Showing posts with label klassik edebiyyat. Show all posts
Showing posts with label klassik edebiyyat. Show all posts

15 July, 2014

Mahmut Ekrem Recaizade – Araba Sevdası

    Mahmut Ekrem Recaizade imzalı “Araba Sevdası” türk ədəbiyyatında ilk realist roman nümunəsidir. Bu kitabı 2012-ci ilin qış tətilində oxumuşdum. İndi isə audio formatda dinləmək qismət oldu. Düzdür, ilk oxuduğum zaman bəyənməmişdim, sadəcə xatırlayıb fikir sahibi olmaq və haqqında yazmaq üçün dinlədim. Əslində sadə heyakəsində gizli məqamlar gizli olan bu kitab sadəcə mövzu cəhətdən o qədər bəsit görünür ki, hadisələrin bir-birini izləməsi o qədər zəif gedir ki, növbəti səhifədə nə olacağı maraq obyektinə çevrilmir.
    Türk klassik ədəbiyyatında böyük nüfuza malik olan bu əsər Mahmut Ekrem Recaizade tərəfindən 1898-ci ildə yazılıb. Müəllifin yaradıcılığında yeganə roman kimi yer alan “Araba Sevdası” Osmanlı dönəmində Qərb təsirinin gücləndiyi zaman mənimsənən yanlış xüsusiyyətləri tənqidi dillə oxucuya çatdırır. 

     Romanın baş qəhrəmanı Bihruz bəy öz dövrünün əksər gənclərinin prototipi olaraq canlandırılmışdır. Atasının vəfatından sonra sahib olduğu sərvəti heç düşünmədən xərcləyən, tək marağı sadəcə gözəl geyinmək, faytonu ilə insanların sıx toplaşdığı məkanlarda dolanıb diqqət cəlb etmək olan, çalışdıqca fransızca danışaraq öz üstünlüyünü isbat etməyə çalışan 23-24 yaşında olan Bihruz bəy hər an öz duyğu və düşüncələri ilə qarşımıza çıxır. Əsas hadisələr isə gözəl bir faytondan enəndə gördüyü sarışın bir xanıma vurulduğu an başlayır. Hər dəqiqəsini bu qızı düşünərək keçirən gənc oğlan xəyal dünyasında elə bir obraz yaradır ki, sonda özünün belə reallığa inanması çox çətin olur. Öz təbəqəsinə uyğun, savadlı, zərif, dünyagörüşü geniş olan bir xanım kimi düşündüyü Periveşın əslində ərindən boşandıqdan sonra sərbəst həyat tərzi sürməyə başlayan, əyləncəni çox sevən bir qadın olduğunu aydınlaşdıranda qurduğu xəyal dünyası başına yıxılır. Mükəmməl obrazını yaratdığı xanımın gülüş hədəfinə çevrilərək utancından məhv olur. Son səhifələrdə Bihruz bəyin mənasız bir bəhanə ilə Periveşın yanından uzaqlaşdığının və bu qadının yaddaşında “hərəkətlərinin fərqində olmayan bir dəli” kimi qaldığının şahidi oluruq.
    Mahmut Ekrem Recaizade “Bihruz bəy” obrazı ilə burjua gəncliyinin bir nümayəndisini yaratmışdır. Türk dilini bəyənməyən, öyrəndiyi azsaylı fransızca sözlərlə danışmağa çalışan, özündən fərqlənən insanlara aşağı təbəqə kimi baxan, heç bir işin ucundan tutmadan atasından qalan mirasla həyatına davam edən o dövrün gənc kütləsinin xarakterik xüsusiyyətləri baş qəhrəmanımızda cəmləşdirilib. Müəllif bu obrazı hədəf mərkəzi etməklə qərbə doğru yönəlib öz kökünü bəyənməyən insanları tənqid atəşinə tutur. Obrazını gülünc vəziyyətlərə salmaqla əslində öz dövrünün gülünc mənzərəsini usta qələmi ilə təsvir edir. Bütün bu xarakterik xüsusiyyətləri ilə “Araba Sevdası” ilk realist roman ünvanını qazanıb türk ədəbiyyatında.
    Əsərdə ağır gedən süjet xətti, digər obrazların məqsədli şəkildə arxa fonda təsviri, bütün diqqətin tək obraz üzərində toplanması, fransız dilindən bəzən anlaya bilməməyimə səbəb olacaq şəkildə geniş istifadə olunması mütaliə zamanı marağımın azalmasına səbəb olan amillərdən oldu. Səhifələr çevrildikcə eyni hadisənin təkrarlanması bir müddət sonra sadəcə bitirmək üçün oxuduğum kitablardan birinə çevirdi bu romanı. Bu səbəbdən kitabı ancaq türk klassikləri ilə maraqlananlara tövsiyə edə bilərəm. Mənim kimi həərəkətli süjet xətti sevənlər üçün uğrlu seçim deyil təəssüf ki. “Araba Sevdası” bu xüsusiyyətləri ilə sevgimi qazana bilməyərək məndən sadəcə 3 bal alır. Sonda sizin üçün seçdiyim sətirlər:
  • - Para pekiyi bir hizmetkârdır. Fakat pek fena bir efendidir.
  • - İnsanlara kendini sevdirmek için en müessir ve emin yol insanları samimi olarak sevmektir.
  • - Kendini gözet! Kadınlar çok, muzırdırlar. Onlar azap meleklerinin yeryüzünde ortaya çıkmış benzerleridir. Bizi cennet kapısından cehenneme atarlar.
  • - Bir amaya ‘karınız bir güldür’ demişler. O da ‘dikenlerinden öyle anlıyorum’ cevabını vermiş.
  • - Bazı filozoflara göre, aşk ve ilgi, sahibini gülünç duruma düşürür. Bence ise adeta şey eder… Çünkü aşk ve ilgi zevzeklikten başka bir şey değildir. Bir Türk yazarı der ki: “İnsan, eşek olduğu için mi aşık olur, yoksa aşık olduktan sonra mı eşekleşir.
  • - Bir adamın sevgilisini düşünmesi ya düşmanlıktan ya aşktan ileri gelir.
  • - Kâğıt sizin kıymetli fikirlerinizi saklamaya lâyık değildir.

15.07.2014 11:05 p.m

26 March, 2014

Victor Hugo – Notre Dame’in Kamburu

 Nəhayət ilin ilk kitabını bitirdim. Dünya klassiklərindən biri... Notre Dame de Paris...
      İlk olaraq kitabı oxuyarkən fərqli hisslər keçirdiyimi qeyd etməliyəm. Belə ki, əvvəlcə xəyal etdiyim kimi maraqlı başlamasa da, bir müddət sonra həvəslə oxuduğum bir əsərə çevrildi. Sonlara doğru isə hekayənin necə bitəcəyini öyrənməyə can atdığım üçün kitabı su kimi içdim desəm düzgün ifadə etmiş olaram yəqin ki. Həqiqətən bir çox özəlliyi ilə seçilən gözəl əsərdir "Notre Dame de Paris". Oxuduqca Victor Hugo ismini dünyada məşhurlaşdıran, bir çox dillərə tərcümə olunaraq "ən sevilən klassik əsərlər" səviyyəsinə yüksələn bu kitaba aşıq olmamaq mümkün deyil.
      Notre Dame’in Kamburu Victor Hugo’nun 1831-ci ildə yazdığı ən sevilən əsərlərindən biridir. Romanda Fransanın krallıq dövründəki vəziyyəti, insanlarının həyatları, yaşayışı ustaqlıqla təsvir olunur. Bütün bu ümumi məsələlər fonunda isə əlbəttə romantik yazarlara xas özəlliklə məhəbbət yüksək mərtəbəyə qaldırılır. Əsər qarşılıqlı sevgiyə rast gəlmədiyimiz, insanların sadəcə öz mənfəətləri, arzuları üçün yaşadıqları, sadəcə özlərini düşünərək addımladıqları bir dövrdə heç bir ümid gözləmədən, necə qarşılıqsız sevməyin mümkün olduğunu gözlərimiz qarşısına sərir. Romanda hər detalı ilə mükəmməl olan bir insanın daxilən necə boş və çirkin, qüsurlarla doğulan, hər kəsin qorxu ilə yanaşdığı birinin isə necə mükəmməl, saf qəlbə sahib biri ola biləcəyinin şahidi oluruq.
Kitab obrazlarla zəngin olsa da, bitirdiyim zaman oxuyarkən çox şey öyrəndiyim bir neçə obrazı daha yaxşı xatırlayırdım. Quasimodo – sevdiyinə verdiyi dəyərlə, onun
üçün bir an belə tərəddüd etmədən özünü təhlükəyə atması ilə, Claude Frollo – həyatda düzgün yol seçməsinə rəğmən hisslərinə məğlub olub uçuruma doğru sürüklənməsi ilə, Phoebus de Chateaupers – üstün cəhətlərinin fərqində olaraq özünü hər kəsdən fərqləndirməsi, istədiyi insanla oyuncaq kimi oynaması, arzularını digərlərinin duyğularından daha üstün görməsi ilə, Esmeralda – sevgisinə hər zaman sadiq qalması, ən çətin, ümidsiz anlarında belə həyatını xilas etmək üçün ondan üz döndərməməsi ilə, Pierre Gringore – şairlik qabiliyyəti haqqında yüksək fikirdə olsa da, öz mənfəətini hər şeydən əvvəl düşünsə də, kiçik şeylərdəki dərin gözəlliyi duymaq, gizli mənanı anlamaq bacarığı ilə əsla unutmayacağım qəhrəmanlardan oldular.
      Əsər detallı təsvirlərlə zəngin olsa da, oxucunu darıxdırmır, dialoqlar kimi şəhərin, məkanların, insanların təsvirləri də axıb gedir mütaliə zamanı. Kitabı sevməyimdə uğurlu tərcümənin rolunu da mütləq qeyd etməliyəm. Fransaya xas özəlliklərin türk dilində ən uyğun ifadələrlə verilməsi təqdirəlayiqdir. Tamamlanması 6 ay çəkmiş bu romanın niyə bu qədər sevildiyini, müəllifinin şöhrətinə şöhrət qatdığını asanlıqla anlamaq mümkündür oxuduqca. Axıcı dili, dərin anlamlar ifadə etməsi, oxuyucunu özəl bir sehrlə cəzb etməsi, unudulmaz qəhrəmanları, tarixin müəyyən dövründə fransızların yaşayış tərzi, həyatları, duyğu və düşüncələri haqqında geniş məlumat əhatə etməsi ilə "Notre Dame’in Kamburu" həqiqətən bir şahəsərdir. Müxtəlif dövrlərdə çəkilən filmlər, videolar, hazırlanan musiqili tamaşalar da bunu bir daha sübut edir.
                                                                         
      Victor Hugo’nun bu dünyaşöhrətli romanı oxuma müddətim uzun olsa belə həvəslə bitirdiyim və sevdiyim kitablar sırasında yerini aldı. Sonluğu gözlədiyim kimi olmasa da, yazıla biləcək ən təsirli nəticə ilə yenə məni valeh etməyi bacardı. Dünya klassiklərinə müraciət edən hər kəsin ilk sıralarda oxumağını məsləhət gördüyüm bu kitab asanlıqla 5 bal aldı məndən.

26.03.2014     /     00:48 a.m.