Showing posts with label Qanun Publishing House. Show all posts
Showing posts with label Qanun Publishing House. Show all posts

17 September, 2019

Franz Kafka – Çevrilmə

        İlin on ikinci kitabı yayın son günlərində bitdi. Bu dəfəki seçimim Franz Kafkadan “Çevrilmə” oldu. Həm Qanun Nəşriyyatının mini klassika seriyasından oxudum, həm də Okan Bayülgenin səsindən audio kitab kimi dinlədim. Bu tərz oxuyub dinləmə Azərbaycan və türk dilində tərcümələr arasındakı fərqləri və keyfiyyəti daha yaxşı anlamağa yardım edir mənə. Düzünə qalsa, bu kitabla da miniklassikaların fərqi ortaya çıxdı. Bu yolla davam etsələr nəşriyyatın ən sevilən layihəsi bu kiçik klassik xəzinələr olacaq.
       “Çevrilmə” müəyyən yaş həddinə gəldikdə oxunula biləcək əsərlərdəndir deyə düşünürəm. Yetkinlər üçün nəzərdə tutulduğu üçün deyil, sadəcə üzərində dayanılmadan oxunularsa əgər dəyəri bilinməyəcək deyə qorxuram. Mən də illər əvvəl oxusaydım kiçik bir hekayə deyib keçərdim bəlkə də... Ancaq indi hər fikri analiz edərək, sətraltı mənaları izləyərək, yazıçının hansı cümlə ilə nə demək istədiyinin fərqinə vararaq oxudum “Çevrilmə”ni. Bu səbəbdən güclü təsir edən əsərlər siyahısında oldu mənim üçün.
        Cəmiyyətdə təcrid olunma duyğusunu bu qədər dərinlərə gizləyib qeyri-adi bir hekayə yazmaq da yazıçının məharətidir deyə düşünürəm. Kafka ölümündən sonra məşhurlaşan yazarlardandır. Şöhrətə önəm verməyən və hətta tamamlanmamış əsərlərini dostuna məhv etməyi tapşıracaq qədər də öz yazılarının ona dünya şöhrəti gətirəcəyinindən şübhə duyan bir xarakterə malik olub. Əksər əsərlərini alman dilində yazan bu yəhudi daha çox yazdığı məktublarla tanınıb. Münasibətdə olduğu qadınlara, atasına yazdığı hər məktub onun xarakterini oxucu üçün bir az daha açır. Bu qədər yaşadıqlarını günlük yazırmış kimi qeyd edən biri “Çevrilmə” əsərini də cəmiyyətdə gördüklərini anlamağı oxucusunun öhdəsinə buraxaraq vərəqlərə köçürüb deyə düşünürəm. 

İlk dəfə 1915-ci ildə Leypsiq şəhərində "Die Verwandlung" adı ilə işıq üzü görən əsər uzun illər ərzində dünya dillərinə tərcümə olunmuş və hal-hazırda da aktuallığını qoruyan şahəsərlərdəndir. “Çevrilmə” ilk baxışdan sadə və hətta fantastik görünür... Bir səhər yuxudan böcəyə çevrilmiş olaraq oyanan bir qəhrəmanımız var. Bir də mövcud vəziyyəti araşdırmadan qəbul edən ailə üzvlərimiz. Əslində isə hər şey daha mürəkkəb və qarışıqdır. Kitabda hər obraz cəmiyyətin ayrı bir təzahürüdür. Baş qəhrəmanımız Gregor Samsa ailənin bütün yükünü çiyinlərində daşıyan, ata-ana və kiçik bacısını məmnun etməyə çalışan biridir. Çalışdığı işi sevməsə də, borcları ödəmək üçün əzab-əziyyətə qatlaşmağa məcburdur və bu işgəncənin bitəcəyi günü səbrsizliklə gözləməkdədir. Ailə üzvləri isə işləyib onların ehtiyaclarını ödəmək Gregorun öhdəliyi imiş kimi yaşayıb həyatlarına davam edən insanlardır. Ancaq bu vəziyyət Gregor böcəyə çevrilənə qədər davam edir. Bütün yük bu zaman ata-ana və bacının üzərinə düşür. Hər biri çalışaraq yaşamaq məcburiyyətində qalırlar. İlk zamanlar bu ağır gəlməsə də, getdikcə heç nəyin əvvəli kimi olmayacağını anlayıb düşdükləri vəziyyətdən təngə gəlirlər. Günahkar rolunda gördükləri Gregorun əsl qurban olduğu ehtimalını heç ağıllarından belə keçirmirlər. Onların yükünü şıkayət etmədən daşıyan bu kiçik “böcək” onlar üçün daşınması qeyri-mümkün olan nəhəng bir yükə çevrilir. Hər şeyin səbəbkarı məhv olduqdan sonra isə sanki problemlərin hamısı onunla birlikdə yox olubmuş kimi yaşamağa davam etmək üçün bir səbəb tapıb Gregorun yoxluğunu asanlıqla unudurlar.

          Kafka cəmiyyətin insanın üzərinə yüklədiyi öhdəlikləri burada ailə üzvləri şəklində oxucusuna təqdim edir. Bu öhdəliklərdən qurtulmağın tək yolunu isə lazımsız bir böcək olaraq məhv olmaqla eyniləşdirir. Bir insan daima ondan umulanları etdiyi müddətcə dəyərlidir, müdirinin dediklərini etmirsə işdən atılır, ailənin ehtiyaclarını ödəmirsə getdikcə ondan uzaqlaşılır, cəmiyyətdə müəyyən öhdəliyə malik deyilsə hər kəs tərəfindən təcrid olunur. Bax bu zaman onun lazımsız bir böcəkdən fərqi qalmır. Cəmiyyətin təcrid etdiyi insan isə gec-tez ölümə məhkumdur. Ya hər kəsi məmnun etməli, ya da özünə qapılıb, hər kəsdən uzaqlaşıb unudularaq yox olmalısan. Ancaq yazar heç zaman əsas diqqəti böcəyə yönəltməyib hətta nəşr olunarkən belə üz qabığında onun əksini tapmağına razılıq verməyib. Əsərdə ehtiva olunan dərin anlamı bir həşərata yükləməyin doğru olmadığı düşüncəsi ilə mən də razıyam. Kitabda bütün hadisələr çevrilmədən məhvə doğru olan müddətdə bir evin içində cərəyan edir. Xüsusilə Gregorun otağı əvvəl onun işinə aid ləvazimatlarla dolu olsa da, getdikcə yerini boşluğa, mərhəmətə, ümidsizliyə, yorğunluğa, bezginliyə, qəbullanmaya və nəhayət bir xarabaya buraxır. Gregorun özünə xas bu məkanı sonda onun üçün məzara çevrilir.
          Bu əsər tənqidçiləri belə fikir ayrılığı yaşamağa məcbur edib. Ona görə də hər kəsin zövqünə uyğun gəlmir. Hər oxucunun fərqli mənalar yüklədiyi “Çevrilmə” məndən 5 bal alaraq bəyəndiyim əsərlər sırasında yerini aldı. Yenidən Kafkaya müraciət etmək barədə də asan qərar verməyimə şərait yaratdı.
 

06 September, 2019

Stefan Zweig – Şahmat

       İlin on birinci kitabı Stefan Zweigdan “Şahmat” əsəri oldu. Sevə-sevə oxuduğum əsərlər sıyahısı hazırlasam yəqin ki, Şahmat ön sıralarda yerini alar. “Şahmat”ın Qanun nəşriyyatının miniklassika layihəsi çərçivəsində işıq üzü görən variantını oxusam da, eyni zamanda audio kitab olaraq türk dilində dinlədim. Paralel olaraq həm dinləyib, həm oxumağı çox sevdim. Bir nüans da diqqətimi çəkdi ki, artıq neçənci miniklassika kitabıdır bitirirəm, nəşriyyatın digər kitablarına nisbətən daha gözəl, dəqiq tərcümə və cüzi orfoqrafik səhvlər bu kitablar üçün ümumi cəhətdir.       
        Stefan Zweigla ilk tanışlığım “Şahmat” əsəri sayəsində oldu və elə ilk əsərdən də qəlbimi fəth etməyi bacardı. O, hərtərəfli ədəbiyyat nümayəndələrindən biridir. Təkcə hekayə yazarı kimi tanınmır, eyni zamanda ssenari, roman, xatirə, bioqrafiya və səyahət janrlarında da özünü sınamışdır. Siyasi vəziyyətin gərginləşməsi nəticəsində doğma ölkəsini tərk etmək məcburiyyətində qalan yazar bir çox ölkələrə səyahət etmiş və yaradıcılığını davam etdirmışdir. Elə “Şahmat” əsəri də yazarın Braziliyada sürgündə olarkən qələmə aldığı şahəsərdir. Bu əsərlə yazar həm yaşadığı dövrün siyasi oyunlarını bütün çirkinliyi ilə oxucuya çatdırır, həm də psixologiyanı nə dərəcədə gözəl bildiyini, insanın daxilinə nüfuz edərək isbat edir.        
          Orijinal adı “Schachnovelle” olan əsər 1942-ci ildə qələmə alınmış, qısa zaman kəsiyində Almaniyada ən çox oxunan kitablardan birinə çevrilmişdir. Mövzu barədə qısaca onu deyim ki, oxuduğumuz bir çox əsərdən fərqli olaraq hadisələr sadəcə bir məkanda cərəyan edir. New York'dan Buenos Aires'e səyahət edən gəmidə. Burada bir-birindən xəbərsiz iki şahmat dahisi səfərdə olur. Hər ikisi təsadüf və müəyyən qədər də məcburiyyət nəticəsində şahmatla tanış olmuş, bununla da həyatlarının dönüş nöqtəsini yaşamışlar. Onlardan biri Mirko Czentovic kimsəsiz qaldığı bir dövrdə onu himayəsinə götürən keşiş sayəsində şahmatla tanış olmuş və bütün çatışmazlıqlarını bu möhtəşəm oyunla örtmək şansı əldə etmişdir. “Mən susuram, oyunum danışsın.” prinsipi ilə qarşısına çıxan bütün rəqibləri məğlub edərək dünyaşöhrətli şahmat çempionuna çevrilmişdir. Digəri isə Gestapo tərəfindən psixoloji işgəncəyə məruz qalan köklü ailədən olan sabiq vəkil Dr B. sorğu-sual olunmaq üçün aparıldığı otaqda oğurladığı bir kitab sayəsində şahmatı həyatına daxil etmiş və yaşamını davam etdirmək üçün onu tək vasitə olaraq görmüşdür. Hər iki qəhrəmanımızın həyatında bu oyunun yeri əvəzsizdir. Mirko zəif təxəyyülü ilə oyunu görmədən təsəvvür edə bilmədiyi halda. Dr. B. hər gün məşq edərək daxilində yaratdığı Ağ Mən və Qara Məni sayəsində saysız-hesabsız oyun qurub oynayaraq hər gedişi təxmin etmək və nəticəni vaxt sərf etmədən müəyyənləşdirmək bacarığına yiyələnmişdir.
       Səfərdə bu iki şahmat dahisi üz-üzə gəlir və oyunun gedişinə ustalıqdan çox psixologiya hakim kəsilir. Mirko ilk oyunda məğlubiyyəti soyuqqanlılıqla qəbul edərək rəqibinin zəif cəhəti üzərində dayanaraq onun oyundan çəkilməsinə şərait yaradır.
       Yazarın şahmat haqqında bu qədər bilgi sahibi olmasından daha çox insanların duyğularını məharətlə əks etdirməsi məni heyran etdi. Bir insanın oyun oynayarkən, məğlub olarkən, qələbə qazanarkən, ünsiyyətdə olarkən, sevinərkən, qorxarkən hər anında keçirdiyi hissləri ancaq Stefan kimi psixologiyaya aşiq bir yazar belə ifadə edə bilərdi. Onun Freud və psixologiya sahəsində apardığı araşdırmalar bu əsərində özünü aydın büruzə vermişdir.
        Hər şeyi əlindən alınmış bir otağa məhkum edilmiş, informasiya vasitələri və ünsiyyətdən uzaq tutulmuş bir əsir. Onun hər anına hakim olan tükənmişlik hissi. Yeni bir üz görəndə, əqidəsinə tərs olduğu halda məcburiyyət qarşısında qalıb bir kitab oğurlayanda, bir səs eşidəndə bu insanın içində yaranan sevinc hissi bizimkindən xeyli fərqlənir. Heçliyin içində məhv olan bir həyat üçün şahmata aid bir kitabın həyatın bir budağından yapışmağa kömək edən gücü. Psixoloji işgəncənin fiziki işgəncədən nə qədər ağır olduğunu göstərən amillər. Tənhalıq duyğusunun hər keçən gün daha çox boğduğu insanın bu əzaba dözmək üçün yaratdığı yeni Məni. Və sonda bir xəstəxana otağında dəlilikdən son anda qurtulmuş bir insan…        
           Bütün bunları oxuduqca insan sanki hər anı özü yaşayırmış kimi hiss edir, sanki öz duyğularını qələmə alırmış kimi tanış cümlələr oxuyur. Bu bir yazarın gücüdür, dahiliyidir. Mənə ilk kitabından bu qədər təsir edən yazar bəlkə də olmamışdı. Ona görə də bu kitabı bitirən kimi Stefan Zweig imzalı daha bir kitabı oxumağa başladım. “Şahmat” sayəsində həm möhtəşəm bir əsərlə, həm də oxucusuna əvəzsiz duyğular yaşadan bir yazarla tanış oldum. Məndən 5 bal alan bu kitab hər kəsə oxumaq üçün tövsiyə edəcəyim əsərlərdən də biri oldu. 

05 April, 2019

Sergey Dovlatov – Əcnəbi Qadın

       İlin beşinci kitabını da bitirdim. Bu kitab bir müddət əvvəl yaradıcılığı ilə tanış olduğum Sergey Dovlatovdan “Əcnəbi Qadın” oldu. Sergey Dovlatovun yazı tərzini bəyəndiyim üçün ona yenidən müraciət etmək ehtiyacı duydum. Əsərlərində obrazlarına tənqidi yanaşan, satirik məqamlardan istifadə edən yazarlar hər zaman mənə daha cəlbedici gəlib. Sergey Dovlatov da onlardan biri kimi mütaliə zamanı mənə xoş dəqiqələr yaşadır. Çox təəssüf ki, bu müəllif ölkəmizdə layiq olduğu qədər məşhur deyil, sadəcə üç əsəri tərcümə olunaraq oxuculara təqdim olunub. Alatoran nəşriyyatından işıq üzü görən “Çamadan “ əsərini çox sevdim. İndi isə Qanun nəşriyyatından yayımlanan və elə həmin nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun öz tərcüməsi ilə buraxılan “Əcnəbi Qadın” əsəri barədə fikirlərimi bölüşəcəyəm. 
          Orijinalda adı “Иностранка” olan 1986-ci ildə işıq üzü görən əsər Azərbaycanda isə 2014-cü ildə tərcümə edilib nəşr olunmuşdur. Bu əsərin maraqlı bir cəhəti var. Kitabda bir cümlədə eyni hərflə başlayan 2 sözə rast gəlmək mümkün deyil. Tərcümə zamanı da bu xüsusiyyət gözlənilib. Əsər, həmçinin, müəllifin yaradıcılığının son dövrlərinin məhsuludur və burada da avtobioqrafik məqamlara rast gəlmək olur. Ümumilikdə, bu əsər sırf Sovet İttifaqını tənqid atəşinə tutmaq və Amerikadakı vəziyyətin mükəmməlliyini vurğulamaq üçün yazılmayıb. Yazıçı burada hər iki ölkədə yaşayışın mənfi və müsbət cəhətlərini gözlər önünə sərir, eyni zamanda ölkəsindən ayrı düşən mühacirlərin hər biri üçün Amerikada həyatın kənardan göründüyü kimi elə də asan olmadığını oxucularının nəzərinə çatdırır. 
         Əsərin əsas obrazları 1980-ci illərdə Amerikada məskunlaşmış rus və yəhudi emiqrantlardır. Sergey Dovlatov hər qəhrəmanının Rusiya və Amerikadakı həyatını müqayisəli şəkildə oxuculara çatdırıb. Onların timsalında öz yaşadıqlarını da gözlər önünə sərib. Baş qəhrəmanımız Kommunist partiyasına sadiq bir ailənin qızı olan Marusya Tataroviçdir. Onun Rusiyadakı qayğısız həyatı, qarşısında bütün qapıların açıq olduğu, valideynlərinin uğurlu kariyera yolu, iki uğursuz evliliyi, bir övladının olması və bir çox münasibətləri ilk mərhələdə öz əksini tapır. Sonradan “perspektivsiz” həyatı gələcək üçün qorxu yaradır Marusyada. O da o zamanlar dəbdə olan mühacirlərə qoşulub ölkəsini tərk edir. Bunu parlaq görmədiyi gələcəyi və həyatının iplərini öz əlinə almaq istəyi üçün reallaşdırır. Amerikada yaşamağa başlayan Marusya ilk əvvəl qohumlarının yanına sığınsa da, sonra iş axtarmaq, övladını saxlamaq cəhdi onu bir çox çətinliklərlə üzləşdirir. Bir müddət sonra latınamerikalı Rafaellə yaşadığı eşq macərası isə onun həyatını həm asanlaşdırır, həm də daha çətin mərhələyə gətirib çıxarır. Varlı ailəsi hesabına dolanan, baş qoşduğu hər işdə müvəffəqiyyətsizliyə düçar olan, gününü qadınlarla keçirən bu qəribə xarakterli kişi Marusyanın uğursuz seçimlərindən biri olur. Əslində Marusyanın “rahat” həyatı digər mühacirlərdə bəzən həsəd, bəzənsə qıcıq yaratsa da, bu qadının özü üçün isə artıq dözülməz hal alır. Hətta ölkəsinə geri qayıtmaq üçün bir sıra addımlar atmağa belə məcbur olur. Ancaq baş verən bir çox hadisələr, bir evi paylaşdığı Rafaelin duyğuları Marusyanın fikrinin dəyişməsinə səbəb olur. Sonda hər şeyi geridə qoyan Marusyanın buradakı həyatına alışmağa başlayıb Rafaellə ailə həyatı qurmasının şahidi oluruq. Müəllif də sonluqla mühacirlər üçün Rusiya səhifəsinin birdəfəlik bağlandığını bir daha dəqiqləşdirir oxucular üçün.
        Tərcümə olduqca soyuq təsir bağışlasa da, əsərə uyğunlaşmaqda çətinlik çəksəm də, orijinal əsərin yazılma stilinin gözlənilməsi mənim üçün təqdirəlayiq bir detal oldu. Ancaq bəzi məqamlarda bu prinsipin gözlənilməsinin tərcümənin keyfiyyətinə mənfi təsiri açıq-aydın görünürdü. Maraqlı müqayisələrə, satirik yanaşmalara, müsbət sonluğa baxmayaraq ilk oxuduğum “Çamadan” əsərini daha çox bəyəndiyimi etiraf etməliyəm. Beləcə, “Əcnəbi Qadın” məndən 2 bal alır. İl ərzində bu müəllifə bir daha müraciət etmək arzusu ilə…

30 January, 2019

Thomas Mann – Aldanmış

        İlin ikinci kitabı olaraq Thomas Mann imzalı “Aldanmış”ı seçdim. Maraqla oxuduğum və tez bir zamanda bitirdiyim kitablardan biri oldu. “Aldanmış” 2018-ci ildə Qanun Nəşriyyatının “miniKLASSİKA” başlığı ilə işıq üzü görmüşdür. Kitabda olan bütün səhvlər, redaktor və korrektorun adının qeyd olunmaması məndə  bu kitabın redaktə olunmadığına dair şübhə yaratdı. Düzünü desəm, bu şübhə Qanun nəşriyyatından oxuduğum əksər kitablara xasdır. )) Buna baxmayaraq, bu nəşriyyatın miniklassika seriyasını təqdir edirəm. Kiçik kitablarla hər növ oxucunu mütaliəyə təşviq edir Şahbaz Xuduoğlu. Əsas da kitabların həcmindən qorxub mütaliə fikrindən daşınan "oxucularımızı".
       Müəllif və kitaba gəldikdə bu Thomas Mann yaradıcılığı ilə ilk tanışlığım oldu. Alman ədəbiyyatının ən önəmli nümayəndələrindən olan, 1929 Nobel mükafatı laureatı, dünyaşöhrətli yazar bu kitabı ilə qəlbimə toxunmağı bacardı. Oxuduqca onun insan psixologiyasına necə dərindən bələd olmağı məni heyrətə düşürdü. Xüsusilə də, bir kişi yazıçı üçün qadın duyğu və düşüncələrinin bu qədər dəqiqliklə - bütün çılpaqlığı ilə əks etdirilməsi gözardı edilməyəcək bir istedaddır deyə düşünürəm.
        “Aldanmış” ilk dəfə 1954-cü ildə oxucu qarşısına çıxmış və dünyanın bir çox dillərinə tərcümə olunaraq yazarın şöhrətinə şöhrət qatmışdır. Thomas Mann yaradıcılığının son məhsullarından olan “Aldanmış” mövzu baxımından da onun əhval-ruhiyyəsinə uyğun gəlir. Əsərdə toxunduğu bir çox məqam kimi ölüm məsələsinə də xüsusi bir tərzdə yanaşan yazıçı sanki onu gözləyən qaçınılmaz son haqqında daxilində duyduğu hər şeyi sətirlərə töküb. Kitabda Birinci dünya müharibəsindən sonra yaranan müasir və qədim dövrün müqayisəsi geniş şəkildə öz əksini tapıb. Ancaq bunun fonunda təbiətə vurğunluq, incəsənət, din, sevgi, həyat, xəstəlik, ümid və sonda qədərlə barışma kimi bir çox məqama da toxunulub. Kitabda 4 əsas obraz ön plana çəkilsə də, kiçik obrazlarla da həmin dövrün cəmiyyəti gözlər önünə sərilir. Əsas qəhrəmanımız Rosalie ərini müharibədə itirmiş, iki övladına həyatını həsr etmiş bir qadındır. Yazıçı müharibə dövrünü, köhnəfikirli insanları bu obrazla tənqid edir. Rosalienin qızı Anna və oğlu Edwardın timsalında isə gənc nəslin nümayəndələri olaraq fikir fərqlilikləri öz əksini tapır. Anna fiziki qüsurlu və yaşadığı ilk uğursuz eşq təcrübəsinə görə özünü ətrafa qapamış rəsm çəkməklə həyatını keçirən dərin düşüncələrə malik gənc qızdır. Edward isə təhsilə önəm verən, gələcəyini Amerikada planlaşdıran bir yeniyetmədir. Sonuncu qəhrəmanımız isə hekayənin üzərində qurulduğu, ona can verən Ken Keatondur. Edwardın ingilis dili müəllimi olaraq ailəyə girən və Avropa sevgisi, tarix bilgisi, Amerika gerçəkliyinə olan münasibəti ilə qəlblərdə taxt quran bir gəncdir. Xüsusilə də Rosalie xanımın qəlbində. Bu 4 obraz vasitəsilə yazar o dövrün beyinlərinə nüfuz edib fikirləri, duyğuları, xarakterləri sərgiləsə də, onun əsas çatdırmaq istədiyi ideyaları ana-qız dialoqlarında öz əksini tapır. Oğlunun müəlliminə vurulan Rosalie cəmiyyətin tənqidindən çəkinsə də, bu sevgini utanc yox, mərhəmətli təbiətin ona bəxş etdiyi bit lütf sayır. Əvvəlvə özü ilə mübarizə aparsa da, sonra ona verilən bu şans üçün şükr edir. Bu sevginin gücü ilə yaşını unudub gəncləşdiyini zənn edən ana qızı ilə dialoqunda öz duyğularına bəraət qazandırır. Bu dialoqlarda Rosalie və Anna yaş və dövr baxımından sanki yerlərini dəyişmiş görünür. Qızı dönə-dönə anasına insanların onlar haqqında nələr danışacağını xatırlatsa da, bu münasibətin fəsadlarının həm ona, həm qardaşına necə təsir edəcəyini söyləsə də, Rosalie öz sevgisini, ona cavanlaşmağı üçün verilən bu duyğunu müdafiə edir, bu şansı qaçırarsa təbiətin bir daha belə mərhəmətli olmayacağını bildirir. Kendən də duyğularına qarşılıq alan Rosalie daha da cəsarətlənir. Ancaq heç də gedişat gözlədiyi kimi olmur. Allahın onu təkcə mənən deyil, həmçinin fiziki baxımdan da gəncləşdirdiyini düşünən qadın yaşadığı dəyişikliyin əslində isə xəstəliyin nəticəsi olduğunu anlayanda hər şey üçün artıq gec olur. Ancaq həyatda təbiəti – ağacları, güllərin ətirlərini, quşları, dənizi, günəşi dəli kimi sevən bu qadın təbiətin ona rəva bildiyi bu xəstəliyi də qəbul edir və taleyin acı sonu ilə barışır.

       Kitabın adının xüsusilə çox gözəl seçildiyini düşünürəm. “Aldanmış” onu oxumadan oxucunu mövzü ilə bağlı aldada bilir. Ancaq kitabı bitirdikdən sonra bu başlığın mövzunu tam əhatələdiyi məlum olur. Qanun nəşriyyatının seçdiyi üz qabığını da bəyəndim. Həm gəncləşən, həm də xəstəliyi, zəifliyi üzündən hiss olunan qadın Rosalieyə çox bənzəyir. Amma tərcümə ilə bağlı eyni şeyi deyə bilməyəcəyəm. Kitabın ilk səhifələrindən tərcümə və əsər mənə soyuq təsir bağışladı ancaq 50 səhifə sonra tərcümənin keyfiyyəti xeyli artır. Ümumilikdə isə kitab mövzusu, axıcılığı, maraqlı dialoqları və qadın psixilogiyasının dərinliyinə qədər təsviri ilə zövqümü oxşadı. Thomas Manndan oxuduğum ilk əsər məndən 4 bal alır. Növbəti miniklassikalarda görüşmək üzərə...

19 November, 2018

Roy Jacobsen – Görünməzlər

     Bu gün Norveçdə çox məşhur olan və tərcümə olunduğu digər dillərin oxucuları tərəfindən də çox bəyənilən kitab haqqında yazacağam. Kitabım Roy Jacobsenin 3 hissəli romanının ilk kitabı “Görünməzlər”dir.
     Roy Jacobsen Norveçin çox sevilən roman və qısa hekayələr yazarıdır. 1954-cü ildə Osloda doğulub və hal-hazırda bu şəhərdə də yaşayır. Həyatı boyu bir çox işlərdə çalışsa da, yazıçılıqda özünü tapıb deyə bilərəm. Ədəbiyyatdakı yerini aldığı bir çox mükafatlarla daha da möhkəmləndirən Roy Jacobsen bir çox dillərə tərcümə olunmuş və Norveç ədəbiyyatının dünyada daha çox tanınmasında xüsusi rol oynayan müəlliflərdən birinə çevrilmişdir.
      “Görünməzlər” (orijinal adı De Usynlige) Norveçdə çap olunduqdan 4 il sonra 2017-ci ildə Qanun nəşriyyatından işıq üzü görmüş və dilimizə Norveç dilindən birbaşa tərcümə olunmuşdur. Bu, mütaliə zamanı mənim üçün önəmli faktorlardan biridir. Oxuyarkən yalnızca bir tərcüməçinin ruhu qatılmış əsər orijinala daha çox sadiq qalır deyə düşünənlərdənəm. Digər dillərdən tərcümə zamanı tərcüməçi öz dəsti-xətti ilə yanaşı bu dillərə tərcümə edənlərin əsərə qatdığı bir çox duyğunu da istəmədən belə olsa əsərə daxil etmək məcburiyyətində qalır. Əsərlərin yazıldığı dili bilmədiyimiz halda birbaşa tərcüməyə müraciət etmək daha məqsədəuyğundur deyə düşünürəm. Bu sahədə də son illər norveç, isveç və danimarka dillərindən birbaşa tərcümələri ilə Anar Rəhimov köməyimizə çatır. Skandinav ədəbiyyatına marağı olan və eyni zamanda əsərləri birbaşa tərcümədən oxumaq istəyənlər üçün Anar Rəhimov imzalı tərcümələr xüsusi dəyərə malikdir.
       Əsərin təhlilinə gəldikdə ən önəmli məqamlardan başlasaq, ilk növbədə fərqli süjet xəttini vurğulamalıyam. Kitabda hər şey dümdüz davam edir. Bu, macəra sevən oxuculara sıxıcı gələ bilər. Ancaq hadisələr o qədər axıcı davam edir ki, heç macəra axtarmağa macal qalmır. Kitab 51 bölümdən ibarətdir. Hər bölümün öz süjeti, öz hadisələri əvəzləmə tərzi var. Bu da əsərdə daha nələrin ola biləcəyi haqda insanı düşünməyə vadar edir. Tam hər şey bitdi deyilən anda, yeni obrazlar peyda olur, yeni hadisələr cərəyan edir. Digər vacib məqamlar rahat başa düşülən yazı tərzi, detallı təsvirlərlə baş verən hər şeyin göz önündə asan canlandırılması, oxuyarkən oxucunu yormaması, yazıçının məharətinə bir növ sübutdur.
      Kiçik bir adada yaşanan çətin həyat tərzi, inadkar insanlar, amansız təbii hadisələr, hər şeydən, hər kəsdən uzaq yaşamağa çalışanlar, dünyanın mərkəzindən kənarda qalmış ada sakınləri – GÖRÜNMƏZLƏR... Qəhrəmanlarımız - həyata 1-0 geridə başlayanlar Barröy adasının sakinləridir. Əsərdə ətraf adalardan söz açılsa da, əsas hadisələr Barröydə cərəyan edir. Hans, atası Martin, bacısı Barbro, həyat yoldaşı Maria və kiçik qızları İngrid. Onlar görünməzlərdir... Onların səsi də duyulmur... O qədər qələbəyə yaxınlaşdıqları anda məğlub olub həyata yenidən başlayıblar ki, bütün hirslərini, bağırtılarını, üsyanlarını öz içlərində boğmağa alışıblar... Zatən görünməyən, heç varlıqlarından xəbər belə olmayan insanların səsi necə eşidilə bilər ki?! Kitabda Hadisələr 1913-1928-ci illər aralığını əhatə edir. Bu müddət ərzində bu 5 sakindən bəziləri həyata vida edir, bəzisi doğulur, bəziləri isə qonşu ərazilərdən gəlib adada yaşamağa məcbur olur. Onların əməyi və həyatı təbiətin gücü qarşısında aciz olsa da, inadkar sakinlər öz adalarını yaşanmalı yer etmək üçün əllərindən gələn hər şeyi edir, bununla da həyatda qalmaq uğrunda mübarizə aparırlar.
Onlar yaşamlarını balıqçılıqla, quru balıq, süd, yun ticarəti ilə sürdürən, qazandıqları məhdud büdcə ilə, həm təbii hadisələr nəticəsində dağıntılara məruz qalan adalarını bərpa etməyə səy göstərən, həm öz qida tədarüklərini, həm də saxladıqları heyvanların yemlərini təmin etməyə çalışan inadkar insanlardır. Burada kişi-qadın bərabərliyi var, zərif məxluq anlayışı öz hökmünü itirib. Qadınlar da kişilərlə bərabər qayıqla dənizə açılır, balıq tutur, tarlada çalışır, balıq qurudur, heyvanlara qulluq edib onları əmək üçün hazırlayır hətta kişilərdən əlavə balıq tutmaq üçün tor toxuyur, kiçik tikinti işləri ilə məşğul olur, evin və adanın qayğısına qalırlar. Bu adada kiçik yaşlı uşaqlar belə işdən kənarda qalmır. Onların da böyüklər kimi bu cür çətin, güc tələb edən işlərin öhdəsindən gəlməsi heyrət doğurur. Uşaqlıqlarını yaşamaq yoxsa sadəcə yaşamaq uğrunda mübarizə... Bax bu seçim haqqı belə onlara verilmir. Hər an fırtına, tufan, leysan, qar fırtınası, quraqlıq təhlükəsi ilə üzləşən qəhrəmanlarımızın bu kiçik dünyasında sadalanan bu işlərdən başqa heç nəyə yer yoxdur. Hər yeni gün onlar üçün həyatla mübarizənin başlanğıcıdır. Bütün bunların fonunda isə ailə üzlərinin bir süfrə arxasında oturub yemək yeməsi, qəhvə içib ətrafı seyr etməsi belə onlar üçün əvəzsizdir, xüsusi dəyərə malikdir. Ailə sevgisi, doğma yurda bağlılıq, əməyin təbliği, təbiət qarşısında inadla mövqe tutmaq, sevdiklərini itirənlərin həyata və bir-birlərinə dörd əllə sarılması bu kitabın əsasını təşkil edir. Aşağıda əsərdən ən bəyəndiyim sətirləri paylaşıram. Onları oxuyarkən bütün həyatı kiçik bir adadan ibarət olan qəhrəmanlarımızı daha yaxşı tanıyacaqsınız.
  • Bütün məsafələrin aldadıcı olduğu dənizdəki metafizik bir qüvvə kimi onun həyatında bəzi proseslər baş verirdi. 
  • Qadının üzünə bir az öncə dalğalar onların həyatına hökmranlıq edərkən yaranan gülüş yenidən qayıtdı. 
  • Bu yağış altında o, küləyin titrətdiyi dəniz yosunlarına bənzəyirdi. 
  • Həyat – onu yaşamağa dəyməyəcək qədər dəyərsizdir. 
  • Qoy ən güclü külək əssin, qoy ən dağıdıcı fırtına qopsun, qoy göy məhvərindən çıxıb yerlə birləşsin, yenə də onların doğma adalarına heç nə olan deyil. 
  • Yazanın xətti dəniz dalğaları kimi səliqəsiz, qalxıb-enən idi. 
  • Bu ona bənzəyirdi ki, insan bütün dünyanı özü üçün bir evə çevirir: səmanı tavana, göz işlədikcə görünən üfüqləri isə evin divarına. Bu evin adı isə dünya olur. 
  • Yüksəklikdən uçan quş qanadlarını açır və qalan hər bir işi külək onun əvəzində edir. 
  • İnsanın hansısa bir xəyal qurduğuna görə peşmançılıq hissi keçirməsi kimi sarsıdıcı bir şey ola bilməz. 
  • Malik olduğunu başa düşmədiyi qiymətli bir şeyin ondan ayrılması faktı ilə üzbəüz qalmışdı. 
  • Ətrafdakı heyvanlar və həşəratlar isə elə insanların özü kimi ölü bir səssizliyə bürünüb. Bu dəmdə eşidilən yalnız dumanın qəribə səsidir: fısıltı! Bu fısıltı balıqqulağının içindəki dənizin səsinə bənzəyir. 
     Sonda bütün oxuculara bu əsəri tövsiyə edirəm. Norveçi, onun təbiətini, ədəbiyyatını sevən, dünya yazarları ilə tanış olmaq istəyən hər kəsin bəyənəcəyi bu kitab məndən 5 bal alır. Siz də kiçik bir adaya səyahət edib bir müddətlik qəhrəmanlarımızın qonağı olmaq istəyirsinizsə, “Görünməzlər” sizin üçün əla seçimdir.

14 April, 2013

Hermann Hesse - Demian

Image result for hermann hesse demian azerbaycan  Hermann Hesse ilə ilk tanışlığım "Demian"la oldu. Bu kitabı sürünərək oxudum desəm yerinə düşər. Oxucuda maraq doğurmayan əsərlər hər zaman gec bitir. Nə olacağı, nə baş verəcəyi maraqlı gəlmədiyi üçün davam etməyə stimul olmur. Bu da mənim sadəcə bitirmək məqsədilə universitetdə, evdə tapdığım boş vaxtlarda oxuduğum bir kitab oldu.
      Bu əsəri bəyənməməyimdə avtobioqrafik xarakter daşımasından daha çox yazıçının düşüncələri, hadisələrə yanaşma tərzi mühüm rol oynadı. Oxuyarkən həyatda nə istədiyini bilməyən bir insanın uşaqlıq, gənclik xatirələri ilə qarşılaşırıq. Müəllifin həyat, sevgi, din, dünya ilə bağlı düşüncələrinin şahidi oluruq.
      Hermann Hessenin həyatını araşdırdığım zaman da onun müxtəlif sahələrdə işləməsi, ailəsinə münasibəti ilə həyatda dəqiq məqsədi olmayan, öz yolunu tapa bilməyən biri olduğu aydın oldu. Ağır həyat keçirən müəllif 15 yaşında valideynləri tərəfindən ruhi xəstəliklərin müalicəsi üçün yaradılan xəstəxanaya yatırılır. Xəstəxanadan çıxandan sonra həyatına davam edən Hesse ailə həyatı qursa, 3 oğul atası olsa da uğursuzluqlar onu rahat buraxmır. Oğlunun ölümü və həyat yoldaşının psixoloji xəstəliyinin təsiri nəticəsində depressiya mərhələsi keçirən yazıçı yaradıcılığa davam edir. Elə "Demian" da həmin dövrün məhsuludur. Bu avtobioqrafik əsər Hessenin daxili həyəcanlarını, təlatümlü dünyasını Emil Sinkler adlı bir oğlanın həyatı kimi qələmə almasını əhatə edir.
      Doğru deyilir, oxuduğunuz kitabı sevməsəniz belə ona sərf etdiyiniz zamanı vaxt itkisi hesab etməyin, çünki mütləq ondan bir şey qazanacaqsınız. Mənim də ümumi ideya diqqətimi cəlb etməsə belə bəzi fikirlərə maraqsız deyə bilmərəm. İki fərqli dünyanın müqayisəsi, bir şeyi ürəkdən istədiyin zaman onun reallaşması, yaradılan hər sənət əsərinin insanın daxili dünyasının təzahürü olması maraqlı nüanslar olsa da, insanı düşünməyə vadar etsə də, dinin səthi təsviri, "Abraksas" adlı Allah və şeytanı özündə birləşdirən bir varlığın mövcudluğu haqqında düşüncələr və bu varlığa uyğun olaraq edilən günahlara bəraət qazandırılması bəyənmədiyim fikirlərdən oldu.
      Kitab haqqında oxucuların ideyaları ilə tanış olduğum zaman bir çoxunun sevdiyi kitablar arasında yer aldığını gördüm "Demian"ın. Həqiqətən zövqlər müxtəlifdir. Deməli, bir çox insan özünə yaxın, düşüncə tərzinə uyğun nə isə tapa bilib bu kitabdan.
      Sonda kitabı bitirdiyimdə məndə yaranan fikir canlı süjet xəttinin olmaması, darıxdırıcı bir əsər, xatirələr toplusu təsiri bağışlamasından ibarət idi.
Bəyəndiyim fikirlərdən bəziləri:
  • ~ Hamının yaranışı eynidir, lakin hər birimiz sonsuzluğun sıçrayışı, cəhdi olaraq öz şəxsi məqsədimizə yönəlirik. Bir-birimizi anlaya bilərik, amma hər kəs özünü izah edə bilər. 
  • ~ İnsan həyatı onun özünə gedən yol, daha doğrusu, bu yola çıxmaq cəhdi, cığırıdır. Heç kəs sonadək və bütövlükdə özü ola bilməsə də, həmişə buna cəhd edib: kimisi kor-koranə, kimisi şüurla - bir sözlə, kim necə bacarıb. 
  • ~ Bizim gördüyümüz şeylər elə özümüzdə olanlardır. İçimizdə daşıdığımız reallıqdan özgəsi yoxdur. İnsanların çoxu ona görə qeyri-real şeylərlə yaşayırlar ki, xarici təsvirləri reallıq kimi qəbul edirlər, daxili dünyalarını isə qımıldanmağa belə qoymurlar.
"Demian" məndən sadəcə 2 bal ala bildi...

14.04.2013     /     4.59 a.m.