Showing posts with label Albert Camus. Show all posts
Showing posts with label Albert Camus. Show all posts

16 April, 2020

Albert Camus – Yabancı

         Bu il dinlədiyim audio kitablardan biri də Albert Camus imzalı “Yabancı” oldu. Əslində bu kitabla tanışlığım 2015-ci ilin noyabrına təsadüf edir. Ancaq o zaman layiq olduğu dəyəri vermədiyimi düşünərək bu il bir daha mütaliə etmək qərarına gəldim. Təəssüratım isə tam fərqli oldu. Hər zaman müdafiə etdiyim fikir – hər kitabı müəyyən yaş dövründə oxumaq daha gözəldir – bu dəfə də özünü doğrultdu. 4 il öncə oxuduğum zaman yorğun ruh halım bu kitabın baş qəhrəmanının laqeydliyi ilə daha da pozulmuşdu. Sadəcə oxumuş olmaq üçün bitirmişdim, kitaba “yabancı” qalaraq.
         Albert Camusdan oxuduğum sayca ikinci kitabdır “Yabancı”. “Yaz” kitabındakı təbiət təsvirləri, xatirələr, bənzətmələr, fəlsəfi düşüncələrlə yazar haqqında müəyyən fikirlər formalaşmış olsa da artıq məndə, bu kitabla qarşımda yeni bir Albert Camus gördüm. Daha nə istədiyini bilən, obrazı ilə cəmiyyətə üsyan edən, psixologiya dənizində professionalca üzən bir yazar...
         Albert Camus ona dünya şöhrəti gətirən bu əsəri 1942-ci ildə tamamlayıb. Yazıçı özünü heç bir cərəyanın nümayəndəsi kimi görməsə də, burada ekzistensializm, absurdizm, nihilizmin izləri sezilir. Heç bir cərəyanı tam anlamı ilə təbliğ etmir əsərlərində. Ancaq ona görə həyat yaşamağa dəyməyəcək qədər mənasızdır. Nə etsək də ölüm bizi haqlayacaq, buna görə də neçə yaşda ölməyin heç bir fərqi yoxdur. Ancaq mənasız bir şeyi – həyatı mənalı yaşamaqda da heç bir zərər görmür. Bu fikri ilə də onun fəlsəfi aylayışı pessimistlikdən uzaqlaşır.
  “Yabancı”da baş qəhrəmanımız Meursault hər şeyə laqeyd şəkildə ömrünü sürdürən bir insandır. Nə çalışdığı işdə irəliləmək üçün bir məqsədi var, nə də ailə həyatı quraraq gələcəyi üçün bir addım atmağa... Anasının nə zaman dünyadan köçməsi belə onun üçün əhəmiyyət daşımır. Həyata mənasız baxan bu insan anası üçün ölümün bəlkə də bu mənasızlıqdan qurtulmaq üçün çıxış yolu olduğunu düşünür. İmkanı olmadığı üçün anasını qocalar evinə qoymağına belə haqq qazandıran Meursault bunu onunla daha çox maraqlanan insanların olması üçün etsə də, bu addımının onun əleyhinə çevriləcəyini heç ağlına belə gətirmir. Kitab ilk cümlədən qəhrəmanımızın anası ilə münasibətini ortaya qoyaraq oxucunu sarsıdır. Oxuduqca isə “Bu qədər mi laqeydlik bir insanın ruhuna hakim kəsilər?!” deyə düşünürsən. Onun üçün həyat anı yaşamaq belə deyil sadəcə yaşamaqdır. Nə keçmiş üzərində baş sındırır, nə gələcəyini düşünür. Sadəcə nə isə etmək üçün atır bütün addımlarını. İstər yemək yediyi kafedə insanlarla, istər müdiri ilə, istər onu sevən qadınla, istərsə də qonşuları ilə münasibətdə onun reaksiyasız davranışları bəzən qıcıq oyatsa da, sonda nəticəsini düşünmədən etdiyi bir hərəkət ucbatından özünü məhkəmə zalında tapdığı andan etibarən bütün bu reaksiyasız davranışların yazarın sonluq üçün qurduğu pillələr olduğunu anlayırsan. İnsanın dərin yaralar aldıqdan sonra artıq heç nəyin onu incidə bilməyəcəyi an hiss etdiyi boşluq hissi deyə bir şey var, bizim qəhrəmanımız da sanki o boşluqda yaşayır. Oxuduqca çətin həyat sürmüş yazarın özündən bir çox şey qatdığını düşündüm Meursaulta. Mənasız bir cəmiyyətdə yaşayan və hər şeyi öz mənasızlığı ilə tənha buraxan Meursaultun ən gözəl düşüncələrinə onun barmaqlıqlar arxasında ölümünü günbəgün saatbasaat gözlədiyi o anlarda şahid oluruq:
       “Bir gününü dışarıda geçirmiş kimse hiç sıkılmadan yüz sene hapiste yata bilir.” Tək bir cümlə ilə Camus kitabın dərin anlamını ifadə edir. Meursault azadlıqda laqeyd yaşadığı bir günün dəyərini ölümü gözlədiyi zaman anlayır.
       "Bu cinayet karşısında duyduğu dehşet şu sanığın duygusuzluğu karşısında duyduğu dehşetden neredeyse daha azdı." Bu cümlə isə yazarın minlərlə cinayət hadisəsi ilə tanış olan hakim üçün laqeydliyin, insanın öz taleyinə boyun eyib, gələcəyi uğrunda mübarizə aparmamasının yaratdığı təəccübün ifadə şəklidir.
      Melanxolik notlarla bitən əsər "həyatın mənasızlığına edilən səssiz üsyan"ı ilə Albert Camusu dünyada çox oxunan və sevilən yazıçılardan biri edib. "Yabancı"mənim üçün də dəyərli əsərlər sırasında yerini aldı. Bəlkə də asanlıqla 5 bal verdiyim bu əsəri illər sonra təkrarən oxuduqda daha fərqli məqamlar aşkar edəcəyəm özüm üçün...

26 July, 2014

Albert Camus – Yaz

         Tətildə oxuduğum ilk kitab Albert Camus imzalı “Yaz” oldu. Üz qabığında “deneme” yazılmasından aydın olur ki, “Yaz”  Albert Camus yaradıcılığına giriş üçün, onun düşüncələri ilə tanışlıq üçün uğurlu addım sayıla bilər. XX əsr dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri sayılan Albert Camus daha çox “Yabancı” əsəri ilə tanınsa da, “Yaz” da daxil olmaqla bir sıra kitabları ilə öz sözünü deməyi bacarıb.
Bu kitab həvəslə, əlimdən qoymadan oxuduğum əsərlər arasında olmasa belə, yenə də bəzi maraqlı fikirlərlə yaddaşıma həkk olundu. “Yaz” müəllifin məşhur kitablarından sonra işıq üzü görsə də, burada uzun müddət əvvələ aid yazılarına rast gəlirik. Gəncliyinin məhsulu olaraq burada Albert Camus yaşadığı, gördüyü yerləri təsvir edir və fəlsəfi fikirlər ortaya qoyur. Şahəsəri sayılmasa da, müəllifin yaradıcılığının mühüm hissəsini özündə cəmləşdirərək onun kitabları arasında özünəməxsus yer tutur "Yaz".
         Kitabda A. Camus’un həyatla bağlı bir çox məsələlərə toxunmaqla öz fikirlərini ifadə etdiyini, bəzi problemlər üçün həll yolu axtardığını aydın görürük. Amma bununla yanaşı yaşadığı yerləri elə dəqiq detallarla təsvir edir ki, bununla da təbiət vurğunu olduğu anlaşılır. Doğulduğu Cəzayiri, tarixini, insanlarını oxucularına anladıb sonradan getdiyi yerlərlə müqayisə edərək gənclik illərinin, uşaqlığının keçdiyi bu ölkənin saf, təmiz ruhunu gözlər önünə sərir. Yazar təsvirlərlə Cəzayirdən yunan təbiətinə, Avropaya qədər uzanır. Hər ölkənin özünəməxsusluğunu dəstixəttinə uyğun məntiqlə izah edərək açmağa çalışır. “Yaz”ın digər bir özəlliyi isə müəllifin öz həyatından, uşaqlıq, gənclik xatirələrindən bəhs etdiyi, düşüncələrinə, müqayisələrinə, təhlillərinə daha çox yer verdiyi ədəbiyyat nümunəsi olmasıdır.

         Sonda isə kitabdan sizin üçün seçdiklərim:
  • · Dünyayı anlamak için bazı bazı ona sırtımızı dönmemiz gerekir; insanlara daha iyi yardım edebilmek için bir an onları kendimizden uzak tutmamız gerekir.
  • · Çöl de bir anlam kazandı, fazlasıyla şiir yüklediler çöle. Dünyanın tüm acıları için benzeri bulunmaz bir yer. Oysa, bazı bazı, yürek kesinlikle şiirsiz yerler ister.
  • · Söylenlerin kendi başlarına yaşamı yoktur. Kendilerini cisimleştirmemizi beklerler. Dünyada tek bir insan çağrılarına yanıt vermeyegörsün, el değmemiş özsularını sunarlar.
  • · Tarih ne kendinden önce var olan doğal evreni açıklar ne de kendi üstünde olan güzelliği.
  • · Belleğimde bunca güneş varken nasıl oldu da zarımı anlamsızlıktan yana kullana bildim?
  • · Bir yazar büyük ölçüde okunmak için yazar (tersini söyleyenlere hayran olalım ama inanmayalım) :) 
  • · Umutsuzluk sessizdir. Gözler konuşacak olursa sessizlik bile anlam saklar.
  • · Kimi sabahlar, bir sokağın dönemecinde, yüreğin üstüne çok hoş bir çiy düşer, sonra buharlaşıverir. Amma serinliği kalır ve yürek hep onu ister.
        Yazıçının daxili dünyası haqqında müəyyən fikir sahibi olsam da, “Yaz”a sadəcə 3 bal verə bilirəm mənə dərindən təsir edən kitablar səviyyəsinə yüksələ bilmədiyi üçün.

26.07.2014 / 06:17 p.m.