26 March, 2014

Victor Hugo – Notre Dame’in Kamburu

 Nəhayət ilin ilk kitabını bitirdim. Dünya klassiklərindən biri... Notre Dame de Paris...
      İlk olaraq kitabı oxuyarkən fərqli hisslər keçirdiyimi qeyd etməliyəm. Belə ki, əvvəlcə xəyal etdiyim kimi maraqlı başlamasa da, bir müddət sonra həvəslə oxuduğum bir əsərə çevrildi. Sonlara doğru isə hekayənin necə bitəcəyini öyrənməyə can atdığım üçün kitabı su kimi içdim desəm düzgün ifadə etmiş olaram yəqin ki. Həqiqətən bir çox özəlliyi ilə seçilən gözəl əsərdir "Notre Dame de Paris". Oxuduqca Victor Hugo ismini dünyada məşhurlaşdıran, bir çox dillərə tərcümə olunaraq "ən sevilən klassik əsərlər" səviyyəsinə yüksələn bu kitaba aşıq olmamaq mümkün deyil.
      Notre Dame’in Kamburu Victor Hugo’nun 1831-ci ildə yazdığı ən sevilən əsərlərindən biridir. Romanda Fransanın krallıq dövründəki vəziyyəti, insanlarının həyatları, yaşayışı ustaqlıqla təsvir olunur. Bütün bu ümumi məsələlər fonunda isə əlbəttə romantik yazarlara xas özəlliklə məhəbbət yüksək mərtəbəyə qaldırılır. Əsər qarşılıqlı sevgiyə rast gəlmədiyimiz, insanların sadəcə öz mənfəətləri, arzuları üçün yaşadıqları, sadəcə özlərini düşünərək addımladıqları bir dövrdə heç bir ümid gözləmədən, necə qarşılıqsız sevməyin mümkün olduğunu gözlərimiz qarşısına sərir. Romanda hər detalı ilə mükəmməl olan bir insanın daxilən necə boş və çirkin, qüsurlarla doğulan, hər kəsin qorxu ilə yanaşdığı birinin isə necə mükəmməl, saf qəlbə sahib biri ola biləcəyinin şahidi oluruq.
Kitab obrazlarla zəngin olsa da, bitirdiyim zaman oxuyarkən çox şey öyrəndiyim bir neçə obrazı daha yaxşı xatırlayırdım. Quasimodo – sevdiyinə verdiyi dəyərlə, onun
üçün bir an belə tərəddüd etmədən özünü təhlükəyə atması ilə, Claude Frollo – həyatda düzgün yol seçməsinə rəğmən hisslərinə məğlub olub uçuruma doğru sürüklənməsi ilə, Phoebus de Chateaupers – üstün cəhətlərinin fərqində olaraq özünü hər kəsdən fərqləndirməsi, istədiyi insanla oyuncaq kimi oynaması, arzularını digərlərinin duyğularından daha üstün görməsi ilə, Esmeralda – sevgisinə hər zaman sadiq qalması, ən çətin, ümidsiz anlarında belə həyatını xilas etmək üçün ondan üz döndərməməsi ilə, Pierre Gringore – şairlik qabiliyyəti haqqında yüksək fikirdə olsa da, öz mənfəətini hər şeydən əvvəl düşünsə də, kiçik şeylərdəki dərin gözəlliyi duymaq, gizli mənanı anlamaq bacarığı ilə əsla unutmayacağım qəhrəmanlardan oldular.
      Əsər detallı təsvirlərlə zəngin olsa da, oxucunu darıxdırmır, dialoqlar kimi şəhərin, məkanların, insanların təsvirləri də axıb gedir mütaliə zamanı. Kitabı sevməyimdə uğurlu tərcümənin rolunu da mütləq qeyd etməliyəm. Fransaya xas özəlliklərin türk dilində ən uyğun ifadələrlə verilməsi təqdirəlayiqdir. Tamamlanması 6 ay çəkmiş bu romanın niyə bu qədər sevildiyini, müəllifinin şöhrətinə şöhrət qatdığını asanlıqla anlamaq mümkündür oxuduqca. Axıcı dili, dərin anlamlar ifadə etməsi, oxuyucunu özəl bir sehrlə cəzb etməsi, unudulmaz qəhrəmanları, tarixin müəyyən dövründə fransızların yaşayış tərzi, həyatları, duyğu və düşüncələri haqqında geniş məlumat əhatə etməsi ilə "Notre Dame’in Kamburu" həqiqətən bir şahəsərdir. Müxtəlif dövrlərdə çəkilən filmlər, videolar, hazırlanan musiqili tamaşalar da bunu bir daha sübut edir.
                                                                         
      Victor Hugo’nun bu dünyaşöhrətli romanı oxuma müddətim uzun olsa belə həvəslə bitirdiyim və sevdiyim kitablar sırasında yerini aldı. Sonluğu gözlədiyim kimi olmasa da, yazıla biləcək ən təsirli nəticə ilə yenə məni valeh etməyi bacardı. Dünya klassiklərinə müraciət edən hər kəsin ilk sıralarda oxumağını məsləhət gördüyüm bu kitab asanlıqla 5 bal aldı məndən.

26.03.2014     /     00:48 a.m.
                                                       

25 March, 2014

Anlat İstanbuL

 Son zamanlar kitab oxumaqda yavaşlasam da, film izləmə sürətim olduğu kimi qalıb. :) Bu dəfəki seçimim “Anlat İstanbul” adlı türk filmi oldu. Bu seçimimdə rol oynayan başlıca amil filmin güclü aktyor heyəti oldu. Ancaq gözlədiyimi tapa bilmədim desəm yerində olar. Bu qədər usta isimlərə rəğmən film müsbət rəyimi qazana bilmədi. Həm mövzu, həm də çəkiliş baxımında sönük bir layihə təsiri bağışladı mənə.
İlk olaraq filmin mövzusundan bəhs edim, sonra diqqətimi çəkən məqamlara toxunaram.
       “Anlat İstanbul” ilk dəfə izləyici qarşısına 2005-ci il martın 11i çıxıb. Araşdırdığım zaman filmi mənim kimi bəyənməyənlər olsa da, sevənlərin daha çox olduğunu müşahidə etdim. Hətta bir neçə mükafata belə layiq görülməsi təəccübümə səbəb oldu. İstanbul Film Festivalında “En İyi Film” mükafatını əldə edən “Anlat İstanbul”, həmçinin iki dəfə “En İyi Kadın Oyuncu” və “Umutveren Erkek Oyuncu” mükafatlarını da alıb.
Film 5 rejissorun birgə fəaliyyəti əsasında çəkilib. 5 fərqli nağılı bu qədim şəhərə daşıyan 5 fərqli rejissor... Əslində idaya maraqlıdır, sadəcə əməkdaşlıq zəif olub deyə düşünürəm. Masallara uzaq biri kimi  filmdə təkcə bir obrazdan başqa heç kimi nağıl qəhrəmanına bənzədə bilmədim. :))  Bu layihədə eyni zamanda 5 həyat hekayəsi cərəyan edir və ortaq obrazlarla bir-biri ilə əlaqələnir. 
        İstifadə olunan nağıllar - Fareli Köyün Kavalcısı (Pied Piper), Pamuk Prenses (Snow White), Külkedisi (Cinderella), Uyuyan Güzel (Sleeping Beauty), Kırmızı Başlıklı Kız (Little Red Riding Hood (Little Red Cap) - sayəsində filmdə qədimi, nağıllara xas sehrli atmosfer yaratmaq istənilib, eyni zamanda obrazlar bir qədər müasirləşdirilərək, dəyişikliyə məruz qalaraq indiki İstanbulun sakinlərinə bənzədilib.
         O məsumluğun duyulduğu masallar xəyanət , ehtiras, yalan, riyakarlıq, qorxu, şübhə, təhdid, qəddarlıq dolu həyat hekayələrinə çevrilib. Hər nağıl ayrı bir rejissorun təqdimatında çıxır qarşımıza və bəzi obrazlar vasitəsilə bir-birinə bağlanır. İstanbulun fərqli məkanlarında lentə alınan və 99 dəqiqə davam edən “Anlat İstanbul” daha çox məşhur oyuncu heyəti ilə diqqəti cəlb edir. Altan Erkekli, Erkan Can, Çetin Tekindor, Fikret Kuşkan, Mehmet Günsür, Nejat İşler, Ahmet Mümtaz Taylan, Nürgül Yeşilçay, İsmail Hacıoğlu, Özgü Namal... İzləyərkən bu cür isimlərin necə belə bəsit filmdə oynamağa razılıq verdiyini düşünürdüm. Bəlkə də bu 5’lik layihəsinə dəstək olmaq istəyiblər. Bu ustaların güclü filmlərdə, seriallarda rol aldığına şahid olan hər kəs onları bu sönük filmə yaraşdırmaz haqlı olaraq. İzləyərkən ən çox duyğulandığım Nejat İşlerin səhnələri oldu. Həqiqətən bu aktyor üçün, onun səsi, mimikaları, rola özündən bir şeylər qatması üçün darıxdığımı hiss etdim. 9 yaşlı bu film sanki bu usta isimlərin illər ərzində necə dəyişdiyini də göstərir izləyicilərə.
                İstanbulu gözlərimiz qarşısında hər detalı ilə - sabahı, gecəsi, insanları ilə açan filmi bu cəhətdən bəyənsəm də, yarımçıq qalan hekayələri, sönük səhnələri, bəzi aktyorlarının zəifliyi filmə uyğunlaşa bilməyimə mane oldu. Film əlaqəli 5 nağıldan ibarət layihə kimi təqdim olunsa da, mənə əlaqələndirilməyə çalışılan 5 yarımçıq ideya təsiri bağışladı. 7 cücədən biri olmasaydı mən nağıllarla heç bir bağlılıq olduğunu düşünməzdim belə. :) Azra Akının zəif oyunculuğu isə tam bir xəyal qırıqlığı oldu.
      Rəğbətimi qazanan detallara geldikdə İstanbulun açıq sərgilənməsi ilə yanaşı son nağılın dünyaya gözlərini açmadan canına qıyılmış bir uşağın dilindən danışılması olduğunu qeyd edə bilərəm. Ananın övladı hər an yanındaymış kimi davranması həqiqətən təqdirəlayiq ideyalardan biri idi. Nejat İşlərə isə rolunun heç yaraşmadığını vurğulamalıyam. Onu həmişə təmizqəlbli, sevgidolu, ağır xarakterli bir obraz kimi görməyə öyrəşmişəm. Ancaq bu obrazın da öhdəsindən müvəffəqiyyətlə gəldiyini fəxrlə etiraf etməliyəm.
        Filmin sonu isə əksər türk filmlərinə xas olaraq nəticəsiz quru şəkildə çəkilib. “Anlat İstanbul” mükafatlarına, izləyənlərin tərif dolu rəylərinə rəğmən mənim sevmədiyim filmlərdən biri oldu və sadəcə 2 bal aldı.



25.03.2014      /     07:37 p.m.

23 March, 2014

The Double

     Uzun müddətdir sevimli aktyorumdan yeni bir film izləmirdim. Ona görə də işdən sonra yorğunluğumu atmaq üçün tərəddüdsüz bir Topher Grace filmi seçdim. “The Double” uzun zamandır izləməyi planlaşdırdığım filmlərdən biri idi. Və nəhayət izləmə şansı əldə etdim.. “The Double” elə ilk dəqiqədən etibarən məni necə bağladısa özünə, 98 dəqiqə sirlərlə dolu bir dünyanın dərinliklərində hiss etdim özümü.
         Baş rollarında Topher Grace və Richard Gere’i gördüyümüz bu casus filmi 2011-ci il oktyabrın 28i izləyicilərə təqdim olunub. Film haqqında yazılanları oxuyarkən daha çox tənqid edildiyinə şahid oldum. Əksinə mənim bəyəndiyim layihələrdən biri oldu. Doğrudur, bəzi səhnələr daha canlı, daha həyəcanverici çəkilə bilərdi, ancaq sırf bu cəhətə görə filmi zəif adlandırmaq haqsızlıq olar. Sonda yer alan bəzi sönük səhnələri çıxmaq şərtilə yüksək sürətlə, həyəcanla, hərəkətli şəkildə davam edən bu film Topher Grace’in uğurlu işlərindən biridir deyə düşünürəm.
        Mövzusu sadə görünsə də, əslində isə qarmaqarışıq olan bu filmin bəyəndiyim cəhətlərinin ilk sıralarında haqqında danışılan məsələnin son ana qədər sirr kimi saxlanılmaması oldu. Qaranlıq məqam tezliklə işıqlansa da, sonluq izləyicinin gözlədiyi kimi olmur. Bu detal ilə də film daha maraqlı və fərqli görünür.
           Aktyorların məharətlə rollarının öhdəsindən gəlməsi, adrenalini bol, hərəkətli, həyəcanlı səhnələrin yaranmasına səbəb olub. Filmin mövzusuna gəldikdə, qısaca qeyd edim ki, burada əsl kimliklərini gizli saxlayan iki casusdan bəhs olunur. Uzun zamandır öldüyünə inanılan “Cassius” adlı qatil Amerika senatorlarından birinin öldürülməsi ilə yenidən gündəmə gəlir. Cinayətin yalnızca bu qatilə məxsus metodla – boğazın kəsilməsi ilə törədilməsi onun ölümü ilə bağlı şübhələr doğurur. Bu işin açılması üçün təqaüddə olan əməliyyatçı Paul Shepherdson və keçmiş Sovet kəşfiyyatçısı kimi tanınan “Cassius” işi üzrə ekspert olan gənc polis casusu Ben Geary cəlb olunur. Filmin əvvəlindən Paul şübhəli davranışları ilə, həvəsli olan Beni işdən uzaqlaşdırmaq üçün əlindən gələni edərək qəribə görünür. Əməliyyata başlayan bu ikili “Cassius” haqqında məlumatlar toplamağa başlayarkən eyni metodla törədilən cinayətlər də artmağa üz qoyur. Beləliklə işində usta olan Ben getdikcə Pauldan şübhələnir. Paralel olaraq öz tədqiqatına başlayır. Paul isə öz növbəsində bir tədbir görərək, şübhələri üzərindən çəkmək üçün hal-hazırda Amerikada olan rus terroristi Buzlovskinin “Cassius” olduğunu iddia edir. Bu iddia ilə barışmayan Ben tədqiqatı nəticəsində gərçəyi öyrənir; nəinki Paulun “Cassius” olduğundan əmin olur, eyni zamanda onun cinayətlər törətməsinin kökündə Buzlovskinin başçılığı ilə təşkil olunan həyat yoldaşı və övladının qətlində əli olan şəxslərin olduğunu aşkarlayır.

        Sonda isə Benin də həqiqi kimliyi aşkarlanır. Paul onun əslində rus casusu olduğunu və işini bitirdikdən sonra geri qayıdacağını müəyyən edir. Benin həayatını xilas edərək öz vurulmasına göz yumur, ancaq əzəli düşməni Buzlovskini öldürüb intiqamını almış olur.
         Sirlər isə sadəcə bu iki casusa aydın olur. Benin sirrini “Cassius” ölərək gizli saxlayır. Paulun sirri isə Benin ona olan borcunu ödəyərək “Cassius”un Buzlovski olduğunu isbat etməsi ilə gizli qalır. Son səhnədə isə Benin ölkəsinə qayıtmaqdan vazkeçib ailəsinin yanına gəldiyinin şahidi oluruq.
         “The Double” həyəcan dolu səhnələri, örtülü qalan sirləri, uğurlu strategiyaları ilə olduğu kimi, duyğusal anları ilə də yaddaşımda qalacaq. Bu gözəl film sayəsində dəyərli vaxt keçirməklə yanaşı, sevimli aktyorumu yeni bir obrazla yenidən kəşf etdim. Beləliklə, “The Double” bir çox özəlliyi ilə sevgimi qazana bildi, Topher Grace filmoqrafiyasının uğurlu layihələri arasında yerini aldı və sevə-sevə 5 bal verdiyim kinolardan birinə çevrildi.

02 February, 2014

Sen Kimsin?

 2013-cü ilin izlədiyim son filmi “Sen Kimsin” oldu. Baş rolda həm sənətini, həm də xarakterini çox sevdiyim aktyor – Tolga Çeviki görürük. Filmi izləmə səbəbim də elə bu aktyor oldu desəm daha doğru olar. Artıq bir neçə ildir ki,  bu istedadlı insan hər zaman maraqla izlədiyim, tərərddüdsüz bəyənəcəyimdən əmin olduğum işlərə imza atır. “Sen Kimsin”i izlədiyim zaman da düşüncəmdə yanılmadığımı gördüm.
Tolga Çevikin həm ssenarisini yazıb, həm də baş rolda oynadığı bu komediya 2012-ci il mart ayının 2-də tamaşaçı qarşısına çıxıb. 105 dəqiqə davam edən bu filmin sizi hər saniyəsində güldürəcəyinə əmin ola bilərsiniz. Film başlayarkən hekayə çox sadə görünsə də, bir anda hər şey qarmaqarışıq hal alır. Bu qarışıq yumağı açmaq isə əsas qəhrəmanımızın vəzifəsidir.
       “Sen Kimsin” filmi haqqında izləyənlərin fikirləri ilə tanış olarkən tənqidlərin çox olduğunu gördüm. “Celal ilə Ceren” filmini izləyib bəyənib, gülən insanların bu film haqqında zəif deməsi mənə çox qəribə gəldi doğrusu. Hər halda hər kəsin zarafat anlayışı da intellektual səviyyəsi kimi fərqlidir.
      Filmin nədən bəhs etdiyinə gəldikdə ilk əvvəl bəsit bir detektiv hekayə olduğunu qeyd edim. Ancaq aktyorlar mimikaları, zarafatları ilə izləyicilərə bu sadə hekayəni o qədər gözəl əks etdirir ki, bu səbəbdən bəyənməmək mümkün deyil düşünürəm.
      Filmdə Tolga Çevik bir detektivi canlandırır. Etiraf etməliyəm ki, hər zaman olduğu kimi bu obrazın da öhdəsindən ustalıqla gəlib. Bir ögey ananın bu sevimli detektivin yanına gələrək qızını tapmağını ondan xahiş etməsi ilə başlanan hekayə saf xəfiyyənin hər təhlükəni dəf etməyə çalışaraq həyatı bahasına belə olsa qızı axtarmaq cəhdləri ilə davam edir. Bir müddət sonra adı bir qaçırılma məsələsi hər kəsin şübhəli bir hal aldığı mürəkkəb bir problemə çevrilir. Gizlənən sirlər, söylənən yalanlar, oynanılan oyunlar, qurulan tələlər günahkar hesab olunan məsumlar izləyərkən bol enerjili bir macəranın şahidinə çevirir bizləri. Oyunlar pozulub, qaranlıq nüanslar işıqlandıqca filmin gec bitməyini arzulayırdım. Xoşbəxt sonluqla bitən bu komedik macəra vaxtımızı gözəl keçirmək üçün gözəl seçimlərdəndir.
                    


      Filmdə Tolga Çeviklə yanaşı Köksal Engör, Mahir İpek, Toprak Sergen, Zeynep Özder, Pelin Körmükçü kimi sevilən aktyorların da rol alması “Sen Kimsin”i daha maraqlı və gülməli edib.
      İstanbulun müxtəlif məkanlarında 6 həftə müddətinçəkilən"Sen Kimsin?" bəyəndiyim komediyalardan birinə çevrildi. Xüsusən də Tolga Çevikin performansı unudulmaz oldu mənim üçün. Filmin qurğusu bir qədər zəif olsa da, bu, izləyərkən məni narahat etmədi. Mənasız zarafatlarla zəngin komediyaların əksinə “Sen Kimsin” həm güldürüb, həm də düşündürdüyü üçün zövqümə uyğun oldu. Beləliklə, işdə izləyərkən məni yorğunluqdan uzaqlaşdıran, həftəsonumu boş yerə məhv etməyimə əngəl olan bu komediya bir çox detalı ilə sevgimi qazanaraq məndən 4 bal alır.
02.02.2014      /     06:19 p.m.

26 January, 2014

Elxan Elatlı – İtmiş Qızın Axtarışı

       2013-cü ilin son Elxan Elatlı kitabını da beləcə bitirdim. İlin final seçimi yenidən detektiv bir əsər - “İtmiş Qızın Axtarışı” oldu. Həcmcə kiçik olsa da çox şey ifadə edir sevilən yazarın bu əsəri də. Kitab 2 hekayə və bir povestdən ibarətdir. Detektiv yazıçının qələminin izinin hər səhifədən duyulduğu bu əsər vaxtınızı dəyərli keçirmək, həm mütaliə edib, həm də düşünmək üçün uğurlu seçimdir.
         Kitabın daxilindəkilərdən qısaca bəhs edim sizlərə. “Uşaq Oğruları” adlı hekayəsində sevimlimiz Qara Xəfiyyə oğurlanan qızı uğurla reallaşdırdığı plan sayəsində tapır, “Faktlar Onun Əleyhinədir” hekayəsində isə kənddə baş verən qüsursuz şəkildə qurulan cinayətin sirli pərdəsini aralayaraq ümidini itirmiş günahsız insanlara kömək olur. Kitabda daha çox bəyəndiyim hissə isə adının götürüldüyü “İtmiş Qızın Axtarışı” povesti oldu. Burada da yenə Qanbay Qasımlının səbrlə, təmkinlə qurduğu plan sayəsində bütün acı gerçəklərin üstü açılır və məxfi iş hər zaman olduğu kimi məşhur xəfiyyənin qələbəsi ilə bitir.
          Digər 2 hekayə adi hadisələrdən bəhs etsə də, povest mürəkkəbliyi ilə, fərqliliyi ilə seçilərək zövqümə daha çox uyğun oldu. Ağlıma gətirməyəcəyim bir sonluqla bitən əsər qarışıq duyğular yaratdı məndə. Həyatda əgər ən yaxın hesab etdiklərimizə belə güvənə bilməyəcəksək, necə başa vura bilərik bu yaşamı? İnsan ən sevdiyinə belə bir pisliyi edərkən vicdanı nə qədər səssiz qala bilər?
           Mükəmməl qurulmuş süjet xətti ilə zövq verən kitab hadisələrin açılması ilə sevinc-kədər qarışıq hisslər oyadır oxucuda. Hər zaman Qanbay Qasımlının iştirakı ilə olan kitabları xüsusi bir həvəslə başlayıram oxumağa. “İtmiş Qızın Axtarışı” da belə kitablardan biri oldu. Zövq alaraq oxuduğum Elxan Elatlı əsərlərindən birinə çevrildi.
          Sevgini, xəyanəti, dostluğu, sevinci, kədəri, qorxunu, şübhəni, inamı, xəyal qırıqlığını bir də bu müəllifin qələmindən oxumaq fərqli bir duyğudur. Son olaraq bunu da qeyd etməliyəm ki, hər yeni kitabını oxuduqca Elxan Elatlı marağını itirmir mənim üçün. Əksinə onun dəsti-xəttinə, dünyagörüşünə, təxəyyülünə marağım və heyranlığım daha da artır.
        “İtmiş Qızın Axtarışı” sona qədər intizarda saxlayan mövzusu, maraqlı hekayələri ilə bəyəndiyim detektiv kitablar sırasında öz yerini tutdu. Ancaq məni digər Elxan Elatlı əsərləri kimi heyran edə bilmədiyi üçün sadəcə 3 bal aldı.

26.01.2014 / 05.47 p.m.

30 December, 2013

Kenan Doğulu Konseri 07.12.2013



07.12.2013 İlin ən unudulmaz günlərindən birinə çevrildi Kenan Doğulu sayəsində. Artıq 2 ildən bir qədər keçmişdi ki, bu möhtəşəm səsi canlı eşitmirdim.  Kenan Doğulu'nu hər zaman dinləsəm də, ona sevgimin ilk konsertinə getdiyim zaman daha da artdığını etiraf etməliyəm. Sənətinə vurğunluğu ilə, getdiyi hər ölkədə izləyiciləri heyran etmək bacarığı ilə, mahnılarına canlı ifa zamanı qatdığı əvəzsiz incəliklərlə, sevənlərinə qarşı səmimi münasibəti ilə bir çox müğənnilərdən seçilir. Elə bütün bu xüsusiyyətlərinə görə Kenan Doğulu nə zaman şəhərimiz qonağı olursa, konsert zalı fanatları ilə dolub-daşır. Bu dəfə də ənənə davam edirdi. Heydər Əliyev adına saray bu özəl səsi sevən izləyicilərlə tamamilə dolmuşdu.
        Qeyd edim ki, Kenan Doğulu Bakımızın qonağı olacağını eşitdiyim zaman biletini almağa tərəddüd etmədiyim ifaçılardan biridir. Professional qrupla işlərini davam etdirən Kenan konsert cədvəlini dəqiqliklə əvvəlcədən planlaşdırdığı üçün bizim bəzi yalan konsert reklamlarına baxmayaraq  onun konsertinə bileti ürəklə almaq olar. :)  Dəqiqləşdirmək məqsədilə isə onu sosial mediadan izləyib haqqındakı son məlumatları əldə edə bilərsiniz.
        İndi isə keçək o möhtəşəm konsert gününə. Yorucu iş günümün ardından istirahət edib, vaxtımı əyləncəli keçirmək üçün bu konsertdən uğurlu variant ola bilməzdi.
        2013-ün sayılı gözəl günlərindən biri desəm dəqiq ifadə etmiş olaram 7 dekabrı. Konsert qeyd edildiyi vaxtdan bir qədər gec başlasa da, az sonra bizi nələrin gözlədiyini təxmin etdiyimiz üçün gözləməyə dəyərdi. Və nəhayət hər kəsin dörd gözlə gözlədiyi an... Kenan səhnədə göründüyü zaman alqışlar zalı bürüdü. Konsertin sonunadək alqış səslərinin susmaması hər kəsin bu mükəmməl konsert barədə mənimlə eyni fikirdə olduğunu göstərir. ;)
       Kenan Doğulu o əvəzsiz səsi, möhtəşəm mahnıları, professional səhnə performansı, istedadlı musiqi qrupu ilə tamaşaçılara bir daha sevdirdi özünü. Səmimiliyin, istiliyin, sevginin ən son sıradan belə asanlıqla hiss olunduğu gözəl bir konsert oldu. Bol mahnılı, imzalı, şəkilli, əyləncə dolu, unudulmaz saatlar yaşadıq Kenan Doğulu sayəsində. Onun Şeytan tüyü, Aşk oyunu, Aşk kokusu, Ara beni lütfen, Kalp kalbe karşı, Baş harfi ben, Pamuk, Güzeller içinden, Ben güzelden anlarım, Çakkıdı, Aşka türlü şeyler, Bal gibi, Doktor, Şans meleğim, Rüzgar, Kandırdım, Yaparım bilirsin, Bunlar da geçer, Tutamıyorum zamanı, Kız sana hayran, Hiç bana sordun mu? və Sorma mahnılarını bir də canlı-canlı dinləmək həqiqətən özəl idi. Səsin, sənətin, əməyin, eşqin, bağlılığın hər anında duyulduğu bu konsertin uzun müddət yaddaşımdan silinməyəcəyinə əminəm.
         Sonda onu da qeyd edim ki, bu möhtəşəm konsert üçün yerli kanallarımızdan birində hazırlanan xəbər həqiqətən utancverici idi. “Kenan Doğulu Azərbaycan izləyicisini yola verdi.” fikri ilə tamamlanan xəbər sadəcə konserte gedə bilməyənlər üçün təsəlli ola bilərdi. Ancaq düşünürəm ki, musiqidən anlamayan, yalnızca bizim “star”larımızın konsertlərini bəyənənlərin hazırladığı xəbər videosu bundan artıq ola bilməzdi təəssüf ki. Bu mənasız xəbər uzağı bir həftəyə unudulacaq, amma konsertdə iştirak edənlər o zövqlü saatları, o musiqi ziyafətini çətin ki unutsun.
        Və unudulmaz konsert macəram belə bitdi. İnşallah tezləklə yeni bir konsert proqramı ilə qonağımız olar bu mükəmməl səs.

30.12.2013     /     9.55 p.m.    

10 November, 2013

Sabahattin Ali – Kürk Mantolu Madonna

 Uzun zamandır oxumağı planlaşdırdığım kitablardan biri idi “Kürk Mantolu Madonna”. Hər zaman sosial şəbəkələrdə tərif atəşinə tutulduğunun şahidi olduğum üçün www.kitapyurdu.com ‘dan sifariş etmişdim bir müddət əvvəl. Qısa zamanda rəfimdə yerini alsa da, yalnızca bir neçə ay sonra oxumaq fürsəti əldə etdim.
     Elə Sabahattin Ali ilə ilk tanışlığım da “Kürk Mantolu Madonna” vasitəsilə oldu. Bu yazıçı kitablarının özünəməxsus dizaynı ilə diqqətimi cəlb etdi. Digər əsərləri haqqında məlumat axtardığım zaman onun hər kitabının üz qabığında öz şəklinin olduğunu müəyyən etdim. “Sadə görüntü ilə dərinlik ehtiva edən kitablar müəllifi” deyə bilərəm ona.
      Müəllif ilk əvvəl “Kürk Mantolu Madonna”nı “Hakikat” qəzetində “Büyük Hikaye” adı ilə oxuculara təqdim etməyə başlayıb. 1943-cü ildə isə roman olaraq işıq üzü görüb bu dəyərli əsər. Kitab haqqında onu qeyd edə bilərəm ki, saf bir eşqin fonunda böyük fikirlər ifadə olunub bu romanda. Bir insanın daxili dünyası, düşüncələri və hissləri arasındakı tərəddüdləri, sevgiyə münasibəti, həyata küskünlüyü ancaq bu qədər mükəmməl təsvir edilə bilərdi. Xoşbəxt sonluqla bitməyən əsərləri sevməsəm belə “Kürk Mantolu Madonna” yaratdığı duyğularla, hiss etdirdikləri ilə qəlbimi fəth etməyi bacardı.
      Əsərin başlanğıcdan fərqli istiqamətdə irəliləməsi və bəhs olunan hər şeyin Raif Efendi və Maria Puder sevgisinin ifadəsi üçün istifadə olunan vasitələr olması xüsusilə bəyəndiyim nüanslardan oldu. Oxuduqca əsər mənə elə təsir bağışladı ki, sanki çevrilən hər səhifə, ötülüb keçilən hər sətir bu böyük sevgini, onun özəlliyini oxucuya anlatmaq üçün bir vəzifə öhdəsinə götürmüşdü. Sabahattin Ali düşüncə tərzi, sadə yazı üslubu ilə sevdiyim yazarlar sırasına daxil oldu. Sonda kitabı vərəqləyərkən karandaşla qeyd etdiyim bir xeyli sətirlərin gözümə çarpması həm əsər, həm də yazıçı haqqında müəyyən bir fikrin formalaşmasına kifayət edər deyə düşünürəm.
      Kiçik bir tablo böyük bir həyata həm dəyər qata, həm də onu məhv edə bilərmi? Baş qəhrəmanımız üçün həyatda əvəzsiz olan tək insanı ona bəxş edən qiymətli bir rəsm əsəri olsa da, mənə görə onun məhvinin, başlanğıcı bir göz qırpımında keçən xoş günlərin müqabilində həyata küskünlük bəxş edən bir incəsənət nümunəsi idi o cəlbedici tablo. Həqiqətən, qəlbin dərinliyində yatan, bir gün mütləq reallaşacağına inanılan arzuların əldə olmayan səbəblərdən puç olması necə də qorxuncdur. Sabaha oyanmaq, həyata davam etmək üçün heç bir stimulu qalmayan insan yalnızca ömrünü başa vurmaq arzusu ilə açır gözlərini. Anidən başlayan və bütün ömrə həkk olunan bir sevgi və əsla onun üstünü örtməyə qadir olmayan ailə və gündəlik qayğılar. Yazarın da dediyi kimi “Bir hayatı baştan aşağı dolduracak kadar zengin olan hatıralar, böyle kısa bir zamana sıkıştırıldıkları için hakikattekinden daha canlı, daha tesirliydiler. “
Oxuyarkən bütün bu hisslər zərif tellərlə qəlbinizə toxunacaq.. Elə bu səbəbdən də “Kürk Mantolu Madonna” təsiri uzun müddət keçməyən dəyərli əsərlərdəndir.
      Son olaraq əsərdə bəyəndiyim fikirlərdən bəzilərini sizinlə paylaşıram. Bu sətirlər kitab haqqında müəyyən qədər də olsa təsəvvür yaradacaq sizlərdə.
  • Fakat insanlar nedense daha ziyade ne bulacaklarını tahmin ettikleri şeyleri araştırmayı tercih ediyorlar. Dibinde bir ejderhanın yaşadığı bilinen bir kuyuya inecek bir kahraman bulmak, muhakkak ki, dibinde ne olduğu hiç bilinmeyen bir kuyuya inmek cesaretini gösterecek bir insan bulmaktan daha kolaydır.
  • Bütün teessürlerimiz, inkisarlarımız, hiddetlerimiz, karşımıza çıkan hadiselerin anlaşılmadık, beklenmedik taraflarınadır. Her şeye hazır bulunan ve kimden ne geleceğini bilen bir insanı sarsmak mümkün müdür?
  • İnsanlar bir-birlerini tanımanın ne kadar güç olduğunu bildikleri için bu zahmetli işe teşebbüs etmektense, körler gibi rasgele dolaşmayı ve ancak çarpıştıkça bir-birlerinin mevcudiyetinden haberdar olmayı tercih ediyorlar.
  • Dünyanın en basit, en zavallı, hatta en ahmak adamı bile, insanı hayretten hayrete düşürecek ne müthiş ve karışık bir ruha maliktir! Niçin bunu anlamaktan bu kadar kaçıyor ve insan dedikleri mahluku anlaşılması ve hakkında hüküm verilmesi en kolay şeylerden biri zannediyoruz? Niçin ilk defa gördüğümüz bir peynirin evsafı hakkında söz söylemekten kaçtığımız halde ilk rast geldiğimiz insan hakkında son kararımızı verip gönül rahatıyla öteye geçiveriyoruz?
  • İçimde, bir yolculukta tanışıp alıştığım, fakat pek çabuk ayrılmaya mecbur olduğum bir insana veda eder gibi bir his vardı. İnsanlar, birbirlerinden hiçbir şey anlamayan insanlar, beni buradan da kaçırıyorlardı.
  • Bir insanın diğer bir insanı, hemen hemen hiç bir şey yapmadan, bu kadar mesut etmesi nasıl mümkün oluyordu? Ahbapça bir selam ve temiz bir gülüş.. Ve ben bu anda başka hiçbir şey istemiyordum. Dünyanın en zengin adamıydım.
  • Zaten küçüklüğümden beri saadeti israf etmekten korkar, bir kısmını ilerisi için saklamak isterdim… Bu hal gerçi bir çok fırsatları kaçırmama sebep olurdu, fakat fazlasını isteyerek talihimi ürkütmekten her zaman çekinirdim.
  • Ne kuzuların ağzından vahşi kurt dişlerinin sırıttığını gördüm…
  • Bir kitabı okurken geçen iki saatin ömrümün bir çok senelerinden daha dolu, daha ehemiyyetli olduğunu fark edince insan hayatının ürkütücü hiçliğini düşünür ve yeis içinde kalırdım.
  • Muhakkak ki bütün insanların birer ruhu vardı, ama birçoğu bunun farkında değildi ve gene farkında olmadan geldikleri yere gideceklerdi. Bir ruh, ancak bir benzerini bulduğu zaman ve bize, bizim aklımıza, hesaplarımıza danışmaya bile lüzum görmeden, meydana çıkıyordu… Biz ancak o zaman sahiden yaşamaya, -ruhumuzla yaşamaya- başlıyorduk.
  • Yeni başlayan hafif bir yağmur suyun tüylerini diken-diken ediyordu.
  • Başkasına merhamet etmek, ondan daha kuvvetli olduğunu zannetmektir ki, ne kendimizi bu kadar büyük, ne de başkalarını bizden daha zavallı görmeye hakkımız yoktur…
  • Ruhlarımız için en lüzumlu, en kıymetli olan şeyleri birbirimizde bukduktan sonra diğer teferrüatı görmemezlikten gelmek, daha doğrusu büyük bir hakiket için küçük hakiketleri feda etmek, daha insanca ve daha insaflı olmaz mıydı?
  • Hoş tutulan bir oyuncak olmak, onlara insan olmaktan daha kolay ve cazip geliyordu.
  • Bu gecenin hadiseleri, onlara hatıralarımla bile dokunmaktan ürkecek kadar kıymetliydiler.
  • Benim fikrimce aşk diye ayrı, mücerret bir mefhum yoktu. İnsanlar arasında çeşit-çeşit kendini gösteren bütün sevgiler, sempatiler bir nevi aşktı. Yalnız yerine göre isim ve şekil değiştiriyorlardı. Kadınla erkek arasındakı sevgiye hakiki ismini vermemek bir nevi kendimizi aldatmaktan başka bir şey değildi.
  • Aşk büsbütün başka, bizim tahlil edemediğimiz öyle bir histir ki, nereden geldiğini bilmediğimiz gibi, günün birinde nereye kaçıp gittiğini de bilmeyiz. Halbuki arkadaşlık devamlıdır ve anlaşmaya bağlıdır. Nasıl başladığını gösterebilir ve bozulursa bunun sebeplerini tahlil edebiliriz. Aşka girmeyen şey ise tahlildir.
  • İçinde hakikaten sevmek kabiliyeti olan bir insan hiçbir zaman bu sevgiyi bir kişiye inhisar ettiremez ve kimseden de böyle yapmasını bekleyemez. Ne kadar çok insanı seversek, asıl sevdiğimiz bir tek kişiyi de o kadar çok ve kuvvetli severiz. Aşk dağıldıkça azalan bir şey değildir.
  • Benim beklediğim aşk başka! O, bütün mantıkların dışında, tarifi imkansız ve mahiyeti bilinmeyen bir şey. Sevmek ve hoşlanmak başka, istemek, bütün ruhuyla, bütün vücuduyla, her şeyiyle istemek başka… Aşk bence bu istemektir. Mukavemet edilmez bir istemek!
  • Sevgiyi dışarıdan birdenbire gelen bir şey zannetmek doğru değildir. O, içimizde zaten mevcut olan hislerin bizi şaşırtacak kadar şiddetlenivermesinden ibarettir.
  • Yılbaşının senenin diğer günlerinden ne farkı var sanki? Tabiat onu herhangi bir şekilde ayırmış mı? Ömrümüzden bir sene geçtiğini göstermesi bile o kadar mühim değil; çünki ömrümüzü senelere ayırmak da insanların uydurması… İnsan ömrü doğumdan ölüme kadar uzanan tek bir yoldan ibarettir ve bunun üzerinde yapılan her türlü taksimat sunidir…
  • Demek ki, insanlar bir-birine ancak muayyen bir hadde kadar yaklaşabiliyorlar ve ondan sonra, daha fazla sokulmak için atılan her adım daha çok uzaklaştırıyor.
  • Bu akşam anladım ki, bir insan diğer bir insana bazen hayata bağlandığından çok daha kuvvetli bağlarla sarılabilirmiş.
  • Hayat ancak bir kere oynanan bir kumardır, ben onu kaybettim. İkinci defa oynayamam…
  • Hayatımızın birtakım ehemiyyetsiz teferruatın oyuncağı olduğunu, çünki asıl hayatın teferruattan ibaret bulunduğunu görüyordum. Bizim mantığımızla hayatın mantığı asla birbirine uymuyordu.
     Sabahattin Ali haqqında fikrimin formalaşmasına yardımçı olan bu dəyərli kitab sadəliyi, dərinliyi, təkrarsızlığı, dolğunluğu, bir sözlə, hər detalı ilə zövqümə uyğun olub məndən asanlıqla 5 bal aldı...

10.11.2013     /     03:57 a.m.

02 October, 2013

Kahraman Tazeoğlu – Mavi Ev

         KahramanTazeoğlu - sözlərini hər zaman heyranlıqla oxuduğum isim... Nəhayət onun kitablarından birini oxumaq şansı əldə etdim. “Mavi Ev” bu yay www.kitapyurdu.com dan özümə etdiyim dəyərli hədiyyələrdən biri idi. :)
Fərqli dizaynı və maraqlı girişi ilə diqqətimi cəlb edən kitab səhifələr çevrildikcə marağımın daha da artmasına səbəb oldu. Hər səhifəsi orijinal fikirlərlə dolu olan “Mavi Ev” həyəcanlandırıcı romanlardandır. Nəticənin gözlədiyimdən tam fərqli olması kitabı uzun müddət yaddaqalacaq əsərlərdən birinə çevirdi mənim üçün.
            1969-cu il təvəllüdlü Kahraman Tazeoğlu bu gənc yaşına rəğmən oxucular tərəfindən çox sevilir. Bu gözəl yazarla tanışlıq mahiyyəti daşıyan “Mavi Ev”i bitirdikdən sonra ona olan sevginin səbəbini daha yaxşı anladım. Sadə dili, gözəl fikirləri, canlı duyğu təsvirləri ilə yazılarını oxucuları üçün unudulmaz etməyi asanlıqla bacarır. Böyük ürəyə sahib olduğu hər sətirdən duyulan yazar o qədər yaşayaraq, hiss edərək yazır ki, hər kəsin duyğularına tərcüməçi olub qəlbləri fəth edir.
        “Mavi Ev” haqqında qısaca onu qeyd edim ki, bu cür sevgidolu bir roman yazmaq hər yazıçıya nəsib olmur. O, sevgiyə öyrəşdiyimiz yollardan fərqli yanaşır. Bu kitabında etirafla başlayan sevgi hekayəsi ilə yanaşı, reallığı qəbul edərək yaxın dostunu itirməkdən qorxan bir aşiqin gizli sevgisinin şahidi oluruq. Sahra və Yamanla başlayan sadə bir hekayə Serkamın gəlişi ilə canlılıq qazanır, sonda isə Serkanla daha qarışıq bir hal alır və gözlənilməz sonluqla bitir. Səhifələr sürətlə çevrilir... hadisələr bir-birini əvəz edir... hekayə davam etdikcə oxucunun intizarı da bitmir... Bu kitab mənim üçün son səhifəsinə qədər zövq alaraq oxuduğum romanlardan birinə çevrildi. Əminəm ki, hər kəs oxuyarkən fərqli bir sonluq düşünüb. Eləcə də mən... Ancaq etiraf etməliyəm ki, əsəri həyacanla oxuyub bitirdikdən sonra səhifəni çevirib son cümlələri oxumaq romanın yaratdığı sehri bir az da olsa azaltdı məndə.
       Sürpriz nəticə istisna olmaqla kitab hər detalı ilə gözəl idi. Xüsusilə qəhrəmanlarımızın hisslərinin ifadəsi, sevginin sənət dili ilə izahı çox xoşuma gəldi, Və yazıçının o duyğu dolu sözləri... Kitabda bəyəndiyim özəlliklərdən biri də qarışıq bir səhnəylə başlamağı oldu, sona qədər müəmmalı qalan bu sətirlər ancaq son səhifədə aydınlaşdı. Kim bilir. bəlkə də siz son səhifəsi ilə daha çox sevəcəksiniz kitabı. Buna görə bu dəyərli yazarın yaradıcılığına müraciət etmək istəsəniz, ilk olaraq bu kitabdan başlayın.. İlk qələm təcrübəsindən başlasanız, getdikcə daha çox bağlanacaqsınız Kahraman Tazeoğlu'na. <3
Ümumiyyətlə, bu kitabın yeri Kahraman Tazeoğlu'nu bir yazar kimi kəşf etməyimdə böyük rol oynadığı üçün ayrıdı məndə. Bu sevgini yaşayaraq yazan müəllif qəlbimi fəth edən yazıçılardan birinə çevrildi elə bitirdiyim ilk kitabı ilə. Növbədə isə onun sifariş etdiyim digər kitabları durur :)
“Mavi Ev” bir çox detalı ilə sevdirsə də özünü, sonluq səbəbindən məndən sadəcə 3 bal ala bildi.
Son olaraq bu hekayədən yaddaşıma həkk olan gözəl fikirləri paylaşıram sizlərlə:
* - Ne zamandır beni izliyorsun?
- Zamanı değil; seni izliyordum. O yüzden saat veremeyeceğim.
* - Gözlerine baksaydım; neyin var diye sormazdım.
- Neden?
- Çünki ben iyi yüzme bilmiyorum. Bilseydim, denize de daha çok girerdim. Gözlerine de...

* Gözleri mi boşluğa bakıyordu, yoksa boşluk onun gözlerinde miydi? Ne o gözler boşluğu doldurmaya yetiyordu, ne de boşluklar o gözlere dolmaya. Bir şeyler ya eksikti, ya da fazla? Canı sıkıldı. Tekrar denize baktı. Deniz ve gözler. İkisi de birbiriyle buluştu. İkisi de boğacaklarını bekler gibiydi.
02.10.2013 / 04.11 a.m