İlin dördüncü kitabı gənc yazarlardan olan Əziz Yaqubzadənin “Ona” kitabı oldu. Ad günümdə gələn hədiyyələrdən biri olan bu kitab həm adı, həm də üz qabığı ilə diqqətimi ilk andaca çəkdi. Hələ bir də “Kimə şeir yazılsa, onu dünyanın ən xoşbəxti hesab edərdi. Ona kitab yazılırdı, xəbəri yox idi...” cümləsini oxuduqdan sonra...Kitab 2016-cı ildə Bakumoz nəşriyyatında işıq üzü görüb. Yazar bu kitabda öz fikirlərini, duyğularını, müşahidə etdiklərini başlıqlar formasında oxuculara təqdim edir. Dilinin çox sadə və axıcı olması, aydın ifadə olunmuş düşüncələr, əsas da məzəli çalarlar qatılmış sətirlər çox xoşuma gəldi. Kitabı karandaşla oxumağı sevən biri olaraq bütün sətirlərin altından xətt çəkməmək üçün özümü güclə saxlamışdım. O qədər fikirlərimə tərcüman oldu ki, bəzi sətirlər... Oxuduqca səhifələr başlıqları, başlıqlar bölmələri izləyirdi. Əlimə aldığım zaman əqrəblərin necə sürətlə hərəkət etdiyini unudurdum sanki. Kitabı maşında bitirdim desəm yalan olmaz. Həm zövqümə xitab etdiyi, həm də yolda gedərkən oxumaq üçün rahat - bölmələr şəklində - olduğu üçün nə zaman başlayıb – bitirdiyimi xatırlamıram.

Nə yalan deyim bu tip kitabları sevdiyim və çox oxuduğum üçün kitaba başladığım ilk anda bir türk kitabının tərcüməsi ilə qarşı-qarşıya olduğumu sandım. Ancaq sonra yazarın özünə xas fikirləri ilə tanış olduqca bizdə də belə istedadların ədəbiyyata qədəm qoyması məni çox sevindirdi. Oxuyarkən qarışıq hisslər yarandı məndə. Beynimdə ən çox təkrarlanan sual yazarın bunları yazacaq qədər nə yaşadığı düşüncəsi oldu və ya bunları böyük bir eşq yaşamadan yazmaq olar mı? Çünki sətirlər təkcə bir qıza olan saf sevgidən bəhs etmir, bu sətirlər bəzən sevgiliyə nifrəti ifadə edir, bəzən peşmanlığı dilə gətirir, bəzən üsyan qoxuyur. Əziz Yaqubzadə kişilərlə qadınların elə gözəl təsvirini verib ki, bizlərə ən az öz həmcinsləri qədər yaxşı bələd olması heyran etdi məni. Həmçinin, qadınlarda olan bəzi nöqsanları dilə gətirdiyi kimi kişilərə xas bəzi səhv davranışların da izahını verir. Qısacası sırf sevgi kitabı deyil “Ona”, sevgi fonunda bir çox mövzuya toxunaraq oxuyucunu yormadan əyləndirir. Bəzi sətirləri təqdim edim sizə özünüz qərar verin:
- · Sən heç birinin gedişinə görə saatlarla ağlamaq istərkən yanaqlarında onun əllərinin izi silinməsin deyə göz yaşlarını içinə axıtdın mı?
- · Mən içində 8 milyard insanın həyat mübarizəsi apardığı bu dünyadan idim, o isə mənim dünyam idi.
- · İçində “sən” olan hər şeyi sevərdim. Amma “sən”sizlik ağır oldu, sevgilim.
- · Unudacaq qədər güclü idim. Ancaq unutmağa qıya bilməyəcək qədər çox sevmişdim.
- · Sevdiyiniz birindən “qadınım” sözünü eşitdiyiniz an onun əllərindən möhkəm yapışın və ona onun qadını olduğunuzu bir daha hiss etdirin.
- · Hər gözəl şeyin bir sonu var deyirlər. Biz çirkin qalaq, olarmı?
- · Üzünü görmək istəmədiyimi, sənə nifrət etdiyimi öz-özümə təkrarladığım sənsiz saatlarım var mənim. Bir də səsini eşitsəm, dünyanın ən xoşbəxti olacağım axmaq bir xasiyyətim var.
- · “ Kiçik bir gülüşümüzə belə layiq olmayan insanlar üçün günlərlə göz yaşı tökdük”, - deyə özlərini dəyərli sandılar.
- · Qorxmursanmı, yalnızlığa öyrəşsəm, səni unudaram?

No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.