Bu günlərdə izlədiyim filmlərdən biri 2017-ci il istehsalı “Eski Sevgili” oldu. Baş rollarda Bade İşcil və Tolgahan Sayışmanı gördüyümüz bu romantik komediyanın rejissoru isə Emir Xəlilzadədir. 3 ildir çəkilməsinə baxmayaraq filmə təsadüfən internetdə gəzinərkən rast gəldim. Həm rəngarəng sevgilililər günü filmlərini sevən biri olduğum üçün, həm də Bade İşcili ilk dəfə bir filmdə izləmək şansım olacağı üçün dərhal siyahıma əlavə etdim. Əslində filmi çox bəyənəcəyimi düşünsəm və maraqla izləməyə başlasam da bir müddət sonra sıxıldığımı hiss etdim. Sonrasını isə sadəcə haqqında yazmaq, müəyyən fikir sahibi olmaq məqsədilə izlədim.
“Eski Sevgili” adından da göründüyü kimi gah küsüb, gah barışan nəhayət ayrılmağa qərar verən iki sevgilinin illər sonra qəribə təsadüflərlə qarşılaşması ilə başlayır. Hər iki tərəf özünə bir yol seçib və həyatına qaldığı yerdən davam edib. Ancaq qəlblərinin dərinliklərində gizlədiklərini sandıqları sevgi onları heç zaman tərk etməyib. Bunu ilk qarşılaşmada özlərinə etiraf edə bilməsələr də, xatirələr, şəkillər, deyilməyən sözlər onları təqib edir. Bir anda özləri də bilmədən bir macəranın içində olduqlarının fərqinə varırlar. Sonun onlar üçün yaxın olduğunu düşündükləri halda əslində sevginin daha qüvvətlə başlayacağı anın onları gözlədiyindən xəbərsizdirlər.
Gələk film haqqında düşüncələrimə... İzləmədən öncə haqqında düşündüyüm bütün müsbət cəhətlər məhv oldu bu ssenarisi ilə... İzləyiciyə çatdırılmaq istənilən fikir maraqlı olsa da, bu fikri dəstəkləyən səhnələrin bəsit qalması sevginin bütün sehrini qaçırır. Romantika və komediya vəhdət təşkil edə bilmir filmdə. Bir səhnədə romantiklik ön planda olsa da, digərində gülməli, uyğun olmayan səhnələr, hətta macəra da nəzərə çarpır. Komediya cəhətdən isə istənilən heç nəyi qarşılamır. Bade İşcil və Tolgahan Sayışman belə uğurlu cütlük deyildi mənə görə. Filmə yamaq kimi görünən səhnələr, sevgi hekayəsindən kənarda qalan obrazlarla mövzu uzadılmağa çalışılsa da, istənilən nəticəni verməyib. Aktyorların çoxu özünü isbat etmiş şəxslər olduqları halda, bu filmdə həvəskar kimi görünürlər.
Sadəcə rəngarəngliyini və xoşbəxt sonluğunu bəyəndiyim "Eski Sevgili" məndən ancaq 2 bal ala bildi.
Karantin günlərində bol kitab oxuyub, film izləyən və daha az şikayətlənənlərdən biri olaraq vaxtımı dəyərləndirdiyimi düşünürəm. Xüsusilə bu dönəm seçdiyim filmlər mənə çox şey qatdı. Onlardan biri də bu günədək izlədiyim ən möhtəşəm film - 7. Koğuştaki Mucize oldu. Göz yaşları, həyəcan amma sönməyən ümid qığılcımı ilə izlədim filmi. Haqqında bir dənə də olsun mənfi rəy eşitmədiyim bu film ilk fragmentini izlədiyim an həm mövzusu, həm də aktyorları ilə məni cəlb etməyi bacarmışdı. Baş rollarda Aras Bulut İynemli, Sarp Akkaya, İlker Aksum kimi sevdiyim isimlər var. Bir də izlərkən heyran qaldığım şipşirin bir uşaq aktrisa Nisa Sofiya Aksongur… Filmə “yıldız geçidi” desək yanılmarıq. Kiçik rollarda belə öz istedadını təsdiqləmiş oyuncuları görürük.
“7. Koğuştaki Mucize” böyük əməyin qarşılığı olaraq izləyicisindən də yüksək qiymət alan filmlərdəndir və 2019-cu ildə Türkiyədə ən çox izlənən film ünvanını alıb. Haqqında araşdırarkən tək təəccübləndiyim nüans Cənubi Koreya istehsalı eyniadlı filmdən ekrana uyğunlaşdırılması oldu. Türkiyə qanunlarına, adətlərinə, mühitinə o qədər uyğun çəkilib ki, səhnələr, xarici ssenari olduğuna şübhə yaranır insanda. Bunu da filmin digər bir uğuru kimi qələmə vermək olar.
Film bir zehni əngəlli atanın günahsız yerə yaşadıqları və ədalətin qələbəsinə son günə qədər inamı əsas tutularaq çəkilib. Kiçik qızını cəmiyyətin qınaqlarına, gülüş hədəfi olmağına reaksiya vermədən, daha doğrusu, verə bilmədən böyüdən bir ata – Memo. Həyatda ən sevdiyi varlıq, ən yaxın dostu, sirdaşı hətta həmyaşıdı olan qızı – Ova. Memo və Ovanın monoton həyatı gözlənilməz bir hadisə ilə dəyişir. Hərbi vəziyyət komandirinin qızı qayadan yıxılaraq həyata gözlərini yumur. Onu çaydan Memo çıxardır ancaq özü səbəbkar olaraq bilinir. Öz gücünün, ağlının kifayət etdiyi qədər izah etməyə çalışsa da, komandirin şübhəsi bir uşaq saflığı ilə çapalayan “günahkar”ın özünümüdafiəsindən daha dəyərli olur əmrinə tabe şəxslər üçün. Təbiət qoynunda, qoyun-quzunun əhatəsində, anası ilə qızının yanında keçən şən həyat Memo üçün polislərin fiziki işgəncəsi, qaranlıq, sonu görünməyən tunel – cəzaçəkmə müəssisəsi, onun kimi damğa vurulan “günahkarlar”la dolu zindan həyatı ilə əvəz olunur. Bütün bu yaşadığı ard-arda gələn hadisələr, işgəncələr belə onun saf uşaq ruhunu dəyişə, özünəxas məsumiyyətinə xələl gətirə bilmir. Yenə də insanları özü kimi bilir, türmədəki hər kəsin qəlbinin dərinliyinə basdırdığı o mərhəmət hissini oyadır və ciddi cəhdlə çalışmasa belə öz günahsızlığını bu dar çərçivədə sübuta yetirir. Qarşılıq gözləmədən göstərdiyi sevgi ilə özü də bilmədən öz möcüzəsini hazırlayır. Sonda ədalət, mərhəmət, vicdan və birlikdən doğan güc qalib gəlir.
Film ağlasığmaz dərəcədə mükəmməl çəkilib. Sanki bütün aktyorlar öz gündəlik həyatını yaşayırmış kimi oynayıb. O qədər unudulmaz, təsirli səhnələr var ki, izləyərkən nə qədər ağlamayacağam desə də insan, yaşlar xəbəri olmadan süzülür yanaqlarından.
“7. Koğuştaki Mucize” insanları geyiminə, statusuna, gücünə görə mühakimə edən hər kəsin üzünə dəyən bir şillə təsiri bağışlayır. "Zehni əngəllidir, hər şeyi edə bilər." düşüncəsi insanların beynindən silinsə, daha gözəl bir dünyanı paylaşmış olarıq. Filmdə ən çox təsir edən səhnələr - Memonun ümidsizcə dar ağacına baxıb "idam idam baba idam" dediyi halda, Ova qorxmasın deyə onun "İyi adam, baba iyi adam" demək istəyib yanlış ifadə etdiyini müəlliminin bildirməsi, komandirin Memonun günahsızlığını aşkar edən yeganə şahidi öldürməklə, qızını qaytara bilməyəcək bir atanın bütün kinini, nifrətini bir safın üzərinə yıxma istəyinin qabarıq ifadə olunması, həbsxanada divardakı kiçik qüsura durmadan baxıb xəyallara dalan bir kişinin dilindən balaca Ovanın anlaması oldu. Hər saniyənin, hər kadrın, hər sözün öz anlamı var idi bu filmdə. İllər keçsə də unudulmayacaq, təsirini itirməyəcək o filmlərdən oldu mənim üçün və illər sonra bir daha sevə-sevə izləmək istəyəcəyim bu film məndən 5 bal aldı.
Bu yaxınlarda izlədiyim bir neçə film barədə fikirlərimi paylaşmağa ilk olaraq ən son izlədiyim “Rüzgar” filmindən başlayım. Təsadüfən qarşıma çıxan bu film aktyorları ilə diqqətimi cəlb etdi. Filmi izləməyimdə Belçin Bilgin isminin olması böyük rol oynadı. Rüzgar 2018-ci ilin yanvarından izləyici ixtiyarına verilib. Baş rollarında Belçin Bilgindən əlavə Halil Sezai və son zamanların ən sevilən uşaq aktyorlardan Ata Berk Mutlunun olduğu bu film köhnə türk filmləri dadını hiss etdirir izləyərkən. Güclü bir layihə olmasa belə ailəlikcə uşaqlarla birlikdə izləməyin mümkün olduğu filmlər sırasındadır. Köhnə filmlərə xas zəif ssenari, iddiasız rejissor işi, bir-birinə uyğun olmayan bəzi səhnələr burada da qarşımıza çıxır. Ancaq güclü sosial mesaj verməsi onu tənqidlərdən bir az da olsa xilas edir. Filmdə bir şirkətdə çalışan və evlənmək yolunda irəliləyən Ece və Alper adlı cütlüyün yollarının küçələrdə oğurluq edən uşaqlarla necə kəsişməyindən bəhs olunur. Ürək problemi olan Ece uşaq sahibi olmağının həyati risk daşıdığını öyrəndiyi müddətdə Allah tərəfindən ona göndərilən Rüzgar adlı hədiyyəni – kiçik oğrunu sevə-sevə qəbul edir. Bu sayədə kiçik uşaqların əməyindən istifadə edən bir oğurluq qrupu ilə ciddi problemləri yaranan cütlük şantaja məruz qalır. Ancaq yollarından dönməyərək oğurluğa məcbur edilən bu kimsəsiz uşaqların hər birini xilas edib qəyyumluğa götürürlər.
Bəsit mövzulu bu filmdə bəzi səhnələr mənə təsir etsə də, ümumilikdə darıxdığımı etiraf etməliyəm. Ecenin anasından bəhs edərkən onunla eyni problemi yaşayan və doğuşda həyata gözlərini yuman bu qadın haqqında “Mən onun qədər cəsarətli deyiləm.” deməsi təsirli səhnələrdən biri idi. Biri uğrunda həyatını bilərək fəda etmək həqiqətən böyük cəsarət tələb edir. Bu cəsarət isə hər anaya xas bir şey deyil. Ancaq kimsəsiz uşaqlar üçün də bir ümid işığı olmaq az cəsarət tələb etmir deyə düşünürəm.
“Rüzgar” filmlərdən sosial mesaj xaricində canlı səhnələr, mükəmməl aktyorluq tələb edən biri kimi mənim üçün unudulmaz layihələr arasında yer ala bilmədi və sadəcə 2 bal aldı. Ancaq başqa bir işlə məşğul olarkən vaxtınızı boş keçirməmək üçün, ya da həftəsonu ailəliklə televizor qarşısına keçərkən izlənəbiləcək film kimi yaxşı seçim ola bilər.
Bu il izlədiyim ikinci film “Herşey Seninle Güzel” adlı türk filmi oldu. 2018-ci ildə izləyiciyə təqdim olunan bu romantik film ilk andan həm fraqmenti, həm də aktyor heyəti ilə diqqətimi cəlb etmişdi. Baş rollarında Mert Fırat, Burcu Biricik, Hazar Ergüçlü və İlker Aksumu gördüyümüz bu film 1997-ci il məhsulu olan “My Best Friend's Wedding” filminin türk versiyasıdır. Uyğunluğun dərəcəsini deyə bilməsəm də, filmdə istifadə olunan musiqilərin orijinaldan daha gözəl olduğunu etiraf etməliyəm.
Film barədə çox şey yazmaq istəyirəm. Son zamanlar film izləyərkən bu qədər əyləndiyimi xatırlamıram. Hətta mənim kimi Burcu Biriciki sevməyən biri bu qədər sevə bildisə filmi, digərlərini təsəvvür edə bilmirəm. ))) Bu filmin fraqmentini izləyərkən bu qədər bəyənəcəyimi düşünmürdüm. Ancaq ilk dəqiqələrdən aktyorların necə həvəslə işlərinin öhdəsindən gəlməyi, filmdə istifadə olunan sözlər, musiqilər hətta məkanlar belə zövqümcə oldu. Sona qədər həyəcan və əyləncə qarışıq duyğularla izlədim.
Mövzu barədə qısaca onu deyim ki, hər şey iki dostun – Deniz və Emre illər əvvəl bir-birinə verdiyi sözlə başlayır: 30 yaşımız olanda da subay olsaq, onda bir-birimizlə evlənərik. Artıq hər ikisinin 30 yaşı var və toy hazırlıqları görülür. Lakin bir-biri ilə deyil. 😀 Filmdə iki qadının sevgi uğrunda mübarizəsinə şahid oluruq. Bu mübarizədə hər şeyi tapa bilərsiniz: qısqanclığı, hiyləni, paxıllığı, intiqamı, sevgini və ən sonda isə mərhəməti. Denizin sevdiyi dostunu Melisadan ayırmaq, toya mane olmaq üçün sadəcə 5 günü var. Bunun üçün hər şeyi etməyə hazır olsa da, hesaba qatmadığı bir şey var – duyğuları qarşılıqlı deyil. Belə hiss etməsində Emrenin də rolu az deyil. Onun Denizə olan münasibəti nişanlısını belə narahat edir. Melisa da “düşmənini gərək göz önündə saxlayasan” deyərək Denizlə yaxınlıq edir, ancaq onun qurduğu planlardan hər zaman xəbərsiz olur. Beləcə ritmik şəkildə davam edən hekayəmiz necə sonlanır sizcə? Elbəttə ki, sevginin qələbəsi ilə. ❤❤
Filmdə ən təqdirəlayiq detal boş səhnələrlə vaxt öldürmədən tam mövzunu əhatə etməsi və izləyicini yormaması oldu. Rəngarəng yay filmi dadında olması, mövzusu, musiqiləri, aktyorları ilə zövqümü oxşadı “Herşey Seninle Güzel”. Xüsusilə də musiqiləri... Mert Fıratın səsinin də belə gözəl ola biləciyini düşünməmişdim doğrusu... Filmdə ən sevdiyim səhnələr karaoke, axşam yeməyi və Denizin dürüstlüyü ilə sevgisi arasında qalaraq nişanlıları ayırmağı planlayarkən barışdırması oldu...
Son zamanlar “Kuzgun” serialı ilə Burcu Biricik ona qarşı önyargı ilə yanaşdığımı hiss etdirdi mənə. Bu filmlə isə tam əmin oldum... Mən bu aktrisanı bu filmlə sevdim deyə bilərəm. O qədər səmimi, hiss edərək oynadı ki, hər duyğunu mimikaları ilə izləyənlərə mükəmməl əks etrirərək rolunun öhdəsindən layiqincə gəldi deyə bilərəm. İlker Aksumun da möhtəşəmliyini qeyd etməmək olmaz. Hər rolun haqqını verən bu aktyor ona yaraşmayan bu xarakterin yükünün altında belə istedadı ilə əzilmir, özündən rənglər qataraq filmin atmosferinə uyğun bir obraz yaradır mənə görə.
Film haqqında yazılanları araşdırarkən bəyənməyənlərin də çox olduğunun şahidi oldum. Ancaq obyektivlikdən uzaq tənqidlər məncə filmin sehrini pozmağa qadir ola bilməz. Romantik filmləri çox sevsəm də, bəyəndiklərim çox olmur. Ancaq “Herşey Seninle Güzel” hər detalı ilə bəyəndiyim filmlər arasında öz yerini alaraq 5 bal aldı məndən.
Bu ay izləmə fürsəti əldə etdiyim filmlərdən biri “Sonsuz Aşk” oldu. İki istedadlı aktyorun - Murat Yıldırım və Fahriye Evcenin bir arada olduğu bu film elə ilk dəfə fraqmentini izləyəndən diqqətimi cəlb etmişdi. Murat Yıldırımın “Suskunlar” serialı ilə özünü isbat etdiyini desəm yerinə düşər. Elə mən də o serialdan sonra onun aktyorluğuna heyran olmuşdum. (Hal-hazırda aparıcısı olduğu “Kim Milyoner Olmak İster” programında da öz intellektual səviyyəsi, diksiyası və hər yarışçıya uyğun münasibət göstərməsi ilə izləyici rəğbəti qazana bilib.) Fahriye Evcen isə elə də sevdiyim isimlərdən olmasa belə, son zamanlar rol aldığı bir neçə filmi ilə xoşuma gəlməyə başlayıb.
Film barədə fikirlərimə keçsək, “Sonsuz Aşk” “Hər günü həyatınızın son günü imiş kimi dolu-dolu yaşayın!” fikri üzərində qurulub.
Qəhrəmanlarımız – beyin cərrahı, gənc yaşda böyük uğurlar əldə etmiş, həyatı sadəcə işi olaraq görən, insanların geri qazandıqları sağlamlıqları üçün minnət duyduğu tanınmış professor həkim Can və yaşama gücünü bacısından alan, həyatını, gəncliyini onun oxuyub öz ayaqları üzərində durmağı üçün fəda edən, qazancını evləri təmizləyərək təmin edən Zeynep. Bu iki gənc bir-birindən uzaq dünyalara sahib olsa da, sürprizlərlə dolu həyat onların yolunu maraqlı bir hadisə ilə kəsişdirir. Onlar öz həyatlarına davam edərkən zamanla yaranan fərqinə varmadıqları boşluğu dolduracaq insanın bir-biri olduqlarından xəbərsiz bir oyuna baş qoşurlar. Can qızların ona olan həddindən artıq marağını, diqqətini özündən uzaqlaşdırmaq üçün çətin vəziyyətdə olan Zeynepə kömək edəcəyini vəd edərək ondan bir gecə dəvətində sevgilisi rolunu oynamağı xahiş edir. Və hər şey elə bu gecədən başlayır. Bir günə nələrin dəyişə biləciyinə şahid oluruq: bir günə insanları tanıya bilərik, sabah yoxmuş kimi davrana bilərik, Allahın bizə bəxş etdikləri üçün şükürlər edə bilərik, hətta aşiq belə ola bilər, bizi tamamlayan o insanı tapa bilərik.
Filmin əvvəlində hadisələr çox gözəl və dinamik davam edir. Əsas da ada səfəri, əvəzsiz mənzərəli güşələr, danışan gözlər, duyğuları aşkar edən baxışlar və s... Hər şey belə gözəl başlasa da əvvəldən "indi filmin adının haqqını verəcək nəsə baş verəcək" qorxusu ilə izlədim “Sonsuz Aşk”ı. Və nəhayət o an gecikmir. Hər bir xəstəsi üçün yeni yollar fikirləşən, əməliyyatlarında soyuqqanlı, özündənəmin olan Can ən çətin qərar, ən riskli əməliyyatı ilə üz-üzə qalır. İşi üçün öz şəxsi həyatını, maraqlarını, əyləncələrini ərtələyən bu adamı “həyata döndürən” Zeynep üçün eyni şeyi Can edə biləcəkmi? Bəzən özümüzü tanımaq üçün bizi kənardan dəyərləndirən birinin sözlərinə qulaq asmaq daha məqsədəuyğun gəlir. Başımızı aşağı salıb yolumuza davam edərkən həyatda nələri itirdiyimizi, hansı anları fəda etdiyimizi, hisslərimizlə dolu-dolu yaşamaq varkən monoton yaşamı seçdiyimizi anlamaq üçün bizi tanımadan müşahidə edən birinın sözləri bizim üçün dərs mahiyyətində ola bilir.
Filmin sonu üçün çox ümidli idim, yəqin pozitivliyim tutmuşdu həmin an. Ancaq qaçınılmaz son məni göz yaşlarına boğdu. Adətən türk filmlərində sonluğu bəyənməsəm də, “Sonsuz Aşk”da son səhnə filmdə cərəyan edən hadisələrlə elə əlaqəli qurulmuşdu zövqümü oxşadı. Ümumilikdə film çox da güclü olmasa da, aktyor işi, bəzi səhnə və dialoqlar və musiqi seçimi onu daha baxımlı edib. Ən sevdiyim səhnələrdən Zeynepin bacısı ilə söhbəti, Sezen Aksu şahəsərlərindən birinin müşayiəti ilə olan ada səfəri, əməliyyatda Canın izləyiciyə ötürdüyü duyğu seli mənə daha çox təsir etdi. Dram izləməyi sevən biri kimi bu film mənim üçün unudulmaz olmasa belə, ona sərf etdiyim vaxtımı dəyərli sayıram. Bu səbəbdən “Sonsuz Aşk” məndən 4 bal alır.
İstanbul Kırmızısı… Bu ad səslənincə ağlıma elə dərin mənalar gəlirdi. Bir filmdən daha çox şeyi ifadə edir bu iki söz… Hələ bir də filmin aktyor heyəti ilə tanış olduqdan sonra düşündüm ki, bu adla və əlavə olaraq belə böyük isimlərlə yəqin ki, məni bir şahəsər gözləyir… Böyük gözləntilərlə izlədiyim bu film mənim üçün tam bir fiasko oldu. Heç vaxt təsəvvürümə gətirməzdim ki, bu böyük dördlünün - Halit Ergenç, Nejat İşler, Tuba Büyüküstün və Mehmet Günsürün bir arada olduğu film bu qədər qarmaqarışıq və gözlənilənin altında ola bilər.
“İstanbul Kırmızısı” məşhur rejissor Ferzan Özpetekin ilk türk filmi olaraq tarixə keçib və onun eyniadlı kitabı əsasında sinemaya uyğunlaşdırılıb. İlk olaraq italyan dilində ssenarini yazan və sonra yardım alaraq türkcəyə tərcümə edən rejissor obrazlardan biri üçün xarici aktyorlara müraciət etsə də, rədd cavabı aldıqdan sonra bütün heyətin türk olacağına qərar verib. Beləliklə, İstanbulun bütün möhtəşəmliyinə şahid olduğumuz bu film 2017-ci ildə çəkilərək səbrsizliklə gözləyənlərə təhvil verilib. Filmdə 4 əsas obraz ön plana çəkilir: Orhan – Halit Ergenç, Deniz – Nejat İşler, Neval – Tuba Büyüküstün və Yusuf – Mehmet Günsür. Hər biri istedadını isbat etmiş tanınmış aktyorlardır. Bu film üçün də oyunculuqları ilə əllərindən gələni ediblər. Bir də ikinci dərəcəli obrazlardan Orhanın bacısı – Zerrin Tekindor var ki, onun da istedadını gözardı etmək haqsızlıq olar.
Mövzuya gəldikdə kitab yazan Deniz yaxın dostu yazıçı və redaktor olan Orhanı Londondan Türkiyəyə çağırır. Öz kitabını redaktə üçün ona həvalə edən Dəniz obrazlarla real həyatda qarşılaşdıqda Orhanın alacağı üz ifadəsini görmək istəyir. Orhan darıxdığı ölkəsinə ayaq basaraq qarışıq bir həyatın içinə düşür. Guya real həyatda sahib olduğu dostlarını qələmə alan Denizin özünün qəribə duyğular içərisində olduğunu, xəyalların onu öz dünyasına qərq etdiyini görür. Kitabdakı obrazlarla qarşılaşdıqca isə Orhan hər şeyi beynində götür-qoy edir. O, artıq bir oxucu kimi bütün bu qəhrəmanları tanıyır. Lakin birdən-birə Denizin yoxa çıxması hər şeyi daha da qarışıq hala salır. Kitabda intihar edən Yusufla qarşılaşan Orhan ondan şübhələnsə də, ortaya çıxan sirrlər nəticəsində bu hadisədə kimin günahkar olduğuna hələ də qərar verə bilmir. İlk baxışda aşiq olduğu qadının evli olduğunu öyrəndikdən sonra isə duyğuları tamamilə qarışır. Neçə ildir ara verdiyi məşğuliyyətinə yazmağa yenidən başlayır… Və artıq dostunun kitabını tamamlamış kimi görürük onu… İstədiyi kimi obrazlarla oynayan Orhan sonda isə elə ən güclü hesab etdiyi obrazın - Yusufun “insana mükəmməl bir duyğu bəxş edir” deməsi ilə İstanbul boğazını üzərək keçmək üçün suyun qoynuna atılır.
Bu qədər qarışıq hadisələrin içində sonda “Mən nə izlədim?” deyə bir sual yarandı məndə. Hətta bu qədər sual altında qalan məqam varkən filmin bitməsinə belə inana bilmədim. Aktyorluq yüksək səviyyədə olsa da, ssenari çox zəif gəldi mənə. Filmdə nə isə anladılmaq istəyib, ancaq hər şeydən bir az var, heç nə tamamlanmır. Əslində film gözəl başlamışdı, obrazlar kitabda və real həyatda fərqləndirilərək davam edə bilərdi. Bir yazarın əsərində insanlarla – obrazlarla istədiyi kimi oynadığı izləyiciyə çatdırıla bilərdi.
Filmdə sevdiyim fikirlərdən bəhs etməli olsam ilk olaraq bunu qeyd etməliyəm:“Hem yazarlar kitaplarındakı karakterlerde bir az kendilerini anlatırlar…” Bu cümlə ilə Denizin qarışıq həyatının obrazlara da təsir etdiyini hiss etmək olar. Digər bir fikir isə: “Kötü alışkanlıkları olmayanlara asla güvenmem.” Bu fikri çox sevdim, məncə də hər ideal görünən insan içində mütləq nəyisə gizlədir. Sirli görünün insanlara isə güvənmək qeyri-mümkün olur. Kartlarını açıq oynamayan birinə necə əlinizdəkini göstərə bilərsiniz?
Həmçinin : “ – Bence, bu şehir beni bir az sevimsiz buluyor.
– İstanbul tam bir sürtükdür, hiç kimseyi geri çevirmez.” Bənzətmə qəribə olsa da, mükəmməldir deməliyəm. İstanbul bu qədər insana qucaq açır, hər gün minlərlə insan bu ölkədə qonaq olur. Bu gözəl şəhər isə hər kəsin qarşısında bütün gözəlliyi ilə, əzəməti ilə dimdik dayanır.
Keçək mənim üçün qaranlıq qalan məqamlara və anlam verə bilmədiklərimə…
2 saata yaxın davam edən filmdə o qədər hadisələr bir-birini əvəz edə bilərdi ki, əksinə ikinci dərəcəli məqamlara yer verilərək filmin tempi aşağı salınıb. Məşhur Hekimbaşı yalısında – Denizin evində çəkilən bir çox gərəksiz səhnə var idi deyə düşünürəm: Qulluqçunun özəl həyatının ön plana çəkilməsi, Denizin xalalarının şit zarafatları… Sonra aktyorların sözlərdən daha çox mimikalarının, jestlərinin üzərinə böyük yük düşürdü… O qədər lazımsız cümlələr var idi ki, səhnələrdə, bəzən aktyorların durğun baxışları gözümə çarpırdı. Onlar əllərindən gələni edirdi, sadəcə bu zəif ssenarini xilas edə bilmirdilər. Məsələn, Nevalin evli olduğunu sona ana qədər gizləməsi, Orhanın Nevala olan sevgisini onun ərinə etiraf etməsi və Nevalin həyat yoldaşının “müasirliyinin pik nöqtəsi”. :))) Sona qədər Denizin anidən yoxa çıxmağını necə açıqlayacaqlar deyə düşündüm. Hətta bir an bəlkə də sözügedən kitabı Orhan yazıb, Deniz də sadəcə onun qəhrəmanlarından biridirmi deyə özümə sual da verdim. Ancaq film heç belə bir səhnə olmayıbmış kimi bitdi. (( Və və Yusuf… Ən güclü obraz… Denizlə yaxın dostluqdan sevgi macerasına çevrilən bir münasibət… Heç olmasa insanın tipindən nə isə sezilməli idi. Bu da ssenarini uzatmaq xatirinə edilən yamaqlardan birinə bənzəyirdi. Həmçinin, Yusufun müəmmalı ölümü… Səhnələr bir-birini əvəz edərkən mənmi yuxuluyam, yoxsa bəzi səhnələri unudub filmə əlavə etməyiblərmi deyə tərəddüdə düşdüm.
Dayanın hələ bu son deyil. Hələ ən son səhnəmiz var: Orhanın Yusufun bir sözünü düşünərək İstanbul boğazının sularına tullanmağı… Bir film ancaq bu qədər mənasız bitə bilərdi. “Yaxşı, müasir cərəyanı izləyib sonluğu izləyicinin öhdəsinə buraxmaq istəyib bəlkə Ferzan Özpetek” deyə ən pozitiv duyğularımla yanaşıram filmə. Təkcə sonluq olsa nə isə, ancaq bütün filmin izahını da izləyiciyə həvalə etmək gülməlidir. Filmdə Orhanı bu ölkədən didərgin salan səbəb və Denizin psixoloji pozuntuları qəzet materialları sayəsində çatdırılır bizə ancaq yənə də hadisələr natamam qalır. Bundan əlavə filmin təriflənin musiqisi də mənim zövqümə xitab etmədi.
“İstanbul Kırmızısı”na verəcəyim bala gəldikdə sadəcə möhtəşəm aktyor işini və insanı valeh edən İstanbul mənzələrini nəzərə alaraq sadəcə 2 bal verə bilirəm. Elə bu il İstanbula səfər etmiş biri olaraq film məni yenidən bu möhtəşəm şəhərə uçurdu. Dünyanın ən gözəl şəhərinə… İstanbulun qırmızımtıl rənginə… İstanbul Kırmızısına.....
Artıq 4 il olmuşdu ki, sevimli aktyorumdan yeni bir film seyr etmirdim. Bu səbəbdən internetdə axtarış edərkən ilk öncə Topher Grace filmoqrafiyasını nəzərdən keçirdim və izləyəcəyim filmlər siyahısını müəyyənləşdirməyə başladım. İlk seçimim 2016-ci il istehsalı “Opening Night” oldu.
“Opening Night”ın premyerası 2016-cı ildə Los Angeles Film Festivalında olsa da, film 1 il sonra izləyici qarşısına çıxarılıb. Filmdə keçmiş Broadway müğənnisinin ilk musiqili tamaşasında uğursuzluqla qarşılaşdıqdan sonra həyatına istehsalat meneceri kimi davam etməsindən bəhs olunur. Hal-hazırda onun öhdəsində oxumaqdan daha məsuliyyətli bir iş var. Musiqili tamaşanın idarə edicisi olaraq səhnə arxasında fərqli xarakterli aktyor-müğənnilər arasında yarana biləcək hər bir qarışıqlığı aradan qaldırmalı, baş verə biləcək bütün tərslikləri dəf etməli və tamaşanın ən yüksək səviyyədə izləyici qarşısına çıxarılmasına cavabdeh olmalıdır. Ancaq pərdə arxasında heç də hər şey səhnədəki kimi qüsursuz görünmür. Tam bir dəlixana demək olar. Özünü dünya ulduzu sayanlar, cinsi azlıqlar, qadın düşkünü müğənnilər, hər kiçik şeyi problemə çevirən iştirakçılar və tamaşanın ilk gecəsindən mükəmməllik tələb edən direktor...
Əslində musiqi janrında olan filmləri sevsəm də, bu film heç mənə xitab etmədi. Sadəcə Topher Grace aktyorluğunu sona qədər izləmək üçün dözdüm. Filmdəki sinxron rəqslər musiqi hissəsinə görə daha çox xoşuma gəldi. Geridə qalan dialoqlar isə məlum +18 mövzuya həsr olunmuşdu. O qədər mənasız detallar var idi ki, musiqili tamaşanın sehrini qaçırırdı.
Filmdə ən bəyəndiyim səhnə elə son səhnə oldu. Sevdiyi qızın və yaxın dostunun təkidi ilə, qorxusu ilə üzləşən Nick - musiqili tamaşanı idarə edən baş qəhrəmanımız öz öhdəliyini, ssenarini diqqətə almadan səhnəyə çıxır və möhtəşəm ifası ilə izləyiciləri heyran edir. Alqışların müşayiəti ilə musiqili tamaşanın ilk gecəsi uğurla tamamlanır. Bu arada son səhnə ilə sevimli aktyorumun səsinin də gözəlliyi isbat olunur. Zatən bir filmi tək başına maraqlı etmək istedad deməkdir.
Film sevgi, ehtiras, qısqanclıq, kin, tanınmaq arzusu, səhnə bağlılığı, səhnə qorxusu, peşmanlıq və bir çox mücərrəd anlayışı özündə ehtiva edir. Sevərək izlədiyimiz tamaşaların nə əziyyət bahasına başa gəldiyini, səhnə dünyasının kənardan göründüyü kimi parlaq, bəzəkli olmadığını gözlər önünə sərir. Topher Grace aktyorluğu və bəzi rəqslər xaricində filmdə bəyəndiyim bir şey olmadığı üçün “Opening Night” məndən sadəcə iki bal ala bildi.