
İlin on birinci kitabı Stefan Zweigdan “Şahmat” əsəri oldu. Sevə-sevə oxuduğum əsərlər sıyahısı hazırlasam yəqin ki, Şahmat ön sıralarda yerini alar. “Şahmat”ın Qanun nəşriyyatının miniklassika layihəsi çərçivəsində işıq üzü görən variantını oxusam da, eyni zamanda audio kitab olaraq türk dilində dinlədim. Paralel olaraq həm dinləyib, həm oxumağı çox sevdim. Bir nüans da diqqətimi çəkdi ki, artıq neçənci miniklassika kitabıdır bitirirəm, nəşriyyatın digər kitablarına nisbətən daha gözəl, dəqiq tərcümə və cüzi orfoqrafik səhvlər bu kitablar üçün ümumi cəhətdir. Stefan Zweigla ilk tanışlığım “Şahmat” əsəri sayəsində oldu və elə ilk əsərdən də qəlbimi fəth etməyi bacardı. O, hərtərəfli ədəbiyyat nümayəndələrindən biridir. Təkcə hekayə yazarı kimi tanınmır, eyni zamanda ssenari, roman, xatirə, bioqrafiya və səyahət janrlarında da özünü sınamışdır. Siyasi vəziyyətin gərginləşməsi nəticəsində doğma ölkəsini tərk etmək məcburiyyətində qalan yazar bir çox ölkələrə səyahət etmiş və yaradıcılığını davam etdirmışdir. Elə “Şahmat” əsəri də yazarın Braziliyada sürgündə olarkən qələmə aldığı şahəsərdir. Bu əsərlə yazar həm yaşadığı dövrün siyasi oyunlarını bütün çirkinliyi ilə oxucuya çatdırır, həm də psixologiyanı nə dərəcədə gözəl bildiyini, insanın daxilinə nüfuz edərək isbat edir.
Səfərdə bu iki şahmat dahisi üz-üzə gəlir və oyunun gedişinə ustalıqdan çox psixologiya hakim kəsilir. Mirko ilk oyunda məğlubiyyəti soyuqqanlılıqla qəbul edərək rəqibinin zəif cəhəti üzərində dayanaraq onun oyundan çəkilməsinə şərait yaradır. Yazarın şahmat haqqında bu qədər bilgi sahibi olmasından daha çox insanların duyğularını məharətlə əks etdirməsi məni heyran etdi. Bir insanın oyun oynayarkən, məğlub olarkən, qələbə qazanarkən, ünsiyyətdə olarkən, sevinərkən, qorxarkən hər anında keçirdiyi hissləri ancaq Stefan kimi psixologiyaya aşiq bir yazar belə ifadə edə bilərdi. Onun Freud və psixologiya sahəsində apardığı araşdırmalar bu əsərində özünü aydın büruzə vermişdir.
Hər şeyi əlindən alınmış bir otağa məhkum edilmiş, informasiya vasitələri və ünsiyyətdən uzaq tutulmuş bir əsir. Onun hər anına hakim olan tükənmişlik hissi. Yeni bir üz görəndə, əqidəsinə tərs olduğu halda məcburiyyət qarşısında qalıb bir kitab oğurlayanda, bir səs eşidəndə bu insanın içində yaranan sevinc hissi bizimkindən xeyli fərqlənir. Heçliyin içində məhv olan bir həyat üçün şahmata aid bir kitabın həyatın bir budağından yapışmağa kömək edən gücü. Psixoloji işgəncənin fiziki işgəncədən nə qədər ağır olduğunu göstərən amillər. Tənhalıq duyğusunun hər keçən gün daha çox boğduğu insanın bu əzaba dözmək üçün yaratdığı yeni Məni. Və sonda bir xəstəxana otağında dəlilikdən son anda qurtulmuş bir insan…
Bütün bunları oxuduqca insan sanki hər anı özü yaşayırmış kimi hiss edir, sanki öz duyğularını qələmə alırmış kimi tanış cümlələr oxuyur. Bu bir yazarın gücüdür, dahiliyidir. Mənə ilk kitabından bu qədər təsir edən yazar bəlkə də olmamışdı. Ona görə də bu kitabı bitirən kimi Stefan Zweig imzalı daha bir kitabı oxumağa başladım. “Şahmat” sayəsində həm möhtəşəm bir əsərlə, həm də oxucusuna əvəzsiz duyğular yaşadan bir yazarla tanış oldum. Məndən 5 bal alan bu kitab hər kəsə oxumaq üçün tövsiyə edəcəyim əsərlərdən də biri oldu. 

No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.