05 August, 2020

Ferenc Molnar – Pal Sokağı Çocukları

         2020-ci il mütaliəmin ən sevimlilərindən biri haqqında fikirlərimi paylaşım... Bu dəfəki kitab Macar ədəbiyyatı ilə ilk tanışlığıma vəsilə olan dünyaca məşhur hekayə Ferenc Molnardan “Pal Sokağı Çocukları“ oldu. Əslində uşaqların oxuması mütləq olan kitablar siyahısında ön sıralardan birini tutsa da bu maraqlı əsər mənə indi oxumaq qismət oldu. İlk səhifələrdən insanı özünə bağlama gücünə malik kitab oxucunu xatirələr dünyasına səyahətə çıxarır. Düşünmürəm ki, mütaliə zamanı öz uşaqlıq illərini, oyunlarını, parta arxasında keçən saatlarını xatırlamamış kimsə olar.
        Müəllif - Ferenc Molnar Macarıstanda şair, yazıçı, dramaturq, hətta jurnalist kimi tanınmış olsa da, ona dünya şöhrəti qazandıran “Pal Sokağı Çocukları“ əsəri olub. İlk nəşri 1906-cı ilə təsadüf edən kitab türk dilində müxtəlif illərdə bir çox nəşriyyatlar tərəfindən oxucuya təqdim olunmuşdur. Azərbaycanda isə 2011-ci ildə Ozan nəşriyyatından Ramil Səfərovun tərcüməsində işıq üzü görmüşdür.
       “Pal Sokağı Çocukları“ Budapeştin məşhur küçələrindən birində həyat sürən varlı və yoxsul uşaqların gündəlik yaşam tərzini, məktəb həyatını, oyunlarını, qayğılarını oxucuya elə təsirli sətirlərlə çatdırır ki, uzaq ölkədən bəhs etməsinə baxmayaraq insan özündə müəyyən oxşarlıqlar aşkar edir bu uşaqlarla tanış olarkən. Zahirən iki uşaq qrupunun – “Pak Sokağı Çocukları” və “Kırmızıgömlekliler” – mübarizəsi kimi görünsə də, bu kiçik səmtdə baş verən hər şey hal-hazırda dünyada aktuallığını itirməyən mübarizədir.
         Uşaqların dərsdə təsviri, tənəffüsü səbrsizliklə gözləməsi, kağızla mesajlaşması, kiçik qruplaşmalar – hər detal ilə doğma sətirlər idi mənim üçün. Xüsusilə yazıçının şagirdlərin məktəbdən çıxışını canlandırdığı “Sanki hepsi de özgürlüklerine kavuşan küçük tutsaklardı.” cümləsi məktəb illərimə geri qaytardı məni. Eləcə də onların evə gedərkən söhbətləri, sabahkı dərslərin müzakirəsi, oyun üçün xüsusi yer axtarışları və s. uşaqlıq xatirələrimizin bir parçası kimi öz əksini tapır kitabda.
          Hekayə eyni məhəlləni paylaşan uşaqların “Pal Sokağı çocukları”nın oyun oynamaq üçün odun yığınları olan bir tikilini özləri üçün meydança seçməsini və ona öz doğma vətənləri kimi bağlılığını qabarıq şəkildə oxucuya çatdırır. Əsas hadisələr onlardan həm yaşca böyük olan, həm də maddi imkanı daha yaxşı olan “Kırmızıgömlekliler”in özlərini daha “güclü və üstün” sayaraq bu saf uşaqların oyun meydançasına əl qoymaq planları ilə başlayır. İlk səhifələrdə əllərindən oyuncaqları alınan uşaqlar necə miskin, qorxaq, çəkingən görünürdülərsə, söhbət onların “vətən”ini zəbt etməyə gəldiyi zaman hər biri tarixi şəxsiyyətlərə bənzər döyüşçülərə, qorxmaz, igid əsgərlərə çevrildilər. Bu iki qrupun gizli planları, döyüş strategiyası, vəzifə bölgüsü sanki bir döyüş filmi izləyirmişəm kimi təsir oyatdı məndə oxuyarkən. Öz aralarında qruplaşan uşaqların eyni məqsəd uğrunda mübarizə zamanı necə tək yumruq olması, başçının qərarlarına tərəddüdsüz riayət etmələri, üzərilərinə düşən vəzifələri canla-başla yerinə yetirmələri yazıçının dərslik mahiyyətində bir bədii əsər yaratmaq bacarığından xəbər verir.
          Əsərdə diqqətimi çəkən məqamlardan biri uşaqların öz aralarında rütbələr təyin etməsi və “müharibə”yə hazırlaşarkən tam da reallığa uyğun döyüş planı hazırlaması oldu. Yazıçının bəhs etdiyi mövzuya bu qədər hakim olması məni heyran etmişdi. İnternetdə araşdırarkən Ferenc Molnarın müharibə illərində jurnalist kimi fəaliyyət göstərdiyi mənim üçün hər şeyi aydınlığa qovuşduran fakt oldu. Yazarın kitabın başlangıc və son bölümlərindəki müqayisələri könlümü oxşadı. Hər bir obraz bir dərs mahiyyəti daşıyırdı mənə görə. Öz dostlarına xəyanət edən, düşmən qrupda olduğu zaman dostlarının dəyərini anlayan Gereyb, casusa nifrət etdikləri halda, “hər kəsin ikinci bir şansa ehtiyacı vardır.” deyib dostluqlarını bir daha sınaqdan keçirən Bika, Nemeçek, Çonakoş, dostluqları bitsə belə yene də Gereybi valideyni qarşısında pis vəziyyətdə qoymayan Nemeçek, düşmən qrupun başçısı olsa da obyektiv vuruşan və qəlbindəki o mərhəmətli uşağı itirməyən Feri Atş və mənə görə ən təsirli ən güclü obraz – oğlunun öləcəyini bilsə də əlindəki işə oğlunun dəfn xərclərini qarşılamaq üçün ara vermədən davam edən Nemeçekin atası... Hər xarakter özünəməxsusluğu ilə yaddaşımda iz qoydu. İlk səhifələrdə xatirələr burulğanı, hadisələrin gedişatında əsəb, həyəcan, nifrət, fəxr, heyranlığın vəhdəti qarışıq duyğular, son səhifələrdə isə göz yaşlarıma hakim ola bilməmək... 


        Hər kəsin qəlbində özünəməxsus yeri olan bu kitab fərqli incəsənət növlərində də ölümsüzləşdirilmişdir. Səyahəti sevən hər kəsin mütləq baş çəkdiyi Budapeşt küçələrindən birini bu qəhrəman uşaqların heykəlləri bəzəyir. Eləcə də filmi də hal-hazırda belə kiçik-böyük - hər kəs tərəfindən maraqla izlənir. Təkcə uşaqlar üçün deyil, gənc oxucular üçün belə tərbiyəvi əhəmiyyətə malik bu kitab hələ uzun müddət təsirində qalacağım şahəsərlərdən biri kimi məndən 5 bal aldı.

27 June, 2020

Agatha Christie - Noel Kekinin Gizemi


       2020-ci ilin növbəti kitabı detektivin ustalarından sayılan Agatha Christie imzalı “Noel Kekinin Gizemi” oldu. Kitab ilk olaraq 1960-cı ildə İngiltərədə “The Adventure of the Christmas Pudding and a Selection of Entrées” adı ilə nəşr olunub. Türkiyədə isə 2010-cu ildə Altın Kitaplar nəşriyyatında işıq üzü görüb.
        Detektiv əsərlərin qadın qələminə də gözəl yaraşdığını dünyada milyonlarla insanın sevərək oxuduğu əsərlərlə isbat edən yazıçı ədəbiyyata erkən yaşlardan gəlmişdir. Mary Westmacott adı ilə arada sevgi romanları yazsa da, Agatha deyildiyi zaman ağla gələn ilk şey Hercule Poirotdur. Bu mükəmməl yazarla ilk tanışlığım 2014-cü ildə Mavi Trenin Esrarı audiokitabı vasitəsilə olmuşdur. Detektiv əsərləri ard-arda oxumağı sevməyən biri olaraq 6 illik uzun aradan sonra yenidən seçimim bu yazıçı oldu.
        Qısa müddətdə oxuyub bitirdiyim kitab bir-birindən maraqlı, həyəcanlı 6 hekayədən ibarətdir. Bu kitabdakı qəhrəmanımız Hercule Poirotdur. Onun ağlına, hazırcavablığına, hər kəsə uyğun davranış tərzinə heyran olacağınız hekayələr haqqında qısa fikirlərim:
  •        Noel Kekinin Gizemi – kitabın ilk hekayəsi... Yeni ilin o əvəzsiz duyğusunu, bəzəkli evləri, həyətdəki qarla evdəki ocağın istisinin adamı bihuş edən təzadını, isti ailə atmosferini hiss edə biləcəyimiz bir hekayə. Dəyərli bir qaşın izinə düşən Hercule Poirot psixologiyanı və öngörmə qabiliyyətini işə salaraq asanlıqla məsələni həll edir.
  • İkinci Gong - ən tez bitən hekayə… Maraqlı yanaşma tərzi ilə intihar kimi görünən məsələni kiçik detallarla elə izah edir ki, Belçikalı detektivə heyran qalmamaq mümkün deyil.
  • Şamar Oğlanı - ən maraqlı hekayə… Sadəcə bir sual var: İzlərin günahkar göstərdiyi qatiləmi inanaq, yoxsa altıncı hissimizə? Bəzən izlər də bizi yanılda bilər. Hər kəs qatil ola bilər bu bolobrazlı hekayədə. İncə düşünülmüş bir qətl hadisəsini detevtivin hər kəsi gərgin vəziyyətdə saxlayıb vaxt udaraq həll etməsi məni valeh etdi.
  • Yirmi Dört Karakuş – ən az bəyəndiyim hekayə... Bəlkə də məsələ həm tez açıldığı, həm də qatilin oxucu tərəfindən asanlıqla tapıla biləcəyi bir hekayə olduğu üçün zövqümə uyğun olmadı. Ancaq burada vurğulanan psixoloji məqamlar insanı müxtəlif situasiyalarda necə davrana biləcəyini düşünməyə vadar edir.
  • Düş - ən sevdiklərimdən oldu... O qədər maraqla davam edir ki, hekayə, bir anda bitir. Amma sona yaxın oxucu üçün cinayətkarı müəyyənləşdirmək mümkün olsa da, bunu necə izah edəcəyini bilmək qeyri-mümkün olur. Ən maraqlı qurulmuş detevtik hekayələrdən biri kimi əsla unuda bilməyəcəyəm.
  • Sarı Süsen – bu da sadə,asan tapılan hekayə oldu mənim üçün. Zaten bir az psixologiyadan başınız çıxırsa yersiz hərəkət, fəallıq, səmimiyyətlə qatili asanlıqla tapa bilərsiniz 5 obraz arasında.
Nə zaman başlayıb, nə zaman bitirdiyimin fərqinə belə varmadığım bu hekayələr karantin günlərində vaxtımı dəyərləndirməyimə kömək oldu. Hər hekayədə həyəcanla cinayətkarı detektivimizdən əvvəl tapa bilərəmmi deyə maraqla oxuduğum bu kitab məndən 4 bal aldı. Bu dəfə Agatha Christie yaradıcılığa uzun ara verməyəcəyimdəm əminəm.    


11 June, 2020

İda Yessen - Doktor Baggenin Əhvalatı


         Bu il oxuma sürəti bir qədər zəif, kitab seçimi isə daha fərqli biri olduğumu hiss edirəm. İndiyədək müraciət etmədiyim yazarlar və mövzular əhatə edəcək blogumu deyə ön proqnoz verə bilərəm. Amma 2020-ci il üçün ilk kitab rəyim keçən ilin bu günlərində tanış olduğum İda Yessendən növbəti seçimim – “Doktor Baggenin Əhvalatı” kitabı haqqında olacaq. Bu kitab “Yeni Çağlar” kitabının davamı olaraq qələmə alınmışdır. Sadəcə ilk kitabda qadının duyğuları, yaşadıqları ön planda idisə, indi onun həyat yoldaşını daha yaxından tanımaq şansı əldə edirik.
         “Doktor Baggenin Əhvalatı” İda Yessen imzasını daşıyaraq 2017-ci ildə oxucuya Lilly və Viqand Bagge cütlüyünün həyatlarının davam hekayəsi kimi təqdim olunub. Azərbaycanda isə Anar Rəhimovun orijinaldan tərcüməsində sadəcə 1 il sonra 2018-ci ildə Alatoran nəşriyyatında işıq üzü görərək oxucuların ixtiyarına verilib. “Yeni Çağlar” kitabı Viqandın ölümü ilə başlayıb həyat yoldaşının ayaqda durmaq mübarizəsindən bəhs edirdisə, ikinci hissə bir qədər geriyə gedərək Vigandın daxili aləmini gözlərimiz qarşısında açır. Məndə oxuyarkən elə bir hiss yarandı ki, bəlkə bu ilk kitab olmalı imiş və ya bunu bitirdikdən sonra bir daha Lillynin gündəliyini nəzərdən keçirib orada həyat yoldaşı ilə bağlı qaranlıq qalan duyğularına bir cavab tapa bilim. Qeyd etməliyəm ki, ikinci hissə axıcılığı, duyğu ötürücülüyü, bədiiliyi ilə heç də “Yeni Çağlar”dan geri qalmır. İlk hissədən bizə quru, soyuqqanlı, arvadına qarşı laqeyd biri kimi xatırladığımız Viqandın burada fərqli keyfiyyətlərini aşkar edirik. 
        Hər şey Viqanda Danimarka Həkimlər Birliyindən gələn bir təkliflə başlayır. Ona həkimin bir günü barədə qeydlər yazmaq təklif edilir. Xarakterinə uyğun olaraq əvvəlcə tərəddüd etsə də, yazının onun üçün ancaq resept yazmaqdan ibarət olduğunu düşünsə də, sonra cızmaqara etməyə qərar verir. Beləliklə ikinci macəramız başlayır...
       20-ci əsrin ilk illərində Thyregodda bölgə həkimi kimi çalışan Vigandın həyat hekəyəsini özünə xas yığcamlıqla öyrənirik. Duyğularını göstərə bilməyən qəhrəmanımızın yazarkən də bu xüsusiyyətinə görə əzab çəkdiyini görürük. Atasına vurğun olan yeganə övlad onu erkən yaşlarında itirdikdə təbii olaraq onun hər şeyini mənimsəməyə, onun kimi olmağa, xatirəsini davam etdirməyə çalışır. Anası ilə münasibətindəki qəribə uçurum, atasını isə ideallaşdırması Viqandın bugünki kimi formalaşmasında mühüm rol oynayıb. Hər kəslə məsafəli olmaq, bütün fırtınalı və sakit duyğuları sadəcə öz daxilində yaşamaq, kənardan necə göründüyünə əhəmiyyət vermədən məntiqinin səsinə qulaq asmaq ona atasından qalan mirasdır. Uşaqlıq illərinin atasına heyranlıqla, gənclik illərinin isə daim oxuyaraq, sənətinə vurğunluqla keçdiyini görürük. Qəhrəmanımız ailədə, digər insanlarla münasibətdə necə soyuq görünürsə, xəstələrinə qarşı necə tolerant, həvəsli, yardımsevər olduğu sətirlər bir-birini əvəzlədikcə aydın sezilir. O dövr kiçik bir əyalətdəki xəstəxana şəraitindən, tüğyan edən yolucuxu xəstəliklərdən, illər ötdükçə elmə gətirilən yeniliklərdən, bir çox hallarda türkəçarə müalicə metodlarının həkim resptlərinə qalib gədiyinə inanılan bir cəmiyyətdən, insanların tabu sayılan mövzulara baxışından da ara-ara söz açan yazar Viqandın anlatması ilə oxucu üçün həmin dövr Danimarkasının kiçik bir mənzərəsini bədii təsvir edir.
      Bütün bunlar fonunda Viqand və Lillynin ailə daxili münaqişələrinin səbəbinin təkcə yaş fərqi ilə məhdudlaşmadığını da görürük, qapalı biri ilə yaşamağın hər şeyi paylaşmağı sevən bir qadın üçün necə çətin olduğu, böyük məsuliyyət kimi görünən uşaq məsələsinə illər sonra yenidən qayıdılarkən artıq gec olduğunun anlaşılması, iki fərqli xarakterin bir evi paylaşsa belə, fərqli dünyası, dünyagörüşü bu münaqişələr üçün qığılcım rolunu oynayan detallardır. Əslində dərinə getdikdə onlar arasında sevgi əskikliyindən söhbət gedə bilməz, sadəcə Viqandın sakit təbiəti, gündəlik qayğıları, özünəməxsus çətin xarakteri, həyatının başında kariyerasını ərinə fəda edən dolu-dolu yaşamağı sevən bir gənc müəlliminrəngarəng daxili aləmi ilə uzlaşmır. Amma yenə də son ana qədər qayğı, hörmət çərçivəsində davam etdirilən münasibət də bir alqışa layiqdir deyə düşünürəm. 
       “Doktor Baggenin Əhvalatı” öləcəyini bilən, getdikcə daha ağırlaşsa da, bunu arvadından son ana qədər gizlədib həyatını heç nə baş verməyəcəkmiş kimi yaşayan, həkimliyin mənasını tam anlamı ilə dolduran – son günlərini belə imkansız xəstələrə yardım edərək keçirən bir qəhrəmanın həyatından qeydləri ehtiva edir. Bəzən hirslənsək, bəzən haqq verməsək də, ən azından ilk kitabdakı qəzəbimizin bir qədər solduğu, anlamağa çalışdığımız güclü bir insan olan Viqandın həyatının son sətirləri... Bir həkimin gününü təsvir etmək məqsədilə başlayan yolculuq kitabın sonunda da qeyd edildiyi kimi məqsədini aşsa da, ancaq İda Yessenin oxucuya ötürmək istədiyi mesajı mükəmməl bir şəkildə daşıya bildiyini etiraf etməliyəm.
       “Yeni Çağlar” və “Doktor Baggenin Əhvalatı” İda Yessenin səmimi yazı tərzi ilə, Danimarka ədəbiyyatı ilə tanış olmaq istəyən hər kəsə məsləhət görə biləciyim iki kitab oldu.  Beləliklə kitabı – bir tarixi romanı, bir ailə hekayəsini, maraqlı iki həyatı qarışıq duyğularla bağlayıb rəfimə qoyarkən qadın olmasına baxmayaraq kişilərin də daxili aləmini detallarla oxucuya çatdırmağın öhdəsindən layiqincə gələn bir yazarla - İda Yessenlə tanış olduğum üçün sevinirəm.
“Doktor Baggenin Əhvalatı” maraqla oxuduğum kitablardan biri kimi məndən 4 bal aldı. 

09 May, 2020

7. Koğuştaki Mucize

       Karantin günlərində bol kitab oxuyub, film izləyən və daha az şikayətlənənlərdən biri olaraq vaxtımı dəyərləndirdiyimi düşünürəm. Xüsusilə bu dönəm seçdiyim filmlər mənə çox şey qatdı. Onlardan biri də bu günədək izlədiyim ən möhtəşəm film - 7. Koğuştaki Mucize oldu. Göz yaşları, həyəcan amma sönməyən ümid qığılcımı ilə izlədim filmi. Haqqında bir dənə də olsun mənfi rəy eşitmədiyim bu film ilk fragmentini izlədiyim an həm mövzusu, həm də aktyorları ilə məni cəlb etməyi bacarmışdı. Baş rollarda Aras Bulut İynemli, Sarp Akkaya, İlker Aksum kimi sevdiyim isimlər var. Bir də izlərkən heyran qaldığım şipşirin bir uşaq aktrisa Nisa Sofiya Aksongur… Filmə “yıldız geçidi” desək yanılmarıq. Kiçik rollarda belə öz istedadını təsdiqləmiş oyuncuları görürük.
“7. Koğuştaki Mucize” böyük əməyin qarşılığı olaraq izləyicisindən də yüksək qiymət alan filmlərdəndir və 2019-cu ildə Türkiyədə ən çox izlənən film ünvanını alıb. Haqqında araşdırarkən tək təəccübləndiyim nüans Cənubi Koreya istehsalı eyniadlı filmdən ekrana uyğunlaşdırılması oldu.  Türkiyə qanunlarına, adətlərinə, mühitinə o qədər uyğun çəkilib ki, səhnələr, xarici ssenari olduğuna şübhə yaranır insanda. Bunu da filmin digər bir uğuru kimi qələmə vermək olar.
       Film bir zehni əngəlli atanın günahsız yerə yaşadıqları və ədalətin qələbəsinə son günə qədər inamı əsas tutularaq çəkilib. Kiçik qızını cəmiyyətin qınaqlarına, gülüş hədəfi olmağına reaksiya vermədən, daha doğrusu, verə bilmədən böyüdən bir ata – Memo. Həyatda ən sevdiyi varlıq, ən yaxın dostu, sirdaşı hətta həmyaşıdı olan qızı – Ova. Memo və Ovanın monoton həyatı gözlənilməz bir hadisə ilə dəyişir. Hərbi vəziyyət komandirinin qızı qayadan yıxılaraq həyata gözlərini yumur. Onu çaydan Memo çıxardır ancaq özü səbəbkar olaraq bilinir. Öz gücünün, ağlının kifayət etdiyi qədər izah etməyə çalışsa da, komandirin şübhəsi bir uşaq saflığı ilə çapalayan “günahkar”ın özünümüdafiəsindən daha dəyərli olur əmrinə tabe şəxslər üçün. Təbiət qoynunda, qoyun-quzunun əhatəsində, anası ilə qızının yanında keçən şən həyat Memo üçün polislərin fiziki işgəncəsi, qaranlıq, sonu görünməyən tunel – cəzaçəkmə müəssisəsi, onun kimi damğa vurulan “günahkarlar”la dolu zindan həyatı ilə əvəz olunur. Bütün bu yaşadığı ard-arda gələn hadisələr, işgəncələr belə onun saf uşaq ruhunu dəyişə, özünəxas məsumiyyətinə xələl gətirə bilmir. Yenə də insanları özü kimi bilir, türmədəki hər kəsin qəlbinin dərinliyinə basdırdığı o mərhəmət hissini oyadır və ciddi cəhdlə çalışmasa belə öz günahsızlığını bu dar çərçivədə sübuta yetirir. Qarşılıq gözləmədən göstərdiyi sevgi ilə özü də bilmədən öz möcüzəsini hazırlayır. Sonda ədalət, mərhəmət, vicdan və birlikdən doğan güc qalib gəlir.
       Film ağlasığmaz dərəcədə mükəmməl çəkilib. Sanki bütün aktyorlar öz gündəlik həyatını yaşayırmış kimi oynayıb. O qədər unudulmaz, təsirli səhnələr var ki, izləyərkən nə qədər ağlamayacağam desə də insan, yaşlar xəbəri olmadan süzülür yanaqlarından.
       “7. Koğuştaki Mucize” insanları geyiminə, statusuna, gücünə görə mühakimə edən hər kəsin üzünə dəyən bir şillə təsiri bağışlayır. "Zehni əngəllidir, hər şeyi edə bilər." düşüncəsi insanların beynindən silinsə, daha gözəl bir dünyanı paylaşmış olarıq. Filmdə ən çox təsir edən səhnələr - Memonun ümidsizcə dar ağacına baxıb "idam idam baba idam" dediyi halda, Ova qorxmasın deyə onun "İyi adam, baba iyi adam" demək istəyib yanlış ifadə etdiyini müəlliminin bildirməsi, komandirin Memonun günahsızlığını aşkar edən yeganə şahidi öldürməklə, qızını qaytara bilməyəcək bir atanın bütün kinini, nifrətini bir safın üzərinə yıxma istəyinin qabarıq ifadə olunması, həbsxanada divardakı kiçik qüsura durmadan baxıb xəyallara dalan bir kişinin dilindən balaca Ovanın anlaması oldu. Hər saniyənin, hər kadrın, hər sözün öz anlamı var idi bu filmdə. İllər keçsə də unudulmayacaq, təsirini itirməyəcək o filmlərdən oldu mənim üçün və illər sonra bir daha sevə-sevə izləmək istəyəcəyim bu film məndən 5 bal aldı.

16 April, 2020

Albert Camus – Yabancı

         Bu il dinlədiyim audio kitablardan biri də Albert Camus imzalı “Yabancı” oldu. Əslində bu kitabla tanışlığım 2015-ci ilin noyabrına təsadüf edir. Ancaq o zaman layiq olduğu dəyəri vermədiyimi düşünərək bu il bir daha mütaliə etmək qərarına gəldim. Təəssüratım isə tam fərqli oldu. Hər zaman müdafiə etdiyim fikir – hər kitabı müəyyən yaş dövründə oxumaq daha gözəldir – bu dəfə də özünü doğrultdu. 4 il öncə oxuduğum zaman yorğun ruh halım bu kitabın baş qəhrəmanının laqeydliyi ilə daha da pozulmuşdu. Sadəcə oxumuş olmaq üçün bitirmişdim, kitaba “yabancı” qalaraq.
         Albert Camusdan oxuduğum sayca ikinci kitabdır “Yabancı”. “Yaz” kitabındakı təbiət təsvirləri, xatirələr, bənzətmələr, fəlsəfi düşüncələrlə yazar haqqında müəyyən fikirlər formalaşmış olsa da artıq məndə, bu kitabla qarşımda yeni bir Albert Camus gördüm. Daha nə istədiyini bilən, obrazı ilə cəmiyyətə üsyan edən, psixologiya dənizində professionalca üzən bir yazar...
         Albert Camus ona dünya şöhrəti gətirən bu əsəri 1942-ci ildə tamamlayıb. Yazıçı özünü heç bir cərəyanın nümayəndəsi kimi görməsə də, burada ekzistensializm, absurdizm, nihilizmin izləri sezilir. Heç bir cərəyanı tam anlamı ilə təbliğ etmir əsərlərində. Ancaq ona görə həyat yaşamağa dəyməyəcək qədər mənasızdır. Nə etsək də ölüm bizi haqlayacaq, buna görə də neçə yaşda ölməyin heç bir fərqi yoxdur. Ancaq mənasız bir şeyi – həyatı mənalı yaşamaqda da heç bir zərər görmür. Bu fikri ilə də onun fəlsəfi aylayışı pessimistlikdən uzaqlaşır.
  “Yabancı”da baş qəhrəmanımız Meursault hər şeyə laqeyd şəkildə ömrünü sürdürən bir insandır. Nə çalışdığı işdə irəliləmək üçün bir məqsədi var, nə də ailə həyatı quraraq gələcəyi üçün bir addım atmağa... Anasının nə zaman dünyadan köçməsi belə onun üçün əhəmiyyət daşımır. Həyata mənasız baxan bu insan anası üçün ölümün bəlkə də bu mənasızlıqdan qurtulmaq üçün çıxış yolu olduğunu düşünür. İmkanı olmadığı üçün anasını qocalar evinə qoymağına belə haqq qazandıran Meursault bunu onunla daha çox maraqlanan insanların olması üçün etsə də, bu addımının onun əleyhinə çevriləcəyini heç ağlına belə gətirmir. Kitab ilk cümlədən qəhrəmanımızın anası ilə münasibətini ortaya qoyaraq oxucunu sarsıdır. Oxuduqca isə “Bu qədər mi laqeydlik bir insanın ruhuna hakim kəsilər?!” deyə düşünürsən. Onun üçün həyat anı yaşamaq belə deyil sadəcə yaşamaqdır. Nə keçmiş üzərində baş sındırır, nə gələcəyini düşünür. Sadəcə nə isə etmək üçün atır bütün addımlarını. İstər yemək yediyi kafedə insanlarla, istər müdiri ilə, istər onu sevən qadınla, istərsə də qonşuları ilə münasibətdə onun reaksiyasız davranışları bəzən qıcıq oyatsa da, sonda nəticəsini düşünmədən etdiyi bir hərəkət ucbatından özünü məhkəmə zalında tapdığı andan etibarən bütün bu reaksiyasız davranışların yazarın sonluq üçün qurduğu pillələr olduğunu anlayırsan. İnsanın dərin yaralar aldıqdan sonra artıq heç nəyin onu incidə bilməyəcəyi an hiss etdiyi boşluq hissi deyə bir şey var, bizim qəhrəmanımız da sanki o boşluqda yaşayır. Oxuduqca çətin həyat sürmüş yazarın özündən bir çox şey qatdığını düşündüm Meursaulta. Mənasız bir cəmiyyətdə yaşayan və hər şeyi öz mənasızlığı ilə tənha buraxan Meursaultun ən gözəl düşüncələrinə onun barmaqlıqlar arxasında ölümünü günbəgün saatbasaat gözlədiyi o anlarda şahid oluruq:
       “Bir gününü dışarıda geçirmiş kimse hiç sıkılmadan yüz sene hapiste yata bilir.” Tək bir cümlə ilə Camus kitabın dərin anlamını ifadə edir. Meursault azadlıqda laqeyd yaşadığı bir günün dəyərini ölümü gözlədiyi zaman anlayır.
       "Bu cinayet karşısında duyduğu dehşet şu sanığın duygusuzluğu karşısında duyduğu dehşetden neredeyse daha azdı." Bu cümlə isə yazarın minlərlə cinayət hadisəsi ilə tanış olan hakim üçün laqeydliyin, insanın öz taleyinə boyun eyib, gələcəyi uğrunda mübarizə aparmamasının yaratdığı təəccübün ifadə şəklidir.
      Melanxolik notlarla bitən əsər "həyatın mənasızlığına edilən səssiz üsyan"ı ilə Albert Camusu dünyada çox oxunan və sevilən yazıçılardan biri edib. "Yabancı"mənim üçün də dəyərli əsərlər sırasında yerini aldı. Bəlkə də asanlıqla 5 bal verdiyim bu əsəri illər sonra təkrarən oxuduqda daha fərqli məqamlar aşkar edəcəyəm özüm üçün...

27 December, 2019

Ahmet Altan – Karanlıkta Sabah Kuşları

         2019-un on dördüncü kitabı Ahmet Altandan “Karanlıkta Sabah Kuşları” oldu. Dekabrın son günlərində tamamladığım e-kitab ilboyu sevərək oxuduqlarımdan oldu. Ahmet Altanın – qələmini sevdiyim yazarlardan birinin – bu kitabı ilə də məni xəyal qırıqlığına düçar etməyəcəyinə əmin idim. Su kimi axıb gedən səhifələr, duyğuyüklü zövq oxşayan yazılar kitabın asanlıqla bitməsinə səbəb oldu.
         Ahmet Altan kütləvi informasiya vasitələri arasında keçən həyatına oxucuları cəzb etməyi bacaran ədəbi nümunələr də sığdırıb. Jurnalistlikdən redaktorluğa, aparıcılıqdan yazarlığa keçid edərkən bəzən düşüncələrini azad şəkildə ifadə etdiyi, bəzənsə romanlarında məhrəm mövzulara yer verdiyi üçün daim tənqidə məruz qalıb.
Xüsusilə siyasi görüşləri sayəsində bəzi kitablarının yaranma mühiti barmaqlıqlar arxası olub. Bütün uğurları və uğursuzluqları fonunda mən onu ancaq ədəbiyyat sahəsindəki mövqeyinə görə dəyənləndirəcəyəm. Oxuduğum sətirlər ürəyimdən xəbər verirsə, o yazar mənim üçün artıq özünü isbat etmiş deməkdir. Ahmet Altanla ilk tanışlığım uzun illər əvvələ təsadüf edir. Onu tanımağa “Aldatmak”la başlayıb “İçimizde Bir Yer” ilə davam etdim, bu il isə “Karanlıkta Sabah Kuşları” kitabı ilə yazıçı qəlbimdəki yerini möhürlədi.
         “Karanlıkta Sabah Kuşları”nda vahid süjet xətti olmasa da, yer verilən hər bir esse özü ayrılıqda bir həyat təsiri bağışlayır. Yazarlardan esseləri oxumağı çox sevirəm, onların daxili aləmi, romana, hekayəyə sığdıra bilmədikləri ani duyğuları, düşüncələri səhifələrdə əks olunur. Bir yazarı ancaq güclü emosiyalar yaradan şeylər esse yazmağa vadar edə bilər deyə düşünürəm. Bu səbəblər bir kitabdan, filmdən tutmuş bir insana, baxışa, illər sonra canlanan xatirəyə qədər hər şey ola bilər. Elə bu kitabda da yazarın müxtəlif mövzularda düşüncələri, yanaşma tərzi ilə yaxından tanış oluruq. Bəzən müxtəlif filmlər, yazarlar, kitablar haqqında yazıları onun zövqünü nümayiş etdirir, yeri gəldikcə isə dünyəvi problemlər, insanlar, duyğular haqqında etiraf etdikləri onun qəlbində gizlətdiklərindən xəbər verir.
          Ernest Hemingway, Anton Çehov, Ivan Turgenyev, Katherine Mansfield, Mihail Lermontov, Milan Kundera, Joseph Kessel, Horace McCoy, Jules Verne, Alexandre Dumas, Roger Vailland kimi yazarları xatırlayır yeri gəldikcə, fikirlərini dəstəkləmək üçün onların müxtəlif əsərlərinə müraciət edir. Həm türk, həm də dünya yazıçılarından misallarla təkcə heniş ədəbi zövqə sahib olduğunu isbat etmir, eyni zamanda oxucularına yeni kitab seçimi üçün də müəyyən fikir və ya məsləhət verir Ahmet Altan.
        Kitab o qədər dəyərli fikirlərlə zəngindir ki, səhifələr bir-birini əvəzləyərkən gah Ahmet Altanla eyni duyğuları paylaşdığım üçün sevinir, gah hər hansı bir məfhuma qatdığı yeni mənanı duyaraq heyranlığımı ifadə etməyə söz tapmır, gah da heç haqqında düşünmədiyim məsələlər barədə bilgi sahibi olurdum. Bəzən “Kaçınılmaz bir pişmanlık mı hayat?”, deyən yazıçı bəzənsə həyatın sirli olduğunu etiraf edir: "Her kes küçük ya da büyük, önemli ya da önemsiz bir sırdır başkası için. Hayatın neden böyle sır dolu olduğu sorusu isə bütün sırları kapsayan bir başka büyük sır." Ancaq bu yaşamağa məcbur olduğumuz həyatda sabaha ümidlə baxmasaq, gözəl bir şeyin baş verəcəyini gözləməkdən vazkeçsək həyatın necə mənasız olacağını da, yaşlılığın ruhumuzu əsir alacağını da vurğulayır.
       Esselərdən bəyəndiyim cümlələrin bir hissəsini qeyd etməklə, sizi bu kitabda nələrin gözlədiyi haqda fikir sahibi etmiş olaram deyə düşünürəm.
“Doğan günden beklediğım birşeyler vardı ve beklediğim birşeyler olduğu sürece yaşlanmayacağımı biliyordum, yaşlanmak beklemekten vazgeçmekti, sabahın yeni bir şey olduğuna inanmamaktı yaşlanmak.”
"Savaşlar, ölümler, ihanetler, kederler yalnızca kitapların içinde olsa, hayat kitapların arkasına çekilse..."

"Milyonlarca defa doğmasına rağmen hiç eskimeyen bir şeydi sabah, her defasında yeniydi, her defasında taze, her defasında kuşlarla geliyor, her defasında beliren aydınlıktan yeni birşeyler ummamızı sağlıyordu. "
"Nereden baraksak bakalım,yaşamakla yaşamı anlamak arasında hep bir çelişki olduğunu göreceğız."
"Yenilmeden galip gelemiyoruz. Her zafer bir yenilginin izini taşıyor derinimizde. Zaferlerimiz kadar da yenilgilerimiz oluyor. "
" Yazılan milyonlarca kitap insan ruhuna bir katre ışık düşürmek için çırpınırken ve biz onları okuyup insanları gözleyip tecrübelerimizi bir-birine ekleyerek bir şeyler anlayıp öğrendik sanırken, birden değıl başkasını kendimizi bile tam anlamadığımızı yüzümüze çarpar gerçekler."
"Hayat çekiciliğini ışığına mı yoksa gölgesine mi borçlu, bildiklerimizden dolayı mı hayata tutkunuz yoksa bilmediklerimiz ve merak ettiklerimiz mi bizi hayatın tutkunu yapıyor? Çözmek istediğimiz ne çok sır var. Ve çözüldü diye sandıkça, çözemediğimizi anladığımız kaç sır. "

       Kitabı vərəqlədikcə yazarın necə dolu-dolu uşaqlıq və gənclik keçirdiyini, kitablarla, filmlərlə əhatələndiyini asanlıqla anlamaq olur. Sevgiyə, həyata, münasibətə, xəyanətə, musiqiyə və daha bir çox məfhuma dair dərin düşüncələri, ritorik sualları insanı durub düşünməyə vadar edir. Belə düşündürücü sətirlər arasında gəzişdikcə bir də son səhifəyə çatdığını anlayırsan. Geridə dəyərli keçirdiyin vaxt, bir kitabı daha bitirməyin verdiyi sevinc, yeni kitab seçimi üçün həyəcan və kitab haqqında fikirlərini yazmaq üçün səbrsizliklə qarışıq həvəs qalır... Bu müsbət emosiyalarla "“Karanlıkta Sabah Kuşları”nı bitirərkən Ahmet Altana tezliklə yenidən müraciət edəcəyimi düşünür, kitaba isə 4 bal verirəm.

23 December, 2019

Kamal Abdulla - Sirlərin Sərgüzəşti


       İlin on üçüncü kitabını 2019-un sonuna yaxınlaşdığımız bu günlərdə bitirdim. Bu dəfə yenidən öz ədəbiyyatımıza müraciət etdim və seçimim Azərbaycanın dünyaşöhrətli yazarı Kamal Abdullanın elə bu yaxınlarda işıq üzü görən kitabı “Sirlərin Sərgüzəşti” oldu. Əvvəl oxuduğum “Sehrbazlar Dərəsi”nin məndə yaratdığı müsbət emosiya və böyük gözləntilərlə başladığım yeni kitab da bütün tələblərimi artıqlaması ilə ödədi. İlk tanışlıqla məndə gözəl təəssürat yaradan yazıçılara il ərzində yenidən müraciət etməyə çalışdım. Kamal Abdulla da onlardan biri oldu.
Bu yazara xas bir xüsusiyyət var ki, - yeni əsərini oxuduğumuz zaman digər əsərlərindən də bir nümunəni - bir obraz, bir əhvalat olsun əlavə etməsi - mənim zövqümü oxşayır. Sanki yeni bir həyata alışmağa çalışarkən köhnə, tanış bir sima gəlir gözlərimiz önünə bu prosesi asanlaşdırmaq üçün. Kitabın mövzusu o qədər fərqlidir ki, açıqlanacaq hər bir detal əslində sirlərin içinə doğru atılan bir addım mahiyyəti daşıyır. Əsər adının haqqını verir desəm yanılmış olmaram. İlk sətirlərdən oxucu elə bir sirli aləmə atılır ki, son səhifəni bitirib kitabı bağladıqdan sonra belə düşüncələrində bu aləmin qonağı olmağa davam edir. 
          Əsərdə hər bir qəhrəman başlı-başlına sirli bir dünyadır. Hər kəs gizlətdiyi sirlərlə yaşamağa məhkumdur. Kimisi bunu rahat bacarır, kiminin isə vicdanı onu əzərək məhv edir. Bu mənada paralel zaman anlayışı dövrəyə girir. İki zaman arasında sıxışıb qalanlar... Reallıqla təxəyyülün mübarizəsi... Gerçəklər nə qədər acıdırsa, yaraları qanadır, yaşamağı çətinləşdirirsə, insan çıxış yolunu xəyallar dünyasına səyahət edərkən tapır, bu yolla sirlərinin əsiri olaraq öz dünyasına qapanır, unudaraq gerçəklikdən intiqamını alır. Ailə, sevgi, dostluq, qardaşlıq, vəd, yalan, güvən, mərhəmət, utanc, qorxu kimi məfhumlar bir də sirlərin fonunda çıxır qarşımıza. Hər sətri hiss edərək oxuyuruq, varlığına şübhə duyulan qəhrəmanlar belə qəlbimizdəki o telə toxunmağı bacarır. Kitabda zaman-zaman yer verilən fantastik məqamlar ayağımızı yerdən kəsmir, əksinə real həyatla müqayisələr aparmağa, cərəyan edən hər hadisədən müəyyən nəticələr çıxarmağa təlqin edir bizi. 
       Kitabdakı bir neçə sirr bəziləri üçün öz real obrazları ilə həmahəng olub açılır, bəzi oxucular üçün isə digər sirlər karvanına qoşulub gizli diyara səyahətə davam edir. Bir çox məqamın sirrini açan oxucuların Kamal Abdulla qələminin böyüklüyünə və yeri gəldikdə necə sivri ola biləcəyinə heyran qaldığına əminəm. Ən azından mən səhifələri çevirdikcə bunu bir daha dəqiqləşdirdim özüm üçün.
       Ədəbiyyatımız üçün bu fərqli üslub çox önəmlidir deyə düşünürəm. Hər gün işıq üzü görən bir-birinin bənzəri kitablardan fərqli olaraq oxucunu düşünməyə vadar edir “Sirlərin Sərgüzəşti”. Anlamadıqda təkrar oxumaq istəyir insan, görəsən hansı məqamı qaçırdım deyə nəfəs alıb bir də keçmişə qayıdır. Bu keçmiş sirlərdən bu günə qədər hər detalda fərqli mənaların gizləndiyini yəqin etdikcə risalələr qəlbinə yağ kimi yayılır. Həm dastan, həm əfsanə, həm rəvayət, həm nəzm qatılmış bu rəngarəng kitab insanı darıxmağa qoymur, beyin hər an gərgin vəziyyətdə nə olacağını gözləyir. Keçmişdən gələn gizli məqamlar, müasir dövrün açıq problemləri ilə vəhdət təşkil edir. Nigaranlığın fonunda hər sətirlə duyğu burulğanına qapılırsan mütaliə zamanı. Bu fəsli də bitirim sonra kitabı bağlayım deyərək bir də son səhifələrdə gəzişdiyinin fərqinə varırsan. Adicə “fəsil” sözündə belə 2 məqamın gizləndiyi bu kitab düşünün sizi haralara səyahətə çıxaracaq. Qədim Oğuz yurdundan tutun, Hindistana yaxın nəhəng adayadək, Çərxi-fələk diyarından sıx meşələrin dərinliyinədək yolculuğa çıxarkən bir anda necə Sahil metrosu yaxınlığında yerləşən bir mənzildə gözlərinizi açdığınıza heyran qalacaqsınız       
         Uşaqlar dondurma gördüyü an necə sevinc duyğusu onları bürüyürsə, mən də ləzzətlə oxuduğum kitabları dondurmaya bənzədirəm. Hələ üzərində adım yazılan bir dondurmadırsa, heç doymaq olmur dadından... 2019-un sonuna yaxınlaşarkən kitab xəzinəmə belə dəyərli bir əsər əlavə etdiyim üçün çox sevinirəm.
Təsirindən hələ bir müddət də çıxa bilməyəcəyim  “Sirlərin Sərgüzəşti” məndən 5 bal aldı və sevərək oxuduqlarım arasına daxil oldu.
Ədəbiyyatımızın zənginləşməsində və tarixi irsimizdən nümunələrin bu gün də canlanmasında, gənclərə çatdırılmasında Kamal Abdullanın rolunu inkar etmək olmaz. Gələn il üçün onun digər kitabları oxuma siyahımda olsa da, yeni əsərlərinin nəşr olunmasını səbrsizliklə gözləyirəm.

20 October, 2019

Rüzgar


        Bu yaxınlarda izlədiyim bir neçə film barədə fikirlərimi paylaşmağa ilk olaraq ən son izlədiyim “Rüzgar” filmindən başlayım. Təsadüfən qarşıma çıxan bu film aktyorları ilə diqqətimi cəlb etdi. Filmi izləməyimdə Belçin Bilgin isminin olması böyük rol oynadı.
       Rüzgar 2018-ci ilin yanvarından izləyici ixtiyarına verilib. Baş rollarında Belçin Bilgindən əlavə Halil Sezai və son zamanların ən sevilən uşaq aktyorlardan Ata Berk Mutlunun olduğu bu film köhnə türk filmləri dadını hiss etdirir izləyərkən. Güclü bir layihə olmasa belə ailəlikcə uşaqlarla birlikdə izləməyin mümkün olduğu filmlər sırasındadır. Köhnə filmlərə xas zəif ssenari, iddiasız rejissor işi, bir-birinə uyğun olmayan bəzi səhnələr burada da qarşımıza çıxır. Ancaq güclü sosial mesaj verməsi onu tənqidlərdən bir az da olsa xilas edir.
        Filmdə bir şirkətdə çalışan və evlənmək yolunda irəliləyən Ece və Alper adlı cütlüyün yollarının küçələrdə oğurluq edən uşaqlarla necə kəsişməyindən bəhs olunur. Ürək problemi olan Ece uşaq sahibi olmağının həyati risk daşıdığını öyrəndiyi müddətdə Allah tərəfindən ona
göndərilən Rüzgar adlı hədiyyəni – kiçik oğrunu sevə-sevə qəbul edir. Bu sayədə kiçik uşaqların əməyindən istifadə edən bir oğurluq qrupu ilə ciddi problemləri yaranan cütlük şantaja məruz qalır. Ancaq yollarından dönməyərək oğurluğa məcbur edilən bu kimsəsiz uşaqların hər birini xilas edib qəyyumluğa götürürlər.
       Bəsit mövzulu bu filmdə bəzi səhnələr mənə təsir etsə də, ümumilikdə darıxdığımı etiraf etməliyəm. Ecenin anasından bəhs edərkən onunla eyni problemi yaşayan və doğuşda həyata gözlərini yuman bu qadın haqqında “Mən onun qədər cəsarətli deyiləm.” deməsi təsirli səhnələrdən biri idi. Biri uğrunda həyatını bilərək fəda etmək həqiqətən böyük cəsarət tələb edir. Bu cəsarət isə hər anaya xas bir şey deyil. Ancaq kimsəsiz uşaqlar üçün də bir ümid işığı olmaq az cəsarət tələb etmir deyə düşünürəm.
         “Rüzgar” filmlərdən sosial mesaj xaricində canlı səhnələr, mükəmməl aktyorluq tələb edən biri kimi mənim üçün unudulmaz layihələr arasında yer ala bilmədi və sadəcə 2 bal aldı. Ancaq başqa bir işlə məşğul olarkən vaxtınızı boş keçirməmək üçün, ya da həftəsonu ailəliklə televizor qarşısına keçərkən izlənəbiləcək film kimi yaxşı seçim ola bilər.

17 September, 2019

Franz Kafka – Çevrilmə

        İlin on ikinci kitabı yayın son günlərində bitdi. Bu dəfəki seçimim Franz Kafkadan “Çevrilmə” oldu. Həm Qanun Nəşriyyatının mini klassika seriyasından oxudum, həm də Okan Bayülgenin səsindən audio kitab kimi dinlədim. Bu tərz oxuyub dinləmə Azərbaycan və türk dilində tərcümələr arasındakı fərqləri və keyfiyyəti daha yaxşı anlamağa yardım edir mənə. Düzünə qalsa, bu kitabla da miniklassikaların fərqi ortaya çıxdı. Bu yolla davam etsələr nəşriyyatın ən sevilən layihəsi bu kiçik klassik xəzinələr olacaq.
       “Çevrilmə” müəyyən yaş həddinə gəldikdə oxunula biləcək əsərlərdəndir deyə düşünürəm. Yetkinlər üçün nəzərdə tutulduğu üçün deyil, sadəcə üzərində dayanılmadan oxunularsa əgər dəyəri bilinməyəcək deyə qorxuram. Mən də illər əvvəl oxusaydım kiçik bir hekayə deyib keçərdim bəlkə də... Ancaq indi hər fikri analiz edərək, sətraltı mənaları izləyərək, yazıçının hansı cümlə ilə nə demək istədiyinin fərqinə vararaq oxudum “Çevrilmə”ni. Bu səbəbdən güclü təsir edən əsərlər siyahısında oldu mənim üçün.
        Cəmiyyətdə təcrid olunma duyğusunu bu qədər dərinlərə gizləyib qeyri-adi bir hekayə yazmaq da yazıçının məharətidir deyə düşünürəm. Kafka ölümündən sonra məşhurlaşan yazarlardandır. Şöhrətə önəm verməyən və hətta tamamlanmamış əsərlərini dostuna məhv etməyi tapşıracaq qədər də öz yazılarının ona dünya şöhrəti gətirəcəyinindən şübhə duyan bir xarakterə malik olub. Əksər əsərlərini alman dilində yazan bu yəhudi daha çox yazdığı məktublarla tanınıb. Münasibətdə olduğu qadınlara, atasına yazdığı hər məktub onun xarakterini oxucu üçün bir az daha açır. Bu qədər yaşadıqlarını günlük yazırmış kimi qeyd edən biri “Çevrilmə” əsərini də cəmiyyətdə gördüklərini anlamağı oxucusunun öhdəsinə buraxaraq vərəqlərə köçürüb deyə düşünürəm. 

İlk dəfə 1915-ci ildə Leypsiq şəhərində "Die Verwandlung" adı ilə işıq üzü görən əsər uzun illər ərzində dünya dillərinə tərcümə olunmuş və hal-hazırda da aktuallığını qoruyan şahəsərlərdəndir. “Çevrilmə” ilk baxışdan sadə və hətta fantastik görünür... Bir səhər yuxudan böcəyə çevrilmiş olaraq oyanan bir qəhrəmanımız var. Bir də mövcud vəziyyəti araşdırmadan qəbul edən ailə üzvlərimiz. Əslində isə hər şey daha mürəkkəb və qarışıqdır. Kitabda hər obraz cəmiyyətin ayrı bir təzahürüdür. Baş qəhrəmanımız Gregor Samsa ailənin bütün yükünü çiyinlərində daşıyan, ata-ana və kiçik bacısını məmnun etməyə çalışan biridir. Çalışdığı işi sevməsə də, borcları ödəmək üçün əzab-əziyyətə qatlaşmağa məcburdur və bu işgəncənin bitəcəyi günü səbrsizliklə gözləməkdədir. Ailə üzvləri isə işləyib onların ehtiyaclarını ödəmək Gregorun öhdəliyi imiş kimi yaşayıb həyatlarına davam edən insanlardır. Ancaq bu vəziyyət Gregor böcəyə çevrilənə qədər davam edir. Bütün yük bu zaman ata-ana və bacının üzərinə düşür. Hər biri çalışaraq yaşamaq məcburiyyətində qalırlar. İlk zamanlar bu ağır gəlməsə də, getdikcə heç nəyin əvvəli kimi olmayacağını anlayıb düşdükləri vəziyyətdən təngə gəlirlər. Günahkar rolunda gördükləri Gregorun əsl qurban olduğu ehtimalını heç ağıllarından belə keçirmirlər. Onların yükünü şıkayət etmədən daşıyan bu kiçik “böcək” onlar üçün daşınması qeyri-mümkün olan nəhəng bir yükə çevrilir. Hər şeyin səbəbkarı məhv olduqdan sonra isə sanki problemlərin hamısı onunla birlikdə yox olubmuş kimi yaşamağa davam etmək üçün bir səbəb tapıb Gregorun yoxluğunu asanlıqla unudurlar.

          Kafka cəmiyyətin insanın üzərinə yüklədiyi öhdəlikləri burada ailə üzvləri şəklində oxucusuna təqdim edir. Bu öhdəliklərdən qurtulmağın tək yolunu isə lazımsız bir böcək olaraq məhv olmaqla eyniləşdirir. Bir insan daima ondan umulanları etdiyi müddətcə dəyərlidir, müdirinin dediklərini etmirsə işdən atılır, ailənin ehtiyaclarını ödəmirsə getdikcə ondan uzaqlaşılır, cəmiyyətdə müəyyən öhdəliyə malik deyilsə hər kəs tərəfindən təcrid olunur. Bax bu zaman onun lazımsız bir böcəkdən fərqi qalmır. Cəmiyyətin təcrid etdiyi insan isə gec-tez ölümə məhkumdur. Ya hər kəsi məmnun etməli, ya da özünə qapılıb, hər kəsdən uzaqlaşıb unudularaq yox olmalısan. Ancaq yazar heç zaman əsas diqqəti böcəyə yönəltməyib hətta nəşr olunarkən belə üz qabığında onun əksini tapmağına razılıq verməyib. Əsərdə ehtiva olunan dərin anlamı bir həşərata yükləməyin doğru olmadığı düşüncəsi ilə mən də razıyam. Kitabda bütün hadisələr çevrilmədən məhvə doğru olan müddətdə bir evin içində cərəyan edir. Xüsusilə Gregorun otağı əvvəl onun işinə aid ləvazimatlarla dolu olsa da, getdikcə yerini boşluğa, mərhəmətə, ümidsizliyə, yorğunluğa, bezginliyə, qəbullanmaya və nəhayət bir xarabaya buraxır. Gregorun özünə xas bu məkanı sonda onun üçün məzara çevrilir.
          Bu əsər tənqidçiləri belə fikir ayrılığı yaşamağa məcbur edib. Ona görə də hər kəsin zövqünə uyğun gəlmir. Hər oxucunun fərqli mənalar yüklədiyi “Çevrilmə” məndən 5 bal alaraq bəyəndiyim əsərlər sırasında yerini aldı. Yenidən Kafkaya müraciət etmək barədə də asan qərar verməyimə şərait yaratdı.
 

06 September, 2019

Stefan Zweig – Şahmat

       İlin on birinci kitabı Stefan Zweigdan “Şahmat” əsəri oldu. Sevə-sevə oxuduğum əsərlər sıyahısı hazırlasam yəqin ki, Şahmat ön sıralarda yerini alar. “Şahmat”ın Qanun nəşriyyatının miniklassika layihəsi çərçivəsində işıq üzü görən variantını oxusam da, eyni zamanda audio kitab olaraq türk dilində dinlədim. Paralel olaraq həm dinləyib, həm oxumağı çox sevdim. Bir nüans da diqqətimi çəkdi ki, artıq neçənci miniklassika kitabıdır bitirirəm, nəşriyyatın digər kitablarına nisbətən daha gözəl, dəqiq tərcümə və cüzi orfoqrafik səhvlər bu kitablar üçün ümumi cəhətdir.       
        Stefan Zweigla ilk tanışlığım “Şahmat” əsəri sayəsində oldu və elə ilk əsərdən də qəlbimi fəth etməyi bacardı. O, hərtərəfli ədəbiyyat nümayəndələrindən biridir. Təkcə hekayə yazarı kimi tanınmır, eyni zamanda ssenari, roman, xatirə, bioqrafiya və səyahət janrlarında da özünü sınamışdır. Siyasi vəziyyətin gərginləşməsi nəticəsində doğma ölkəsini tərk etmək məcburiyyətində qalan yazar bir çox ölkələrə səyahət etmiş və yaradıcılığını davam etdirmışdir. Elə “Şahmat” əsəri də yazarın Braziliyada sürgündə olarkən qələmə aldığı şahəsərdir. Bu əsərlə yazar həm yaşadığı dövrün siyasi oyunlarını bütün çirkinliyi ilə oxucuya çatdırır, həm də psixologiyanı nə dərəcədə gözəl bildiyini, insanın daxilinə nüfuz edərək isbat edir.        
          Orijinal adı “Schachnovelle” olan əsər 1942-ci ildə qələmə alınmış, qısa zaman kəsiyində Almaniyada ən çox oxunan kitablardan birinə çevrilmişdir. Mövzu barədə qısaca onu deyim ki, oxuduğumuz bir çox əsərdən fərqli olaraq hadisələr sadəcə bir məkanda cərəyan edir. New York'dan Buenos Aires'e səyahət edən gəmidə. Burada bir-birindən xəbərsiz iki şahmat dahisi səfərdə olur. Hər ikisi təsadüf və müəyyən qədər də məcburiyyət nəticəsində şahmatla tanış olmuş, bununla da həyatlarının dönüş nöqtəsini yaşamışlar. Onlardan biri Mirko Czentovic kimsəsiz qaldığı bir dövrdə onu himayəsinə götürən keşiş sayəsində şahmatla tanış olmuş və bütün çatışmazlıqlarını bu möhtəşəm oyunla örtmək şansı əldə etmişdir. “Mən susuram, oyunum danışsın.” prinsipi ilə qarşısına çıxan bütün rəqibləri məğlub edərək dünyaşöhrətli şahmat çempionuna çevrilmişdir. Digəri isə Gestapo tərəfindən psixoloji işgəncəyə məruz qalan köklü ailədən olan sabiq vəkil Dr B. sorğu-sual olunmaq üçün aparıldığı otaqda oğurladığı bir kitab sayəsində şahmatı həyatına daxil etmiş və yaşamını davam etdirmək üçün onu tək vasitə olaraq görmüşdür. Hər iki qəhrəmanımızın həyatında bu oyunun yeri əvəzsizdir. Mirko zəif təxəyyülü ilə oyunu görmədən təsəvvür edə bilmədiyi halda. Dr. B. hər gün məşq edərək daxilində yaratdığı Ağ Mən və Qara Məni sayəsində saysız-hesabsız oyun qurub oynayaraq hər gedişi təxmin etmək və nəticəni vaxt sərf etmədən müəyyənləşdirmək bacarığına yiyələnmişdir.
       Səfərdə bu iki şahmat dahisi üz-üzə gəlir və oyunun gedişinə ustalıqdan çox psixologiya hakim kəsilir. Mirko ilk oyunda məğlubiyyəti soyuqqanlılıqla qəbul edərək rəqibinin zəif cəhəti üzərində dayanaraq onun oyundan çəkilməsinə şərait yaradır.
       Yazarın şahmat haqqında bu qədər bilgi sahibi olmasından daha çox insanların duyğularını məharətlə əks etdirməsi məni heyran etdi. Bir insanın oyun oynayarkən, məğlub olarkən, qələbə qazanarkən, ünsiyyətdə olarkən, sevinərkən, qorxarkən hər anında keçirdiyi hissləri ancaq Stefan kimi psixologiyaya aşiq bir yazar belə ifadə edə bilərdi. Onun Freud və psixologiya sahəsində apardığı araşdırmalar bu əsərində özünü aydın büruzə vermişdir.
        Hər şeyi əlindən alınmış bir otağa məhkum edilmiş, informasiya vasitələri və ünsiyyətdən uzaq tutulmuş bir əsir. Onun hər anına hakim olan tükənmişlik hissi. Yeni bir üz görəndə, əqidəsinə tərs olduğu halda məcburiyyət qarşısında qalıb bir kitab oğurlayanda, bir səs eşidəndə bu insanın içində yaranan sevinc hissi bizimkindən xeyli fərqlənir. Heçliyin içində məhv olan bir həyat üçün şahmata aid bir kitabın həyatın bir budağından yapışmağa kömək edən gücü. Psixoloji işgəncənin fiziki işgəncədən nə qədər ağır olduğunu göstərən amillər. Tənhalıq duyğusunun hər keçən gün daha çox boğduğu insanın bu əzaba dözmək üçün yaratdığı yeni Məni. Və sonda bir xəstəxana otağında dəlilikdən son anda qurtulmuş bir insan…        
           Bütün bunları oxuduqca insan sanki hər anı özü yaşayırmış kimi hiss edir, sanki öz duyğularını qələmə alırmış kimi tanış cümlələr oxuyur. Bu bir yazarın gücüdür, dahiliyidir. Mənə ilk kitabından bu qədər təsir edən yazar bəlkə də olmamışdı. Ona görə də bu kitabı bitirən kimi Stefan Zweig imzalı daha bir kitabı oxumağa başladım. “Şahmat” sayəsində həm möhtəşəm bir əsərlə, həm də oxucusuna əvəzsiz duyğular yaşadan bir yazarla tanış oldum. Məndən 5 bal alan bu kitab hər kəsə oxumaq üçün tövsiyə edəcəyim əsərlərdən də biri oldu.