Showing posts with label Danimarka edebiyyati. Show all posts
Showing posts with label Danimarka edebiyyati. Show all posts

11 June, 2020

İda Yessen - Doktor Baggenin Əhvalatı


         Bu il oxuma sürəti bir qədər zəif, kitab seçimi isə daha fərqli biri olduğumu hiss edirəm. İndiyədək müraciət etmədiyim yazarlar və mövzular əhatə edəcək blogumu deyə ön proqnoz verə bilərəm. Amma 2020-ci il üçün ilk kitab rəyim keçən ilin bu günlərində tanış olduğum İda Yessendən növbəti seçimim – “Doktor Baggenin Əhvalatı” kitabı haqqında olacaq. Bu kitab “Yeni Çağlar” kitabının davamı olaraq qələmə alınmışdır. Sadəcə ilk kitabda qadının duyğuları, yaşadıqları ön planda idisə, indi onun həyat yoldaşını daha yaxından tanımaq şansı əldə edirik.
         “Doktor Baggenin Əhvalatı” İda Yessen imzasını daşıyaraq 2017-ci ildə oxucuya Lilly və Viqand Bagge cütlüyünün həyatlarının davam hekayəsi kimi təqdim olunub. Azərbaycanda isə Anar Rəhimovun orijinaldan tərcüməsində sadəcə 1 il sonra 2018-ci ildə Alatoran nəşriyyatında işıq üzü görərək oxucuların ixtiyarına verilib. “Yeni Çağlar” kitabı Viqandın ölümü ilə başlayıb həyat yoldaşının ayaqda durmaq mübarizəsindən bəhs edirdisə, ikinci hissə bir qədər geriyə gedərək Vigandın daxili aləmini gözlərimiz qarşısında açır. Məndə oxuyarkən elə bir hiss yarandı ki, bəlkə bu ilk kitab olmalı imiş və ya bunu bitirdikdən sonra bir daha Lillynin gündəliyini nəzərdən keçirib orada həyat yoldaşı ilə bağlı qaranlıq qalan duyğularına bir cavab tapa bilim. Qeyd etməliyəm ki, ikinci hissə axıcılığı, duyğu ötürücülüyü, bədiiliyi ilə heç də “Yeni Çağlar”dan geri qalmır. İlk hissədən bizə quru, soyuqqanlı, arvadına qarşı laqeyd biri kimi xatırladığımız Viqandın burada fərqli keyfiyyətlərini aşkar edirik. 
        Hər şey Viqanda Danimarka Həkimlər Birliyindən gələn bir təkliflə başlayır. Ona həkimin bir günü barədə qeydlər yazmaq təklif edilir. Xarakterinə uyğun olaraq əvvəlcə tərəddüd etsə də, yazının onun üçün ancaq resept yazmaqdan ibarət olduğunu düşünsə də, sonra cızmaqara etməyə qərar verir. Beləliklə ikinci macəramız başlayır...
       20-ci əsrin ilk illərində Thyregodda bölgə həkimi kimi çalışan Vigandın həyat hekəyəsini özünə xas yığcamlıqla öyrənirik. Duyğularını göstərə bilməyən qəhrəmanımızın yazarkən də bu xüsusiyyətinə görə əzab çəkdiyini görürük. Atasına vurğun olan yeganə övlad onu erkən yaşlarında itirdikdə təbii olaraq onun hər şeyini mənimsəməyə, onun kimi olmağa, xatirəsini davam etdirməyə çalışır. Anası ilə münasibətindəki qəribə uçurum, atasını isə ideallaşdırması Viqandın bugünki kimi formalaşmasında mühüm rol oynayıb. Hər kəslə məsafəli olmaq, bütün fırtınalı və sakit duyğuları sadəcə öz daxilində yaşamaq, kənardan necə göründüyünə əhəmiyyət vermədən məntiqinin səsinə qulaq asmaq ona atasından qalan mirasdır. Uşaqlıq illərinin atasına heyranlıqla, gənclik illərinin isə daim oxuyaraq, sənətinə vurğunluqla keçdiyini görürük. Qəhrəmanımız ailədə, digər insanlarla münasibətdə necə soyuq görünürsə, xəstələrinə qarşı necə tolerant, həvəsli, yardımsevər olduğu sətirlər bir-birini əvəzlədikcə aydın sezilir. O dövr kiçik bir əyalətdəki xəstəxana şəraitindən, tüğyan edən yolucuxu xəstəliklərdən, illər ötdükçə elmə gətirilən yeniliklərdən, bir çox hallarda türkəçarə müalicə metodlarının həkim resptlərinə qalib gədiyinə inanılan bir cəmiyyətdən, insanların tabu sayılan mövzulara baxışından da ara-ara söz açan yazar Viqandın anlatması ilə oxucu üçün həmin dövr Danimarkasının kiçik bir mənzərəsini bədii təsvir edir.
      Bütün bunlar fonunda Viqand və Lillynin ailə daxili münaqişələrinin səbəbinin təkcə yaş fərqi ilə məhdudlaşmadığını da görürük, qapalı biri ilə yaşamağın hər şeyi paylaşmağı sevən bir qadın üçün necə çətin olduğu, böyük məsuliyyət kimi görünən uşaq məsələsinə illər sonra yenidən qayıdılarkən artıq gec olduğunun anlaşılması, iki fərqli xarakterin bir evi paylaşsa belə, fərqli dünyası, dünyagörüşü bu münaqişələr üçün qığılcım rolunu oynayan detallardır. Əslində dərinə getdikdə onlar arasında sevgi əskikliyindən söhbət gedə bilməz, sadəcə Viqandın sakit təbiəti, gündəlik qayğıları, özünəməxsus çətin xarakteri, həyatının başında kariyerasını ərinə fəda edən dolu-dolu yaşamağı sevən bir gənc müəlliminrəngarəng daxili aləmi ilə uzlaşmır. Amma yenə də son ana qədər qayğı, hörmət çərçivəsində davam etdirilən münasibət də bir alqışa layiqdir deyə düşünürəm. 
       “Doktor Baggenin Əhvalatı” öləcəyini bilən, getdikcə daha ağırlaşsa da, bunu arvadından son ana qədər gizlədib həyatını heç nə baş verməyəcəkmiş kimi yaşayan, həkimliyin mənasını tam anlamı ilə dolduran – son günlərini belə imkansız xəstələrə yardım edərək keçirən bir qəhrəmanın həyatından qeydləri ehtiva edir. Bəzən hirslənsək, bəzən haqq verməsək də, ən azından ilk kitabdakı qəzəbimizin bir qədər solduğu, anlamağa çalışdığımız güclü bir insan olan Viqandın həyatının son sətirləri... Bir həkimin gününü təsvir etmək məqsədilə başlayan yolculuq kitabın sonunda da qeyd edildiyi kimi məqsədini aşsa da, ancaq İda Yessenin oxucuya ötürmək istədiyi mesajı mükəmməl bir şəkildə daşıya bildiyini etiraf etməliyəm.
       “Yeni Çağlar” və “Doktor Baggenin Əhvalatı” İda Yessenin səmimi yazı tərzi ilə, Danimarka ədəbiyyatı ilə tanış olmaq istəyən hər kəsə məsləhət görə biləciyim iki kitab oldu.  Beləliklə kitabı – bir tarixi romanı, bir ailə hekayəsini, maraqlı iki həyatı qarışıq duyğularla bağlayıb rəfimə qoyarkən qadın olmasına baxmayaraq kişilərin də daxili aləmini detallarla oxucuya çatdırmağın öhdəsindən layiqincə gələn bir yazarla - İda Yessenlə tanış olduğum üçün sevinirəm.
“Doktor Baggenin Əhvalatı” maraqla oxuduğum kitablardan biri kimi məndən 4 bal aldı. 

07 May, 2019

İda Yessen – Yeni Çağlar

      İlin yeddinci kitabı da bitdi... Bu dəfəki mütaliə səfərim bir qədər uzağa – Skandinaviya yarımadasına – Danimarka sərhədlərinə doğru uzanır. Müasir Danimarka ədəbiyyatında özünəməxsus yer tutan, hal-hazırda da yaradıcılıqla məşğul olan yazarlardan biri İda Yessen “Yeni Çağlar” kitabı ilə siyahıma daha bir maraqlı əsərin əlavə olunmasına şərait yaratdı. Son zamanlar Alatoran nəşrlərinə üstünlük verdiyimi artıq bilirsiniz. Bu dəfə də ənənəni pozmadım. Anar Rəhimovun orijinaldan tərcüməsində 2018-ci ildə işıq üzü görən bu tarixi roman öz ölkəsində nəşr olunduqdan 3 il sonra oxucularımıza təqdim olunub. Alatoran nəşriyyatında bir-birinin ardınca çapdan çıxan maraqlı kitablar Skandinaviya ölkələrinin ədəbiyyatı ilə maraqlanan hər kəs üçün əvəzsiz hədiyyədir. Eyni zamanda bu addım həmin ölkələrin dillərini bilməyən kitabqurdları üçün də yeni çıxan nəşrləri əlçatan edir.

         İda Yessen 1989-cu ildən yaradıcılıq fəaliyyətinə başlasa da onu dünyaya daha çox tanıdan, sevdirən “Yeni Çağlar” (En ny tid) və “Doktor Baqqenin əhvalatı” (Doktor Bagges anagrammer) başlıqları ilə çap olunan ikihissəli tarixi romanıdır. İlk olaraq 2015-ci ildə oxucuya təqdim olunan “Yeni Çağlar” romanı haqqında fikirlərimi paylaşım.
       Qısa müddətə oxuyub bitirdiyim bu əsər bəzi səhifələrdə darıxmağıma səbəb olsa da, ümumilikdə sevdiyim romanlar arasında öz yerini aldı. Kitab baş qəhrəmanımız Lilly Baggenin gündəliyi şəklində yazılıb. Bir gənc qızın ailəsindən uzağa müəllim kimi kariyerasına başladığı bölgəyə - Thyregoda səfəri ilə 1904-cü ildən başlayan xatirələri müxtəlif fasilələrlə 1932-ci ilədək davam edir. Yeni həyata başlayan, yeni bir əraziyə, yeni bir evə köçən Lilly kim bilə bilərdi ki, böyük ümidlərlə gəldiyi Thyregodda həm həyatının ən özəl, həm də ən ağrılı günlərini yaşayacaq. Yaşadıqlarını ağappaq səhifələrə köçürmək istəyən qəhrəmanımızın gündəlik yazmağa başlasa belə elə ilk səhifələrdən  uzun müddət ara verdiyinin şahidi oluruq. O ana qədər ki, təmizlik işləri apararkən illər sonra evin bir kənarında unudulmuş halda gündəliyini tapır. Yenidən yazmağa başlayan Lilly qəlb yoldaşı olmuş bu dəftərlə hər şeyini paylaşır. İndi daha açıq, daha təcrübəli, özündə dərin duyğular ehtiva edən sətirlər çıxır qarşımıza. Artıq ölüm döşəyində olan həyat yoldaşını hər gün xəstəxanada ziyarət edən Lilly qarışıq duyğular içərisində davam edir həyata. Onun qarşısında iki variant var: Ya Viqanddan sonra boşluğun içində qeyb olacaq, ya da həyatın bir qolundan yapışıb yaşamağa davam edib hər şeyi geridə qoyacaq. Yazıları ilə iç dünyasına səyahət etdiyimiz bu qadın ərinin ölümü ilə əvvəlcə tərəddüdlər içində boğulur. Öz ayaqları üzərində durmağı bacardığı halda bütün həyatını aralarında dərin sevgidən çox bağlılıq olan həyat yoldaşına təslim etdiyini anlayır tənha qaldığı bu günlərdə. Yeni evə köçmək ərəfəsində olan Lilly əşyalarını toplayarkən, keçmişini, ailəsini, universitet illərini, dostlarını, işə qəbul edilmə xatirələrini bir-bir yada salır. Həyat yoldaşının əşyaları arasında ondan bir iz, bir sevgi nişanəsi axtararkən artıq onsuz bir həyata məhkum olunduğunu anlayır. Bu kitab bir qadının gündəliyindən daha çox yenidən həyata tutunma hekayəsidir desək daha doğru olar. Hər anına şahid olduğumuz qəhrəmanımızı bəzən qınayır, bəzən dəstəkləyir, bəzənsə halına acıyırıq. Ancaq əminəm ki, heç birimiz özümüzü onun yerində təsəvvür etmirik. İndi onu yenə yeni bir ev, yeni bir həyat gözləyir, bu dəfə də tək öhdəsindən gəlməlidir hər şeyin, ancaq daha əvvəlki kimi nə gənc, nə də güclüdür. Bu dəfə yeni həyata başlamaq əvvəlkindən daha çətin olacaq.
         Əsəri oxuduqca Lilly və Vigand kimi iki fərqli xarakterin necə illərlə evli olduğu mənə qəribə gəldi. Bir tərəfdə işinə aşiq, danışmağı xoşlamayan, hökmlü, ənənələrdən uzaq, mərhəmət hissindən məhrum, məntiqinin gücünə önəm verən Viqand, digər tərəfdə həyata yeni atılan, gənc, duyğusal, romantik bir müəllim Lilly. Bu münasibətdə istər-istəməz qadın bu dominant xarakter altında əzilməyə məhkum idi. Bunun fərqinə isə illər sonra həyatda özünü tapmağa çalışarkən varır Lilly. İndi yaşadıqlarını keçmişi ilə müqayisə edərək hər şeyi götür-qoy edir, beləcə nə istədiyinə, qalan həyatına necə davam etməli olduğuna qərar verə bilir. Əsərin əvvəlində tənha qadın kimi halına üzüldüyümüz Lilly, illər keçdikcə artıq tənha yox azad qadın kimi qarşımıza çıxır. Bütün zəncirlərini qıraraq o, tənhalıqdan azadlığa gedən yolu özü qət edir. Bu yolda onun qarşısına yeni insanlar, yeni təkliflər, yeni şanslar da çıxır. Qəhrəmanımız isə tələsik qərar vermədən, ətrafı yox özünü düşünərək, həyatın selinə qapılmadan yoluna davam edir. Sonda kitabxana açaraq həm insanlara xidmət göstərən, həm də yaşadığı bölgənin daha müasir, daha məlumatlı olmasına çalışan bu qadın həyat qarşısında dimdik duruşu ilə çıxır qarşımıza. Və gündəliyin son xatirələrini oxuduqca isə keçmişinin onun üçün yeni həyatına da bir təkan olduğunun şahidi oluruq. Pozitiv notlarla bitirdiyim bu əsər həm Danimarka ədəbiyyatı, həm də İda Yessen qələmi ilə ilk tanışlıq oldu mənim üçün. Lilly həyatın zalımlığı qarşısında əzilmədən vuruşan mübariz bir qadın obrazı kimi yaddaşıma həkk olundu. “Yeni Çağlar” isə güclü bir qadının həyat mübarizəsini onun öz dilindən oxumaq istəyənlərə tövsiyə edəcəyim bir kitaba çevrildi.
         Əsər gündəlik şəklində oxucunu özünə cəlb edərək davam edərkən müəllif araya əsərlə bilvasitə əlaqəsi olan bəzi kənar əhvalatlar yerləşdirərək sanki bunun bir gündəlik olmadığını xatırladır. Bu əhvalatlar mənə qəribə görünsə də, əsərin ümumi məzmununa xələl gətirib onun sehrini poza bilmədi mənə görə. Son səhifənin xəyalını quraraq oxuyub bitirdim bu həyat mübarizəsini. Lilly Baggenin duyğuları, yaşadıqları, həyatını kağıza həkk etməsi – hər şeylə “Yeni Çağlar” vaxtımı dəyərli keçirməyimə yardımcı oldu və məndən 4 bal aldı. Növbədə isə romanın ikinci hissəsi məni gözləyir.