaba 5 baldan az vermək düzgün olmaz. Ən sevdiklərim arasında yerini aldı...



26 January, 2014

Elxan Elatlı – İtmiş Qızın Axtarışı

       2013-cü ilin son Elxan Elatlı kitabını da beləcə bitirdim. İlin final seçimi yenidən detektiv bir əsər - “İtmiş Qızın Axtarışı” oldu. Həcmcə kiçik olsa da çox şey ifadə edir sevilən yazarın bu əsəri də. Kitab 2 hekayə və bir povestdən ibarətdir. Detektiv yazıçının qələminin izinin hər səhifədən duyulduğu bu əsər vaxtınızı dəyərli keçirmək, həm mütaliə edib, həm də düşünmək üçün uğurlu seçimdir.
         Kitabın daxilindəkilərdən qısaca bəhs edim sizlərə. “Uşaq Oğruları” adlı hekayəsində sevimlimiz Qara Xəfiyyə oğurlanan qızı uğurla reallaşdırdığı plan sayəsində tapır, “Faktlar Onun Əleyhinədir” hekayəsində isə kənddə baş verən qüsursuz şəkildə qurulan cinayətin sirli pərdəsini aralayaraq ümidini itirmiş günahsız insanlara kömək olur. Kitabda daha çox bəyəndiyim hissə isə adının götürüldüyü “İtmiş Qızın Axtarışı” povesti oldu. Burada da yenə Qanbay Qasımlının səbrlə, təmkinlə qurduğu plan sayəsində bütün acı gerçəklərin üstü açılır və məxfi iş hər zaman olduğu kimi məşhur xəfiyyənin qələbəsi ilə bitir.
          Digər 2 hekayə adi hadisələrdən bəhs etsə də, povest mürəkkəbliyi ilə, fərqliliyi ilə seçilərək zövqümə daha çox uyğun oldu. Ağlıma gətirməyəcəyim bir sonluqla bitən əsər qarışıq duyğular yaratdı məndə. Həyatda əgər ən yaxın hesab etdiklərimizə belə güvənə bilməyəcəksək, necə başa vura bilərik bu yaşamı? İnsan ən sevdiyinə belə bir pisliyi edərkən vicdanı nə qədər səssiz qala bilər?
           Mükəmməl qurulmuş süjet xətti ilə zövq verən kitab hadisələrin açılması ilə sevinc-kədər qarışıq hisslər oyadır oxucuda. Hər zaman Qanbay Qasımlının iştirakı ilə olan kitabları xüsusi bir həvəslə başlayıram oxumağa. “İtmiş Qızın Axtarışı” da belə kitablardan biri oldu. Zövq alaraq oxuduğum Elxan Elatlı əsərlərindən birinə çevrildi.
          Sevgini, xəyanəti, dostluğu, sevinci, kədəri, qorxunu, şübhəni, inamı, xəyal qırıqlığını bir də bu müəllifin qələmindən oxumaq fərqli bir duyğudur. Son olaraq bunu da qeyd etməliyəm ki, hər yeni kitabını oxuduqca Elxan Elatlı marağını itirmir mənim üçün. Əksinə onun dəsti-xəttinə, dünyagörüşünə, təxəyyülünə marağım və heyranlığım daha da artır.
        “İtmiş Qızın Axtarışı” sona qədər intizarda saxlayan mövzusu, maraqlı hekayələri ilə bəyəndiyim detektiv kitablar sırasında öz yerini tutdu. Ancaq məni digər Elxan Elatlı əsərləri kimi heyran edə bilmədiyi üçün sadəcə 3 bal aldı.

26.01.2014 / 05.47 p.m.

18 July, 2013

Varis - Bir Ovuc Torpaq

  Varis Yolçiyevdən oxuduğum beşinci əsər... Başladığım zaman “Yetmiş Yeddinci Gün” qədər bəyənəcəyimi düşünmürdüm, çünki, oxuduğum digər kitablarında bu kitabdakı sehri tapa bilməmişdim. Amma bu dəfə yanıldım, ən az “Yetmiş Yeddinci Gün” qədər güclü təsirə malik bir əsər oldu mənim üçün “Bir Ovuc Torpaq”. Serial çəkmək üçün niyə ilk seçimin bu əsər olduğunu indi yaxşı anladım. Varisin dəyərli fikirləri ilə zəngin olan bu kitab elə oxunduğu zaman filmə çəkilir xəyallarda. Oxucuların filmlərindəki qəhrəmanlar fərqli olsa da, ən təsirli səhnələr eynidir deyə düşünürəm. Hər kəs obrazları müxtəlif cür təsəvvür edir, ancaq müəllifin qələminin gücü ilə yaranan, oxucunu göz yaşlarına boğan o səhnələr isə yaşayaraq oxuyanlara bərabər ölçüdə təsir edir.
      Varis oxuduğum hər kitabı ilə qəlbimdəki yerini daha da möhkəmləndirir. Sevimli yazıçım bu əsərlə təkcə məhəbbət mövzusunda deyil, eyni zamanda vətənpərvərlik hisslərinin tərənnümündə də böyük məharətə sahib olduğunu sübut edib. “Bir Ovuc Torpaq” hər kəsin, xüsusilə, gənclərin bir çox şey öyrənə biləcəyi, özü ilə əsərin qəhrəmanları arasında oxşarlıqlar aşkarlayacağı, tamamilə Varisin qələminə uyğun oxucunu özünə bağlayan səmimi romandır.
     Ailə, sevgi, sədaqət, qürur, vicdan əzabı, vətən sevgisi, yalan, xəyanət, intiqam – bir sözlə, həyatımızda önəmə sahib əksər duyğuları ehtiva edən bu kitab asanlıqla oxucuların sevgisini qazana bilib. Bundan sonrakı kitablarda yer alan oxucu rəyləri də bu sevgini isbat edir. Müəllifin bütün səmimiyyətini ortaya qoyaraq yaratdığı bu kitab, sözsüz ki, bu səmimiliyi duyan hər bir oxucu üçün əvəzsiz olacaq.
     Varisin iki imza günündə iştirak etdiyim üçün asanlıqla deyə bilərəm ki, bu insanın səmimiliyini, diqqətliliyini, alicənablığını onu görmədən də, əsərləri sayəsində hiss etmək mümkündür. Artıq kitablarının əksəriyyətini oxuduğum üçün sevimli yazıçımı daha yaxşı tanımağa başlamışam. Deməli, o, duyğunu oxucuya sözlə ötürə biləcək qüdrətə malik yazıçıdır.

     Oxuyarkən bir şey hiss etdim... Bu kitabda müəllifin toxunduğu bəzi mövzular sonrakı iki kitabında daha geniş işlənib və hətta əsas müvzuya çevrilib. Sadəcə bu kitabda hadisələri davam etdirmək üçün yazıçının toxunduğu bu mövzular sonrakı kitabları üçün ilham qaynağı olub deyə düşünürəm. Nigarın intihara cəhdi və Zaurun kimsəsiz uşaqların himayə olunduğu evi ziyarəti. Varisin həmin səhnələri təsvir edərkən bu barədə daha çox şey yaza biləcəyinə inamı “Yetmiş Yeddinci Gün” və “Əzilmiş Fotoşəkillər”in ərsəyə gəlməsi üçün təməl daşı rolunu oynayıb hissini oyatdı məndə.
      Fərqli duyğularla oxuduğum “Bir Ovuc Torpaq” ən sevdiyim kitablardan birinə çevrildi. Bəzən həyəcanlandım, bəzən üzüldüm, bəzən ümidsizliyə qapıldım, insanın intiqam üçün, sevgisi üçün nələr edə biləcəyinin şahidi oldum. Və nəticə yenə də mənə görə yazıla biləcək ən gözəl sonluq oldu. Bir ovuc torpaq sonda kəsişən iki həyat üçün fərqli ancaq bir o qədər də əhəmiyyətli məna daşıya bilərmi??
      Hadisələrin əvəzlənməsi, duyğuların əks etdirilməsi, obrazların canlılığı oxucunu öz sehrli dünyasına çəkir və asanlıqla da bu təsirdən çıxmasına izn vermir. Dəyərli fikirlərlə, dərs mahiyyətli mesajlarla zəngin olan bu əsərin Varisin ən uğurlu kitablarından biri olduğunu qeyd etməliyəm.
      Son olaraq ən çox bəyəndiyim sətirlər:
  • Yaşamaq istəyən adamı onun istəyinin ziddinə getməklə öldürmək qatillikdir. Bəs ölmək istəyən adamı onun istəyinin ziddinə getməklə xilas etmək nədir? Bəlkə elə bu da qatillikdir? Ancaq, humanist qatillik? 
  • Müəllim özündən sonra tələbələr, yazıçı kitablar, rəssam tablolar, bəstəkar musiqi əsərləri, rejissor filmlər, memar binalar, siyasətçi tarix səhifələri qoyub gedir. Hamı üçün. Adı insan isə yalnız xatirələr qoyub gedir. Yaxınları üçün. 
  • Bu bir qanundur.. Yuvadan düşən quşcuğaz ya qanad açıb uçmalı, ya da yerə yuvarlanıb parça-parça olmalıdır. Üçüncü bir yol yoxdur. Əslində, bu şərtlər müstəqil həyata atılan insanlar üçün də eynidir. Di gəl ki, quşların uçması və ya yerə çırpılması dərhal baş verdiyi halda insanda bunlar zaman-zaman baş verir. 
  • İllər keçdikcə, keçmiş məfhumu gələcək məfhumunu qısaltdıqca insanın iç dünyasındakı xatirə yükü onu daha da ağırlaşdırır, yaşamağını çətinləşdirir.. Xatirələri dəfn etməyi bacarmaq - bax, ən böyük azadlıq elə budur.   
    Sevərək oxuduğum bu kitab məndən 5 bal aldı.          
    Əsəri hələ də oxumayanlar buraya  -----> Bir Ovuc Torpaq       
    Varisin digər əsərləri üçün buyurun ;)
           Sonuncu Ölən Ümidlərdir
           Yetmiş Yeddinci Gün
                                         
18.07.2013     /     03.24 a.m

17 June, 2013

Pərviz Arif – Buna da Şükür

 Facebook səhifəmin dəyərli üzvlərindən biri olan Pərviz Arif’in imzalı hədiyyəsi olan bu kitabın, yəqin ki, poeziya vurğunu bir insan üçün nə demək olduğunu anlamaq çətin deyil. Mənim üçün bu ilin ən gözəl sürprizlərindən biri oldu deyə bilərəm.
Zövq alaraq oxuduğum, müəllifin istedadına dönə-dönə heyran qaldığım bir kitab oldu “Buna da şükür”. Azərbaycan ədəbiyyatının təməl daşlarından olan poeziyanı sevən hər kəsə şiddətlə oxumağı tövsiyyə edirəm..
     Bəzən həyatımızda baş verən hər şeydən uzaqlaşmaq istəyirik. Sadəcə özümüz ilə tənha qalmaq, bizi təsəlli etməyə çalışan, məsləhətlər verən hər kəsdən uzaqlaşıb yalnızca qəlbimizin səsinə qulaq verməyə çalışırıq.. Bu situasiyada bizi rahatladacaq tək şey isti bir fincan qəhvə, həzin musiqi sədaları və səmimi bir dost-kitab olur.. Və bu zaman “Buna da şükür” seçilə biləcək ən uğurlu variantlardan biridir.. Oxumaq, musiqinin ritmi və şeirlərin ahənginə qapılıb düşünmək, yaşadığımız o andan zövq almaq..
     Hər kəsin zövqünə uyğun şəkildə heca, əruz və sərbəst vəzndə şeirləri ehtiva edən bu kitab sizin sadiq dostunuza çevriləcək. Səmimi duyğuların əksi, sevginin, sədaqətin, ölümün, kədərin ifadəsi, sevgilinin şeirin çalarlarına uyğun təsviri sizi özünə asanlıqla bağlayacaq. Heca vəznində olan şeirlərin qafiyələri, əruz vəznindəki nümunələrin ahəngi, sərbəst şeirlərin isə rəngarəngliyi şeir sevməyən birini belə valeh edəcək gücə sahibdir. Hər kəsin özündən bir şeylər tapa biləcəyi bir kitabdır “Buna da şükür”.
     Kitabda mənə təsir edən, zövq alaraq oxuduğum şeir parçaları çox olsa da, onlardan sadəcə bəzi misraları qeyd edirəm:

Mavi dəniz idi röyalarında
Üzərdi məhəbbət dəryalarında,
O, həmin dənizin dalğalarında
Mənsə göz yaşımda boğuldum bu gün. 
                        ***
Qəlbin ağlayırsa, ağlamaq gərək
Bəlkə bu ayrılıq qəlbinə yükdür?!
Səndə göz ağlayır, məndəsə ürək
Səncə hansımızın dərdi böyükdür?!
                        ***
Gördükcə müqəddəs məhəbbətini
Qorxuram qələmi ələ götürüm.
Mən sənin qayğını, nəzakətini
Axı bir kağıza necə köçürüm?!
                        ***
Bu şeiri gizli yazıram çünki,
Kimisə çaşdırar sirli sözlərim.
Əlimə əlcəyi geyinmişəm ki,
Qələmdə qalmasın barmaq izlərim...
                        ***
Sən bəlkə mələksən bu qədər göylə gedirsən?
Addımlarının zərrə görünmür izi yolda.
                        ***
Mən səni unutmaq istəsəm belə
Yuxular kəsilib mənimçün qənim,
Yoxsa yuxular da dostlarım kimi
Sadəcə təsəlli yerimdir mənim?!

Kitabda "Bu gün", "Hava-su", "Qara əlcək", "Gülürük", "Səni Mən", "Lazım", "Xatirələr", "Sənin Yoxluğun", "Yenə səndən danışacam", "Səni Fikirləşirəm", "Yuxu" kimi şeirlər daha çox zövqümü oxşadı.. Bu şeirlərin ahənginə qapılmaq istəyirsinizsə kitabı əldə etməyə tələsin.. 
Pərviz Arifin şeirləri ilə yaxından tanış olmaq istəyənlər, bu səhifəyə göz gəzdirə bilərsiniz ;)  -----> Pərviz Arifin Şeirləri
Şeir vurğunu olan hər bir insanın arxivində olmağa layiq bu kitab məndən 5 bal aldı..

18.07.2013     /     03.55 a.m.

06 June, 2013

Əlibala Hacızadə - Vəfalım Mənim

 Bəlkə də ən uzun müddətə oxuduğum kitab oldu “Vəfalım Mənim”. Amma bu maraqsız olduğuna dəlalət etmir. Sadəcə gündəlik problemlər – praktika, dissertasiya işi və s. sayəsində bir müddət ara verərək tamamlaya bildim bu kitabı. Buna baxmayaraq, “Vəfalım Mənim” bu il oxuduğum ən maraqlı kitablardan birinə çevrildi. 
      Əsəri oxuyarkən müəllifin həyatı ilə də maraqlandım. İnternetdə yer alan məlumatlardan aydın olur ki, Əlibala Hacızadə tam bir ədəbiyyat vurğunu olub. Ömrünü yazıb-yaratmağa həsr edən yazıçı elə bu kitabında da obrazlar vasitəsilə ədəbiyyata olan marağını ifadə edir. Kövrək qəlbli yazıçı bu əsərinə görə bir sıra çətinliklərlə üzləşsə də, yenə də öz sevgisindən - ədəbiyyatdan uzaqlaşmayıb. Əsərdəki ideyalarına, açıq fikirlərinə görə işindən uzaqlaşdırılsa da, Əlibala Hacızadə haqsızlığa qarşı mübarizə aparıb və yenidən öz vəzifəsinə qayıda bilib. 
      “Vəfalım Mənim” 1975-80 illərdə yazılan ən maraqlı əsərlərdən biridir. Hər detalı ilə bu gün də aktuallığını qoruyan bu gözəl əsər həm gündəlik həyatı, həm də iş həyatını bütün gərçəkliyi ilə gözlərimiz qarşısında açır. Əsərdə əsas qəhrəmanları ilə bir-birinə bağlanan üç fərqli hadisə cərəyan edir. Bu hadisələr çərçivəsində yazıçı cəmiyyətdə mövcud olan fərqli xarakterə malik insanları ən kiçik detallarına qədər təsvir edir, mənfi xüsusiyyətləri ifşa edib oxucunu belə insanlara qarşı ehtiyatlı olmağa səsləyir, müsbət cəhətləri isə yüksək qiymətləndirib təbliğ edir. Elmi əsərlər və ədəbiyyat, poeziya fonunda bir-birilə əlaqələnən həyatlar, onları birləşdirən hadisələr, məsələlərin açılmasına aparan gözlənilməz yollar, qarşılaşdıqları müxtəlif situasiyalar qarşısında qəhrəmanların keçırdiyi duyğuların tərənnümü bu kitabın əsasını təşkil edir. 
      Bəzən bezərək, bəzən sadəcə bitirmək üçün, bəzən həvəslə, bəzənsə səhifələrin azaldığına üzülərək oxuduğum bir roman oldu. İkinci hissəni daha çox bəyəndim. Səbəb isə hadisələrin daha çox qarışması və gözləmədiyim sonluqla bitməsi oldu. Oxuyarkən elə səhnələrlə qarşılaşdım ki, bəzən göz yaşlarıma hakim ola bilmədim. Asanlıqla ağlayan biri olmadığım üçün mənə belə təsir bağışlayan kitabların yeri ayrıdı ürəyimdə. Kitabı yaşayaraq oxuyan, hadisələri gözləri qarşısında canlandıraraq yaşayan, özünü qəhrəmanların arasında hiss edən hər bir oxucunun çox təsirlənəcəyi bir romandır.
       Oxuyarkən kitabda bir çox obraza rəğbət yaranır. Mənim üçün sevdiyi insanı itirsə də, onu xatirələrində yaşadan, həyatının bir parçası imiş kimi yoluna davam edən Gülmirə, qarşılaşdığı insanları müşahidə, yaşadığı hər şeyi mühakimə edərək düşüncələrini kağızlara həkk edən, ətrafındakılara münasibətini qələmi ilə ifadə edən Sakit Aranlı, ilk məhəbbətini ömür boyu qoruyub saxlayan, ən ağır zərbəni sevdiyi tərəfindən alsa belə, sevməkdən əsla vazkeçməyən, illər boyu qəlbində daşıdığını sandığı kini sevdiyini çətin anında gördüyü zaman yox edən Əsəd və oğlunun ölümü ilə barışmayıb həyatına davam etsə də, ürəyinin bir tərəfi darmadağın olan ana, mühakimə olunan həyat yoldaşı olmasına baxmayaraq haqsızlığa qarşı çıxıb ədalətlə fikrini söyləyən qadın – Nadirə xanım unudulmaz qəhrəmanlardandır. “Vəfalım Mənim” hər səhnədə özümü obrazların yerinə qoyaraq “ Mən necə davranırdım?” , “Mən necə qərar verərdim?” suallarına cavab axtarmaqla oxuduğum bir kitab oldu. Bəzən onlarla razılaşıb “Mən də eynilə belə davranardım!” deyir, bəzənsə “Yox, əsla mən bu qədər cəsarətli ola bilməzdim!” deyə düşünürdüm oxuyarkən.. 
       Qısacası, bu kitab mənə çox şey qatdı.. Əlibala Hacızadənin qələmi ilə ilk tanışlığımın bu kitab vasitəsilə olması çox xoş oldu. Bu əsəri yarada biləcək belə bir yazıçıya sahib olduğumuz üçün qürur duydum. Sonda oxumadan öz yazıçılarımızı tənqid edənlərə bu kitabla tanış olmağı tövsiyə edirəm. Sevgi, nifrət, sədaqət, xəyanət, yalan və sirlərlə dolu bu roman məndən 5 bal ala bildi...

07.06.2013     /     03:03 a.m

18 April, 2013

Elxan Elatlı – Seçilmiş Cəza

  Artıq bir ilə yaxındır ki, Elxan Elatlıdan yeni bir şey oxumamışdım.. 2013-cü il üçün ilk detektiv əsər seçimim “Seçilmiş Cəza” oldu. Uzun zamandır məni bu qədər sarsıdan bir kitab oxumurdum. Sirlərlə, müəmmalı hadisələrlə dolu bir kitab.. Müəllifin məntiqini, yaradıcılıq qabiliyyətini yüksək səviyyədə nümayiş etdirdiyi bir əsər.. Oxucuda şok təsiri yaratmağa qadir kitablarından biri oldu mənim üçün “Seçilmiş Cəza”.
    Sadə ailə mövzusu ilə başlayan sonda isə içindən çıxılmaz bir vəziyyət alan bu gözəl əsər uzun müddət təsirindən çıxa bilməyəcəyiniz bir kitabdır. Hadisələr elə qurulub, elə incə-incə işlənib hazırlanıb ki, son səhifələrə qədər intizarda saxlayır oxucunu. Müəllifin hər yeni kitabını oxuduqca "Azərbaycanın ən gözəl detektiv müəllifləri" haqqında düşündüyüm zaman ağlıma gələn ilk isimin Elxan Elatlı olması daha da möhkəmlənir.
     Oxuyarkən əsərin əvvəlində qatilin kim olduğuna dair qəti bir variantımın olması məni sevindirdi. “Bir az da olsa, Qanbay Qasımlı kimi düşünməyə başlamışam”- dedim. Amma sonda qatilin tamamilə başqa birisi olduğunu görəndə  “Yox.. Mən bütün kitabları oxusam belə Qanbay Qasımlıya çata bilmərəm..” deyə düşündüm.. Çook çalışmam gerek çook :)
     Kitabda ailə, sevgi, güvən, dostluq, yalan, ədalət, ilk məhəbbət, peşmanlıq, fərqli seçimlər – bir sözlə, hər şeyə rast gələcəksiniz. Istər – istəməz qəhrəmanların yerində olduğunuzu düşünüb necə addım atacağınızı götür-qoy edəcəksiniz. Maraqla, həvəslə, səbirsizliklə oxuyub, əlinizdən qoymağı düşünməyəcəyiniz bir kitab olacağına əmin ola bilərsiniz.
      Oxuyarkən bunları düşündüm:
 İlk məhəbbət unudulmur deyirlər.. Amma ailəyə bağlılıq, həyat yoldaşına sevgi, hörmət bu hissin üstünü örtməyə məcbur edir insanı.. Keçmişi unutduğunu sanıb hər şeyi yoluna qoyaraq həyatına davam edərkən uzun illər əvvəl sənin üçün vazkeçilməz olsa da, indi qalaqlar altında gizlədiyin o “ilk məhəbbət”in anidən peyda olub böyük çətinliklərlə qurduğun ailəni məhv etməyə cəhd etsə, bu, səni nələrə vadar edə bilər?? Bax, bu zaman “İlk məhəbbət unudulmur!” ifadəsi anlamını itirir. Ilk sevdiyin, həyatının mənası saydığın, onsuz yaşaya bilməyəcəyini zənn etdiyin o insanın bir əzizinə zərər yetirməsi səni tərəddüd etmədən onu məhv etməyə yönəldə bilər. Saf, təmiz sevgiylə dolu bir ana qəlbinin hər zaman qoruma hissi də olur.. Və bu hiss səni narahat etdiyi zaman ağlına deyil, ürəyinin səsinə qulaq verirsən..
      Elxan Elatlıdan oxuduğum ilk əsərdir ki, qatili gönahlandırmaq olmur.. Bu da onu daha mükəmməl, orijinal edir. Oxuduğum müddətdə beynimdə yüzlərlə suallar yaranır və mən onlara cavab tapmaq üçün həvəslə səhifələri çevırməyə davam edirdim.. Bu il oxuduğum kitablar arasında öz fərqliliyi ilə seçilərək ən sevdiklərimdən oldu “Seçilmiş Cəza”. Hər zaman sevimli detektiv yazıçımın mənə “Arxalı Canavar” qədər təsir edəcək daha bir əsəri olacaqmı deyə düşünürdüm. Nəhayət bu sualıma da cavab tapdım.. :)
Sonda əsərdə çox bəyəndiyim bir fikri paylaşıram sizlərlə:
  • Siz heç ədalətin dünyada qəbul olunmuş simvoluna fikir vermisiniz? Qollu tərəzi... Amma bu mənə indi gülünc görünür. Bəlkə də xırda məsələlərdə bu tərəzi müəyyən dərəcədə düz işləyə bilər. Ancaq əksər vaxtlarda yox. Məsələn, insanın mənəviyyatına toxunulanda, yaxud öldürüləndə ədalət necə bərpa oluna bilər?
Elxan Elatlının ən sevdiyim əsərlərindən birinə çevrilən "Seçilmiş Cəza" məndən asanlıqla 5 bal aldı.
Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun -----> Elxan Elatlı
    18.04.2013       /     04:43 a.m.