19 November, 2018

Roy Jacobsen – Görünməzlər

     Bu gün Norveçdə çox məşhur olan və tərcümə olunduğu digər dillərin oxucuları tərəfindən də çox bəyənilən kitab haqqında yazacağam. Kitabım Roy Jacobsenin 3 hissəli romanının ilk kitabı “Görünməzlər”dir.
     Roy Jacobsen Norveçin çox sevilən roman və qısa hekayələr yazarıdır. 1954-cü ildə Osloda doğulub və hal-hazırda bu şəhərdə də yaşayır. Həyatı boyu bir çox işlərdə çalışsa da, yazıçılıqda özünü tapıb deyə bilərəm. Ədəbiyyatdakı yerini aldığı bir çox mükafatlarla daha da möhkəmləndirən Roy Jacobsen bir çox dillərə tərcümə olunmuş və Norveç ədəbiyyatının dünyada daha çox tanınmasında xüsusi rol oynayan müəlliflərdən birinə çevrilmişdir.
      “Görünməzlər” (orijinal adı De Usynlige) Norveçdə çap olunduqdan 4 il sonra 2017-ci ildə Qanun nəşriyyatından işıq üzü görmüş və dilimizə Norveç dilindən birbaşa tərcümə olunmuşdur. Bu, mütaliə zamanı mənim üçün önəmli faktorlardan biridir. Oxuyarkən yalnızca bir tərcüməçinin ruhu qatılmış əsər orijinala daha çox sadiq qalır deyə düşünənlərdənəm. Digər dillərdən tərcümə zamanı tərcüməçi öz dəsti-xətti ilə yanaşı bu dillərə tərcümə edənlərin əsərə qatdığı bir çox duyğunu da istəmədən belə olsa əsərə daxil etmək məcburiyyətində qalır. Əsərlərin yazıldığı dili bilmədiyimiz halda birbaşa tərcüməyə müraciət etmək daha məqsədəuyğundur deyə düşünürəm. Bu sahədə də son illər norveç, isveç və danimarka dillərindən birbaşa tərcümələri ilə Anar Rəhimov köməyimizə çatır. Skandinav ədəbiyyatına marağı olan və eyni zamanda əsərləri birbaşa tərcümədən oxumaq istəyənlər üçün Anar Rəhimov imzalı tərcümələr xüsusi dəyərə malikdir.
       Əsərin təhlilinə gəldikdə ən önəmli məqamlardan başlasaq, ilk növbədə fərqli süjet xəttini vurğulamalıyam. Kitabda hər şey dümdüz davam edir. Bu, macəra sevən oxuculara sıxıcı gələ bilər. Ancaq hadisələr o qədər axıcı davam edir ki, heç macəra axtarmağa macal qalmır. Kitab 51 bölümdən ibarətdir. Hər bölümün öz süjeti, öz hadisələri əvəzləmə tərzi var. Bu da əsərdə daha nələrin ola biləcəyi haqda insanı düşünməyə vadar edir. Tam hər şey bitdi deyilən anda, yeni obrazlar peyda olur, yeni hadisələr cərəyan edir. Digər vacib məqamlar rahat başa düşülən yazı tərzi, detallı təsvirlərlə baş verən hər şeyin göz önündə asan canlandırılması, oxuyarkən oxucunu yormaması, yazıçının məharətinə bir növ sübutdur.
      Kiçik bir adada yaşanan çətin həyat tərzi, inadkar insanlar, amansız təbii hadisələr, hər şeydən, hər kəsdən uzaq yaşamağa çalışanlar, dünyanın mərkəzindən kənarda qalmış ada sakınləri – GÖRÜNMƏZLƏR... Qəhrəmanlarımız - həyata 1-0 geridə başlayanlar Barröy adasının sakinləridir. Əsərdə ətraf adalardan söz açılsa da, əsas hadisələr Barröydə cərəyan edir. Hans, atası Martin, bacısı Barbro, həyat yoldaşı Maria və kiçik qızları İngrid. Onlar görünməzlərdir... Onların səsi də duyulmur... O qədər qələbəyə yaxınlaşdıqları anda məğlub olub həyata yenidən başlayıblar ki, bütün hirslərini, bağırtılarını, üsyanlarını öz içlərində boğmağa alışıblar... Zatən görünməyən, heç varlıqlarından xəbər belə olmayan insanların səsi necə eşidilə bilər ki?! Kitabda Hadisələr 1913-1928-ci illər aralığını əhatə edir. Bu müddət ərzində bu 5 sakindən bəziləri həyata vida edir, bəzisi doğulur, bəziləri isə qonşu ərazilərdən gəlib adada yaşamağa məcbur olur. Onların əməyi və həyatı təbiətin gücü qarşısında aciz olsa da, inadkar sakinlər öz adalarını yaşanmalı yer etmək üçün əllərindən gələn hər şeyi edir, bununla da həyatda qalmaq uğrunda mübarizə aparırlar.
Onlar yaşamlarını balıqçılıqla, quru balıq, süd, yun ticarəti ilə sürdürən, qazandıqları məhdud büdcə ilə, həm təbii hadisələr nəticəsində dağıntılara məruz qalan adalarını bərpa etməyə səy göstərən, həm öz qida tədarüklərini, həm də saxladıqları heyvanların yemlərini təmin etməyə çalışan inadkar insanlardır. Burada kişi-qadın bərabərliyi var, zərif məxluq anlayışı öz hökmünü itirib. Qadınlar da kişilərlə bərabər qayıqla dənizə açılır, balıq tutur, tarlada çalışır, balıq qurudur, heyvanlara qulluq edib onları əmək üçün hazırlayır hətta kişilərdən əlavə balıq tutmaq üçün tor toxuyur, kiçik tikinti işləri ilə məşğul olur, evin və adanın qayğısına qalırlar. Bu adada kiçik yaşlı uşaqlar belə işdən kənarda qalmır. Onların da böyüklər kimi bu cür çətin, güc tələb edən işlərin öhdəsindən gəlməsi heyrət doğurur. Uşaqlıqlarını yaşamaq yoxsa sadəcə yaşamaq uğrunda mübarizə... Bax bu seçim haqqı belə onlara verilmir. Hər an fırtına, tufan, leysan, qar fırtınası, quraqlıq təhlükəsi ilə üzləşən qəhrəmanlarımızın bu kiçik dünyasında sadalanan bu işlərdən başqa heç nəyə yer yoxdur. Hər yeni gün onlar üçün həyatla mübarizənin başlanğıcıdır. Bütün bunların fonunda isə ailə üzlərinin bir süfrə arxasında oturub yemək yeməsi, qəhvə içib ətrafı seyr etməsi belə onlar üçün əvəzsizdir, xüsusi dəyərə malikdir. Ailə sevgisi, doğma yurda bağlılıq, əməyin təbliği, təbiət qarşısında inadla mövqe tutmaq, sevdiklərini itirənlərin həyata və bir-birlərinə dörd əllə sarılması bu kitabın əsasını təşkil edir. Aşağıda əsərdən ən bəyəndiyim sətirləri paylaşıram. Onları oxuyarkən bütün həyatı kiçik bir adadan ibarət olan qəhrəmanlarımızı daha yaxşı tanıyacaqsınız.
  • Bütün məsafələrin aldadıcı olduğu dənizdəki metafizik bir qüvvə kimi onun həyatında bəzi proseslər baş verirdi. 
  • Qadının üzünə bir az öncə dalğalar onların həyatına hökmranlıq edərkən yaranan gülüş yenidən qayıtdı. 
  • Bu yağış altında o, küləyin titrətdiyi dəniz yosunlarına bənzəyirdi. 
  • Həyat – onu yaşamağa dəyməyəcək qədər dəyərsizdir. 
  • Qoy ən güclü külək əssin, qoy ən dağıdıcı fırtına qopsun, qoy göy məhvərindən çıxıb yerlə birləşsin, yenə də onların doğma adalarına heç nə olan deyil. 
  • Yazanın xətti dəniz dalğaları kimi səliqəsiz, qalxıb-enən idi. 
  • Bu ona bənzəyirdi ki, insan bütün dünyanı özü üçün bir evə çevirir: səmanı tavana, göz işlədikcə görünən üfüqləri isə evin divarına. Bu evin adı isə dünya olur. 
  • Yüksəklikdən uçan quş qanadlarını açır və qalan hər bir işi külək onun əvəzində edir. 
  • İnsanın hansısa bir xəyal qurduğuna görə peşmançılıq hissi keçirməsi kimi sarsıdıcı bir şey ola bilməz. 
  • Malik olduğunu başa düşmədiyi qiymətli bir şeyin ondan ayrılması faktı ilə üzbəüz qalmışdı. 
  • Ətrafdakı heyvanlar və həşəratlar isə elə insanların özü kimi ölü bir səssizliyə bürünüb. Bu dəmdə eşidilən yalnız dumanın qəribə səsidir: fısıltı! Bu fısıltı balıqqulağının içindəki dənizin səsinə bənzəyir. 
     Sonda bütün oxuculara bu əsəri tövsiyə edirəm. Norveçi, onun təbiətini, ədəbiyyatını sevən, dünya yazarları ilə tanış olmaq istəyən hər kəsin bəyənəcəyi bu kitab məndən 5 bal alır. Siz də kiçik bir adaya səyahət edib bir müddətlik qəhrəmanlarımızın qonağı olmaq istəyirsinizsə, “Görünməzlər” sizin üçün əla seçimdir.

09 September, 2018

İstanbul Kırmızısı

      İstanbul Kırmızısı… Bu ad səslənincə ağlıma elə dərin mənalar gəlirdi. Bir filmdən daha çox şeyi ifadə edir bu iki söz… Hələ bir də filmin aktyor heyəti ilə tanış olduqdan sonra düşündüm ki, bu adla və əlavə olaraq belə böyük isimlərlə yəqin ki, məni bir şahəsər gözləyir… Böyük gözləntilərlə izlədiyim bu film mənim üçün tam bir fiasko oldu. Heç vaxt təsəvvürümə gətirməzdim ki, bu böyük dördlünün - Halit Ergenç, Nejat İşler, Tuba Büyüküstün və Mehmet Günsürün bir arada olduğu film bu qədər qarmaqarışıq və gözlənilənin altında ola bilər.

       “İstanbul Kırmızısı” məşhur rejissor Ferzan Özpetekin ilk türk filmi olaraq tarixə keçib və onun eyniadlı kitabı əsasında sinemaya uyğunlaşdırılıb. İlk olaraq italyan dilində ssenarini yazan və sonra yardım alaraq türkcəyə tərcümə edən rejissor obrazlardan biri üçün xarici aktyorlara müraciət etsə də, rədd cavabı aldıqdan sonra bütün heyətin türk olacağına qərar verib. Beləliklə, İstanbulun bütün möhtəşəmliyinə şahid olduğumuz bu film 2017-ci ildə çəkilərək səbrsizliklə gözləyənlərə təhvil verilib.
     Filmdə 4 əsas obraz ön plana çəkilir: Orhan – Halit Ergenç, Deniz – Nejat İşler, Neval – Tuba Büyüküstün və Yusuf – Mehmet Günsür. Hər biri istedadını isbat etmiş tanınmış aktyorlardır. Bu film üçün də oyunculuqları ilə əllərindən gələni ediblər. Bir də ikinci dərəcəli obrazlardan Orhanın bacısı – Zerrin Tekindor var ki, onun da istedadını gözardı etmək haqsızlıq olar.
     Mövzuya gəldikdə kitab yazan Deniz yaxın dostu yazıçı və redaktor olan Orhanı Londondan Türkiyəyə çağırır. Öz kitabını redaktə üçün ona həvalə edən Dəniz obrazlarla real həyatda qarşılaşdıqda Orhanın alacağı üz ifadəsini görmək istəyir. Orhan darıxdığı ölkəsinə ayaq basaraq qarışıq bir həyatın içinə düşür. Guya real həyatda sahib olduğu dostlarını qələmə alan Denizin özünün qəribə duyğular içərisində olduğunu, xəyalların onu öz dünyasına qərq etdiyini görür. Kitabdakı obrazlarla qarşılaşdıqca isə Orhan hər şeyi beynində götür-qoy edir. O, artıq bir oxucu kimi bütün bu qəhrəmanları tanıyır. Lakin birdən-birə Denizin yoxa çıxması hər şeyi daha da qarışıq hala salır. Kitabda intihar edən Yusufla qarşılaşan Orhan ondan şübhələnsə də, ortaya çıxan sirrlər nəticəsində bu hadisədə kimin günahkar olduğuna hələ də qərar verə bilmir. İlk baxışda aşiq olduğu qadının evli olduğunu öyrəndikdən sonra isə duyğuları tamamilə qarışır. Neçə ildir ara verdiyi məşğuliyyətinə yazmağa yenidən başlayır… Və artıq dostunun kitabını tamamlamış kimi görürük onu… İstədiyi kimi obrazlarla oynayan Orhan sonda isə elə ən güclü hesab etdiyi obrazın - Yusufun “insana mükəmməl bir duyğu bəxş edir” deməsi ilə İstanbul boğazını üzərək keçmək üçün suyun qoynuna atılır.
      Bu qədər qarışıq hadisələrin içində sonda “Mən nə izlədim?” deyə bir sual yarandı məndə. Hətta bu qədər sual altında qalan məqam varkən filmin bitməsinə belə inana bilmədim. Aktyorluq yüksək səviyyədə olsa da, ssenari çox zəif gəldi mənə. Filmdə nə isə anladılmaq istəyib, ancaq hər şeydən bir az var, heç nə tamamlanmır. Əslində film gözəl başlamışdı, obrazlar kitabda və real həyatda fərqləndirilərək davam edə bilərdi. Bir yazarın əsərində insanlarla – obrazlarla istədiyi kimi oynadığı izləyiciyə çatdırıla bilərdi.
       Filmdə sevdiyim fikirlərdən bəhs etməli olsam ilk olaraq bunu qeyd etməliyəm: “Hem yazarlar kitaplarındakı karakterlerde bir az kendilerini anlatırlar…” Bu cümlə ilə Denizin qarışıq həyatının obrazlara da təsir etdiyini hiss etmək olar. Digər bir fikir isə: “Kötü alışkanlıkları olmayanlara asla güvenmem.” Bu fikri çox sevdim, məncə də hər ideal görünən insan içində mütləq nəyisə gizlədir. Sirli görünün insanlara isə güvənmək qeyri-mümkün olur. Kartlarını açıq oynamayan birinə necə əlinizdəkini göstərə bilərsiniz?
Həmçinin : “ – Bence, bu şehir beni bir az sevimsiz buluyor.
– İstanbul tam bir sürtükdür, hiç kimseyi geri çevirmez. Bənzətmə qəribə olsa da, mükəmməldir deməliyəm. İstanbul bu qədər insana qucaq açır, hər gün minlərlə insan bu ölkədə qonaq olur. Bu gözəl şəhər isə hər kəsin qarşısında bütün gözəlliyi ilə, əzəməti ilə dimdik dayanır.
      Keçək mənim üçün qaranlıq qalan məqamlara və anlam verə bilmədiklərimə…
2 saata yaxın davam edən filmdə o qədər hadisələr bir-birini əvəz edə bilərdi ki, əksinə ikinci dərəcəli məqamlara yer verilərək filmin tempi aşağı salınıb. Məşhur Hekimbaşı yalısında – Denizin evində çəkilən bir çox gərəksiz səhnə var idi deyə düşünürəm: Qulluqçunun özəl həyatının ön plana çəkilməsi, Denizin xalalarının şit zarafatları…
Sonra aktyorların sözlərdən daha çox mimikalarının, jestlərinin üzərinə böyük yük düşürdü… O qədər lazımsız cümlələr var idi ki, səhnələrdə, bəzən aktyorların durğun baxışları gözümə çarpırdı. Onlar əllərindən gələni edirdi, sadəcə bu zəif ssenarini xilas edə bilmirdilər. Məsələn, Nevalin evli olduğunu sona ana qədər gizləməsi, Orhanın Nevala olan sevgisini onun ərinə etiraf etməsi və Nevalin həyat yoldaşının “müasirliyinin pik nöqtəsi”. :))) Sona qədər Denizin anidən yoxa çıxmağını necə açıqlayacaqlar deyə düşündüm. Hətta bir an bəlkə də sözügedən kitabı Orhan yazıb, Deniz də sadəcə onun qəhrəmanlarından biridirmi deyə özümə sual da verdim. Ancaq film heç belə bir səhnə olmayıbmış kimi bitdi. ((
      Və və Yusuf… Ən güclü obraz… Denizlə yaxın dostluqdan sevgi macerasına çevrilən bir münasibət… Heç olmasa insanın tipindən nə isə sezilməli idi. Bu da ssenarini uzatmaq xatirinə edilən yamaqlardan birinə bənzəyirdi. Həmçinin, Yusufun müəmmalı ölümü… Səhnələr bir-birini əvəz edərkən mənmi yuxuluyam, yoxsa bəzi səhnələri unudub filmə əlavə etməyiblərmi deyə tərəddüdə düşdüm.
        Dayanın hələ bu son deyil. Hələ ən son səhnəmiz var: Orhanın Yusufun bir sözünü düşünərək İstanbul boğazının sularına tullanmağı… Bir film ancaq bu qədər mənasız bitə bilərdi. “Yaxşı, müasir cərəyanı izləyib sonluğu izləyicinin öhdəsinə buraxmaq istəyib bəlkə Ferzan Özpetek” deyə ən pozitiv duyğularımla yanaşıram filmə. Təkcə sonluq olsa nə isə, ancaq bütün filmin izahını da izləyiciyə həvalə etmək gülməlidir. Filmdə Orhanı bu ölkədən didərgin salan səbəb və Denizin psixoloji pozuntuları qəzet materialları sayəsində çatdırılır bizə ancaq yənə də hadisələr natamam qalır. Bundan əlavə filmin təriflənin musiqisi də mənim zövqümə xitab etmədi.
      “İstanbul Kırmızısı”na verəcəyim bala gəldikdə sadəcə möhtəşəm aktyor işini və insanı valeh edən İstanbul mənzələrini nəzərə alaraq sadəcə 2 bal verə bilirəm. Elə bu il İstanbula səfər etmiş biri olaraq film məni yenidən bu möhtəşəm şəhərə uçurdu. Dünyanın ən gözəl şəhərinə… İstanbulun qırmızımtıl rənginə… İstanbul Kırmızısına.....
 

Opening Night

       Artıq 4 il olmuşdu ki, sevimli aktyorumdan yeni bir film seyr etmirdim. Bu səbəbdən internetdə axtarış edərkən ilk öncə Topher Grace filmoqrafiyasını nəzərdən keçirdim və izləyəcəyim filmlər siyahısını müəyyənləşdirməyə başladım. İlk seçimim 2016-ci il istehsalı “Opening Night” oldu.
         “Opening Night”ın premyerası 2016-cı ildə Los Angeles Film Festivalında olsa da, film 1 il sonra izləyici qarşısına çıxarılıb. Filmdə keçmiş Broadway müğənnisinin ilk musiqili tamaşasında uğursuzluqla qarşılaşdıqdan sonra həyatına istehsalat meneceri kimi davam etməsindən bəhs olunur. Hal-hazırda onun öhdəsində oxumaqdan daha məsuliyyətli bir iş var. Musiqili tamaşanın idarə edicisi olaraq səhnə arxasında fərqli xarakterli aktyor-müğənnilər arasında yarana biləcək hər bir qarışıqlığı aradan qaldırmalı, baş verə biləcək bütün tərslikləri dəf etməli və tamaşanın ən yüksək səviyyədə izləyici qarşısına çıxarılmasına cavabdeh olmalıdır. Ancaq pərdə arxasında heç də hər şey səhnədəki kimi qüsursuz görünmür. Tam bir dəlixana demək olar. Özünü dünya ulduzu sayanlar, cinsi azlıqlar, qadın düşkünü müğənnilər, hər kiçik şeyi problemə çevirən iştirakçılar və tamaşanın ilk gecəsindən mükəmməllik tələb edən direktor...
            Əslində musiqi janrında olan filmləri sevsəm də, bu film heç mənə xitab etmədi. Sadəcə Topher Grace aktyorluğunu sona qədər izləmək üçün dözdüm. Filmdəki sinxron rəqslər musiqi hissəsinə görə daha çox xoşuma gəldi. Geridə qalan dialoqlar isə məlum +18 mövzuya həsr olunmuşdu. O qədər mənasız detallar var idi ki, musiqili tamaşanın sehrini qaçırırdı.
          Filmdə ən bəyəndiyim səhnə elə son səhnə oldu. Sevdiyi qızın və yaxın dostunun təkidi ilə, qorxusu ilə üzləşən Nick - musiqili tamaşanı idarə edən baş qəhrəmanımız öz öhdəliyini, ssenarini diqqətə almadan səhnəyə çıxır və möhtəşəm ifası ilə izləyiciləri heyran edir. Alqışların müşayiəti ilə musiqili tamaşanın ilk gecəsi uğurla tamamlanır. Bu arada son səhnə ilə sevimli aktyorumun səsinin də gözəlliyi isbat olunur. Zatən bir filmi tək başına maraqlı etmək istedad deməkdir.


         Film sevgi, ehtiras, qısqanclıq, kin, tanınmaq arzusu, səhnə bağlılığı, səhnə qorxusu, peşmanlıq və bir çox mücərrəd anlayışı özündə ehtiva edir. Sevərək izlədiyimiz tamaşaların nə əziyyət bahasına başa gəldiyini, səhnə dünyasının kənardan göründüyü kimi parlaq, bəzəkli olmadığını gözlər önünə sərir. Topher Grace aktyorluğu və bəzi rəqslər xaricində filmdə bəyəndiyim bir şey olmadığı üçün “Opening Night” məndən sadəcə iki bal ala bildi.

08 September, 2018

Hadi be Oğlum

      Bu gün izlədiyim “Hadi Be Oğlum” mənə ən çox təsir edən filmlərdən biri oldu. Fraqmentini izləyəndə artıq məni nəyin gözlədiyini bilirdim ancaq ən sevdiyim filmlərdən birinə çevriləcəyi ağlıma gəlməzdi. Baş rollarda Kıvanç Tatlıtuğ, Büşra Develini gördüyümüz “Hadi Be Oğlum” 2018-ci il fevral ayında izləyici qarşısına çıxıb. Ancaq bu film haqqında rəylər müxtəlifdir. Bəyənənlər qədər sadəcə Kıvanç Tatlıtuğ olduğu üçün sona qədər dözüb izləyənlər də mövcuddur. Mən isə bu dramı sadəcə bəyənənlərdən olmadım, təxmini 2 saat müddətində göz yaşları içərisində yaşadığım həyata şükür edərək izlədim.
                           
       Onu qeyd edim ki, ilk əvvəllər Kıvanç Tatlıtuğu aktyor hesab etmədiyim, ciddiyə almadığım üçün bir qədər məyus oldum filmi seyr edərkən. Onu ilk dəfə “Gümüş” serialından tanımışdım. Mənə sadəcə yaraşığı ilə ön plana çəkilən eqosu yüksək “Best Model of the World” birincisi təsiri bağışlamışdı. Bəlkə də bunda serialın mənasız ssenarisinin də rolu böyük idi. Sonradan “Aşkı Memnu” serialında isə rolunun haqqını verən biri kimi çıxdı qarşıma. Bu dəfə isə öz xarakterini oynadığını düşünərək yenə ciddiyə almadım onu. Amma indi haqsızlıq etdiyimin fərqindəyəm. Mən Kıvanç Tatlıtuğu “Kuzey Güney” serialı ilə kəşf etdim deyə bilərəm. O rol məni o qədər sarsıtdı ki, artıq onun istedadına kiçik bir şübhə belə qalmadı məndə. Və.... Və indi bu film isə onun özünü necə inkişaf etdirdiyinə, necə durmadan üzərində çalışdığına şahid olmağıma səbəb oldu.  

               

       Keçək filmə... Burada balıqçı Ali və oğlunun hekayəsi anladılır. Ata və oğul münasibəti çox dərindən işlənib bu filmdə. Bir gecəlik münasibət nəticəsində dünyaya gələn bu uşaq xəstə olan anası tərəfindən istənmədikdə ona atası tək baxmaq məcburiyyətində qalır. Hər şey də bundan sonra başlayır. Gənc yaşda övlad sahibi
olan Ali kaptan bütün həyatını bu kiçik möcüzəsinə fəda edir. Əlbəttə bunda Alinin atasının da rolunu inkar etmək olmaz. Alini tək böyüdən Haşmet kaptan oğlunun körpəsini böyüdərkən ruhdan düşməsinə əsla icazə vermir. Ali ürəyində həm o kiçik yaşlarında ikən dünyasını dəyişən anasının acısını, həm də öz atası kimi tək övlad böyütməyin yorğunluğunu daşıyır. Efe beləcə balıqçıların əhatəsində böyüyür, ancaq böyüdükcə hər şey daha da çətinləşir. Efenin digər uşaqlar kimi olmaması onlar üçün problemlər yaradır. Ünsiyyət qurmaqda çətinlik çəkən Efe artıq 7 yaşı olsa da, nə bir söz deyir, nə də yaşıdları ilə oynayır. Ən əsası isə Aliyə atalıq duyğusunu dadmağa şans vermir.
Ünsiyyət qurmaq bir kənara heç onun üzünə belə baxmır. Ancaq Ali bir an olsun ümidsizliyə qapılmır. Oğlunun onun anladığını dərindən hiss edir. Bir gün... Nə zaman olursa olsun, onun gözlərinin içinə baxıb “ata” deyəcəyi günü səbrsizliklə gözləyir. Günlər keçdikcə oğlu ilə arasında məsafənin daha da böyüdüyünü hiss etdiyi anda onun piano ilə maraqlandığının şahidi olur. Bu kiçik ümid işığı belə dünyalara bərabər idi Ali üçün. Oyuncaq piano alaraq ünsiyyət qurmağa çalışır oğlu ilə. Və Efenin buna reaksiya verdiyini görən Ali dərhal onu müəllim yanına aparır.
Digər uşaqlardan fərqlənən Efenin istedadı bu sayədə üzə çıxır. Oğlu ilə qürur duyan Ali kaptan müəllimin təklifi ilə İstanbula konsertə gətirir onu. Ancaq Efe konsertdə ilk öncə pianoya toxunmağa qorxsa da, musiqinin səsi onun qorxusunu basdırır və bir anda orada olan hər kəsi pianoda ifası ilə məst edir. Bu musiqini çalarkən isə gücü atasına olan sevgisindən, onun sözlərindən alır. Onu düşündüyü üçün bütün duyğularını əllərinə ötürür və beləcə dinləyicilərin qəlbinə yol tapır. Nəhayət film atanın illərdir gözlədiyi an ilə - övladı ilə ünsiyyət qurmağı bacarması ilə bitir. Efe artıq qorxmadan onun gözlərinə baxa bilir.                    


        Sonda filmdə mənə ən təsir edən səhnələr
  • Suya düşən Efeni xilas edən babasının özünün gücü tükəndiyi üçün boğulması... Kıvanç Tatlıtuğ bu səhnədə hər ikisini xilas edə bilmədiyi üçün yaşadığı çarəsizlik duyğusunu o qədər gözəl yansıdır ki izləyiciyə. 
  • Oyuncaq pianoya Efenin toxunuşları... atasının sevinclə, ümidlə onun toxunuşunu izləməsi... bu səhnədə təkcə Kıvançın yox, kiçik aktyor - Alihan Türkdemirin də istedadı öz sözünü deyir. 
  • Feridun Düzağaçın telefonda dinlətdiyi musiqini Efenin pianoda nöqsansız ifası...
  • Və son olaraq Efenin konsertde musiqisini ifa edərkən atasını düşünərək keçirdiyi hisslər. Atası onun üzünə baxmadığını düşünərkən Efenin yuxuda olan atasını izləməsi... Bir musiqi parçasına sığdırılan dünya dolu hiss... 
        Filmin insanı sarsıdan səhnələri, musiqiləri, yüksək səviyyəli aktyorluq, seçilən məkanlar - hər şey o qədər ürəyimcə oldu ki, yazmaqla bitməz... Romantik filmlər, komediyalar izləməkdən yorulanlar üçün ela seçimdir “Hadi Be Oğlum”. Məndən də 5 bal alaraq ən sevdiyim filmlər sırasında yerini aldı. 

01 August, 2018

Dünyanın En Güzel Kokusu

     Bu gün izlədiyim film haqqında danışım. Nə vaxtdır izləmək istədiyim filmlər siyahısında idi “Dünyanın En Güzel Kokusu”. Bu yaxınlarda artıq ikinci filmin çıxdığını bildikdə nəhayət izləmək qərarına gəldim.
     Dünyanın En Güzel Kokusu 2016-cı ildə işıq üzü görmüş romantik dramdır. Baş rollarda Rıza KocaoğluTuba Ünsalı görürük. Filmin mövzusunu çox bəyəndim. Baş qəhrəmanlarımız Hakan və Derya artık yaşları 30 olsa da hələ də evlənməyə isti münasibət bəsləməyən gənclərdir. İllərdir dost olan ikili hər günü birlikdə, dərdlərini, sevinclərini paylaşaraq keçirirlər. Hakan tək gecəlik münasibətlərin adamı kimi bağlılıqdan, sevməkdən qorxur. O, həyatını mahnı sözləri yazmaqla qazanan “kötü söz yazarı” gözəl şeirləri sevən fərqli görünsə də əsl eşq adamı olan bir kişidir. Dərya isə artıq vaxtının çatdığını düşünüb uşaq istəyən ancaq evlənməkdən qorxan bir qızdır. Bu ikili hələ dostluq həyatına yeni atıldıqları zaman zarafatla bir söz veriblər ki, müəyyən yaşa çatıb evlənməsələr, birlikdə uşaq sahibi olacaqlar.
       Belə də olur... Hər şeyi kağız üzərində etdiklərini, evlənib uşaq sahibi olduqdan sonra boşanacaqlarını düşünərək ailə həyatı qururlar. Ailə ilə həyatları dəyişir. Sən demə, onlar “Biz dostuq!” deməklə ancaq özlərini aldadıblar. Etrafdakı hər kəs, dostları onların qəlbində olan gizli duyğuları aralarında ifadə olunmayan münasibətdən hiss edibmiş. Və vaxt gəlib ayrılığa çatanda isə işlər dəyişir. Artıq onlar da bir-birinə etiraf etməsə də, bu sevginin fərqindədir. Sevgi qarşısında isə heç bir müqavilənin gücü dura bilməz.
      Buraya qədər hər şey gözəl gəlsə də, sonluq yaxşı bitmir. Dərya öz sağlıq probleminin fərqində olsa da, bunu dünyalar qədər sevdiyi Hakanına etiraf edə bilmir. Baş verə biləcək ehtimalı nəzərə alıb gizli şəkildə özündən sonra qızı Elif Zeyno və həyat yoldaşı üçün videolar çəkməyə başlayır. Və qızını dünyaya gətirdiyi gün gözlənilən ehtimal gerçəkləşir. Dərya dünyada ən dəyər verdiyi iki varlıq üçün onlarla disk qoyaraq həyata gözlərini yumur. Geriyə hər günü sevgi ilə dolu keçən evlilik, dostluq xatirələri və Deryanı tanıdan, unudulmağa qoymayan videolar qalır.

      Filmi “Mütləq nəsə baş verməlidir, hər şey bu qədər mükəmməl ola bilməz!” qorxusu ilə izləsəm də, sonluğun bu qədər təsir edəcəyini düşünmürdüm. Göz yaşlarıma hakim ola bilmədiyim filmlərdən biri oldu. Rıza Kocaoğlu ən sevdiyim aktyorlardan biri kimi məni yenə özünə heyran etdi. Bağlılıqdan qorxan sərsəri obrazından sevginin gücü ilə necə ailəcanlı, sadiq həyat yoldaşına çevrildi. Ancaq bunu o qədər gözəl canlandırdı ki, sıxılmadan izlədim filmi.
Tuba Ünsalı güclü aktrisa hesab etməsəm də, onun da ifasını çox bəyəndim. Hələ sonda övladını qucağına almaq üçün hər şeyi fəda etməyə hazır, həyatını riskə atdığını bilə-bilə qızına həyat verməyə razı olan ana obrazı kimi aktrisa məndən müsbət not aldı. İnsan izləyərkən durub bir düşünür. Nələrə sahib olduğunu, nə kimi gözəlliklərin ona Allah tərəfindən bəxş edildiyini və şükür edərək yaşamalı olduğunu... Biz həyatımıza davam edərkən, bəzən şikayətlər edərkən kənarda insanlar üçün sahib olduqlarımızın necə qeyrı-mümkün olduğunu düşünmək belə insanı dəhşətə gətirir. O zaman gözlərimizi yumub sadəcə və sadəcə sahib olduğumuz hər şey üçün Allaha minnətdar olmalıyıq. 
      Filmin musiqilərini xüsusilə çox sevdim, esas da Kenan Doğulu, Mehmet Erdem və TNK kimi sənətçilərin mahnılarına üstünlük verilməyi çox xoş oldu. Hətta Mehmet Erdeme kiçik rol da verilmişdi. Digər bəyəndiyim detallar filmin şablon mövzudan kənar olması, güclü aktyor heyəti və filmdə kitab təbliğatı idi. Qəhrəmanlarımızı müxtəlif səhnələrdə fərqli kitablar oxuyarkən görürük. Hətta qızları üçün ad seçimini belə məşhur türk şairi Cemal Süreyanın “13 günün mektupları” kitabından seçirlər. Kitabsevərlər üçün ayrı yeri olar deyə düşünürəm bu filmin şeir və kitabla zəngin olması səbəbilə.
      Dünyanın En Güzel Kokusu aktyorların özlərini tam göstərə bildiyi unudulmaz səhnələri ilə, mövzusu, musiqiləri, verdiyi mesajlarla qəlbimi fəth edə bildi. Ancaq hadisələrin monoton davam etməsi və sona lap az qalmış hər şeyin aydınlaşması, filmə bir anda canlılıq qatılıb sonra yenidən sakitlik halı bəyənmədiyim tək detal oldu. Film bu səbəbdən məndən 4 bal aldı. Sırada Dünyanın En Güzel Kokusu 2 məni gözləyir. Amma bir şeyi qeyd edim ki, ana olmağa hazırlaşanlar hələ ki bu filmdən uzaq dursun, çünki insanın psixologiyasını alt-üst edir.

                                    

19 July, 2018

Rövşən Abdullaoğlu – Relslər Üzərinə Uzanmış Adam


     Bu dəfə bloguma yenidən bir azərbaycanlı yazar qonaq olur. Uzun müddətdir ki, öz ədəbiyyatımızdan bir əsər oxumurdum. Bu sehri təsadüfən əlimə keçən bir kitabla pozdum. Bu kitab Rövşən Abdullaoğludan “Relslər Üzərinə Uzanmış Adam” oldu. Həm müasir Azərbaycan ədəbiyyatına müraciət, həm də müəlliflə ilk tanışlıq. “Relslər Üzərinə Uzanmış Adam” bir müddət öncə qarşıma çıxmış, adı və üz qabığı ilə məni cəlb etmişdi. Ancaq oxuyarkən əsla bu qədər sarsılacağımı xəyal etməzdim. Son illər mənə dərindən təsir edən bir əsər oxumamışdım. Düzdür, bəlkə digər kitablarını oxuduqca yenə də bəyənəcəyəm, amma hal-hazırda ola fikrim – Yaxşı ki, müəllifi tanımağa bu kitabdan başlamışam. Növbədə isə digər kitabları məni gözləyir.
     Keçək müəllif və kitaba... Rövşən Abdullaoğlu 1978 təvəllüdlü güclü təhsil keçmişi olan bir yazardır. Psixologiya, fəlsəfə və teologiya üzrə elmi araşdırmalar aparmaqla yanaşı hər kəs tərəfindən sevilən kitablar yazmaq da ayrı bir istedaddır deyə düşünürəm. Zatən kitabı oxuyarkən də yazıçının bu sahələrdə geniş biliyə malik olduğunun nəzərdən qaçması qeyri-mümkündür. Bu günə qədər 24 kitabı işıq üzü görmüş yazarın mən bu kitabı oxuduğum müddət ərzində daha bir kitabı – Abaddon – yayımlandı.
     Vəəə kitab... İlk səhifədən Don Aminado imzalı bir sitatla həyəcan başlayır, 400 səhifə bitənədək də oxucunu tərk etmir.
Xüsusilə də sən relslər üzərində uzanmısansa.
Qatarı gözləmək qədər heç nə daha yorucu deyildir.
      2017-ci ildə Qədim Qala nəşriyyatı tərəfindən yayımlanan bu psixoloji roman bəhs ediləcək mövzuya uyğun seçilən mükəmməl başlıqlardan ibarətdir. Hər başlıq bir ipucudur deyərdim. Kitabın sevdiyim digər bir özəlliyi müxtəlif dövr və hadisələrdən bəhs etməklə başlayaraq oxucunu daha da maraqlandırması oldu. Yorulmadan “Görəsən, məni daha nə gözləyir?” deyərək səhifələri çevirirdim. İlk olaraq Şulutruq tayfasının (sonradan bu tayfanın adının güzgü effekti ilə böyük məna daşıdığını biləcəyik) həyata baxışı və adəti ilə başlayır mövzu. Belə ki, bu tayfa həyatda ən güclü qorxunun yüksəklikdən tullanış olduğunu düşünür və “Həyat sadəcə yüksəklikdən bir tullanışdır!” şüarı ilə tanınırlar. Bu tayfadan olan uşaqlar hələ kiçik yaşlarından yüksək zirvələrdən gölə tullanmaqla öz qorxmazlıqlarını sübut edirdilər. Bu mözvuda qeyd olunan bir psixoloji məqamı çox bəyəndim. İkinci tullanış birincidən daha önəmli idi özünü isbat etmək üçün. Çünki, ilk dəfə insan bir şeyin dadını bilmədən onu etmək üçün atılır, maraq və həyəcanla. İkinci dəfə bunu etmək istəyən insan isə onu nəyin gözlədiyini bilir. Bu dəhşəti, qorxunu dadaraq yenidən bunu edirsə, daha qorxmazdır.
       Kitabda sevdiyim digər bir məqam ulduzlar bağlı əfsanə oldu.   Ulduzlar bu dünyanı tərk etmiş sevdiklərimizdir. Onları göydə saxlayan ailələrinə, sevdiklərinə olan bağlılıqdır, məhəbbətdir. Yerə yaxınlaşmaqdan qorxurlar, çünki yaxınlaşdıqları an zülmət dənizinə, uçuruma yuvarlanıb ailələrini bir daha görmək şansını itirərlər. Bizim şahidi olduğumuz və izləyərkən arzu tutduğumuz ulduz düşməsi bir insanın öz sevdiklərindən ayrılışıdır.
     
      Hadisələr əsas olaraq 2 obrazın ətrafında baş verir. Bunlar relslərə uzanaraq intahar etmək yolunu seçmiş 2 insandır. Hər biri həyatda ağrılar, acılar, böyük itkilər görmüş, həyata küsmüş, öz mövcudiyyətini sonlandırdığı an hər şeyi yoluna qoyacağını düşünən iki insan... Relslər üzərinə uzanmaqla relsdən çıxmış həyatlarını əvvəlki yoluna qaytarmaq istəyən, yenə də ilk andaca psixologiyalarına ağır zərbə vurmuş dəmiryol vağzalına qaçıb gələn, hər şeyin məhv olduğu bu yerdə də düzələcəyinə inanan 2 insan... Həyat necə də qəribədir?! Bir şey səni sarsıdır, həyatını alt-üst edir, ancaq sənin çıxış yolu kimi ağlına gələn ilk variant da elə həmin şey olur... Qəhrəmanlarımız da bu “uğursuz” təsadüflə bir-birini tanıyır, bir-birini həyatına, yaşadığı hər duyğuya şahid olurlar. Bir tərəfdə yaşadıqlarını paylaşmaqdan çəkinməyərək 31 psixoterapevtdən kömək uman ancaq nəticə etibarilə çıxış yolunu intiharda görən “TED”, digər tərəfdə isə öz varlığından, həyatından utanan, bu utancla hər kəsin həyatını məhv etdiyini düşünüb bu işgəncəyə son vermək istəyən FARUQ... Bu relslər üzərində 2 həyat bitməmiş ən başdan yenidən yaşanır. Bütün sevincləri, acıları ilə... Kim bilərdi ki, psixoloqlardan daha çox 2 intihara gəlmiş insan bir-birinə yardım edə bilər? Heç də hər zaman yaşadıqlarımızı anlatmaqdan qaçmamalıyıq, bu bizə ağır olsa da, bəlkə də çıxış yolumuz elə ondadır... Kitabda 2 fərqli qəhrəman elə gözəl təsvir olunmuşdu ki, onların duyğularını dərindən hiss edib ağlamamaq imkansız idi. Göz yaşları qeyri-ixtiyarı gözlər sətirlər arasında gəzişdikcə səhifələrə damlayırdı.

       Kitabda eyni zamanda 1995-ci ilin iyulunda Bosniyada Srebrenitsada sebrlərin bosniyalılara qarşı törətdiyi qətliam elə gözəl təsvirini tapıb ki, oxucu orada onlarla bərabər mübarizə aparmış, işgəncələrə məruz qalmış, sevdiklərini itirmiş və heç bir çıxış yolu tapmayaraq hər gün yenidən ölərək yaşamış kimi hiss edir. Əmin və Adriana obrazları ilə müharibənin dəhşəti bütün çılpaqlığı ilə göz önünə sərilir. Dostunu ailəsinin həyatını xilas etmək üçün satanlar, övladını qorumaq üçün özünü qurban verən analar, xilas olmaq yolu varkən yaşlı ata-anasını qoyub gedə bilməyən övladlar, şəxsiyyəti, mənəviyyatı ayaqlar altına alınmış qadınlar, sonu ilə barışıb təslim olanlar, müharibənin bütün dəhşətini damarlarında hiss edib ruh kimi ömür sürənlər... Bu müharibədə ağıla gəlməyəcək işgəncələr yaşanmışdı. Ən təsir edən səhnə bir ananın ən çətin məqamda necə addım atacağını müəyyən etmək üçün ona qarşı oynanılan psixoloji oyun oldu.Gözləri qarşısında həyat yoldaşını və övladını asan düşmən onun hansını qurtaracağını müəyyən etmək istəyirdi. Ancaq ana üçün bundan böyük faciə ola bilər mi? Bu oyun insanın ağlını başından ala bilmək üçün kifayət edər. Təsirli digər bir məqam isə düşmənlərin günahsız qurbanlar haqqında düşündükləri oldu. Onlar maşına mindirilərək ölümə aparıldıqlarını bildiyi halda niyə müqavimət göstərmirlər, onsuz da öləcəklərini bilirlər axı? Bu məqamda tək cavab ümid olur. Son saniyəyə qədər insan yaşayacağına ümid edir.
"Relslər Üzərinə Uzanmış Adam" əsərində tarixin müəyyən vaxtlarında baş vermiş faktlara, təsadüflərə, dinlərə, nikaha, psixoloji terminlərin izahına, bir sıra dünya klassiklərinə fərqli yanaşmalara yer verilməsi əsəri daha dolğun, daha maraqlı edir deyə düşünürəm. Müxtəlif ölkələrdə intihar faizləri, səbəbləri, toplu intiharlar və hətta heyvanlar arasında baş vermiş intiharlara qədər bir çox məlumatla zəngirdir kitab. Qəhrəmanların dilindən bir sıra əsərlər nümunə çəkilir və izahı verilir. Həmçinin, qəhrəmanımızın qatıldığı ədəbiyyat dərnəyində bir sıra müəlliflər haqqında geniş məlumatlar verilir. Bu yazarlar barədə sadəcə müsbət deyil, səsləndirilən mənfi fikirlər də xüsusilə maraqlı oldu. Oxuyarkən Rövşən Abdullaoğlunun ədəbiyyat sahəsində də məlumatlı olduğunu görmək, bir çox yazarları araşdıraraq öz münasibətini ortaya qoyması çox çox xoşuma gəldi. Əsərdə adı çəkilən kitablardan müəllifin nə tip kitablar oxuduğunu da müəyyən etmək olur. Höte - Gənc Verterin İztirabları, Nikolay Karamzin - Yazıq Liza, F. Kafka - Məhkəmə, Lev Tolstoy - Etiraflar, Ceyms Coys - Uliss, Vladimir Nabokov - Lolita.  Bu, oxucularda həmin əsərlərə, müəlliflərə və onların yaradıcılığına böyük maraq oyadır. Bir sözlə, kitab oxucularda ədəbiyyata da həvəs yaradır, onları mütaliəyə təşviq edir. Son zamanlar müasir ədəbiyyatımıza bu tip zəngin əsərlərin qazandırılması sevindirici haldır. Psixologiya, din, fəlsəfə bir vəhdət təşkil edir bu kitabda... Müxtəlif zövqə malik hər bir oxucunun özünə aid nə isə tapa biləcəyi bu möhtəşəm kitaba 5 baldan az vermək düzgün olmaz. Ən sevdiklərim arasında yerini aldı...