Showing posts with label 2012films. Show all posts
Showing posts with label 2012films. Show all posts

02 February, 2014

Sen Kimsin?

 2013-cü ilin izlədiyim son filmi “Sen Kimsin” oldu. Baş rolda həm sənətini, həm də xarakterini çox sevdiyim aktyor – Tolga Çeviki görürük. Filmi izləmə səbəbim də elə bu aktyor oldu desəm daha doğru olar. Artıq bir neçə ildir ki,  bu istedadlı insan hər zaman maraqla izlədiyim, tərərddüdsüz bəyənəcəyimdən əmin olduğum işlərə imza atır. “Sen Kimsin”i izlədiyim zaman da düşüncəmdə yanılmadığımı gördüm.
Tolga Çevikin həm ssenarisini yazıb, həm də baş rolda oynadığı bu komediya 2012-ci il mart ayının 2-də tamaşaçı qarşısına çıxıb. 105 dəqiqə davam edən bu filmin sizi hər saniyəsində güldürəcəyinə əmin ola bilərsiniz. Film başlayarkən hekayə çox sadə görünsə də, bir anda hər şey qarmaqarışıq hal alır. Bu qarışıq yumağı açmaq isə əsas qəhrəmanımızın vəzifəsidir.
       “Sen Kimsin” filmi haqqında izləyənlərin fikirləri ilə tanış olarkən tənqidlərin çox olduğunu gördüm. “Celal ilə Ceren” filmini izləyib bəyənib, gülən insanların bu film haqqında zəif deməsi mənə çox qəribə gəldi doğrusu. Hər halda hər kəsin zarafat anlayışı da intellektual səviyyəsi kimi fərqlidir.
      Filmin nədən bəhs etdiyinə gəldikdə ilk əvvəl bəsit bir detektiv hekayə olduğunu qeyd edim. Ancaq aktyorlar mimikaları, zarafatları ilə izləyicilərə bu sadə hekayəni o qədər gözəl əks etdirir ki, bu səbəbdən bəyənməmək mümkün deyil düşünürəm.
      Filmdə Tolga Çevik bir detektivi canlandırır. Etiraf etməliyəm ki, hər zaman olduğu kimi bu obrazın da öhdəsindən ustalıqla gəlib. Bir ögey ananın bu sevimli detektivin yanına gələrək qızını tapmağını ondan xahiş etməsi ilə başlanan hekayə saf xəfiyyənin hər təhlükəni dəf etməyə çalışaraq həyatı bahasına belə olsa qızı axtarmaq cəhdləri ilə davam edir. Bir müddət sonra adı bir qaçırılma məsələsi hər kəsin şübhəli bir hal aldığı mürəkkəb bir problemə çevrilir. Gizlənən sirlər, söylənən yalanlar, oynanılan oyunlar, qurulan tələlər günahkar hesab olunan məsumlar izləyərkən bol enerjili bir macəranın şahidinə çevirir bizləri. Oyunlar pozulub, qaranlıq nüanslar işıqlandıqca filmin gec bitməyini arzulayırdım. Xoşbəxt sonluqla bitən bu komedik macəra vaxtımızı gözəl keçirmək üçün gözəl seçimlərdəndir.
                    


      Filmdə Tolga Çeviklə yanaşı Köksal Engör, Mahir İpek, Toprak Sergen, Zeynep Özder, Pelin Körmükçü kimi sevilən aktyorların da rol alması “Sen Kimsin”i daha maraqlı və gülməli edib.
      İstanbulun müxtəlif məkanlarında 6 həftə müddətinçəkilən"Sen Kimsin?" bəyəndiyim komediyalardan birinə çevrildi. Xüsusən də Tolga Çevikin performansı unudulmaz oldu mənim üçün. Filmin qurğusu bir qədər zəif olsa da, bu, izləyərkən məni narahat etmədi. Mənasız zarafatlarla zəngin komediyaların əksinə “Sen Kimsin” həm güldürüb, həm də düşündürdüyü üçün zövqümə uyğun oldu. Beləliklə, işdə izləyərkən məni yorğunluqdan uzaqlaşdıran, həftəsonumu boş yerə məhv etməyimə əngəl olan bu komediya bir çox detalı ilə sevgimi qazanaraq məndən 4 bal alır.
02.02.2014      /     06:19 p.m.

10 August, 2013

The Vow

 “The Vow” 2012-ci ildə izlədiyim ən gözəl romantik filmlərdən biridir. Həmin ildə ən çox izlənən filmlərdən biri olan “The Vow” yaşanmış həyat hekayəsi əsasında qələmə alınıb. Romantik dram janrında olan bu filmin baş rollarında Channing Tatum və Rachel McAdams’ı görürük. Kin və Krickitt Carpenter cütlüyünün eyniadlı kitabından filmə uyğunlaşdırılan bu təsirli hekayə izləyərkən məni həm düşündürdü, həm də gözyaşlarına boğdu.
Filmdə toylarından bir müddət sonra avtomobil qəzası nəticəsində yaddaşını itirən qadınla həyat yoldaşının çətinliklərlə dolu həyatından bəhs olunur. Hər şey öz yolunda mükəmməl davam edərkən bir qəza bütün yaşananları məhv edir, ən acısı isə geriyə təsəlli tapılacaq xatirələrin belə qalmamasıdır.
Paige onu dəli kimi sevən Leo'nu xatırlamasa, ona yad bir insan kimi davransa belə, Leo həyatının eşqini geri qaytarmaqdan, onun sevgisini yenidən qazanmaqdan əsla vazkeçmir.
Sevgilərinin sübutu üçün durmadan dəlillər axtaran bu gənc sevdiyi qadını ən gözəl günlərinin keçdiyi evlərinə gətirməyi bacarsa da, onun yaddaşının qayıtmasına heç bir təsiri olmur. Paige’in xatırladığı isə sadəcə Leo ilə tanışlığına qədər olan həyatıdır. Buna görə də, çarəsiz qalan Leo’nu geridə qoyub xatirələrlə zəngin olan evə - valideynlərinin yanına qayıdır. Hətta niyə bütün sevdiklərindən ayrılıb, nişanlısı əvəzinə başqa biri ilə evləndiyi üçün təəccüblənir. Və sonda gerçəyi öyrəndikdən sonra atasının onu əvvəlki həyatına qaytarmaq cəhdi puç olur.
Yaxın rəfiqəsinin atası ilə münasibətindən xəbər tutan Paige hekayəsində tamamlanmamış hissələri birləşdirərək hər şeyin fərqinə varır.
Yenidən ailəsindən uzaqlaşıb həyatına davam edərkən Leo ilə evlilik andlarının yazıldığı kartlar əlinə keçir. Nəhayət. Yalanlarla dolu həyatında tək doğrunun onu bütün yaşananlara rəğmən qarşılıqsız sevənin bu çarəsiz gənc olduğunu anlayır.
Filmin sonunda bu cütlüyün gələcəyə doğru yeni bir addım attıqlarının şahidi oluruq. Heç bir şey əvvəlki kimi olmasa da, onları ayrılmaz tellərlə bağlayan andları yenidən qovuşmalarına səbəb olur.
      Channing Tatum izlədiyim müxtəlif filmlərdəki obrazları ilə sevdiyim aktyorlardan biri idi, ancaq bu filmi ilə qəlbimdə özünə bir taxt qurdu. Filmin bu qədər güclü alınmasında sözsüz ki, aktyorların rolu əvəzsizdr. Rollarını o qədər gözəl, ustalıqla, hiss edərək ifa edirlər ki, izləyərkən o dəhşətli hadisəni yaşayan sevgililərin elə onlar olduğunu düşünürsən.
2012-ci il fevralın 10-u izləyicilərə təqdim olunan bu film ilk andan böyük tərifə məruz qalıb və eyni zamanda bir sıra mükafatlara layiq görülüb. Ən uğurlu romantik dramlardan biri kimi tanınan “The Vow” filminə baxmağı hər kəsə məsləhət görürəm. Filmin davam etdiyi 104 dəqiqə ərzində öz həyatınızı nəzərdən keçirib yaşadığınız hər günə, hər ana şükr edəcəksiniz.

    Əminəm hər kəsin unutmamağa çalışdığı, daim yaddaşının dərinliklərində qoruyub saxladığı özəl xatirələri var. Bir an bunların silindiyini düşünmək belə həyatı mənasızlaşdırır. Sadəcə güc toplayaraq yenidən həyatdan yapışmaq və boşluqları yeni gözəl xatirələrlə doldurmaq lazımdır. Yenidən doğulub, yenidən irəliyə doğru addımlamaq... bu haqda düşünmək necə də asan görünür, bir də bunları yaşayanlar var... Filmdə isə bu, mükəmməl şəkildə ifadə olunub. Vaxtını dəyərli keçıtmək istəyənlər, öyrəşdiyi oxşar sevgi hekayələrindən fərqli bir sevgi macərasının şahidi olmaq istəyənlər üçün “The Vow” uğurlu seçimdir. Yalansız sevginin, bağlılığın, fədakarlığın hər anında duyulduğu bu filmə sevə-sevə 5 bal verirəm.

10.08.2013     /     03:11 a.m.

01 January, 2013

Lucky One

 2013-cü il üçün ilk film seçimim “Lucky One” oldu. Nə zamandır izləməyi nəzərdə tutsam da, bu ilə qismət imiş. Baş rollarında Zac Efron və Taylor Schilling’in olduğu bu romantik dram izləyicilərdən bir çox tənqid alsa da, mənim bəyəndiyim filmlər sırasına daxil oldu. Hər hansı bir filmdə rolu qəbul etmək özü də bir zövq məsələsidir deyə düşünürəm. Artıq izlədiyim neçənci Zac Efron filmidir ki, bütünlüklə məni qane edir. Bu aktyor öz film zövqü ilə, rolu ifa etmək istedadı ilə həmişə məndən müsbət rəy alır. 
Ancaq filmin zövqümə uyğun olmasında yalnızca Zac Efronun rolunu qeyd etmək haqsızlıq olar. Eyni zamanda filmin mövzusu olaraq seçilən əsərin müəllifi Nicholas Sparks da kinonun ərsəyə gəlməsi və bəyənilməsində mühüm mövqeyə malikdir. Hətta son zamanlar ən çox bəyəndiyim filmlər elə bu müəllifin kitablarına çəkilənlər olub desəm yanılmaram. A Walk to Remember, The Notebook, Dear John və son olaraq Lucky One.
Filmin mövzusu haqqında yazmamışdan əvvəl onu qeyd edim ki, giriş hissə mənim kimi müharibəyə aid materialları sevməyən izləyicilər üçün darıxdırıcı görünə bilər. Ancaq hər şey ilk səhnənin üzərində qurulub, səbrlə bir qədər izləsəniz, hər şeydən uzaqlaşıb 100 dəqiqə davam edən sevgi, kədər, şübhə və sirrlərlə dolu bir həyat hekayəsinə şahid olacaqsınız.
Lucky One qəribə bir sevgi macərasından bəhs edir, hər şey bir müəmma olaraq başlayır və getdikcə bütün sirrlər açılır, bütün şübhələr yox olur. Dəniz piyadası olaraq İraqda xidmət edən Logan Thibault əməliyyat zamanı bir neçə əsgərin ölümünə şahid olur. Özü isə baş verən partlayışlardan kiçik yaralarla xilas olur. Dağıntılar arasında günəşin şüaları altında parlayan, arxasında “KEEP SAFE” yazılan bir qız şəkli tapdığı andan etibarən həyatında bir qoruyucu mələyin olduğuna inanır. Xidmətini bitirib geri döndükdən sonra onu “ölümdən xilas edən mələk” olduğuna inandığı, şəkildəki əsrarəngiz qızın axtarışına çıxır. Və əsas hadisələr elə bu zaman başlayır.
Loganın şəkildəki qadını - Bethi taparaq həyatının yeni mərhələsinə qədəm qoyması, bu qadının oğlu ilə dostluğu, yaşamını artıq kiçik bir qəsəbədə davam etdirməsi canlı səhnələrlə izləyicilərə təqdim olunub. Beth’in şəkli necə hər şeyin başlanğıcı olmuşdusa, sirrin üstü açıldığı an iplərin qoparılamasına da o səbəb olur.
Beth qardaşının Loganın sağ qalması üçün öldüyünü düşünür və ona şübhə ilə yanaşmağa başlayır.
Vəziyyətin gərginləşdiyi bir vaxtda Loganın təsadüfən tapdığı əsgər şəkli məsələnin aydınlaşmasına səbəb olur. Qardaşının necə həlak olduğunu öyrənmək üçün hər şeyini fəda etməyə hazır olan Beth Logandan gerçəyi – onun bir dəqiqə belə tərəddüd etmədən əsgərinin həyatını xilas etmək istəyərəkən öldüyünü - öyrənir və böyük haqsızlıq etdiyini anlayır.
Xoşbəxt sonluqla bitən filmləri hər zaman daha çox bəyənirəm. "Lucky One" da canlı səhnələri, maraqlı ssenarisi, güçlü aktyor heyəti, gözəl məkan seçimləri, uğurla uyğunlaşdırılmış musiqi parçaları, və ən önəmlisi mimikalar vasitəsilə sözlərdən daha çox şey ifadə olunduğu filmlərdən biri olması ilə uzun müddət yaddaşımdan silinməyəcək layihələr arasında yerini aldı. Sevə-sevə 5 bal verdiyim filmlərdən oldu ;)

04.01.2013     /     5.09 p.m.