Showing posts with label xaricifilmler. Show all posts
Showing posts with label xaricifilmler. Show all posts

09 September, 2018

Opening Night

       Artıq 4 il olmuşdu ki, sevimli aktyorumdan yeni bir film seyr etmirdim. Bu səbəbdən internetdə axtarış edərkən ilk öncə Topher Grace filmoqrafiyasını nəzərdən keçirdim və izləyəcəyim filmlər siyahısını müəyyənləşdirməyə başladım. İlk seçimim 2016-ci il istehsalı “Opening Night” oldu.
         “Opening Night”ın premyerası 2016-cı ildə Los Angeles Film Festivalında olsa da, film 1 il sonra izləyici qarşısına çıxarılıb. Filmdə keçmiş Broadway müğənnisinin ilk musiqili tamaşasında uğursuzluqla qarşılaşdıqdan sonra həyatına istehsalat meneceri kimi davam etməsindən bəhs olunur. Hal-hazırda onun öhdəsində oxumaqdan daha məsuliyyətli bir iş var. Musiqili tamaşanın idarə edicisi olaraq səhnə arxasında fərqli xarakterli aktyor-müğənnilər arasında yarana biləcək hər bir qarışıqlığı aradan qaldırmalı, baş verə biləcək bütün tərslikləri dəf etməli və tamaşanın ən yüksək səviyyədə izləyici qarşısına çıxarılmasına cavabdeh olmalıdır. Ancaq pərdə arxasında heç də hər şey səhnədəki kimi qüsursuz görünmür. Tam bir dəlixana demək olar. Özünü dünya ulduzu sayanlar, cinsi azlıqlar, qadın düşkünü müğənnilər, hər kiçik şeyi problemə çevirən iştirakçılar və tamaşanın ilk gecəsindən mükəmməllik tələb edən direktor...
            Əslində musiqi janrında olan filmləri sevsəm də, bu film heç mənə xitab etmədi. Sadəcə Topher Grace aktyorluğunu sona qədər izləmək üçün dözdüm. Filmdəki sinxron rəqslər musiqi hissəsinə görə daha çox xoşuma gəldi. Geridə qalan dialoqlar isə məlum +18 mövzuya həsr olunmuşdu. O qədər mənasız detallar var idi ki, musiqili tamaşanın sehrini qaçırırdı.
          Filmdə ən bəyəndiyim səhnə elə son səhnə oldu. Sevdiyi qızın və yaxın dostunun təkidi ilə, qorxusu ilə üzləşən Nick - musiqili tamaşanı idarə edən baş qəhrəmanımız öz öhdəliyini, ssenarini diqqətə almadan səhnəyə çıxır və möhtəşəm ifası ilə izləyiciləri heyran edir. Alqışların müşayiəti ilə musiqili tamaşanın ilk gecəsi uğurla tamamlanır. Bu arada son səhnə ilə sevimli aktyorumun səsinin də gözəlliyi isbat olunur. Zatən bir filmi tək başına maraqlı etmək istedad deməkdir.


         Film sevgi, ehtiras, qısqanclıq, kin, tanınmaq arzusu, səhnə bağlılığı, səhnə qorxusu, peşmanlıq və bir çox mücərrəd anlayışı özündə ehtiva edir. Sevərək izlədiyimiz tamaşaların nə əziyyət bahasına başa gəldiyini, səhnə dünyasının kənardan göründüyü kimi parlaq, bəzəkli olmadığını gözlər önünə sərir. Topher Grace aktyorluğu və bəzi rəqslər xaricində filmdə bəyəndiyim bir şey olmadığı üçün “Opening Night” məndən sadəcə iki bal ala bildi.

23 March, 2014

The Double

     Uzun müddətdir sevimli aktyorumdan yeni bir film izləmirdim. Ona görə də işdən sonra yorğunluğumu atmaq üçün tərəddüdsüz bir Topher Grace filmi seçdim. “The Double” uzun zamandır izləməyi planlaşdırdığım filmlərdən biri idi. Və nəhayət izləmə şansı əldə etdim.. “The Double” elə ilk dəqiqədən etibarən məni necə bağladısa özünə, 98 dəqiqə sirlərlə dolu bir dünyanın dərinliklərində hiss etdim özümü.
         Baş rollarında Topher Grace və Richard Gere’i gördüyümüz bu casus filmi 2011-ci il oktyabrın 28i izləyicilərə təqdim olunub. Film haqqında yazılanları oxuyarkən daha çox tənqid edildiyinə şahid oldum. Əksinə mənim bəyəndiyim layihələrdən biri oldu. Doğrudur, bəzi səhnələr daha canlı, daha həyəcanverici çəkilə bilərdi, ancaq sırf bu cəhətə görə filmi zəif adlandırmaq haqsızlıq olar. Sonda yer alan bəzi sönük səhnələri çıxmaq şərtilə yüksək sürətlə, həyəcanla, hərəkətli şəkildə davam edən bu film Topher Grace’in uğurlu işlərindən biridir deyə düşünürəm.
        Mövzusu sadə görünsə də, əslində isə qarmaqarışıq olan bu filmin bəyəndiyim cəhətlərinin ilk sıralarında haqqında danışılan məsələnin son ana qədər sirr kimi saxlanılmaması oldu. Qaranlıq məqam tezliklə işıqlansa da, sonluq izləyicinin gözlədiyi kimi olmur. Bu detal ilə də film daha maraqlı və fərqli görünür.
           Aktyorların məharətlə rollarının öhdəsindən gəlməsi, adrenalini bol, hərəkətli, həyəcanlı səhnələrin yaranmasına səbəb olub. Filmin mövzusuna gəldikdə, qısaca qeyd edim ki, burada əsl kimliklərini gizli saxlayan iki casusdan bəhs olunur. Uzun zamandır öldüyünə inanılan “Cassius” adlı qatil Amerika senatorlarından birinin öldürülməsi ilə yenidən gündəmə gəlir. Cinayətin yalnızca bu qatilə məxsus metodla – boğazın kəsilməsi ilə törədilməsi onun ölümü ilə bağlı şübhələr doğurur. Bu işin açılması üçün təqaüddə olan əməliyyatçı Paul Shepherdson və keçmiş Sovet kəşfiyyatçısı kimi tanınan “Cassius” işi üzrə ekspert olan gənc polis casusu Ben Geary cəlb olunur. Filmin əvvəlindən Paul şübhəli davranışları ilə, həvəsli olan Beni işdən uzaqlaşdırmaq üçün əlindən gələni edərək qəribə görünür. Əməliyyata başlayan bu ikili “Cassius” haqqında məlumatlar toplamağa başlayarkən eyni metodla törədilən cinayətlər də artmağa üz qoyur. Beləliklə işində usta olan Ben getdikcə Pauldan şübhələnir. Paralel olaraq öz tədqiqatına başlayır. Paul isə öz növbəsində bir tədbir görərək, şübhələri üzərindən çəkmək üçün hal-hazırda Amerikada olan rus terroristi Buzlovskinin “Cassius” olduğunu iddia edir. Bu iddia ilə barışmayan Ben tədqiqatı nəticəsində gərçəyi öyrənir; nəinki Paulun “Cassius” olduğundan əmin olur, eyni zamanda onun cinayətlər törətməsinin kökündə Buzlovskinin başçılığı ilə təşkil olunan həyat yoldaşı və övladının qətlində əli olan şəxslərin olduğunu aşkarlayır.

        Sonda isə Benin də həqiqi kimliyi aşkarlanır. Paul onun əslində rus casusu olduğunu və işini bitirdikdən sonra geri qayıdacağını müəyyən edir. Benin həayatını xilas edərək öz vurulmasına göz yumur, ancaq əzəli düşməni Buzlovskini öldürüb intiqamını almış olur.
         Sirlər isə sadəcə bu iki casusa aydın olur. Benin sirrini “Cassius” ölərək gizli saxlayır. Paulun sirri isə Benin ona olan borcunu ödəyərək “Cassius”un Buzlovski olduğunu isbat etməsi ilə gizli qalır. Son səhnədə isə Benin ölkəsinə qayıtmaqdan vazkeçib ailəsinin yanına gəldiyinin şahidi oluruq.
         “The Double” həyəcan dolu səhnələri, örtülü qalan sirləri, uğurlu strategiyaları ilə olduğu kimi, duyğusal anları ilə də yaddaşımda qalacaq. Bu gözəl film sayəsində dəyərli vaxt keçirməklə yanaşı, sevimli aktyorumu yeni bir obrazla yenidən kəşf etdim. Beləliklə, “The Double” bir çox özəlliyi ilə sevgimi qazana bildi, Topher Grace filmoqrafiyasının uğurlu layihələri arasında yerini aldı və sevə-sevə 5 bal verdiyim kinolardan birinə çevrildi.

10 August, 2013

The Vow

 “The Vow” 2012-ci ildə izlədiyim ən gözəl romantik filmlərdən biridir. Həmin ildə ən çox izlənən filmlərdən biri olan “The Vow” yaşanmış həyat hekayəsi əsasında qələmə alınıb. Romantik dram janrında olan bu filmin baş rollarında Channing Tatum və Rachel McAdams’ı görürük. Kin və Krickitt Carpenter cütlüyünün eyniadlı kitabından filmə uyğunlaşdırılan bu təsirli hekayə izləyərkən məni həm düşündürdü, həm də gözyaşlarına boğdu.
Filmdə toylarından bir müddət sonra avtomobil qəzası nəticəsində yaddaşını itirən qadınla həyat yoldaşının çətinliklərlə dolu həyatından bəhs olunur. Hər şey öz yolunda mükəmməl davam edərkən bir qəza bütün yaşananları məhv edir, ən acısı isə geriyə təsəlli tapılacaq xatirələrin belə qalmamasıdır.
Paige onu dəli kimi sevən Leo'nu xatırlamasa, ona yad bir insan kimi davransa belə, Leo həyatının eşqini geri qaytarmaqdan, onun sevgisini yenidən qazanmaqdan əsla vazkeçmir.
Sevgilərinin sübutu üçün durmadan dəlillər axtaran bu gənc sevdiyi qadını ən gözəl günlərinin keçdiyi evlərinə gətirməyi bacarsa da, onun yaddaşının qayıtmasına heç bir təsiri olmur. Paige’in xatırladığı isə sadəcə Leo ilə tanışlığına qədər olan həyatıdır. Buna görə də, çarəsiz qalan Leo’nu geridə qoyub xatirələrlə zəngin olan evə - valideynlərinin yanına qayıdır. Hətta niyə bütün sevdiklərindən ayrılıb, nişanlısı əvəzinə başqa biri ilə evləndiyi üçün təəccüblənir. Və sonda gerçəyi öyrəndikdən sonra atasının onu əvvəlki həyatına qaytarmaq cəhdi puç olur.
Yaxın rəfiqəsinin atası ilə münasibətindən xəbər tutan Paige hekayəsində tamamlanmamış hissələri birləşdirərək hər şeyin fərqinə varır.
Yenidən ailəsindən uzaqlaşıb həyatına davam edərkən Leo ilə evlilik andlarının yazıldığı kartlar əlinə keçir. Nəhayət. Yalanlarla dolu həyatında tək doğrunun onu bütün yaşananlara rəğmən qarşılıqsız sevənin bu çarəsiz gənc olduğunu anlayır.
Filmin sonunda bu cütlüyün gələcəyə doğru yeni bir addım attıqlarının şahidi oluruq. Heç bir şey əvvəlki kimi olmasa da, onları ayrılmaz tellərlə bağlayan andları yenidən qovuşmalarına səbəb olur.
      Channing Tatum izlədiyim müxtəlif filmlərdəki obrazları ilə sevdiyim aktyorlardan biri idi, ancaq bu filmi ilə qəlbimdə özünə bir taxt qurdu. Filmin bu qədər güclü alınmasında sözsüz ki, aktyorların rolu əvəzsizdr. Rollarını o qədər gözəl, ustalıqla, hiss edərək ifa edirlər ki, izləyərkən o dəhşətli hadisəni yaşayan sevgililərin elə onlar olduğunu düşünürsən.
2012-ci il fevralın 10-u izləyicilərə təqdim olunan bu film ilk andan böyük tərifə məruz qalıb və eyni zamanda bir sıra mükafatlara layiq görülüb. Ən uğurlu romantik dramlardan biri kimi tanınan “The Vow” filminə baxmağı hər kəsə məsləhət görürəm. Filmin davam etdiyi 104 dəqiqə ərzində öz həyatınızı nəzərdən keçirib yaşadığınız hər günə, hər ana şükr edəcəksiniz.

    Əminəm hər kəsin unutmamağa çalışdığı, daim yaddaşının dərinliklərində qoruyub saxladığı özəl xatirələri var. Bir an bunların silindiyini düşünmək belə həyatı mənasızlaşdırır. Sadəcə güc toplayaraq yenidən həyatdan yapışmaq və boşluqları yeni gözəl xatirələrlə doldurmaq lazımdır. Yenidən doğulub, yenidən irəliyə doğru addımlamaq... bu haqda düşünmək necə də asan görünür, bir də bunları yaşayanlar var... Filmdə isə bu, mükəmməl şəkildə ifadə olunub. Vaxtını dəyərli keçıtmək istəyənlər, öyrəşdiyi oxşar sevgi hekayələrindən fərqli bir sevgi macərasının şahidi olmaq istəyənlər üçün “The Vow” uğurlu seçimdir. Yalansız sevginin, bağlılığın, fədakarlığın hər anında duyulduğu bu filmə sevə-sevə 5 bal verirəm.

10.08.2013     /     03:11 a.m.

20 January, 2013

A Lot Like Love

Növbəti film seçimim afişası ilə diqqətimi cəlb edən “A lot like love” oldu. Baş rollarında Ashton Kutcher və Amanda Peet’in yer aldığı film 2005-ci ildə işıq üzü görüb. Elə ilk dəqiqələrindən zövqümü oxşayan bu romantik komediya-dram sona qədər marağını itirmədən ən sevdiyim filmlərdən birinə çevrildi. “A lot like love” izləyərkən hər özəlliyi ilə izləyicini özünə aşıq etməyi bacarır. Obrazların duyğularına uyğun seçilən musiqilər, ssenari, rolun ifasının mükəmməlliyi, çəkiliş üçün hazırlanan məkanlar və s... 107 dəqiqə davam edən filmin böyük zəhmətlə ərsəyə gəldiyi aydın görünür. Filmdə zidd xarakterdə olan iki gəncin maqnit kimi bir-birini çəkməsi çox gözəl təsvir olunub. Son ana qədər bu cəzbetməyə rəğmən duyğuların etirafından qaçınılması kinonu daha maraqlı, daha həyəcanlı edir. Şüarı xüsusilə bəyəndim.  There is nothing better than a great romance to ruin a perfectly good reliationship. (Yaxşı dostluğu sevgi münasibətindən başqa heç bir şey məhv edə bilməz.)
Mövzuya gəldikdə qeyd edim ki, hər şey iki gəncin həyatı, duyğuları, yaşayış tərzi, etirafları üzərində qurulub. Oliver və Emily bir səfər zamanı qarşılaşırlar. Gələcək və kariyeradan söhbət gedərkən Oliver internetlə maraqlandığını və bu sahədə uğurlu iş qurmaq üçün ona sadəcə 6 il lazım olduğunu deyir. Planının reallaşacağını sübut etmək üçün isə telefonunu Emily’yə verir. Beləcə ayrılan gənclər öz həyatlarına davam edirlər. Üç ilin sonunda özünü tənha hiss edən Emily köhnə nömrələri nəzərdən keçirərkən Oliveri xatırlayır.
Yeni ili tək keçirmək
istəməyərək tərəddüdlə də olsa zəng etmək qərarına gəlir.
Və beləliklə onların ikinci görüşü baş tutur. Artıq həyatlarında bir çox şey dəyişmişdir. Emily sevgilisindən ayrılmış, Oliver isə arzusunda olduğu işə çox yaxınlaşmışdır. Bayramı qeyd etdikdən sonra cütlük bu görüşü də etirafsız, özlərinin dediyi kimi “heç nəyi məhv etmədən” başa vurur.
2 il sonra yolları yenidən kəsişən Oliver və Emilynin görüşünün nəticəsi digərlərindən fərqsiz olur. Hər ikisi öz maraqları ilə məşğul olmağa davam edir və bu sahədə xeyli irəliləyiş edirlər.
Sonda isə hər şey fərqli olur, Oliver uğursuzluğa düçar olub geri qayıdır və Emiliy’yə sevgisini etiraf etmək qərarına gəlir, ancaq onun nişanlı olduğunu öyrənir. Üçüncü nəticəsiz görüşdən sonra həsrətlə keçən bir müddətin sonunda nəhayət cütlük sevginin burulğanına qapılır. Tərəddüdlər, qürur və yanlış anlaşılmalara baxmayaraq 7 il sonra “heç nə üçün gec deyil!” deyərək münasibətlərinin davam etməsinə izn verirlər.
Maraqlı süjet xətti, əyləncəli səhnələri, aktyorların rollarının öhdəsindən uğurla gəlməsi filmi üzümdə gülümsəmə və ürəyimdə həyəcanla izləməyimə səbəb oldu. Vaxtımı əylənərək keçirdiyim sevimli filmlərdən biri oldu mənim üçün və hər özəlliyi ilə 5 bal aldı məndən. Romantik komediya deyildiyi an ağlıma ilk gələn filmlərdən olacaq“A lot like Love”. ;-)

20.01.2013     /     8.07 p.m.

01 January, 2013

Lucky One

 2013-cü il üçün ilk film seçimim “Lucky One” oldu. Nə zamandır izləməyi nəzərdə tutsam da, bu ilə qismət imiş. Baş rollarında Zac Efron və Taylor Schilling’in olduğu bu romantik dram izləyicilərdən bir çox tənqid alsa da, mənim bəyəndiyim filmlər sırasına daxil oldu. Hər hansı bir filmdə rolu qəbul etmək özü də bir zövq məsələsidir deyə düşünürəm. Artıq izlədiyim neçənci Zac Efron filmidir ki, bütünlüklə məni qane edir. Bu aktyor öz film zövqü ilə, rolu ifa etmək istedadı ilə həmişə məndən müsbət rəy alır. 
Ancaq filmin zövqümə uyğun olmasında yalnızca Zac Efronun rolunu qeyd etmək haqsızlıq olar. Eyni zamanda filmin mövzusu olaraq seçilən əsərin müəllifi Nicholas Sparks da kinonun ərsəyə gəlməsi və bəyənilməsində mühüm mövqeyə malikdir. Hətta son zamanlar ən çox bəyəndiyim filmlər elə bu müəllifin kitablarına çəkilənlər olub desəm yanılmaram. A Walk to Remember, The Notebook, Dear John və son olaraq Lucky One.
Filmin mövzusu haqqında yazmamışdan əvvəl onu qeyd edim ki, giriş hissə mənim kimi müharibəyə aid materialları sevməyən izləyicilər üçün darıxdırıcı görünə bilər. Ancaq hər şey ilk səhnənin üzərində qurulub, səbrlə bir qədər izləsəniz, hər şeydən uzaqlaşıb 100 dəqiqə davam edən sevgi, kədər, şübhə və sirrlərlə dolu bir həyat hekayəsinə şahid olacaqsınız.
Lucky One qəribə bir sevgi macərasından bəhs edir, hər şey bir müəmma olaraq başlayır və getdikcə bütün sirrlər açılır, bütün şübhələr yox olur. Dəniz piyadası olaraq İraqda xidmət edən Logan Thibault əməliyyat zamanı bir neçə əsgərin ölümünə şahid olur. Özü isə baş verən partlayışlardan kiçik yaralarla xilas olur. Dağıntılar arasında günəşin şüaları altında parlayan, arxasında “KEEP SAFE” yazılan bir qız şəkli tapdığı andan etibarən həyatında bir qoruyucu mələyin olduğuna inanır. Xidmətini bitirib geri döndükdən sonra onu “ölümdən xilas edən mələk” olduğuna inandığı, şəkildəki əsrarəngiz qızın axtarışına çıxır. Və əsas hadisələr elə bu zaman başlayır.
Loganın şəkildəki qadını - Bethi taparaq həyatının yeni mərhələsinə qədəm qoyması, bu qadının oğlu ilə dostluğu, yaşamını artıq kiçik bir qəsəbədə davam etdirməsi canlı səhnələrlə izləyicilərə təqdim olunub. Beth’in şəkli necə hər şeyin başlanğıcı olmuşdusa, sirrin üstü açıldığı an iplərin qoparılamasına da o səbəb olur.
Beth qardaşının Loganın sağ qalması üçün öldüyünü düşünür və ona şübhə ilə yanaşmağa başlayır.
Vəziyyətin gərginləşdiyi bir vaxtda Loganın təsadüfən tapdığı əsgər şəkli məsələnin aydınlaşmasına səbəb olur. Qardaşının necə həlak olduğunu öyrənmək üçün hər şeyini fəda etməyə hazır olan Beth Logandan gerçəyi – onun bir dəqiqə belə tərəddüd etmədən əsgərinin həyatını xilas etmək istəyərəkən öldüyünü - öyrənir və böyük haqsızlıq etdiyini anlayır.
Xoşbəxt sonluqla bitən filmləri hər zaman daha çox bəyənirəm. "Lucky One" da canlı səhnələri, maraqlı ssenarisi, güçlü aktyor heyəti, gözəl məkan seçimləri, uğurla uyğunlaşdırılmış musiqi parçaları, və ən önəmlisi mimikalar vasitəsilə sözlərdən daha çox şey ifadə olunduğu filmlərdən biri olması ilə uzun müddət yaddaşımdan silinməyəcək layihələr arasında yerini aldı. Sevə-sevə 5 bal verdiyim filmlərdən oldu ;)

04.01.2013     /     5.09 p.m.

13 October, 2012

Five Star Day

 Fərqli mövzulara toxunulan filmləri sevirəm.. “Five Star Day” də onlardan biri oldu. 2010-cu ildə izləyiciyə təqdim olunan bu film bəlkə də mövzu baxımından hər insanın zövqünü oxşamasa belə, əminəm ki, ssenari və aktyorların bacarığı ilə izləyən hər kəsi özünə heyran buraxa bilər. İndiyə qədər astrologiyaya aid bir filmə rast gəlməmişdim. Elə ilk dədiqədən mövzu məni cəlb etməyi bacardı və sona qədər də marağım itmədi. Film bürclərə inanmayan bir şəxsin bu sahədə çalışmaları nəticəsində böyük uğur qazanmasından bəhs edir. Və bütün maraqlı hadisələr də bu mövzu ətrafında cərəyan edir.
     Doğum   günündə   gündəlik qoroskopu   ilə   tanış    olan    əsas    qəhrəman   Jack super bir gün yaşayacağına inansa da, hər şey əksinə olur.. Həmin gün həm işindən ayrılır, həm də sevdiyi qızın xəyanəti ilə üzləşir. Bərbad bir doğum günü keçirən Jack'in məzun olmaq üçün yeganə şansı astrologiyaya aid bir təqdimat hazırlamaq olur.. Belə ki, astroloji nəzəriyyəni çökdürmək istəyən bu gənc doğulduğu şəhərə Chikagoya gəlir və onunla eyni tarixdə eyni xəstəxanada doğulmuş 3 insanı axtarıb tapır. Onları tapması düşündüyü kimi asan olmasa da, nəticə gözlədiyi kimi olur – hər üç şəxsdən ad günlərini necə keçirdikləri barədə məlumat ala bilir.
     6 fevral 1982-ci ildə eyni xəstəxanada bir neçə dəqiqə fərqlə doğulan 4 insan.. Ayrı dünualar, ayrı
həyatlar.. Tək ortaq nöqtə bərbad keçən doğum günü.. İlk hədəf Sarah adlı qadın olur.. Narkotik maddə istifadəçisi ərindən uzaq yeganə qızını böyütməyə çalışan bir ana. Jackin onunla tanışlığı qəribə olsa da, tez bir zamanda səmimiyyət yarada bilir. Ailədəki şəraiti yoxlamaq üçün göndərilən sosial xidmətlərdən bir nümayəndənin narkoman ata ilə evdə qarşılaşması və atanın Sarah'ın nənəsindən yadigar qalan sepi oğraması ilə keçən bir ad günü yaşandığını öyrənir. İkinci şəxs xəstəxanada çalışan bir tibb bacısıdır. O da həyatının bu özəl gününü bilmədən velosiped sürən kiçik bir uşağı vurması ilə xatırlayır. Son axtarış hədəfi isə barda çalışan yenicə albom çıxarmış bir jazz sənətçisidir. Zəncirin son halqası da pozulmur, o da doğum gününü çarəsiz xəstəliyinin olduğunu öyrənərək başa vurmuşdur. Jack hər üç şəxsdən məlumat alaraq geri qayıdarkən təqdimatını artıq hazırlamış olur.. Və ona verilən son şansı uğurla dəyərləndirib məzun olur..
     Sonda bütün bu hadisələr cərəyan edərkən artıq qəhramanın öz həyatına bir istiqamət verdiyinin də şahidi oluruq.. Beləliklə astroloji nəzəriyyəyə qarşı çıxmaq üçün səyahətə başlayan Jack sevgi, bəxt, tale haqqında daha çətin suallarına cavab tapmış olur..
     Fərqli həyatlar, eyni təvəllüd və hər biri üçün bərbad keçən doğum günü.. Filmin mənim üçün ifadə etdiklərini maraqlı, fərqli, dinamik, düşündürücü, həyəcanlı olaraq qeyd edə bilərəm.. Şablon mövzulardan uzaq, hər kəs üçün maraqlı ola biləcək bir mövzunu izləyicilərə uğurlu layihə kimi təqdim etmək təqdirəlayiqdir..
Sonda filmdə ən çox bəyəndiyim fikir:
  • Whether you believe in chance, free will, or destiny sometimes when you look into another person’s eyes you just know. It’s all in the stars. ----- Neden bu kadar insan astrolojiye inanıyor, Belki de sebep kaderlerine ellerine alma sorumluluğundan korkmalarıdır.. Neye inanırsanız inanın, özgür irade, kader ya da yazgı.. Bazen birinin gözlerine baktığınızda hemen anlarsınız her şey yıldızlardadır..
Bütün bu detalları ilə "Five Star Day" məndən asanlıqla 5 bal alır.

13.10.2012     /     4.03 p.m.