Showing posts with label Anar Rahimov. Show all posts
Showing posts with label Anar Rahimov. Show all posts

16 February, 2025

Anar Rəhimovun belçikalı yazıçı və jurnalist Qaea Şuttersə müsahibəsi

Qaea Şuters:

15/02/2025 — Əsərlərimin bir çox dillərə tərcümə olunduğunu qeyd etmək üçün (həmçinin növbəti illərdə) bütün tərcüməçilərimdən müsahibə götürmək qərarına gəldim. Çünki onların gördüyü iş çox vaxt az tanıdılır və onlar adətən görünməz olurlar, halbuki xaricdə çıxan istənilən kitab yalnız tərcüməçisi qədər yaxşıdır. Onların sənətkarlığı, inadkarlığı, dil duyğusu, yaradıcılığı və dəqiqliyi kitabın öz ruhunu saxlamasını, ritmin düzgün olmasını, nəsrin oxunmasını, mənanın yerindən tərpənməməsini, mətnin yeknəsək olmamasını təmin edir. Bəxtiniz gətirsə, ən yaxşı halda kitabınız əvvəlkindən də yaxşı olacaq. Mən bəzən özüm də tərcümə etdiyim üçün hər şeyi yaxşı bilirəm: bu, bir müqəddəsin səbrini tələb edən (çox vaxt az maaşlı) bir peşədir, çox vaxt son dərəcə çətin və bəzən sinirləri darmadağın edən olur, lakin tərcümə həm də böyük məmnunluq verə bilər. Və bu peşə və peşənin daşıyıcıları daha çox diqqətə layiqdir.

Budur, tərcüməçiyə hörmət: 12-ci epizodda: Dünyanın müxtəlif ölkələrindən 11 tərcüməçini sizə tanıtdıqdan sonra Azərbaycana, paytaxt Bakıya səfər edib sizi ədəbi tərcüməçi, müəllim, 6 dildən tərcümə edən Anar Rəhimovla baş-başa buraxıram.



“Trophy”ni Azərbaycan dilinə tərcümə edən Anar Rəhimov.

Kitab bu payızda “Alatoran” tərəfindən nəşr olunacaq!





1. Anar, salam. Ədəbi tərcüməçi kimi işləməyə necə başlamısınız?

- Salam Qaea, mən atamın da, anamın da ədəbiyyat və dil müəllimi olduğu bir ailədə böyümüşəm. Əvvəlcə Azərbaycan Dillər Universitetinin filologiya, İngilis ədəbiyyatı fakültəsini, daha sonra Oslo Universitetinin Skandinaviyaşünaslıq fakültəsini (əsas istiqamət - dillər və ədəbiyyatlar üzrə olmaqla) bitirmişəm. Deməliyəm ki, həmişə ədəbiyyatın içində olmuşam. İlk tərcümələrimi rus və ingilis dillərindən etmişəm, lakin onlar heç vaxt çap olunmayıb. Hələ tələbə ikən sadəcə özüm üçün edirdim onları. İlk bədii tərcümə təcrübəm görkəmli norveçli yazıçı Dag Solstadın “Həya və dəyər” əsəri oldu. Osloda universitet illərində ədəbiyyat müəllimimiz Erik hamımıza onu sevdirdi, elə alındı ki, artıq tələbəlik illərimdən məndə bu yazıçıya pərəstiş yarandı. Odur ki, mən bu möhtəşəm əsəri oxucularımıza çatdırmaq arzusuna düşdüm. 2016-cı ildə biz Oslo Universitetində Norveç müəllimi kimi seminarlarda idik və təşkilatçılar bizi başqa elm mərkəzləri ilə bərabər NORLA (Xaricdə Norveç Ədəbiyyatına dəstək) ofislərinə baş çəkməyə apardılar. Orada Toril və Dina adlı iki gözəl, işinə vurğun qadınla tanış oldum. Onların dəstəyi və NORLA-nın proqramının böyük motivasiyası ilə peşəkar səviyyədə bədii tərcümə ilə məşğul olmağa qərar verdim. O gündən deyə bilərəm ki, bədii tərcümə həyatımın ayrılmaz hissəsinə çevrildi.



2. Əsərlərini tərcümə etdiyiniz müəlliflərlə sıx əməkdaşlıq edirsiniz, ya yox? Edirsinizsə, niyə? Sizcə bunun nə kimi üstünlükləri vardır?

- Hmm… Necə deyim? Bəzən birlikdə işləyirəm, bəzən yox. Birgə işləməyi daha çox istərdim, amma bəzi müəlliflər var ki, sorğularıma cavab vermir və ya çox gec cavab verir. Amma eyni zamanda işləyərkən bu və ya digər sözü, ifadəni aydınlaşdırmağa çalışırsan; bu proses mətnlərin keyfiyyətinin yüksəlməsi baxımından yalnız müsbətdir. Misal üçün nəzərə alsaq ki, mən əsərləri Skandinaviya dillərindən, Belçika, Hollandiya dillərindən Azərbaycan dilinə tərcümə edirəm, həqiqətən də semantika, sintaksis və ya sosial-məişət ifadələri baxımından çətinliklər var. Bütün bunları yalnız müəlliflə məsləhətləşmə ilə keyfiyyətli tərcümə etmək olar.
Üstünlüyü ondan ibarətdir ki, siz daha çox məlumatı birinci əldən əldə edə biləsiniz, lakin çatışmazlığı da odur ki, bu zaman müəllifin göstərişləri, şərhləri, məsləhətləri sizin öz azadlığınızı, tərcüməçi kimi yaradıcılığınızı məhdudlaşdıra bilər.


3. Anar, mənim üçün tərcümə kitabı daxildən oxumaq hissidir, bu zaman sən müəllifin beyninin içini görürsən və bununla da mətnə ​​analitik baxmağa çalışırsan. Kitabı tərcümə edə-edə, yenə də ondan həzz ala bilərsinizmi? Tərcümə oxumaq tərzinizi, vərdişinizi dəyişirmi?

- Son vaxtlar bu haqda çox düşünürəm. Kitabın tərcüməsi oxuma tərzinizi mütləq dəyişə bilər. Mən tərcümə edərkən daha çox dilin nüanslarına, cümlə quruluşuna və sözlərin arxasında duran mədəni, sosial kontekstə diqqət yetirirəm. Düzdür, bu, mətnin daha dərindən başa düşülməsinə səbəb ola bilər, lakin bu həm də bütövlükdə hekayədən həzz almağı çətinləşdirə bilər, çünki əsas diqqətinizi tərcümənin mexanikasına, taktikasına yönəldirsiniz. Belə deyim də, kitabı tərcümə etmək, ən azından mənim üçün heç də rahat oxu prosesi deyil. Bu daha çox zövq aldığım bir işdir, amma oxu prosesi deyil. Düşünürəm ki, tərcümə edərkən adam daha çox struktura, çətinliklərə, aktuallığa diqqət yetirir, nəinki adi oxucu kimi mətndən həzz almağa çalışır.


4. Adətən hansı janrda kitabları tərcümə edirsiniz? Hansı müəllifləri tərcümə etməyi daha çox xoşlayırsınız? Bəs mənim kitabım haqqında nə deyə bilərsiniz?


- Əslində mən hər janrda kitabları tərcümə edirəm və deyə bilərəm ki, onlardan eyni dərəcədə zövq alıram. Mən tərcüməçi kimi bir şeyi qeyd edim, bilirsiniz ki, bizim hər dəfə tərcümə etmək üçün kitab seçmək azadlığımız yoxdur. Onları bizim üçün seçmək daha çox nəşriyyatlardan asılıdır. Amma seçim şansım olsa, insan təbiəti, insan psixologiyası, onun seçimləri ilə - qısaca deyim - real insanlar haqqında - gündəlik həyatımda hiss etdiyim, toxunduğum, görə biləcəyim kitablara üstünlük verirəm. Məsələn, İkinci Dünya Müharibəsi haqqında kitabları tərcümə etmək məni sarsıdır və mən o hekayələri daha çox bəyəndiyimi hiss edirəm. Nəhayət, mən daha çox avtofikşn deyilən avtobioqrafik əsərlərdən zövq alıram. Kitabınıza gəldikdə deməliyəm ki, mövzu mənim üçün yeni olsa da diqqətimi çəkmişdi. Mənim üçün ilk bir neçə fəsil mətnə ​​münasibətimin necə olacağı anlamında tamamilə mühüm əhəmiyyət kəsb edir. Belçika ədəbiyyatından Feliks Timmermans, Hendrik Consciense və Annelies Verbekedən sonra sizin kitab mənim üçün olduqca həyəcanverici, yeni bir təcrübə oldu. Onun hər səhifəsindən həzz aldım və bu həzz, maraq bu gərgin (dil baxımından) mətnlə işləmə prosesini mənim üçün asanlaşdırdı.


5. “Qənimət” kitabını tərcümə edərkən nəyi bəyəndiniz və sizi nə narahat etdi?

- Kitabın mərkəzində insan təbiəti, insan zehninin dayanması çox xoşuma gəldi və tərcümə edərkən qəhrəmanınızın daxili baxışını, hisslərini çatdırmaq üçün sözlərlə, ifadələrlə, misallarla oynamağınızı çox bəyəndim. Mətni artıq fəsillərlə yükləməməyiniz də müsbət məqamlardandır. Çox dəqiq və qısa!
Məni narahat edən şey… Hmm, məncə, bəzi hallarda dil nüansları, bəzi ifadələr və mədəni istinadlarla həqiqətən mübarizə aparmalı oldum, bəzən bəzi ifadələrin birbaşa ekvivalentlərini tapmaq mənə demək olar ki, bir saata başa gəldi. Hədəf dildə - Azərbaycan dilində müəyyən anlayışlar ümumiyyətlə mövcud deyildi. Bu səbəbdən bəzi fəsillərdə, xüsusən də yumor, sarkazm və ya rəsmi dildən istifadə etdiyiniz zaman orijinal ton və üslubu saxlamaq mənim üçün böyük problem idi. Və ya Afrikanın fauna və flora təsviri zamanı çəkdiyim çətinlikləri deyə bilərəm.


6. Belə deyim, hansı keçidi, abzası tərcümə edərkən söyüş söydünüz?

- Düşünürəm ki, yuxarıda bu suala cavab verdim. Mən konkret bir abzası qeyd edə biləcəyimi düşünmürəm. Amma bir parçanı mütləq qeyd etməliyəmsə, 5-ci fəsildə bəzi yerləri deyə bilərəm. Bilmirəm niyə, bu fəslin tərcüməsi məni kifayət qədər tərlətdi.


7. Bədii tərcümələriniz zamanı hansı çətin seçimlərlə qarşılaşırsınız və onları necə həll edirsiniz? Sizin üçün ritm və rəng, yoxsa dəqiqlik və məna üstünlük təşkil edir?

- Skandinaviya dillərindən, bəzən də ingiliscədən Azərbaycan dilinə tərcümə edirəm. Dillər və mədəniyyətlər arasındakı ümumi fərq və bəzən kontekstin spesifik təbiəti mənim üçün çağırış ola bilər. Bəzi sosial mənşəli sözlərin, bəzi termin və ya anlayışların Azərbaycan dilində birbaşa qarşılığı olmaya bilər. Bu cür problemlərlə qarşılaşdığım zaman onların mənasını hədəf dildə dəqiq çatdırmaq üçün araşdırmaq və anlamaq üçün əlavə vaxt sərf etməliyəm. Mən adətən ehtiyac olanda müəlliflərlə əlaqə saxlayıram və ya Azərbaycan Dillər Universitetində birgə işlədiyim həmkarlarımın məsləhətinə ehtiyac duyuram. Düzünü desəm, elə hallar olur ki, azərbaycan dilində dəqiq məna yoxdur, onda mən başqa yollar tapıram. Mən sadəcə belə yanaşmanın mədəni və etik baxımdan uyğun və yararlı olduğuna əminəm. Bəli, ritm və rəng və dəqiqlik tamamilə vacibdir. Düşünürəm ki, burda həlledici nüans düzgün balansı tapmaqdır. Əsas və vacib məqsədlərimdən biri mətni üslub baxımından düzgün tərcümə etmək və onun Azərbaycan dilində təbii şəkildə səslənməsini, axıcılığını təmin etməkdir. Ona görə də mənim üçün həm kitab, həm də müəllif haqqında məlumat toplamaq böyük əhəmiyyət kəsb edir iş prosesimdə.


8. Anar, işinizdə hansı tapıntı ilə xüsusilə fəxr etdiniz? Qaçılmaz itki ilə bəs harada qarşılaşdınız? Həmin vaxt necə həll etdiniz? Tərcümə etdiyiniz ən gözəl ədəbi nümunə hansıdır və nəyi heç vaxt tərcümə etmək istəməzdiniz? Bir az bundan danışın.


- Bir neçə mətn var ki, onları ürəyimə çox yaxın hiss edirəm. Mövzulara, janrlara və üsluba görə mən onları başqalarından daha çox sevirəm. “Qənimət” şübhəsiz ki, onlardan biridir. Sevərək tərcümə etdiyim kitabların içində Danimarkalı yazıçı Tove Ditlevsenin “Kopenhagen trilogiyası” kitabını deyə bilərəm. Feliks Timmermansın “Palliter” və Knut Hamsunun “Aclıq” əsərlərinin də adını mütləq çəkməliyəm. Amma düzünü desəm, heç vaxt tərcümə etməyəcəyimi iddia edəcəyim mətn və ya müəllif yoxdur. Hər janrda mən cəlbedici, təsirli, maraqlı bir şey tapıram. Konkret olaraq heç birini ayıra bilmərəm ki, yox, bunu heç vaxt tərcümə etmərəm.


9. İndiyə kimi tərcümə etdiyiniz ən gözəl cümlə hansıdır?

- Qorxaqlar ümidsiz olur, axmaqlar isə yalnış ümidə sahib olur. (Lars Svendsen - Håpets filosofi)


10. Tərcümə edərkən cari dilin həssaslıqlarını, xüsusi nüanslarını nə dərəcədə nəzərə alırsınız? Bu, sizdə açıq şəkildə tələb olunurmu? Sizcə, Azərbaycanlı oxucular həssasdır?

- Düşünürəm ki, bədii tərcüməçilər tərcümə edərkən mütləq cari dil həssaslıqlarını nəzərə almalıdırlar. Dil həmişə dəyişir. Dəyişərkən isə sosial dəyərləri və normaları da özündə əks etdirir. Tərcüməçi bunu nəzərə alaraq tərcümə edərsə, sözsüz ki, mətn hədəf dilə uyğun və hörmətli olacaqdır. Ancaq bunu xüsusilə yeni başlayan tərcüməçilər üçün açıq-aydın tələb kimi qoymağın yaxşı fikir olduğunu düşünmürəm. Bu və ya digər həssaslıqlardan xəbərdar olmaq peşəkar standart kimi qəbul edilə bilər. Gender inkluzivliyi, mədəni nüanslar kimi məsələlər bəzən naşirlər üçün tamamilə vacibdir. Məsələn, son üç ildə işlədiyim hazırkı naşirim məndən köhnəlmiş və ya təhqiredici terminlərdən, açıq-aşkar vulqarlıqdan və s. çəkinməyi xahiş edir. Bilmirəm… Bu mürəkkəb sualdır və “bəli” və ya “yox” cavabı yoxdur. Dəqiq bir şey deyə bilmirəm…
Yaxşı, onda kimi yaxşı tərcüməçi adlandırmaq olar? Kim ki tərcümədə tarazlıq tapır, orijinal mətnə ​​sədaqətlidir, həmin tərcüməçiləri? Və bunu etmək nə dərəcə vacibdir? Konkret dilin hazırkı vəziyyətindən yaxşı xəbərdar olmanız vacibdirmi bu işdə? Tərcümə etdiyiniz dil bu gün oxucularla rezonans doğurmalıdır. Xüsusən daha çox instagram facebook, tiktok və s.-dən təsirlənən oxucularla.



11. Tərcümə hobbidir və ilham məsələsidir, yoxsa peşədir və deməli, peşəkarlıq tələb edən sənətdir?

- Düşünürəm ki, tərcümə mütləq hər ikisi kimi görünə bilər. Zənnimcə, onu sənət adlandırmaq olar, ona görə ki, bu işdə yaradıcılıq tələb olunur, dili dərk etmək, dilin nüanslarını təhlil etmək lazımdır. Amma bu həm də açıq-aşkar peşədir. Çünki bu, bacarıq, təcrübə, xüsusi keyfiyyət tələb edir, Özündə bir neçə nüansı ehtiva edir. İnanıram ki, ikinci cavabı seçməyə meyilli oldum. Xüsusilə ona görə ki, bədii tərcümə zamanı müəyyən mətni və mədəni nüansları başa düşmək tamamilə vacibdir. Qısaca, tərcüməçilər həm dilləri, həm də mədəniyyətləri dərindən başa düşməlidirlər.


12. Anar, siz niyə ədəbi tərcüməçi oldunuz? Yaxşı ədəbi tərcüməçinin xüsusiyyətləri hansılardır sizə görə?

- Hər şeydən öncə ona görə ki, mən həmişə kitabların əhatəsində olmuşam. Mən Galsworthy, Charles Dickens, Lewis Carrol və s.dən tələbə vaxtı bəzi ədəbi tərcümələr etmişdim. Amma müxtəlif mətnləri tərcümə etsəm də, heç vaxt peşəkar, günümün əsas hissəsini işimə həsr etdiyim ədəbi tərcüməçi ola biləcəyimi düşünməmişəm. Əsas ona görə ki, əvvəl məndə iş intizamı deyilən şey yox idi. Mən özümü intizamlı insan hesab etmirəm. Ədəbi tərcüməçi kimi işləməyimin səbəbi Norlada işləyən iki gözəl norveçli qadındır. 10 il əvvəl biz onların ofisinə baş çəkdiyimiz zaman onlarla söhbət o qədər ilhamverici oldu ki, evə qayıdandan bir müddət sonra mən tərcüməçi kimi fəaliyyətə başladım Bu gün də bu müsahibədə bu iki qadının adını çəkib tərcüməçi kariyerama görə onlara təşəkkür edirəm. Dina və Toril, çox sağolun! Onları unutmaram.
Tərcüməçinin yaxşı keyfiyyətlərinə gəlincə, ilk növbədə sədaqət hissi gəlir. Siz həmişə orijinal mətnə ​​sadiq qalmalısınız - istər üslub, istər format, istər ruh baxımından. Müstəqil olaraq bir şey icad etmək və ya yaratmaq hüququnuz yoxdur mənbə mətnlə bağlı. Bu məqamda düşünürəm ki, intizamlı olmaq, dünya ədəbiyyatını yaxşı bilmək mütləq lazımdır. Nəhayət, tərcümədə olan kitabla bağlı ozümüzdə olan bütün müsbət və mənfi hissləri, öncə görmələri bir kənara qoymalıyıq. Bu, tərcümənin keyfiyyətinə mənfi təsir göstərə bilər.



13.Tərcüməni təsvir etmək üçün istifadə etmək istədiyiniz metafora və ya ifadəniz varmı?

- “Tərcümə itirir” ifadəsini daha çox bəyənirəm, çünki bu, bədii tərcümə prosesində bəzi mənaların, emosiyaların və ya mədəni istinadların necə itirildiyini, diqqətdən kənarda qaldığını və ya yanlış təfsir edildiyini, təhrif edildiyini çox yaxşı ifadə edir.



14. Anar, bir sual da verəcəm, amma cavab verməyə məcbur deyilsiniz. Siz nə vaxt / harada / necə tərcümə edirsiniz? (Cavab verməyə borclu deyilsiniz, bir daha təkrar edirəm. Sadəcə olaraq iş yerləri, vərdişlər, iş ritmləri və s. ilə çox maraqlanıram.)

- Problem yoxdur. Mən səhər tezdən işləməyə üstünlük verirəm, o 2-3 saat var ha, uşaqlar yatanda, evdə ölü sükutun hökm sürdüyü vaxtlarda. Bu saatlarda çox təravətli oluram, beynim açıq olur. Diqqəti yayındıran şeylər minimum dərəcədəolmalıdır mənə görə, sonra, fasilələrlə işləmək, işlərkən azad, sərbəst mühitin olması da çox vacibdir. Səhər tezdən, çox vaxt da balkonda tərcümə edərkən xarici dünyanı görməliyəm. Mən tərcümə edərkən günəş, ağaclar, hərəkət edən avtomobillər və ya insanlar mənim üçün ilham mənbəyidir. Bu, tamamilə həlledici faktordur. Mən heç vaxt qapalı ofis sahələrində və ya yeraltı yerlərdə işləməkdən həzz almamışam. Elə yerlərdə sadəcə olaraq, düşünə və təhlil edə bilmirəm. Musiqi yox, musiqi xoşlamıram işləyəndə, bu diqqətimi yayındırır... Yay vaxtı mən əsasən yaxınlıqdakı böyük parkda işləyirəm. Səhərlər tam səssizlik olur və diqqətimi heç nə yayındırmır həmin parkda.


15. Özün haqqında kiçik məlumat da versən yaxşı olar.

- Mən,1984-cü ildə Bakıda, Azərbaycanda kitabxanada anadan olmuşam, çünki qəfil doğulmuşam. Anam və atam ingilis ədəbiyyatı professoru idilər. Uşaqlıqdan məni yalnız kitablar əhatə edirdi və maraqlandırırdı. Əvvəlcə, Azərbaycan Dillər Universitetini, sonra Oslo Universitetini bitirmişəm. Dillərə və ədəbiyyata diqqət yetirməklə. Hazırda Azərbaycan Dillər Universitetində işləyirəm və Norveç dili və ədəbiyyatından dərs deyirəm. Amma daha çox bədii tərcümələrimlə məşğul oluram. Norveç, Danimarka, İsveç, Flaman və Holland dillərindən ədəbiyyat tərcümə edirəm. Mən bədii tərcümə etməyi sevirəm, çox sevirəm, bu iş son on ildə həyatımın ən mühüm və ayrılmaz hissəsi olub. Mən bu prosesdən həzz alıram, çünki bu iş mənə yeni mədəniyyətləri, şəhərləri, həyat tərzini, cəmiyyətləri tanımaq, müxtəlif ölkələrdən keyfiyyətli ədəbiyyatların ilk oxucusu olmaq fürsəti verir. Və eyni zamanda yaşamaq üçün pul qazanıram, özümün və ailəmin yaşayışını təmin edirəm.


Belə…Mənə müsahibə təklifi göndərdiyiniz üçün təşəkkür edirəm, Qaea!

Mən də təşəkkür edirəm, Anar!

11 June, 2020

İda Yessen - Doktor Baggenin Əhvalatı


         Bu il oxuma sürəti bir qədər zəif, kitab seçimi isə daha fərqli biri olduğumu hiss edirəm. İndiyədək müraciət etmədiyim yazarlar və mövzular əhatə edəcək blogumu deyə ön proqnoz verə bilərəm. Amma 2020-ci il üçün ilk kitab rəyim keçən ilin bu günlərində tanış olduğum İda Yessendən növbəti seçimim – “Doktor Baggenin Əhvalatı” kitabı haqqında olacaq. Bu kitab “Yeni Çağlar” kitabının davamı olaraq qələmə alınmışdır. Sadəcə ilk kitabda qadının duyğuları, yaşadıqları ön planda idisə, indi onun həyat yoldaşını daha yaxından tanımaq şansı əldə edirik.
         “Doktor Baggenin Əhvalatı” İda Yessen imzasını daşıyaraq 2017-ci ildə oxucuya Lilly və Viqand Bagge cütlüyünün həyatlarının davam hekayəsi kimi təqdim olunub. Azərbaycanda isə Anar Rəhimovun orijinaldan tərcüməsində sadəcə 1 il sonra 2018-ci ildə Alatoran nəşriyyatında işıq üzü görərək oxucuların ixtiyarına verilib. “Yeni Çağlar” kitabı Viqandın ölümü ilə başlayıb həyat yoldaşının ayaqda durmaq mübarizəsindən bəhs edirdisə, ikinci hissə bir qədər geriyə gedərək Vigandın daxili aləmini gözlərimiz qarşısında açır. Məndə oxuyarkən elə bir hiss yarandı ki, bəlkə bu ilk kitab olmalı imiş və ya bunu bitirdikdən sonra bir daha Lillynin gündəliyini nəzərdən keçirib orada həyat yoldaşı ilə bağlı qaranlıq qalan duyğularına bir cavab tapa bilim. Qeyd etməliyəm ki, ikinci hissə axıcılığı, duyğu ötürücülüyü, bədiiliyi ilə heç də “Yeni Çağlar”dan geri qalmır. İlk hissədən bizə quru, soyuqqanlı, arvadına qarşı laqeyd biri kimi xatırladığımız Viqandın burada fərqli keyfiyyətlərini aşkar edirik. 
        Hər şey Viqanda Danimarka Həkimlər Birliyindən gələn bir təkliflə başlayır. Ona həkimin bir günü barədə qeydlər yazmaq təklif edilir. Xarakterinə uyğun olaraq əvvəlcə tərəddüd etsə də, yazının onun üçün ancaq resept yazmaqdan ibarət olduğunu düşünsə də, sonra cızmaqara etməyə qərar verir. Beləliklə ikinci macəramız başlayır...
       20-ci əsrin ilk illərində Thyregodda bölgə həkimi kimi çalışan Vigandın həyat hekəyəsini özünə xas yığcamlıqla öyrənirik. Duyğularını göstərə bilməyən qəhrəmanımızın yazarkən də bu xüsusiyyətinə görə əzab çəkdiyini görürük. Atasına vurğun olan yeganə övlad onu erkən yaşlarında itirdikdə təbii olaraq onun hər şeyini mənimsəməyə, onun kimi olmağa, xatirəsini davam etdirməyə çalışır. Anası ilə münasibətindəki qəribə uçurum, atasını isə ideallaşdırması Viqandın bugünki kimi formalaşmasında mühüm rol oynayıb. Hər kəslə məsafəli olmaq, bütün fırtınalı və sakit duyğuları sadəcə öz daxilində yaşamaq, kənardan necə göründüyünə əhəmiyyət vermədən məntiqinin səsinə qulaq asmaq ona atasından qalan mirasdır. Uşaqlıq illərinin atasına heyranlıqla, gənclik illərinin isə daim oxuyaraq, sənətinə vurğunluqla keçdiyini görürük. Qəhrəmanımız ailədə, digər insanlarla münasibətdə necə soyuq görünürsə, xəstələrinə qarşı necə tolerant, həvəsli, yardımsevər olduğu sətirlər bir-birini əvəzlədikcə aydın sezilir. O dövr kiçik bir əyalətdəki xəstəxana şəraitindən, tüğyan edən yolucuxu xəstəliklərdən, illər ötdükçə elmə gətirilən yeniliklərdən, bir çox hallarda türkəçarə müalicə metodlarının həkim resptlərinə qalib gədiyinə inanılan bir cəmiyyətdən, insanların tabu sayılan mövzulara baxışından da ara-ara söz açan yazar Viqandın anlatması ilə oxucu üçün həmin dövr Danimarkasının kiçik bir mənzərəsini bədii təsvir edir.
      Bütün bunlar fonunda Viqand və Lillynin ailə daxili münaqişələrinin səbəbinin təkcə yaş fərqi ilə məhdudlaşmadığını da görürük, qapalı biri ilə yaşamağın hər şeyi paylaşmağı sevən bir qadın üçün necə çətin olduğu, böyük məsuliyyət kimi görünən uşaq məsələsinə illər sonra yenidən qayıdılarkən artıq gec olduğunun anlaşılması, iki fərqli xarakterin bir evi paylaşsa belə, fərqli dünyası, dünyagörüşü bu münaqişələr üçün qığılcım rolunu oynayan detallardır. Əslində dərinə getdikdə onlar arasında sevgi əskikliyindən söhbət gedə bilməz, sadəcə Viqandın sakit təbiəti, gündəlik qayğıları, özünəməxsus çətin xarakteri, həyatının başında kariyerasını ərinə fəda edən dolu-dolu yaşamağı sevən bir gənc müəlliminrəngarəng daxili aləmi ilə uzlaşmır. Amma yenə də son ana qədər qayğı, hörmət çərçivəsində davam etdirilən münasibət də bir alqışa layiqdir deyə düşünürəm. 
       “Doktor Baggenin Əhvalatı” öləcəyini bilən, getdikcə daha ağırlaşsa da, bunu arvadından son ana qədər gizlədib həyatını heç nə baş verməyəcəkmiş kimi yaşayan, həkimliyin mənasını tam anlamı ilə dolduran – son günlərini belə imkansız xəstələrə yardım edərək keçirən bir qəhrəmanın həyatından qeydləri ehtiva edir. Bəzən hirslənsək, bəzən haqq verməsək də, ən azından ilk kitabdakı qəzəbimizin bir qədər solduğu, anlamağa çalışdığımız güclü bir insan olan Viqandın həyatının son sətirləri... Bir həkimin gününü təsvir etmək məqsədilə başlayan yolculuq kitabın sonunda da qeyd edildiyi kimi məqsədini aşsa da, ancaq İda Yessenin oxucuya ötürmək istədiyi mesajı mükəmməl bir şəkildə daşıya bildiyini etiraf etməliyəm.
       “Yeni Çağlar” və “Doktor Baggenin Əhvalatı” İda Yessenin səmimi yazı tərzi ilə, Danimarka ədəbiyyatı ilə tanış olmaq istəyən hər kəsə məsləhət görə biləciyim iki kitab oldu.  Beləliklə kitabı – bir tarixi romanı, bir ailə hekayəsini, maraqlı iki həyatı qarışıq duyğularla bağlayıb rəfimə qoyarkən qadın olmasına baxmayaraq kişilərin də daxili aləmini detallarla oxucuya çatdırmağın öhdəsindən layiqincə gələn bir yazarla - İda Yessenlə tanış olduğum üçün sevinirəm.
“Doktor Baggenin Əhvalatı” maraqla oxuduğum kitablardan biri kimi məndən 4 bal aldı. 

07 May, 2019

İda Yessen – Yeni Çağlar

      İlin yeddinci kitabı da bitdi... Bu dəfəki mütaliə səfərim bir qədər uzağa – Skandinaviya yarımadasına – Danimarka sərhədlərinə doğru uzanır. Müasir Danimarka ədəbiyyatında özünəməxsus yer tutan, hal-hazırda da yaradıcılıqla məşğul olan yazarlardan biri İda Yessen “Yeni Çağlar” kitabı ilə siyahıma daha bir maraqlı əsərin əlavə olunmasına şərait yaratdı. Son zamanlar Alatoran nəşrlərinə üstünlük verdiyimi artıq bilirsiniz. Bu dəfə də ənənəni pozmadım. Anar Rəhimovun orijinaldan tərcüməsində 2018-ci ildə işıq üzü görən bu tarixi roman öz ölkəsində nəşr olunduqdan 3 il sonra oxucularımıza təqdim olunub. Alatoran nəşriyyatında bir-birinin ardınca çapdan çıxan maraqlı kitablar Skandinaviya ölkələrinin ədəbiyyatı ilə maraqlanan hər kəs üçün əvəzsiz hədiyyədir. Eyni zamanda bu addım həmin ölkələrin dillərini bilməyən kitabqurdları üçün də yeni çıxan nəşrləri əlçatan edir.

         İda Yessen 1989-cu ildən yaradıcılıq fəaliyyətinə başlasa da onu dünyaya daha çox tanıdan, sevdirən “Yeni Çağlar” (En ny tid) və “Doktor Baqqenin əhvalatı” (Doktor Bagges anagrammer) başlıqları ilə çap olunan ikihissəli tarixi romanıdır. İlk olaraq 2015-ci ildə oxucuya təqdim olunan “Yeni Çağlar” romanı haqqında fikirlərimi paylaşım.
       Qısa müddətə oxuyub bitirdiyim bu əsər bəzi səhifələrdə darıxmağıma səbəb olsa da, ümumilikdə sevdiyim romanlar arasında öz yerini aldı. Kitab baş qəhrəmanımız Lilly Baggenin gündəliyi şəklində yazılıb. Bir gənc qızın ailəsindən uzağa müəllim kimi kariyerasına başladığı bölgəyə - Thyregoda səfəri ilə 1904-cü ildən başlayan xatirələri müxtəlif fasilələrlə 1932-ci ilədək davam edir. Yeni həyata başlayan, yeni bir əraziyə, yeni bir evə köçən Lilly kim bilə bilərdi ki, böyük ümidlərlə gəldiyi Thyregodda həm həyatının ən özəl, həm də ən ağrılı günlərini yaşayacaq. Yaşadıqlarını ağappaq səhifələrə köçürmək istəyən qəhrəmanımızın gündəlik yazmağa başlasa belə elə ilk səhifələrdən  uzun müddət ara verdiyinin şahidi oluruq. O ana qədər ki, təmizlik işləri apararkən illər sonra evin bir kənarında unudulmuş halda gündəliyini tapır. Yenidən yazmağa başlayan Lilly qəlb yoldaşı olmuş bu dəftərlə hər şeyini paylaşır. İndi daha açıq, daha təcrübəli, özündə dərin duyğular ehtiva edən sətirlər çıxır qarşımıza. Artıq ölüm döşəyində olan həyat yoldaşını hər gün xəstəxanada ziyarət edən Lilly qarışıq duyğular içərisində davam edir həyata. Onun qarşısında iki variant var: Ya Viqanddan sonra boşluğun içində qeyb olacaq, ya da həyatın bir qolundan yapışıb yaşamağa davam edib hər şeyi geridə qoyacaq. Yazıları ilə iç dünyasına səyahət etdiyimiz bu qadın ərinin ölümü ilə əvvəlcə tərəddüdlər içində boğulur. Öz ayaqları üzərində durmağı bacardığı halda bütün həyatını aralarında dərin sevgidən çox bağlılıq olan həyat yoldaşına təslim etdiyini anlayır tənha qaldığı bu günlərdə. Yeni evə köçmək ərəfəsində olan Lilly əşyalarını toplayarkən, keçmişini, ailəsini, universitet illərini, dostlarını, işə qəbul edilmə xatirələrini bir-bir yada salır. Həyat yoldaşının əşyaları arasında ondan bir iz, bir sevgi nişanəsi axtararkən artıq onsuz bir həyata məhkum olunduğunu anlayır. Bu kitab bir qadının gündəliyindən daha çox yenidən həyata tutunma hekayəsidir desək daha doğru olar. Hər anına şahid olduğumuz qəhrəmanımızı bəzən qınayır, bəzən dəstəkləyir, bəzənsə halına acıyırıq. Ancaq əminəm ki, heç birimiz özümüzü onun yerində təsəvvür etmirik. İndi onu yenə yeni bir ev, yeni bir həyat gözləyir, bu dəfə də tək öhdəsindən gəlməlidir hər şeyin, ancaq daha əvvəlki kimi nə gənc, nə də güclüdür. Bu dəfə yeni həyata başlamaq əvvəlkindən daha çətin olacaq.
         Əsəri oxuduqca Lilly və Vigand kimi iki fərqli xarakterin necə illərlə evli olduğu mənə qəribə gəldi. Bir tərəfdə işinə aşiq, danışmağı xoşlamayan, hökmlü, ənənələrdən uzaq, mərhəmət hissindən məhrum, məntiqinin gücünə önəm verən Viqand, digər tərəfdə həyata yeni atılan, gənc, duyğusal, romantik bir müəllim Lilly. Bu münasibətdə istər-istəməz qadın bu dominant xarakter altında əzilməyə məhkum idi. Bunun fərqinə isə illər sonra həyatda özünü tapmağa çalışarkən varır Lilly. İndi yaşadıqlarını keçmişi ilə müqayisə edərək hər şeyi götür-qoy edir, beləcə nə istədiyinə, qalan həyatına necə davam etməli olduğuna qərar verə bilir. Əsərin əvvəlində tənha qadın kimi halına üzüldüyümüz Lilly, illər keçdikcə artıq tənha yox azad qadın kimi qarşımıza çıxır. Bütün zəncirlərini qıraraq o, tənhalıqdan azadlığa gedən yolu özü qət edir. Bu yolda onun qarşısına yeni insanlar, yeni təkliflər, yeni şanslar da çıxır. Qəhrəmanımız isə tələsik qərar vermədən, ətrafı yox özünü düşünərək, həyatın selinə qapılmadan yoluna davam edir. Sonda kitabxana açaraq həm insanlara xidmət göstərən, həm də yaşadığı bölgənin daha müasir, daha məlumatlı olmasına çalışan bu qadın həyat qarşısında dimdik duruşu ilə çıxır qarşımıza. Və gündəliyin son xatirələrini oxuduqca isə keçmişinin onun üçün yeni həyatına da bir təkan olduğunun şahidi oluruq. Pozitiv notlarla bitirdiyim bu əsər həm Danimarka ədəbiyyatı, həm də İda Yessen qələmi ilə ilk tanışlıq oldu mənim üçün. Lilly həyatın zalımlığı qarşısında əzilmədən vuruşan mübariz bir qadın obrazı kimi yaddaşıma həkk olundu. “Yeni Çağlar” isə güclü bir qadının həyat mübarizəsini onun öz dilindən oxumaq istəyənlərə tövsiyə edəcəyim bir kitaba çevrildi.
         Əsər gündəlik şəklində oxucunu özünə cəlb edərək davam edərkən müəllif araya əsərlə bilvasitə əlaqəsi olan bəzi kənar əhvalatlar yerləşdirərək sanki bunun bir gündəlik olmadığını xatırladır. Bu əhvalatlar mənə qəribə görünsə də, əsərin ümumi məzmununa xələl gətirib onun sehrini poza bilmədi mənə görə. Son səhifənin xəyalını quraraq oxuyub bitirdim bu həyat mübarizəsini. Lilly Baggenin duyğuları, yaşadıqları, həyatını kağıza həkk etməsi – hər şeylə “Yeni Çağlar” vaxtımı dəyərli keçirməyimə yardımcı oldu və məndən 4 bal aldı. Növbədə isə romanın ikinci hissəsi məni gözləyir.


19 November, 2018

Roy Jacobsen – Görünməzlər

     Bu gün Norveçdə çox məşhur olan və tərcümə olunduğu digər dillərin oxucuları tərəfindən də çox bəyənilən kitab haqqında yazacağam. Kitabım Roy Jacobsenin 3 hissəli romanının ilk kitabı “Görünməzlər”dir.
     Roy Jacobsen Norveçin çox sevilən roman və qısa hekayələr yazarıdır. 1954-cü ildə Osloda doğulub və hal-hazırda bu şəhərdə də yaşayır. Həyatı boyu bir çox işlərdə çalışsa da, yazıçılıqda özünü tapıb deyə bilərəm. Ədəbiyyatdakı yerini aldığı bir çox mükafatlarla daha da möhkəmləndirən Roy Jacobsen bir çox dillərə tərcümə olunmuş və Norveç ədəbiyyatının dünyada daha çox tanınmasında xüsusi rol oynayan müəlliflərdən birinə çevrilmişdir.
      “Görünməzlər” (orijinal adı De Usynlige) Norveçdə çap olunduqdan 4 il sonra 2017-ci ildə Qanun nəşriyyatından işıq üzü görmüş və dilimizə Norveç dilindən birbaşa tərcümə olunmuşdur. Bu, mütaliə zamanı mənim üçün önəmli faktorlardan biridir. Oxuyarkən yalnızca bir tərcüməçinin ruhu qatılmış əsər orijinala daha çox sadiq qalır deyə düşünənlərdənəm. Digər dillərdən tərcümə zamanı tərcüməçi öz dəsti-xətti ilə yanaşı bu dillərə tərcümə edənlərin əsərə qatdığı bir çox duyğunu da istəmədən belə olsa əsərə daxil etmək məcburiyyətində qalır. Əsərlərin yazıldığı dili bilmədiyimiz halda birbaşa tərcüməyə müraciət etmək daha məqsədəuyğundur deyə düşünürəm. Bu sahədə də son illər norveç, isveç və danimarka dillərindən birbaşa tərcümələri ilə Anar Rəhimov köməyimizə çatır. Skandinav ədəbiyyatına marağı olan və eyni zamanda əsərləri birbaşa tərcümədən oxumaq istəyənlər üçün Anar Rəhimov imzalı tərcümələr xüsusi dəyərə malikdir.
       Əsərin təhlilinə gəldikdə ən önəmli məqamlardan başlasaq, ilk növbədə fərqli süjet xəttini vurğulamalıyam. Kitabda hər şey dümdüz davam edir. Bu, macəra sevən oxuculara sıxıcı gələ bilər. Ancaq hadisələr o qədər axıcı davam edir ki, heç macəra axtarmağa macal qalmır. Kitab 51 bölümdən ibarətdir. Hər bölümün öz süjeti, öz hadisələri əvəzləmə tərzi var. Bu da əsərdə daha nələrin ola biləcəyi haqda insanı düşünməyə vadar edir. Tam hər şey bitdi deyilən anda, yeni obrazlar peyda olur, yeni hadisələr cərəyan edir. Digər vacib məqamlar rahat başa düşülən yazı tərzi, detallı təsvirlərlə baş verən hər şeyin göz önündə asan canlandırılması, oxuyarkən oxucunu yormaması, yazıçının məharətinə bir növ sübutdur.
      Kiçik bir adada yaşanan çətin həyat tərzi, inadkar insanlar, amansız təbii hadisələr, hər şeydən, hər kəsdən uzaq yaşamağa çalışanlar, dünyanın mərkəzindən kənarda qalmış ada sakınləri – GÖRÜNMƏZLƏR... Qəhrəmanlarımız - həyata 1-0 geridə başlayanlar Barröy adasının sakinləridir. Əsərdə ətraf adalardan söz açılsa da, əsas hadisələr Barröydə cərəyan edir. Hans, atası Martin, bacısı Barbro, həyat yoldaşı Maria və kiçik qızları İngrid. Onlar görünməzlərdir... Onların səsi də duyulmur... O qədər qələbəyə yaxınlaşdıqları anda məğlub olub həyata yenidən başlayıblar ki, bütün hirslərini, bağırtılarını, üsyanlarını öz içlərində boğmağa alışıblar... Zatən görünməyən, heç varlıqlarından xəbər belə olmayan insanların səsi necə eşidilə bilər ki?! Kitabda Hadisələr 1913-1928-ci illər aralığını əhatə edir. Bu müddət ərzində bu 5 sakindən bəziləri həyata vida edir, bəzisi doğulur, bəziləri isə qonşu ərazilərdən gəlib adada yaşamağa məcbur olur. Onların əməyi və həyatı təbiətin gücü qarşısında aciz olsa da, inadkar sakinlər öz adalarını yaşanmalı yer etmək üçün əllərindən gələn hər şeyi edir, bununla da həyatda qalmaq uğrunda mübarizə aparırlar.
Onlar yaşamlarını balıqçılıqla, quru balıq, süd, yun ticarəti ilə sürdürən, qazandıqları məhdud büdcə ilə, həm təbii hadisələr nəticəsində dağıntılara məruz qalan adalarını bərpa etməyə səy göstərən, həm öz qida tədarüklərini, həm də saxladıqları heyvanların yemlərini təmin etməyə çalışan inadkar insanlardır. Burada kişi-qadın bərabərliyi var, zərif məxluq anlayışı öz hökmünü itirib. Qadınlar da kişilərlə bərabər qayıqla dənizə açılır, balıq tutur, tarlada çalışır, balıq qurudur, heyvanlara qulluq edib onları əmək üçün hazırlayır hətta kişilərdən əlavə balıq tutmaq üçün tor toxuyur, kiçik tikinti işləri ilə məşğul olur, evin və adanın qayğısına qalırlar. Bu adada kiçik yaşlı uşaqlar belə işdən kənarda qalmır. Onların da böyüklər kimi bu cür çətin, güc tələb edən işlərin öhdəsindən gəlməsi heyrət doğurur. Uşaqlıqlarını yaşamaq yoxsa sadəcə yaşamaq uğrunda mübarizə... Bax bu seçim haqqı belə onlara verilmir. Hər an fırtına, tufan, leysan, qar fırtınası, quraqlıq təhlükəsi ilə üzləşən qəhrəmanlarımızın bu kiçik dünyasında sadalanan bu işlərdən başqa heç nəyə yer yoxdur. Hər yeni gün onlar üçün həyatla mübarizənin başlanğıcıdır. Bütün bunların fonunda isə ailə üzlərinin bir süfrə arxasında oturub yemək yeməsi, qəhvə içib ətrafı seyr etməsi belə onlar üçün əvəzsizdir, xüsusi dəyərə malikdir. Ailə sevgisi, doğma yurda bağlılıq, əməyin təbliği, təbiət qarşısında inadla mövqe tutmaq, sevdiklərini itirənlərin həyata və bir-birlərinə dörd əllə sarılması bu kitabın əsasını təşkil edir. Aşağıda əsərdən ən bəyəndiyim sətirləri paylaşıram. Onları oxuyarkən bütün həyatı kiçik bir adadan ibarət olan qəhrəmanlarımızı daha yaxşı tanıyacaqsınız.
  • Bütün məsafələrin aldadıcı olduğu dənizdəki metafizik bir qüvvə kimi onun həyatında bəzi proseslər baş verirdi. 
  • Qadının üzünə bir az öncə dalğalar onların həyatına hökmranlıq edərkən yaranan gülüş yenidən qayıtdı. 
  • Bu yağış altında o, küləyin titrətdiyi dəniz yosunlarına bənzəyirdi. 
  • Həyat – onu yaşamağa dəyməyəcək qədər dəyərsizdir. 
  • Qoy ən güclü külək əssin, qoy ən dağıdıcı fırtına qopsun, qoy göy məhvərindən çıxıb yerlə birləşsin, yenə də onların doğma adalarına heç nə olan deyil. 
  • Yazanın xətti dəniz dalğaları kimi səliqəsiz, qalxıb-enən idi. 
  • Bu ona bənzəyirdi ki, insan bütün dünyanı özü üçün bir evə çevirir: səmanı tavana, göz işlədikcə görünən üfüqləri isə evin divarına. Bu evin adı isə dünya olur. 
  • Yüksəklikdən uçan quş qanadlarını açır və qalan hər bir işi külək onun əvəzində edir. 
  • İnsanın hansısa bir xəyal qurduğuna görə peşmançılıq hissi keçirməsi kimi sarsıdıcı bir şey ola bilməz. 
  • Malik olduğunu başa düşmədiyi qiymətli bir şeyin ondan ayrılması faktı ilə üzbəüz qalmışdı. 
  • Ətrafdakı heyvanlar və həşəratlar isə elə insanların özü kimi ölü bir səssizliyə bürünüb. Bu dəmdə eşidilən yalnız dumanın qəribə səsidir: fısıltı! Bu fısıltı balıqqulağının içindəki dənizin səsinə bənzəyir. 
     Sonda bütün oxuculara bu əsəri tövsiyə edirəm. Norveçi, onun təbiətini, ədəbiyyatını sevən, dünya yazarları ilə tanış olmaq istəyən hər kəsin bəyənəcəyi bu kitab məndən 5 bal alır. Siz də kiçik bir adaya səyahət edib bir müddətlik qəhrəmanlarımızın qonağı olmaq istəyirsinizsə, “Görünməzlər” sizin üçün əla seçimdir.

20 June, 2018

Anar Rahimov - İyun ayının tərcüməçisi

Anar rahimov rus 0075 cut
ANAR RƏHİMOV
         İyun ayının ən yaxşı tərcüməçisi bu dəfə Azərbaycandan olan Anar Rəhimovdur. Bu yaz o, bir neçə kitabla gündəmə gəlsə də əsas diqqət çəkən adlar Viqdis Yortun “Miras və Vəsiyyətnamə" əsəri və Hokon Överasın “Qəhvəyi” və “Qaraşın” uşaq kitablarıdır.
     Bundan əlavə, Anar yaxınlarda Norveçin paytaxtı Osloda həm yeni tərcümə etdiyi (Simen Ekern - Avropalılar) kitabla bağlı elmi araşdırma aparmaq, həm də yazıçı ilə görüşmək üçün elmi-işgüzar səfərdə olmuşdur.
      Ayın ən yaxşısı Anar Rəhimovla müsahibəni sizlərə təqdim edirik:

  • Necə oldu ki, Norveç dilindən ədəbi tərcümələr etməyə başladın?

- Hər şeydən əvvəl, mən Norveç Ədəbiyyat Komitəsinə ( NORLA) çox zaman kölgədə qalan sənət sahiblərini, tərcüməçiləri geniş kütləyə tanıtdığı üçün ürəkdən təşəkkür edirəm. Hə... Necə oldu Norveç dilindən tərcümələr etməyə başladım? Əslində bu elə də uzunmüddətli bir tarixi əhatə etmir, daha dəqiq desək, ilk kitabımı cəmi iki il öncə 2016-cı ilin yayında tərcümə etmişəm. Amma onu da əlavə etməliyəm ki, bu heç də həyatımın gözlənilməz və təsadüfi bir dönüşü olmadı. Mən elə bir ailədə böyümüşəm ki, həm atam, həm də anam dilçi olub, onlar burada - Bakıda universitetdə xarici dilləri tədris edirdilər. Nəticədə kitablara, oxumağa, ümumiyyətlə, ədəbiyyata böyük sevgimin yaranmasında onların diqqətəlayiq təsiri oldu. Yadımdadır ki, balaca evimizdə hər yer kitablarla əhatə olunmuşdu. Uşaqlıqdan İvan Krılovun, Hans Kristian Andersenin, Astrid Lindqrenin, Mark Tvenin kitablarını oxuyaraq böyümüşəm. Tələbəlik illərində isə rus və ingilis dillərindən elmi məqalələri, istifadə qaydaları haqqında kitabçaları, işgüzar məktubları Azərbaycan dilinə tərcümə edirdim. Mən bunu cibxərcliyimi çıxartmaq üçün edirdim, digər tərəfdən isə bu iş mənə böyük zövq verirdi. Hiss edirdim ki, azacıq istedadım var və bir az öz üzərimdə işləsəm bu sahədə nisbətən uğurlu ola bilərəm.
Amma Norveç dilini universitet səviyyəsində öyrənməyim, Norveç dilindən ədəbi tərcümələr etməyə başlamağım tam təsadüf nəticəsində baş verdi. Mən ADU-nu
bitirmişəm və ixtisasıma uyğun olaraq həmin universitetdə 2011-ci ilə kimi ingilis dili müəllimi kimi çalışırdım.
Həmin vaxt heç ağlıma da gəlməzdi ki, bir gün Norveçə gedəcəyəm Oslo universitetində Norveç dili və ədəbiyyatı istiqamətində təhsili alacağam. Beləcə bir gün tam yeni ölkədə və mənim üçün tam yeni bir dil sahəsində təhsil almaq imkanı barədə məlumat verdilər. ( Həmin vaxt mən Norveç dilində bir kəlmə də bilmirdim.) Üç mərhələli müsahibədən uğurla keçdim və Norveçə 2 il yarım Norveç dili və ədəbiyyatı üzrə təhsil almaq üçün yollandım.
Orada əsas istiqamətim Norveç dili və ədəbyyatı olsa da, Norveç tarixi, mədəniyyəti, siyasəti, cəmiyyəti haqqında da fənnləri götürürdüm. Bu mənim üçün tam yeni bir dövr, yeni bir yaşantı idi. Yeni dili öyrənmək çətinliyindən əlavə mən Norveç qaydaları, onların davranış tərzi, mədəniyyəti ilə də dostlaşmalı idim. Hə, hələ kifayət qədər soyuq keçən Norveç yaylarını demirəm heç... Amma əsas çətinliyim dillə bağlı idi, norveç dilində ilk sözlərimi yalnız ölkəyə gələndən bir qədər sonra öyrəndim.
Ədəbiyyat fənnindən bəxtim gətirdi ki, Erik Yuriks kimi bir müəllimim oldu. Onunla bərabər Norveç ədəbiyyatının incilərindən Knut Hamsunu, Siqrid Undesti, Henrik İbseni, Daq Sulstadı müzakirə və analiz etmək bir başqa zövqlü proses idi.
Solstad genanse og verdighet azerbaijaniİndi yadıma salmağa çalışıram, necə oldu ki, mən Norveç ədəbiyyatına aşiq oldum, Bu, məhşur Norveç yazarı Daq Sulstadın “Həya və Dəyər” əsərini oxumaqla oldu. Mən kitabı oxuyanda başa düşdüm ki, bu indiyə qədər oxuduğum kitablardan heç birinə bənzəmir. Mənə elə gəlir ki, bu, bir çox təzə başlayan tərcüməçilər üçün xarakterik olan bir məqamdır. Sən bir kitab oxuyursun, bütün varlığınla hiss edirsən ki, bu kitab mütləq tərcümə olunmalıdır və sənin ana dilində çıxmalıdır, amma eyni zamanda bu iş sənə həddindən artıq çətin, əlçatmaz, qeyri-mümkün bir iş kimi gəlir. Mən hələ tələbə ikən bu kitabı tərcümə etmək istəyirdim, amma müxtəlif səbəblərdən bu planımı 3-4 il müddətində təxirə salmalı oldum. (Özümə əmin deyildim, tərçüməçi kimi işləməkdən zövq alıb-almayacağımı hələ bilmirdim, müəyyən qədər təzadlı süjet xəttinə malik olan kitabın Vətənimdə uğurla qəbul olunacağı şübhəli idi və s.). Hər şey 2016-ci ilin yayında Norveç ədəbiyyat komitəsinin Oslodakı ofisinə baş çəkən gündən sonra başladı mənim üçün. Həmin yay mən Oslo universitetinin Norveç dili müəllimləri üçün təşkil etdiyi ixtisasartırma seminarına qatılmaq üçün Oslodaydım. Həmin günə kimi bu və ya digər səbəbdən özümü hazır saymırdım bədii tərcüməyə başlamağa. Ədəbiyyat komitəsinin iki gözəl, mehriban işçisi Dina-Roll Hansen və Torill Yohansenlə söhbətdən sonra mənim üçün hər şey artıq başqa cür görünməyə başladı. Mən onlara həvəsimi, Daq Sulstadın kitabına olan böyük coşqumu danışdım, onlar isə mənə peşəkar olaraq həm düzgün yol göstərdilər, həm də sərhədsiz həvəs oyatdılar. Bu iki yardımsevər qadın mənim tərcüməçi kimi karyeramın başlanmasında təkanverici qüvvə oldular. İndi artıq mən demək olar ki, üç ildir Norveç dilindən bədii tərcümə ilə məşğulam. Bu müddətdə 9 kitab tərcümə etmişəm. (Onların arasında ən diqqətçəkən nümunələr kimi Daq Sulstadın “Həya və Dəyər” və Roy Yakobsenin “Görünməzlər” əsərlərini qeyd edə bilərəm. İki kitabım isə artıq çap ərəfəsindədir və tezliklə oxucularla görüşə gələcək.

  • Tərcümə sənətindən başqa bir işlə məşğulsanmı. Bu halda məhz hansı işlə?

Solstad ellevte roman, bok atten azer- Bakıda, ADU-da təhsilimi bitirəndən sonra, elə həmin universitetdə qalıb müəllim kimi fəaliyyətə başladım. Daha sonra isə Oslo universitetində təhsil alıb Bakıya qayıtdım və Bakıda, Azərbaycan Dillər Universitetində həm Norveç dili, həm də İngilis dili müəllimi kimi işimə davam etdim. Deyim ki, müəllim kimi işimi də sevirəm, tələbələrim istedadlı və işgüzardır. Həm də mənə görə müəllimlik sənəti ilə mənim bədii tərcüməçilik karyeram arasında elə də qalın bir sərhəd keçmir. Demək olar ki, hər zaman mənim əsərlərimin ilk tənqidçiləri və fikir bildirənləri arasında tələbələrim də olur. Digər tərəfdən, Azərbaycan dilində olmayan Norveç dilindəki söz və ifadələri tələbələrimlə müzakirə etmək, düzgün, yerinə düşən tərcümələr barədə mübahisələr aparmaq ən sevdiyim məşğuliyyətlərdəndir. Mən hər zaman sağlam tənqidin tərəfdarı olmuşam. Hansı sənət olur olsun, hansı formada olur olsun, mənə görə insanın hər zaman özünü inkşaf etdirməsi üçün potensialı mövcuddur. Mən həm müəllim kimi, həm bədii tərcüməçi kimi işimi çox sevirəm. Bu hal düşünürəm ki, az təsadüf olunandır, adam məşğul olduğu hər iki işdən zövq alır və eyni zamanda yaşayışını təmin edir. Bu baxımdan özümü kifayət qədər xoşbəxt biri hesab edirəm. Hiss edirəm ki, müəllim və tərcüməçi kimi çalışdığım ortamda hər həftə yeni nələrsə öyrənə, özümü inkşaf etdirə bilirəm.

  • Bilirik ki, yaxınlarda Simen Ekernin “Avropalılar" kitabının tərcüməsi ilə bağlı elmi araşdırma üçün Osloda olmusunuz. Bu barədə bizə qısa məlumat verə bilərsiniz?

Ekern europeere- Bir şeyi etiraf edim ki, tərcüməçi peşəsi ilə bağlı sevdiyim ən əsas cəhətlərdən biri də araşdırma mərhələsidir. Bu kitab (Avropalılar) çox bacarıqlı, savadlı, kitabı ərsəyə gətirmək üçün dərin araşdırma aparan, bir çox ölkələrdə səfərdə olan və müxtəlif siyasi liderlərlə görüşüb müsahibə alan bir yazıçı-jurnalist tərəfindən yazılmışdır. Kitabda Avropa siyasəti, həyat tərzi haqqında həddən artıq çox faktlara, rəqəmlərə, adlara rast gəlmək mümkündür. “Avropalılar” Avropa siyasi gerçəkliyi, Avropa birliyi və sadə insanlarla münasibətlər, miqrant böhranı, və ümumiyyətlə, Avropanın gələcək perspektivləri haqqında yazılıb.
Mənim kimi Avropanın sərhədlərindən kənarda yaşayan biri üçün həm kitabın adı, həm də onun mövzusu çox çəkici gəldi. Bundan əlavə, kitabı tərcümə edərkən bir xeyli əziyyət çəkməli oldum. Həm Bakıda, həm də Osloda araşdırmalar aparmaq məcburiyyətində qaldım. Daha öncələr heç zaman bu qədər ağır siyasi terminlər və çətin ifadələr olan bir Norveç kitabını tərcümə etməmişdim. Bəzən elə olurdu ki, bir sözün və ya ifadənin Azərbaycanca yerinə oturan qarşılığını tapmaq üçün yarım saat baş sındırırdım. Elə siyasi terminlər vardı ki, heç Azərbaycan dilində onlara rast gəlməmişdim. Amma nə qədər vaxt aparsa da, nə qədər çətin olsa da layihənin özü çox maraqlı idi. Kitabın tərcüməsi zamanı bir dəfə də olsun nə ümidsizliyə qapıldım, nə də işi yarımçıq saxlamaq istədim. Tərcümə sənətində tələb olunan ən əsas keyfiyyətlər səbr və məqsədyönlülükdür axı! Əziyyət çəkirsən, yuxusuz gecələr keçirirsən və çətin anlardan sonra kitabı hazır edib nəşriyyata
göndərirsən ha, bax onda səndən xoşbəxt insan olmur dünyada. Mən lap başdan əmin olmuşam ki, tərcüməçilik sənəti məhz belə anlarla daha mənalıdır. Azərbaycanda bir çox oxucu hazırda gerçəkdən Avropanın sərhədləri daxilində nə baş verməsi ilə maraqlanır. Bu baxımdan tamamilə Avropaya və onun gerçəkliklərinə, gizlinlərinə həsr edilən “Avropalılar” kitabının ölkəmizdə də məşhurluq qazanacağına inanıram və ümid edirəm. Bu barədə kitab az olduğundan insanlar bu mövzuya yəqin ki. maraq göstərəcək. Həm də mən hər zaman artıq formalaşmış meyilləri dəyişməyə cəhd edirəm, yeniliklər məni çəkir.

  • İndiyədək sənə xüsusi çətin yaxud xüsusi əyləncəli gələn tərcümə işin barədə bizlərə məlumat verə bilərsənmi?

Jacobsen   de usynlige aserbajdan 17012018 122052Burada mən iki kitabın adını çəkə bilərəm. Bir tərəfdən uzun, çətin cümlələri olan və tərcümə etdiyim ilk kitab olan Daq Sulstadın “Həya və Dəyər” kitabının adını çəkərdim. Bu dediyim kimi ilk işim idi, həyəcanlı idim, həm də bilirdim ki, ilk işimdə tərcüməçi kimi öz stilimi formalaşdırmaq ərəfəsindəyəm. Bu səbəbdən məsuliyyət də çox idi. Hər işin başlanğıcı çox önəmlidir. Bu baxımdan tərcümə etməzdən öncə yazarın (Daq Sulstad) həyatını, yazılarını, müsahibələrini oxumaq mənim işimi asanlaşdırdı. Yeri gəlmişkən bu mənim iş prinsipimdir, hər hansı bir tərcüməyə başlamazdan əvvəl yazarı və onun daha öncə yazdığı kitabları yaxşıca araşdırmaq, onun stilini və ədəbi mövqeyini öyrənmək. Bu araşdırma sonradan tərcümə prosesində mənə çox kömək olur. Digər tərəfdən isə mənə xüsusi çətin gələn kitablardan biri kimi Roy Yakobsenin “ Görünməzlər” kitabının adını çəkə bilərəm. Yakobsenin çox özündən əmin yazı tərzi var. Onun təbiəti, adada yaşayan insanları, Norveçin landşaftını təsvir etmə tərzi möhtəşəm və bənzərsizdir. Elə sözlər yazır, elə təsvir vasitələrindən istifadə edir ki, bəzən tərcüməçi bir saat oturub düşünməli olur ki, yazar bu məqamda məhz nəyi nəzərdə tutmuşdur. Bundan əlavə onun əsərindəki dənizlə bağlı terminlər və qəhrəmanların dialektlərdə danışması da işimi kifayət qədər çətinləşdirmişdi. Norveçli üçün, həmin əraziyə yaxın insanlar üçün bu adi və başadüşüləndir. Amma mənim kimi heç zaman həmin yerlərdə olmayan tərcüməçiyə kifayət qədər əziyyət yaradan bir kitab idi. Yakobsenin stili, onun yazı tərzi və müraciət etdiyi mövzular Azərbaycanlı oxucular üçün yenilikdir. Amma bu kitabın dünya oxucularının qəlbinə artıq yol tapdığını nəzərə alsaq, mənim Vətənimdə də seviləcəyinə ümid etmək olar.

  • Elə bir Norveç kitabı varmı ki, qəlbinə xüsusi yaxınlığı ilə seçilir. Varsa, hansıdır və nəyə görə?

Hjorth arv og miljø hd
 - Mənim üçün əziz olan və fikirimcə Norveç ədəbiyyatı, mədəniyyəti haqqında təsəvvür yaradan bir neçə kitab mövcuddur. Amma əgər mütləq ad çəkməliyəmsə, o zaman icazə verin üç kitabın adını çəkim. Mənim üçün Norveç ədəbiyyatını tərcümə etmək yalnız sevdiyim işlə məşğul olmaq deyil. Məqsədim həm də Norveç tarixi, siyasəti, adət-ənənələri, həyat tərzi barədə oxucularda kifayət qədər aydın təəssürat yaratmaqdır. İstəyirəm Azərbaycanlı oxucular bu uzaq, soyuq ölkəni daha yaxından tanısınlar. Bu baxımdan Viqdis Yortun “ Miras və Vəsiyyətnamə" kitabının adını çəkə bilərəm.
Shakar tante ulrikkes veiBu kitab məndə öz dərin izlərini hələ də saxlayıb və oxuduqca müəllifin düşüncələrinə, onun cəsarətinə heyran olmaqdan özümü saxlaya bilmirdim. Müəllifin seçdiyi mövzu elədir ki, əhalisinin əsas hissəsi müsəlman olan ölkəmdə bu kitabı tərcümə və nəşr etmək etiraf edim ki, xüsusi cəsarət və yenilikçilik tələb edir. Kitab mənim üçün həm də ona görə doğmadır ki, əsas qəhrəmanın daxili iztirabları, onun emosional manipulyasiya edilməsi real həyatda mənə bəzi insanları xatırlatdı. Tərcümə etdikcə özümdə də həddən artıq güclü hisslər oyanırdı. Baxmayaraq ki, mən özüm tam başqa cəmiyyətin nümayəndəsiyəm və Norveçlə Azərbaycan arasında kifayət qədər fərq mövcuddur, amma yenə də mən bu ailə faciəsini kifayət qədər yaxşı başa düşüb qəlbimə yaxın buraxa bildim. Müəllifin müraciət etdiyi mövzu mənim ölkəmdə tabudur və demək olar ki, heç kəs o barədə danışmağa meyilli deyil. Bunları nəzərə alaraq bu kitabın ölkəmdə oxucular tərəfindən necə qəbul ediləcəyini səbirsizliklə və həyəcanla gözləyirəm. Daha sonra Norveçli yazar Zeşan Şakarın ilk işi olan “ Ulrikke xalanın evi” kitabını qeyd edə bilərəm. Bu kitab da həm mənim başımda, həm də ürəyimdə xüsusi yerə sahibdir. Fikirimcə, Şakarın Osloda böyüməkdə olan iki mühacir oğlanın həyatından bəhs edən romanı ədəbi uğurdur. Başqa mədəniyyətdən gəlib yeni yerlərə alışmağın çətinliyi, tam başqa mədəniyyətə, cəmiyyətə, həyata uyğunlaşmağın çağırışları hər zaman mənim üçün maraqlı olub. Kitab digər tərəfdən həm də ona görə qiymətlidir ki, o, Osloda norveçli olmayan uşaqların necə böyüməsinin hansı çətinliklərlə qarşılaşmasının real mənzərəsini təsvir edir. Bu kitabın tərcüməsi mənim ən yaxın planlarıma daxildir. Mən əvvəl kitabı seçirəm və sevirəm sonra isə onun tərcüməsinə qərar verirəm.

  • Səncə tərcüməçi olmağın ən yaxşı tərəfi hansıdır?

- Mənim üçün, ən azından mənim üçün deyək sevdiyim işlə məşğul ola bilməyimdir. Tərcüməçi peşəsi elədir ki, insan gərək həm oxumağı, həm də yazmağı sevsin. Bundan əlavə tərcüməçi mənə görə həm də gərək iki mədəniyyəti yaxşı başa düşüb dərk etsin. Tərcüməçinin işi ancaq oturub klaviyaturanı döyəcləməkdən ibarət deyil ki! Ən sevdiyim cəhətlərdən biri də işimdə müxtəlifliyin olmasıdır. İstəyirəm uşaq kitabı tərcümə edirəm, istəyirəm dedektiv, istəyirəm elmi ədəbiyyat və s. Özümü heç bir halda qayda-qanunlarla işləyən və dəqiq insan hesab etmirəm. Amma etiraf edim ki, tərcüməçiliyə başladıqdan sonra daha az dağınıq insana çevrilmişəm. Tərcüməçi həm də dili sevməlidir, dillə oynamaqdan zövq almalıdır. Baxmayaraq ki, neçə ildir eyni noutbukda işləyirəm, işlədiyim yer də evimdə demək olar ki, ancaq eyni yerdir, amma heç zaman bu mənə bezdirici və darıxdırıcı gəlmir. Əksinə hər yeni kitaba başlamaq mənim üçün yeni maraq, yeni həyəcan və zövq aldığım iş mənbəyidir. Amma bir şey də deyim ki, bəzən bu iş çox vaxt aparan da olur. Misal üçün Norveç dilində elə sözlər var ki, Azərbaycan dilində onları bir sözlə ifadə etmək olmur. Necə? Sadəcə olaraq yoxdur bu məfhumlar dilimizdə. Misal üçün: utepils, attpoklat, uting, dugnad, fyord və s. Bu da məni həvəsdən salmır. Bir şeyi də deyim, özü-özünün müdiri olmaq çox, çox xoş bir duyğudur.
Parkda, kitabxanada, ictimai nəqliyyatda görəndə ki, insanlar mənim tərcümə etdiyim kitabı oxuyur bu mənə xoş olur. Hələ onların kitab haqqında müsbət rəylərini eşidəndə  sevincdən uçmağa qanad axtarıram. Adam düşünəndə ki, sənin tərcümələrin oxucuların Skandinaviya ədəbiyyatının bəzi incilərini dilimizdə oxuya bilmələri üçün şərait yaradır işini daha da həvəslə görməyə girişir. Sualınıza ümumiləşdirib belə cavab verim -  Tərcüməçi olmaq mənim üçün çoxlu səyahət etmək, kitab festivallarında, beynəlxalq konfranslarda yeni insanlarla tanış olmaq, qiymətli və maraqlı kitabların ilk oxucularından olmaq, öz işinin və iş qrafikin ağası olmaq, bütün bunlardan da vacib yaşamaq üçün pul qazanmaq, maddi cəhətdən müstəqil olmaq deməkdir.


  1. Orijinaldan oxumaq istəyənlər və Norveç dilini bilənlər NORLA nın rəsmi səhifəsini ziyarət edin.
  2. Anar Rəhimovu yaxından tanıyın.
  3. Anar Rəhimovun Norlanın kitabxanasındakı digər tərcümələri ilə burada tanış ola bilərsiniz.
  4. Anar Rəhimovun dünyaca məşhur ASYMPTOTE online jurnalındakı müsahibəsi ilə tanış ola bilərsiniz.