01 July, 2019

John C. Parkin – S*ktir Et

    İlin onuncu kitabı üçün seçimim John C. Parkin imzalı “S*ktir et” oldu. Bu kitabı 2015-ci ildə Ali Ninodan həftənin fürsətində alsam da, psixoloji inkişaf kitabları çox da zövqümü oxşamadığından 4 il sonra oxumaq qərarına gəldim. Əslində həyata uyğunlaşdırdıqda çox şey qazanmaq olar bu tipli kitablardan… Ancaq bunun üçün kitab hər zaman əlimizin altında olmalıdır ki, hansı situasiyada necə davranmaq gərəklidir onu müəyyən edək və ya o qədər həvəslə, onun problemlər üçün tək çarə olduğuna inanaraq oxumalıyıq ki, real həyata tətbiqi asan olsun. Mənim üçün isə psixoloji inkişaf kitabları oxuduğum müddət üçün aktuallığını qoruyur. Mütaliə müddətində həyatıma tətbiq edə bilsəm də, kitabı bitirib bağladığım an onun içindəkiləri də qısa zaman dilimində unuduram. Elə bu tip kitablara üstünlük verməməyimə də səbəb budur. Hətta hər ay “ən çox satılan kitablar” siyahısında psixoloji inkişaf kitablarının ön sıralarda olması, siyahını tərk etməməsi təəccübümə səbəb olur. )))
    Keçək təhlilə… Kitabı oxuyarkən bəyəndiyimi etiraf etməliyəm. Düzdür, dostlarla söhbət zamanı adını tələffüz etmək cəsarət tələb etsə də, içində yazılanlar, araşdırmanın mahiyyəti ürəyimcə oldu. İnsan sətirləri oxuduqca həyatını gözləri önünə gətirir. “Doğunun boş vermə fikrinə batının bakışı – s*ktir et…” şüarı ilə oxucuya təqdim olunan kitab əslində müəyyən qədər daxilindəkilər barədə məlumat verir. Oxuduqca da hər şeyin bu şüar ətrafında döndüyünü, izah olunduğunun şahidi oluruq. Bir də yazarın zərif mizah anlayışı daha maraqlı etdi mütaliəmi… Məncə bu tərz yazarlar intellektual cəhətdən daha irəlidədir. Öz yazdığına bir də zarafat qatması oxucunu daha çox özünə bağlayır və əyləndirib sıxılmağa qoymur.
    Yazar həyatdakı bütün problemlərin tək çıxış yolunun olduğunu izah edir kitab boyunca. Boş vermək, hər şeyi olduğu kimi qəbul edib irəliyə baxmaq… Birinin öhdəsindən gəldikdə anidən yenisi peyda olan göbələklər – gündəlik qayğılar, öhdəliklər, anlaşmazlıqlar, çətinliklər başqa heç bir yolla məhv edilə bilməz. Boşvər siqnalı ilə beynimizə əmr edirik, ardınca yaranan azadlıq, rahatlama hissi ilə həyatımıza davam edirik. Yazar psixologiyamızın dərinliklərinə enərək əslində hər birimizin bildiyi amma qəbul etmək istəmədiyimiz gerçəkləri su üzünə çıxardır. Bizlər həyatda məna axtararaq yaşayırıq: nə bizim üçün anlam daşıyır, kimlər bizim üçün daha dəyərlidir deyə düşünürük. Ancaq daha çox dəyərli olanın bizi incitmə potensialı daha çoxdur. Bir gün dəyər verdiklərimizin olmayacağını düşünmək belə günü stress içərisində keçirməyimizə səbəb olur. Bu zaman baxış bucağı köməyimizə çatır. Bizim üçün nə dərəcədə vacib olduğunu düşündüyümüz bir məsələ kənardan baxdıqda bir toz dənəciyi qədər əhəmiyyətsiz görünür. Bizə isə sadəcə fərqli nəzər nöqtəsindən baxmadığımız üçün peşmanlıq hissi qalır. Ancaq bu peşmanlıq hissini də boşverib bir daha təkrarlamamağa istiqamətlənmək lazımdır. Beynimizi yoran şeylərdən can qurtarmağın tək yolu onlara sahib olmasaq belə xoşbəxtliyimizin davam edəcəyinə inanmaqdır. Nədənsə şikayət etmək həll yolu deyil, sadəcə insana daha əzab verən bir hissdir. Bu səbəbdən bizi narahat edən hər şeyə boşver deməyi bacarmalıyıq. Planlaşdırmadığımız yağışlı havaya, işə gec getmə ehtimalımıza, ailə həyatımızdakı problemlərə, başqalarının bizim haqqımızda düşündüklərinə - beynimizi narahat edən ən kiçik məsələlərdən tutmuş həyatı önəmli problemlərə kimi hər şeyə boşver deməyi bacarmasaq, rahatlama hissini bədənimizdəki enerji axınını əsla hiss etməyəcəyik…
    John C. Parkin din, ailə, sevgi, valideyn-övlad münasibətləri, iş həyatı və s. fonunda öz fikirlərini detallı şəkildə izah edir və ən önəmlisi hər mövzuya öz zarafatlarını qatmağı da unutmur. Kitabda həmçinin bədəni rahatladan duruşlar da şəkillərlə izah olunub. Yazar araşdırmalarını oxucuya təqdim edərkən onu darıxmağa qoymamaq üçün hər nüansı mükəmməl düşünüb. Kitabdan seçdiyim hissələrlə bunu aydın görə bilərsiniz:

    Son olaraq, psixoloji inkişaf kitablarına önyargım bu kitab sayəsində bir qədər azaldı deyə bilərəm. Bütün bu sadaladıqlarım vaxtımı dəyərli keçirməyimə səbəb oldu və “S*ktir et” məndən 4 bal aldı. 

01.07.2019     17:29 

10 May, 2019

Herşey Seninle Güzel

      Bu il izlədiyim ikinci film “Herşey Seninle Güzel” adlı türk filmi oldu. 2018-ci ildə izləyiciyə təqdim olunan bu romantik film ilk andan həm fraqmenti, həm də aktyor heyəti ilə diqqətimi cəlb etmişdi. Baş rollarında Mert Fırat, Burcu Biricik, Hazar Ergüçlü və İlker Aksumu gördüyümüz bu film 1997-ci il məhsulu olan “My Best Friend's Wedding” filminin türk versiyasıdır. Uyğunluğun dərəcəsini deyə bilməsəm də, filmdə istifadə olunan musiqilərin orijinaldan daha gözəl olduğunu etiraf etməliyəm.
        Film barədə çox şey yazmaq istəyirəm. Son zamanlar film izləyərkən bu qədər əyləndiyimi xatırlamıram. Hətta mənim kimi Burcu Biriciki sevməyən biri bu qədər sevə bildisə filmi, digərlərini təsəvvür edə bilmirəm. ))) Bu filmin fraqmentini izləyərkən bu qədər bəyənəcəyimi düşünmürdüm. Ancaq ilk dəqiqələrdən aktyorların necə həvəslə işlərinin öhdəsindən gəlməyi, filmdə istifadə olunan sözlər, musiqilər hətta məkanlar belə zövqümcə oldu. Sona qədər həyəcan və əyləncə qarışıq duyğularla izlədim.
        Mövzu barədə qısaca onu deyim ki, hər şey iki dostun – Deniz və Emre illər əvvəl bir-birinə verdiyi sözlə başlayır: 30 yaşımız olanda da subay olsaq, onda bir-birimizlə evlənərik. Artıq hər ikisinin 30 yaşı var və toy hazırlıqları görülür. Lakin bir-biri ilə deyil. 😀 Filmdə iki qadının sevgi uğrunda mübarizəsinə şahid oluruq. Bu mübarizədə hər şeyi tapa bilərsiniz: qısqanclığı, hiyləni, paxıllığı, intiqamı, sevgini və ən sonda isə mərhəməti. Denizin sevdiyi dostunu Melisadan ayırmaq, toya mane olmaq üçün sadəcə 5 günü var. Bunun üçün hər şeyi etməyə hazır olsa da, hesaba qatmadığı bir şey var – duyğuları qarşılıqlı deyil. Belə hiss etməsində Emrenin də rolu az deyil. Onun Denizə olan münasibəti nişanlısını belə narahat edir. Melisa da “düşmənini gərək göz önündə saxlayasan” deyərək Denizlə yaxınlıq edir, ancaq onun qurduğu planlardan hər zaman xəbərsiz olur. Beləcə ritmik şəkildə davam edən hekayəmiz necə sonlanır sizcə? Elbəttə ki, sevginin qələbəsi ilə. ❤❤
         Filmdə ən təqdirəlayiq detal boş səhnələrlə vaxt öldürmədən tam mövzunu əhatə etməsi və izləyicini yormaması oldu. Rəngarəng yay filmi dadında olması, mövzusu, musiqiləri, aktyorları ilə zövqümü oxşadı “Herşey Seninle Güzel”. Xüsusilə də musiqiləri... Mert Fıratın səsinin də belə gözəl ola biləciyini düşünməmişdim doğrusu... Filmdə ən sevdiyim səhnələr karaoke, axşam yeməyi və Denizin dürüstlüyü ilə sevgisi arasında qalaraq nişanlıları ayırmağı planlayarkən barışdırması oldu...
        Son zamanlar “Kuzgun” serialı ilə Burcu Biricik ona qarşı önyargı ilə yanaşdığımı hiss etdirdi mənə. Bu filmlə isə tam əmin oldum... Mən bu aktrisanı bu filmlə sevdim deyə bilərəm. O qədər səmimi, hiss edərək oynadı ki, hər duyğunu mimikaları ilə izləyənlərə mükəmməl əks etrirərək rolunun öhdəsindən layiqincə gəldi deyə bilərəm. İlker Aksumun da möhtəşəmliyini qeyd etməmək olmaz. Hər rolun haqqını verən bu aktyor ona yaraşmayan bu xarakterin yükünün altında belə istedadı ilə əzilmir, özündən rənglər qataraq filmin atmosferinə uyğun bir obraz yaradır mənə görə. 
         Film haqqında yazılanları araşdırarkən bəyənməyənlərin də çox olduğunun şahidi oldum. Ancaq obyektivlikdən uzaq tənqidlər məncə filmin sehrini pozmağa qadir ola bilməz. Romantik filmləri çox sevsəm də, bəyəndiklərim çox olmur. Ancaq “Herşey Seninle Güzel” hər detalı ilə bəyəndiyim filmlər arasında öz yerini alaraq 5 bal aldı məndən.

07 May, 2019

İda Yessen – Yeni Çağlar

      İlin yeddinci kitabı da bitdi... Bu dəfəki mütaliə səfərim bir qədər uzağa – Skandinaviya yarımadasına – Danimarka sərhədlərinə doğru uzanır. Müasir Danimarka ədəbiyyatında özünəməxsus yer tutan, hal-hazırda da yaradıcılıqla məşğul olan yazarlardan biri İda Yessen “Yeni Çağlar” kitabı ilə siyahıma daha bir maraqlı əsərin əlavə olunmasına şərait yaratdı. Son zamanlar Alatoran nəşrlərinə üstünlük verdiyimi artıq bilirsiniz. Bu dəfə də ənənəni pozmadım. Anar Rəhimovun orijinaldan tərcüməsində 2018-ci ildə işıq üzü görən bu tarixi roman öz ölkəsində nəşr olunduqdan 3 il sonra oxucularımıza təqdim olunub. Alatoran nəşriyyatında bir-birinin ardınca çapdan çıxan maraqlı kitablar Skandinaviya ölkələrinin ədəbiyyatı ilə maraqlanan hər kəs üçün əvəzsiz hədiyyədir. Eyni zamanda bu addım həmin ölkələrin dillərini bilməyən kitabqurdları üçün də yeni çıxan nəşrləri əlçatan edir.

         İda Yessen 1989-cu ildən yaradıcılıq fəaliyyətinə başlasa da onu dünyaya daha çox tanıdan, sevdirən “Yeni Çağlar” (En ny tid) və “Doktor Baqqenin əhvalatı” (Doktor Bagges anagrammer) başlıqları ilə çap olunan ikihissəli tarixi romanıdır. İlk olaraq 2015-ci ildə oxucuya təqdim olunan “Yeni Çağlar” romanı haqqında fikirlərimi paylaşım.
       Qısa müddətə oxuyub bitirdiyim bu əsər bəzi səhifələrdə darıxmağıma səbəb olsa da, ümumilikdə sevdiyim romanlar arasında öz yerini aldı. Kitab baş qəhrəmanımız Lilly Baggenin gündəliyi şəklində yazılıb. Bir gənc qızın ailəsindən uzağa müəllim kimi kariyerasına başladığı bölgəyə - Thyregoda səfəri ilə 1904-cü ildən başlayan xatirələri müxtəlif fasilələrlə 1932-ci ilədək davam edir. Yeni həyata başlayan, yeni bir əraziyə, yeni bir evə köçən Lilly kim bilə bilərdi ki, böyük ümidlərlə gəldiyi Thyregodda həm həyatının ən özəl, həm də ən ağrılı günlərini yaşayacaq. Yaşadıqlarını ağappaq səhifələrə köçürmək istəyən qəhrəmanımızın gündəlik yazmağa başlasa belə elə ilk səhifələrdən  uzun müddət ara verdiyinin şahidi oluruq. O ana qədər ki, təmizlik işləri apararkən illər sonra evin bir kənarında unudulmuş halda gündəliyini tapır. Yenidən yazmağa başlayan Lilly qəlb yoldaşı olmuş bu dəftərlə hər şeyini paylaşır. İndi daha açıq, daha təcrübəli, özündə dərin duyğular ehtiva edən sətirlər çıxır qarşımıza. Artıq ölüm döşəyində olan həyat yoldaşını hər gün xəstəxanada ziyarət edən Lilly qarışıq duyğular içərisində davam edir həyata. Onun qarşısında iki variant var: Ya Viqanddan sonra boşluğun içində qeyb olacaq, ya da həyatın bir qolundan yapışıb yaşamağa davam edib hər şeyi geridə qoyacaq. Yazıları ilə iç dünyasına səyahət etdiyimiz bu qadın ərinin ölümü ilə əvvəlcə tərəddüdlər içində boğulur. Öz ayaqları üzərində durmağı bacardığı halda bütün həyatını aralarında dərin sevgidən çox bağlılıq olan həyat yoldaşına təslim etdiyini anlayır tənha qaldığı bu günlərdə. Yeni evə köçmək ərəfəsində olan Lilly əşyalarını toplayarkən, keçmişini, ailəsini, universitet illərini, dostlarını, işə qəbul edilmə xatirələrini bir-bir yada salır. Həyat yoldaşının əşyaları arasında ondan bir iz, bir sevgi nişanəsi axtararkən artıq onsuz bir həyata məhkum olunduğunu anlayır. Bu kitab bir qadının gündəliyindən daha çox yenidən həyata tutunma hekayəsidir desək daha doğru olar. Hər anına şahid olduğumuz qəhrəmanımızı bəzən qınayır, bəzən dəstəkləyir, bəzənsə halına acıyırıq. Ancaq əminəm ki, heç birimiz özümüzü onun yerində təsəvvür etmirik. İndi onu yenə yeni bir ev, yeni bir həyat gözləyir, bu dəfə də tək öhdəsindən gəlməlidir hər şeyin, ancaq daha əvvəlki kimi nə gənc, nə də güclüdür. Bu dəfə yeni həyata başlamaq əvvəlkindən daha çətin olacaq.
         Əsəri oxuduqca Lilly və Vigand kimi iki fərqli xarakterin necə illərlə evli olduğu mənə qəribə gəldi. Bir tərəfdə işinə aşiq, danışmağı xoşlamayan, hökmlü, ənənələrdən uzaq, mərhəmət hissindən məhrum, məntiqinin gücünə önəm verən Viqand, digər tərəfdə həyata yeni atılan, gənc, duyğusal, romantik bir müəllim Lilly. Bu münasibətdə istər-istəməz qadın bu dominant xarakter altında əzilməyə məhkum idi. Bunun fərqinə isə illər sonra həyatda özünü tapmağa çalışarkən varır Lilly. İndi yaşadıqlarını keçmişi ilə müqayisə edərək hər şeyi götür-qoy edir, beləcə nə istədiyinə, qalan həyatına necə davam etməli olduğuna qərar verə bilir. Əsərin əvvəlində tənha qadın kimi halına üzüldüyümüz Lilly, illər keçdikcə artıq tənha yox azad qadın kimi qarşımıza çıxır. Bütün zəncirlərini qıraraq o, tənhalıqdan azadlığa gedən yolu özü qət edir. Bu yolda onun qarşısına yeni insanlar, yeni təkliflər, yeni şanslar da çıxır. Qəhrəmanımız isə tələsik qərar vermədən, ətrafı yox özünü düşünərək, həyatın selinə qapılmadan yoluna davam edir. Sonda kitabxana açaraq həm insanlara xidmət göstərən, həm də yaşadığı bölgənin daha müasir, daha məlumatlı olmasına çalışan bu qadın həyat qarşısında dimdik duruşu ilə çıxır qarşımıza. Və gündəliyin son xatirələrini oxuduqca isə keçmişinin onun üçün yeni həyatına da bir təkan olduğunun şahidi oluruq. Pozitiv notlarla bitirdiyim bu əsər həm Danimarka ədəbiyyatı, həm də İda Yessen qələmi ilə ilk tanışlıq oldu mənim üçün. Lilly həyatın zalımlığı qarşısında əzilmədən vuruşan mübariz bir qadın obrazı kimi yaddaşıma həkk olundu. “Yeni Çağlar” isə güclü bir qadının həyat mübarizəsini onun öz dilindən oxumaq istəyənlərə tövsiyə edəcəyim bir kitaba çevrildi.
         Əsər gündəlik şəklində oxucunu özünə cəlb edərək davam edərkən müəllif araya əsərlə bilvasitə əlaqəsi olan bəzi kənar əhvalatlar yerləşdirərək sanki bunun bir gündəlik olmadığını xatırladır. Bu əhvalatlar mənə qəribə görünsə də, əsərin ümumi məzmununa xələl gətirib onun sehrini poza bilmədi mənə görə. Son səhifənin xəyalını quraraq oxuyub bitirdim bu həyat mübarizəsini. Lilly Baggenin duyğuları, yaşadıqları, həyatını kağıza həkk etməsi – hər şeylə “Yeni Çağlar” vaxtımı dəyərli keçirməyimə yardımcı oldu və məndən 4 bal aldı. Növbədə isə romanın ikinci hissəsi məni gözləyir.


13 April, 2019

Kamal Abdulla – Sehrbazlar Dərəsi

        İlin altıncı kitabı ədəbiyyatımızın müasirlərindən olan Kamal Abdulla imzalı “Sehrbazlar Dərəsi” oldu. Bu yazar hər zaman tərif atəşinə tutulsa da, ona ilk müraciətim məhz 2019-a təsadüf etdi. “Sehrbazlar Dərəsi”ni əldə etdiyim an həm üz qabığı, həm də şüarı ilə diqqətimi çəkdi... “Tale özü gedəni aparır, tərslik edəni sürükləyir.” Bu cümlə oxucunu təkcə kitabda onu gözləyən qəhrəmanların həyatı haqqında düşünməyə vadar etmir, eyni zamanda onu öz yaşadıqları və ətrafına da bir nəzər salmağa, müşahidə aparmağa məcbur edir.
       İlk əvvəl kitaba başladığım zaman Aydın Talıbzadənin ön sözü mənə sıxıcı təsir bağışladı. Ancaq əsəri oxuduqca səhifələr necə bir-birini əvəzlədi, zamanım necə maraqla ötüb keçdi xatırlamıram... Sanki mən də oxuyarkən əsərin sehrinə qapılıb kiçik bir obraz kimi ərtafdan seyr edirdim baş verənləri. Bəzən qorxu hissi keçirir, bəzən əsəbi olur, bəzən isə onların qələbəsinə uşaq kimi sevinirdim. Ancaq kitabın ilk səhifəsində “sirli görüş faciə ilə bitərkən...” sətri də ağlımdan çıxmır, beynimdə müxtəlif faciəvi sonluqlar yazırdım. Belə düşüncələr içində kitab su kimi bitdi desəm yanılmaram. Sonluq isə post-modernizmə xas mükəmməlliklə qurulmuşdu. Hər oxucunun öz təxəyyülünün ixtiyarına buraxılan sonluq mənə görə isə yeni hadisələrin başlanğıcı idi...
        Əsərin təhlilinə keçmədən qeyd edim ki, bu tip kitabları oxumaqdan xeyli uzaq düşmüşdüm məktəbi bitirəndən bəri. Ona görə oxuyarkən o illərə dair bir çox xatirə canlandı beynimdə... O zamanlardan qalan bədii ədəbiyyat sevgim bir daha təzələndi. İlk dəfə 2006-cı ildə oxuculara təqdim olunan kitab təkrar nəşrlə 2018-ci ildə Qanun nəşriyyatında çapdan çıxıb. Bir çox dillərə tərcümə olunan “Sehrbazlar Dərəsi”nə kitabın sonunda İtaliya, Fransa, Rusiya, Rumıniya kimi ölkələrdən təriflər yağdığının şahidi oluruq.
       Kitab keçmişin izinin rahat buraxmadığı Karvanbaşının atası cəlladbaşı Məmmədqulunun ruhunu çağıran bir dərviş axtarışı və bu ruh vasitəsilə keçmişə səyahət edərək qaranlıq məqamaları aşkar etməsindən bəhs edir. Kitabda hər hansı bir obraza əsas qəhrəman deyə bilmirəm. Hər kəsin öz fərqliliyi, hekayəyə rəng qatma xüsusiyyəti var. İstər Karvanbaşı, istər Xacə İbrahim ağa, istər Məmmədqulunun ruhu, istərsə də Səyyah dərviş. Sehrbazlar dərəsinə uzun bir karvan səyahəti ilə başlayan əsər sonda da həmin dərəyə yolculuq ilə bitir, sadəcə səfər edən qəhrəmanlar fərqli olur.
       Hər gün yuxuda onu rahat buraxmayan qardaşı, atası keçmişin kül altında qalmış sirrlərini açmağa vadar edir Karvanbaşını. Bunun isə yeganə çıxış yolu bütün suallarına cavab ala biləcəyi atası Məmmədqulunun ruhunu çağırmaqdan keçir. Bu ümidlə səyahətə çıxan karvan 1 il sonunda yenidən öz obasına qayıdır ancaq onlara Sehrbazlar dərəsindən arzularını reallaşdıracaq dərviş də qoşulub. Dərviş Səyyah Karvanbaşının atasının ruhunu çağırmağa müvəffəq olsa da, bütün gizli məqamlar açılsa da, Karvanbaşı yenə də sakitləşmir. Çünki artıq iş işdən keçmiş olur. Öz uşaqlıq xatirələri və onu böyüdən nənəsinin dediklərinə əsasən özü üçün Şahın nəvəsini günahkar kimi müəyyənləşdirib artıq ondan intiqamını almış Karvanbaşı atasının məsləhəti ilə həyatına son qoyur. Onsuz da çıxış yolunun olmayacağını anlayan cəllad Məmmədqulu bunun oğlu üçün ən münasib son olduğuna inandırır onu. Vaxtilə Şahın ən sadiq adamı olan Cəlladbaşı onun talan edib viran qoyduğu mahalda bir gəlinə vurularaq Şahın əmrinin əleyhinə hərəkət edir və nəticədə cəzalarına da dözmək məcburiyyətində qalır. Ancaq nə biləydi ki, intiqam ruhunda böyüyən doğma oğlu da onunla eyni taleyi paylaşacaq və yeni Şahın qəzəbinə tuş gələcək. İntiqam heç də hər zaman düzgün çıxış yolu olmur. Keçmişin izi ilə hərəkət edən Karvanbaşı ailəsinin intiqamını almaq eşqi ilə yaşayarkən nəticələrini gözardı edir, öz ailəsini, gözünün ağı-qarası oğlunu unudur. Nəticə isə təkcə Karvanbaşının özü üçün deyil, onun ailəsi, ixtiyarında olan hər kəs üçün də faciə ilə bitir. Yanlızca oğlu dərvişin sayəsində canını qurtara bilir. Əsər Dərviş Səyyahın Karvanbaşının oğlunu özü ilə Səhrbazlar dərəsinə gətirməsi ilə - açıq sonluqla bitir.
         Əsər sufilərin dilində nəql olunduğu üçün ilk əvvəl bir qədər qəribə təsir bağışlasa da, tez öyrəşdim, hətta xoş gəlməyə də başladı oxuduqca. Əsərdəki bir çox fikirlər xüsusilə göy üzü və ulduzlarla bağlı olanlar çox xoşuma gəldi. Sufilərə xas ideyalar, dindən bəhs edən sətirlər bir-birini əvəzlədikcə kitabın sonuna daha da yaxınlaşır, qəhrəmanların sonunu və həmçinin onları bu yollara gətirib çıxaran səbəbləri müəyyən etməyi maraqla gözləyirdim. Təkcə Karvanbaşı və atasının hekayəti deyil, Dərviş Səyyah ilə onun dərviş yoldaşları və müəllimi ilə bağlı olan əhvalat da kitaba əlavə rəng qataraq əsərin ümumi məğzini daha da maraqlı edən məqamlardan oldu mənim üçün.
         Yazımın əvvəlində ön sözü oxuyarkən çox sıxıldığımı etiraf etmişdim. Amma kitabı bitirdikdə onu təkrar oxuyarkən haqsızlıq etdiyimi anladım. Buna görə bu kitabı mütaliə edəcək olanlara kiçik bir məsləhət verim ki, ön sözü əsəri tam bitirdikdən sonra oxusunlar. O zaman professor Aydın Talıbzadənin əsərin ruhuna xitab edərək düşüncələrini necə aydın ifadə etdiyinə heyran olacaqsınız. Duyğu yüklü bu əsər həm vaxtımı dəyərli keçirməyimə kömək oldu, həm də bir çox məlumat əldə etməyimə, öz fikirlərimlə müəllifin ideyalarını müqayisə etməyə şərait yaratdı. Kamal Abdulla yaradıcılığı ilə məni tanış edən “Sehrbazlar Dərəsi” məndən 4 bal aldı və yazardan daha bir kitab oxumaq üçün təkan rolunu oynadı.

05 April, 2019

Sergey Dovlatov – Əcnəbi Qadın

       İlin beşinci kitabını da bitirdim. Bu kitab bir müddət əvvəl yaradıcılığı ilə tanış olduğum Sergey Dovlatovdan “Əcnəbi Qadın” oldu. Sergey Dovlatovun yazı tərzini bəyəndiyim üçün ona yenidən müraciət etmək ehtiyacı duydum. Əsərlərində obrazlarına tənqidi yanaşan, satirik məqamlardan istifadə edən yazarlar hər zaman mənə daha cəlbedici gəlib. Sergey Dovlatov da onlardan biri kimi mütaliə zamanı mənə xoş dəqiqələr yaşadır. Çox təəssüf ki, bu müəllif ölkəmizdə layiq olduğu qədər məşhur deyil, sadəcə üç əsəri tərcümə olunaraq oxuculara təqdim olunub. Alatoran nəşriyyatından işıq üzü görən “Çamadan “ əsərini çox sevdim. İndi isə Qanun nəşriyyatından yayımlanan və elə həmin nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun öz tərcüməsi ilə buraxılan “Əcnəbi Qadın” əsəri barədə fikirlərimi bölüşəcəyəm. 
          Orijinalda adı “Иностранка” olan 1986-ci ildə işıq üzü görən əsər Azərbaycanda isə 2014-cü ildə tərcümə edilib nəşr olunmuşdur. Bu əsərin maraqlı bir cəhəti var. Kitabda bir cümlədə eyni hərflə başlayan 2 sözə rast gəlmək mümkün deyil. Tərcümə zamanı da bu xüsusiyyət gözlənilib. Əsər, həmçinin, müəllifin yaradıcılığının son dövrlərinin məhsuludur və burada da avtobioqrafik məqamlara rast gəlmək olur. Ümumilikdə, bu əsər sırf Sovet İttifaqını tənqid atəşinə tutmaq və Amerikadakı vəziyyətin mükəmməlliyini vurğulamaq üçün yazılmayıb. Yazıçı burada hər iki ölkədə yaşayışın mənfi və müsbət cəhətlərini gözlər önünə sərir, eyni zamanda ölkəsindən ayrı düşən mühacirlərin hər biri üçün Amerikada həyatın kənardan göründüyü kimi elə də asan olmadığını oxucularının nəzərinə çatdırır. 
         Əsərin əsas obrazları 1980-ci illərdə Amerikada məskunlaşmış rus və yəhudi emiqrantlardır. Sergey Dovlatov hər qəhrəmanının Rusiya və Amerikadakı həyatını müqayisəli şəkildə oxuculara çatdırıb. Onların timsalında öz yaşadıqlarını da gözlər önünə sərib. Baş qəhrəmanımız Kommunist partiyasına sadiq bir ailənin qızı olan Marusya Tataroviçdir. Onun Rusiyadakı qayğısız həyatı, qarşısında bütün qapıların açıq olduğu, valideynlərinin uğurlu kariyera yolu, iki uğursuz evliliyi, bir övladının olması və bir çox münasibətləri ilk mərhələdə öz əksini tapır. Sonradan “perspektivsiz” həyatı gələcək üçün qorxu yaradır Marusyada. O da o zamanlar dəbdə olan mühacirlərə qoşulub ölkəsini tərk edir. Bunu parlaq görmədiyi gələcəyi və həyatının iplərini öz əlinə almaq istəyi üçün reallaşdırır. Amerikada yaşamağa başlayan Marusya ilk əvvəl qohumlarının yanına sığınsa da, sonra iş axtarmaq, övladını saxlamaq cəhdi onu bir çox çətinliklərlə üzləşdirir. Bir müddət sonra latınamerikalı Rafaellə yaşadığı eşq macərası isə onun həyatını həm asanlaşdırır, həm də daha çətin mərhələyə gətirib çıxarır. Varlı ailəsi hesabına dolanan, baş qoşduğu hər işdə müvəffəqiyyətsizliyə düçar olan, gününü qadınlarla keçirən bu qəribə xarakterli kişi Marusyanın uğursuz seçimlərindən biri olur. Əslində Marusyanın “rahat” həyatı digər mühacirlərdə bəzən həsəd, bəzənsə qıcıq yaratsa da, bu qadının özü üçün isə artıq dözülməz hal alır. Hətta ölkəsinə geri qayıtmaq üçün bir sıra addımlar atmağa belə məcbur olur. Ancaq baş verən bir çox hadisələr, bir evi paylaşdığı Rafaelin duyğuları Marusyanın fikrinin dəyişməsinə səbəb olur. Sonda hər şeyi geridə qoyan Marusyanın buradakı həyatına alışmağa başlayıb Rafaellə ailə həyatı qurmasının şahidi oluruq. Müəllif də sonluqla mühacirlər üçün Rusiya səhifəsinin birdəfəlik bağlandığını bir daha dəqiqləşdirir oxucular üçün.
        Tərcümə olduqca soyuq təsir bağışlasa da, əsərə uyğunlaşmaqda çətinlik çəksəm də, orijinal əsərin yazılma stilinin gözlənilməsi mənim üçün təqdirəlayiq bir detal oldu. Ancaq bəzi məqamlarda bu prinsipin gözlənilməsinin tərcümənin keyfiyyətinə mənfi təsiri açıq-aydın görünürdü. Maraqlı müqayisələrə, satirik yanaşmalara, müsbət sonluğa baxmayaraq ilk oxuduğum “Çamadan” əsərini daha çox bəyəndiyimi etiraf etməliyəm. Beləcə, “Əcnəbi Qadın” məndən 2 bal alır. İl ərzində bu müəllifə bir daha müraciət etmək arzusu ilə…

26 March, 2019

Rasim Qaraca – On Bir Gecə

        İlin bitirdiyim üçüncü kitabı Rasim Qaracadan “On Bir Gecə” oldu. Tez bir zamanda bitirdiyim “On Bir Gecə”13 hekayədən ibarət kiçikhəcmli kitabdır. Savaş günlərində eşq hekayələri – Qarabağ Dekameronu başlığı ilə təqdim olunan bu kitabda Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəliklərindən əldə olunub bədii formaya salınan 10 hekayə öz əksini tapıb. Qalan 3 hekayə isə müəllifin öz qələminin məhsuludur. Müasir ədəbiyyatımızın çox oxunan istedadlı naşir-yazarlarından olan Rasim Qaraca yaradıcılığı ilə ilk tanışlığım olan bu kitab 2014-cü ildə Alatoran nəşriyyatından işıq üzü görüb.
        Kitabın təhlilinə keçək. İlk sətirlərdən məlum olur ki, əlil arabasına məhkum olan Kamil Dadaşov indi həyatda olmayan yoldaşlarının xatirələrini yaşatmaq üçün onların həyatlarında olan ən önəmli anları kağıza köçürüb. 10 günlük mühasirədə olarkən taqım komandiri Çingizin təklifi ilə əsgərlər ilk sevgiləri, ilk intim münasibətləri haqqında danışmağa başlayıblar. Beləcə özəl həyatlardan bir dövr, bir an, bir bölüm oxuculara təqdim olunur kitabın davamında. 10 fərqli həyat, 10 fərqli xarakter, 10 fərqli hekayə, 10 fərqli sevgi münasibəti... Kimisi dəli kimi sevmiş, kimisi bir günlük əyləncə hesab etmiş, kimisi toxunmağa qorxmuş, kimisi nifrət etmiş, kimisi aldatmış, kimisi peşman olmuş... Fərqli duyğularla oxudum bu hekayələri, bəzən üzüldüm, bəzən qəzəbləndim, bəzən ümidləndim, bəzənsə kaş indi yaşayıb axtardıqları qadınlara qovuşardılar deyə ürəyimdən keçirdim. Kitabda bir çox mövzuya toxunulub bu həyat hekayələri sayəsində. Qədim cahil adət-ənənələrdən tutmuş, gənc yaşda hiss edilən hər duyğunun eşq sanılması, azəri qadınlarla xaricilərin fərqli cəhətləri, kiçik bir səhvə məhkum olan bir ömür, fiziki qüsurlu insanların ailə həyatı, valideyn xeyir-duası olmadan qurulan ailələr, xəyanətin ən ülvi hissləri məhv edərək geriyə peşmanlıqdan başqa bir şey buraxmaması kimi bir çox məsələlərə toxunulub.
       Mənə bu hekayələr arasında ən çox təsir edən “Sevginin nifrətə çevrilməsi” oldu... Soyuq təsir bağışlayan isə tamamlanmamış “Çətini ölənəcəndi” oldu. Kitabın sonuna müəllifin əlavə etdiyi 3 hekayədən biri olan “Sevgilim “Yox” olub” isə sevərək oxuduğum bölüm idi deyə bilərəm. “Könüzsüzlər” adlı essedən çıxarış kimi verilmiş annotasiyası da zövqümü oxşadı və ümumi məzmunu tam əhatələmiş oldu.
        Kitabda ən xoşuma gələn fikirlər:
  • Xoşbəxtlik bir-birinə zidd olan iki halın – ayıqlıqla hissə qapılmanın vəhdətindədir, bunun əksi ola bilməz.
  • İnsan beyni bağımsız çalışır, sən istəsən də, istəməsən də o bütün variantları süzgəcdən keçirir.
  • Könüllü gedənlərə elə gəlirmiş ki, onlar öz istəkləriylə gəldikləri üçün savaş tanrısının xüsusi himayəsi altına girmişdilər, başqalarına olan şeylər onlara ola bilməzdi, savaşın məntiqi də, məntiqsizliyi də onlardan yan keçəcəkdi.
  • Könüllü insanlar heç zaman ölmürlər, onlar könüllərdə yaşayırlar və beləcə bir gün dirilib bizi göz yaşına boğurlar.
        Sonda kitabı tez bir zamanda bitirsəm də, ayrılmağımın çətin olduğu əsərlərdən ola bilmədi mənim üçün. Sadə, səmimi dili ilə oxunaqlı olsa da, nədənsə müəllifin kitabını deyil də, kiminsə gündəliyini oxuyuram təsiri bağışladı məndə. Kitab oxuyarkən sıxıldığımı deyə bilmərəm, amma bitməyini də gözləmirdim desəm yalan olar. Bu detalları nəzərə alaraq “On Bir Gecə” məndən sadəcə 3 bal ala bildi. İl ərzində yenidən Rasim Qaraca yaradıcılığına müraciət edəcəm. Bu artıq məlum oldu.

Əziz Yabuqzadə - Ona

        İlin dördüncü kitabı gənc yazarlardan olan Əziz Yaqubzadənin “Ona” kitabı oldu. Ad günümdə gələn hədiyyələrdən biri olan bu kitab həm adı, həm də üz qabığı ilə diqqətimi ilk andaca çəkdi. Hələ bir də “Kimə şeir yazılsa, onu dünyanın ən xoşbəxti hesab edərdi. Ona kitab yazılırdı, xəbəri yox idi...” cümləsini oxuduqdan sonra...
       Kitab 2016-cı ildə Bakumoz nəşriyyatında işıq üzü görüb. Yazar bu kitabda öz fikirlərini, duyğularını, müşahidə etdiklərini başlıqlar formasında oxuculara təqdim edir. Dilinin çox sadə və axıcı olması, aydın ifadə olunmuş düşüncələr, əsas da məzəli çalarlar qatılmış sətirlər çox xoşuma gəldi. Kitabı karandaşla oxumağı sevən biri olaraq bütün sətirlərin altından xətt çəkməmək üçün özümü güclə saxlamışdım. O qədər fikirlərimə tərcüman oldu ki, bəzi sətirlər... Oxuduqca səhifələr başlıqları, başlıqlar bölmələri izləyirdi. Əlimə aldığım zaman əqrəblərin necə sürətlə hərəkət etdiyini unudurdum sanki. Kitabı maşında bitirdim desəm yalan olmaz. Həm zövqümə xitab etdiyi, həm də yolda gedərkən oxumaq üçün rahat - bölmələr şəklində - olduğu üçün nə zaman başlayıb – bitirdiyimi xatırlamıram.

       Nə yalan deyim bu tip kitabları sevdiyim və çox oxuduğum üçün kitaba başladığım ilk anda bir türk kitabının tərcüməsi ilə qarşı-qarşıya olduğumu sandım. Ancaq sonra yazarın özünə xas fikirləri ilə tanış olduqca bizdə də belə istedadların ədəbiyyata qədəm qoyması məni çox sevindirdi. Oxuyarkən qarışıq hisslər yarandı məndə. Beynimdə ən çox təkrarlanan sual yazarın bunları yazacaq qədər nə yaşadığı düşüncəsi oldu və ya bunları böyük bir eşq yaşamadan yazmaq olar mı? Çünki sətirlər təkcə bir qıza olan saf sevgidən bəhs etmir, bu sətirlər bəzən sevgiliyə nifrəti ifadə edir, bəzən peşmanlığı dilə gətirir, bəzən üsyan qoxuyur. Əziz Yaqubzadə kişilərlə qadınların elə gözəl təsvirini verib ki, bizlərə ən az öz həmcinsləri qədər yaxşı bələd olması heyran etdi məni. Həmçinin, qadınlarda olan bəzi nöqsanları dilə gətirdiyi kimi kişilərə xas bəzi səhv davranışların da izahını verir. Qısacası sırf sevgi kitabı deyil “Ona”, sevgi fonunda bir çox mövzuya toxunaraq oxuyucunu yormadan əyləndirir. Bəzi sətirləri təqdim edim sizə özünüz qərar verin:
  • · Sən heç birinin gedişinə görə saatlarla ağlamaq istərkən yanaqlarında onun əllərinin izi silinməsin deyə göz yaşlarını içinə axıtdın mı?
  • · Mən içində 8 milyard insanın həyat mübarizəsi apardığı bu dünyadan idim, o isə mənim dünyam idi.
  • · İçində “sən” olan hər şeyi sevərdim. Amma “sən”sizlik ağır oldu, sevgilim.
  • · Unudacaq qədər güclü idim. Ancaq unutmağa qıya bilməyəcək qədər çox sevmişdim.
  • · Sevdiyiniz birindən “qadınım” sözünü eşitdiyiniz an onun əllərindən möhkəm yapışın və ona onun qadını olduğunuzu bir daha hiss etdirin.
  • · Hər gözəl şeyin bir sonu var deyirlər. Biz çirkin qalaq, olarmı?
  • · Üzünü görmək istəmədiyimi, sənə nifrət etdiyimi öz-özümə təkrarladığım sənsiz saatlarım var mənim. Bir də səsini eşitsəm, dünyanın ən xoşbəxti olacağım axmaq bir xasiyyətim var.
  • · “ Kiçik bir gülüşümüzə belə layiq olmayan insanlar üçün günlərlə göz yaşı tökdük”, - deyə özlərini dəyərli sandılar.
  • · Qorxmursanmı, yalnızlığa öyrəşsəm, səni unudaram?

         Müəllif sonda qeyd edir ki: “Xahis edirəm, kitabı bitirərkən məmnun olub-olmadığını deyərək qapağını bağla. Və əmin ol ki, mən eşitməsəm də hiss edərəm.” Elə mən də kətabı məmnun bitirdiyimi qeyd edərək yazımı sonlandırım. Məndən 4 bal alan kitablardan oldu. Növbədə Əziz Yaqubzanin “Bir Sən Qədər” kitabı məni gözləyir...

30 January, 2019

Thomas Mann – Aldanmış

        İlin ikinci kitabı olaraq Thomas Mann imzalı “Aldanmış”ı seçdim. Maraqla oxuduğum və tez bir zamanda bitirdiyim kitablardan biri oldu. “Aldanmış” 2018-ci ildə Qanun Nəşriyyatının “miniKLASSİKA” başlığı ilə işıq üzü görmüşdür. Kitabda olan bütün səhvlər, redaktor və korrektorun adının qeyd olunmaması məndə  bu kitabın redaktə olunmadığına dair şübhə yaratdı. Düzünü desəm, bu şübhə Qanun nəşriyyatından oxuduğum əksər kitablara xasdır. )) Buna baxmayaraq, bu nəşriyyatın miniklassika seriyasını təqdir edirəm. Kiçik kitablarla hər növ oxucunu mütaliəyə təşviq edir Şahbaz Xuduoğlu. Əsas da kitabların həcmindən qorxub mütaliə fikrindən daşınan "oxucularımızı".
       Müəllif və kitaba gəldikdə bu Thomas Mann yaradıcılığı ilə ilk tanışlığım oldu. Alman ədəbiyyatının ən önəmli nümayəndələrindən olan, 1929 Nobel mükafatı laureatı, dünyaşöhrətli yazar bu kitabı ilə qəlbimə toxunmağı bacardı. Oxuduqca onun insan psixologiyasına necə dərindən bələd olmağı məni heyrətə düşürdü. Xüsusilə də, bir kişi yazıçı üçün qadın duyğu və düşüncələrinin bu qədər dəqiqliklə - bütün çılpaqlığı ilə əks etdirilməsi gözardı edilməyəcək bir istedaddır deyə düşünürəm.
        “Aldanmış” ilk dəfə 1954-cü ildə oxucu qarşısına çıxmış və dünyanın bir çox dillərinə tərcümə olunaraq yazarın şöhrətinə şöhrət qatmışdır. Thomas Mann yaradıcılığının son məhsullarından olan “Aldanmış” mövzu baxımından da onun əhval-ruhiyyəsinə uyğun gəlir. Əsərdə toxunduğu bir çox məqam kimi ölüm məsələsinə də xüsusi bir tərzdə yanaşan yazıçı sanki onu gözləyən qaçınılmaz son haqqında daxilində duyduğu hər şeyi sətirlərə töküb. Kitabda Birinci dünya müharibəsindən sonra yaranan müasir və qədim dövrün müqayisəsi geniş şəkildə öz əksini tapıb. Ancaq bunun fonunda təbiətə vurğunluq, incəsənət, din, sevgi, həyat, xəstəlik, ümid və sonda qədərlə barışma kimi bir çox məqama da toxunulub. Kitabda 4 əsas obraz ön plana çəkilsə də, kiçik obrazlarla da həmin dövrün cəmiyyəti gözlər önünə sərilir. Əsas qəhrəmanımız Rosalie ərini müharibədə itirmiş, iki övladına həyatını həsr etmiş bir qadındır. Yazıçı müharibə dövrünü, köhnəfikirli insanları bu obrazla tənqid edir. Rosalienin qızı Anna və oğlu Edwardın timsalında isə gənc nəslin nümayəndələri olaraq fikir fərqlilikləri öz əksini tapır. Anna fiziki qüsurlu və yaşadığı ilk uğursuz eşq təcrübəsinə görə özünü ətrafa qapamış rəsm çəkməklə həyatını keçirən dərin düşüncələrə malik gənc qızdır. Edward isə təhsilə önəm verən, gələcəyini Amerikada planlaşdıran bir yeniyetmədir. Sonuncu qəhrəmanımız isə hekayənin üzərində qurulduğu, ona can verən Ken Keatondur. Edwardın ingilis dili müəllimi olaraq ailəyə girən və Avropa sevgisi, tarix bilgisi, Amerika gerçəkliyinə olan münasibəti ilə qəlblərdə taxt quran bir gəncdir. Xüsusilə də Rosalie xanımın qəlbində. Bu 4 obraz vasitəsilə yazar o dövrün beyinlərinə nüfuz edib fikirləri, duyğuları, xarakterləri sərgiləsə də, onun əsas çatdırmaq istədiyi ideyaları ana-qız dialoqlarında öz əksini tapır. Oğlunun müəlliminə vurulan Rosalie cəmiyyətin tənqidindən çəkinsə də, bu sevgini utanc yox, mərhəmətli təbiətin ona bəxş etdiyi bit lütf sayır. Əvvəlvə özü ilə mübarizə aparsa da, sonra ona verilən bu şans üçün şükr edir. Bu sevginin gücü ilə yaşını unudub gəncləşdiyini zənn edən ana qızı ilə dialoqunda öz duyğularına bəraət qazandırır. Bu dialoqlarda Rosalie və Anna yaş və dövr baxımından sanki yerlərini dəyişmiş görünür. Qızı dönə-dönə anasına insanların onlar haqqında nələr danışacağını xatırlatsa da, bu münasibətin fəsadlarının həm ona, həm qardaşına necə təsir edəcəyini söyləsə də, Rosalie öz sevgisini, ona cavanlaşmağı üçün verilən bu duyğunu müdafiə edir, bu şansı qaçırarsa təbiətin bir daha belə mərhəmətli olmayacağını bildirir. Kendən də duyğularına qarşılıq alan Rosalie daha da cəsarətlənir. Ancaq heç də gedişat gözlədiyi kimi olmur. Allahın onu təkcə mənən deyil, həmçinin fiziki baxımdan da gəncləşdirdiyini düşünən qadın yaşadığı dəyişikliyin əslində isə xəstəliyin nəticəsi olduğunu anlayanda hər şey üçün artıq gec olur. Ancaq həyatda təbiəti – ağacları, güllərin ətirlərini, quşları, dənizi, günəşi dəli kimi sevən bu qadın təbiətin ona rəva bildiyi bu xəstəliyi də qəbul edir və taleyin acı sonu ilə barışır.

       Kitabın adının xüsusilə çox gözəl seçildiyini düşünürəm. “Aldanmış” onu oxumadan oxucunu mövzü ilə bağlı aldada bilir. Ancaq kitabı bitirdikdən sonra bu başlığın mövzunu tam əhatələdiyi məlum olur. Qanun nəşriyyatının seçdiyi üz qabığını da bəyəndim. Həm gəncləşən, həm də xəstəliyi, zəifliyi üzündən hiss olunan qadın Rosalieyə çox bənzəyir. Amma tərcümə ilə bağlı eyni şeyi deyə bilməyəcəyəm. Kitabın ilk səhifələrindən tərcümə və əsər mənə soyuq təsir bağışladı ancaq 50 səhifə sonra tərcümənin keyfiyyəti xeyli artır. Ümumilikdə isə kitab mövzusu, axıcılığı, maraqlı dialoqları və qadın psixilogiyasının dərinliyinə qədər təsviri ilə zövqümü oxşadı. Thomas Manndan oxuduğum ilk əsər məndən 4 bal alır. Növbəti miniklassikalarda görüşmək üzərə...

25 January, 2019

Sonsuz Aşk

     Bu ay izləmə fürsəti əldə etdiyim filmlərdən biri “Sonsuz Aşk” oldu. İki istedadlı aktyorun - Murat Yıldırım və Fahriye Evcenin bir arada olduğu bu film elə ilk dəfə fraqmentini izləyəndən diqqətimi cəlb etmişdi. Murat Yıldırımın “Suskunlar” serialı ilə özünü isbat etdiyini desəm yerinə düşər. Elə mən də o serialdan sonra onun aktyorluğuna heyran olmuşdum. (Hal-hazırda aparıcısı olduğu “Kim Milyoner Olmak İster” programında da öz intellektual səviyyəsi, diksiyası və hər yarışçıya uyğun münasibət göstərməsi ilə izləyici rəğbəti qazana bilib.) Fahriye Evcen isə elə də sevdiyim isimlərdən olmasa belə, son zamanlar rol aldığı bir neçə filmi ilə xoşuma gəlməyə başlayıb.
         Film barədə fikirlərimə keçsək,  “Sonsuz Aşk” “Hər günü həyatınızın son günü imiş kimi dolu-dolu yaşayın!” fikri üzərində qurulub.

        Qəhrəmanlarımız – beyin cərrahı, gənc yaşda böyük uğurlar əldə etmiş, həyatı sadəcə işi olaraq görən, insanların geri qazandıqları sağlamlıqları üçün minnət duyduğu tanınmış professor həkim Can və yaşama gücünü bacısından alan, həyatını, gəncliyini onun oxuyub öz ayaqları üzərində durmağı üçün fəda edən, qazancını evləri təmizləyərək təmin edən Zeynep. Bu iki gənc bir-birindən uzaq dünyalara sahib olsa da, sürprizlərlə dolu həyat onların yolunu maraqlı bir hadisə ilə kəsişdirir. Onlar öz həyatlarına davam edərkən zamanla yaranan fərqinə varmadıqları boşluğu dolduracaq insanın bir-biri olduqlarından xəbərsiz bir oyuna baş qoşurlar. Can qızların ona olan həddindən artıq marağını, diqqətini özündən uzaqlaşdırmaq üçün çətin vəziyyətdə olan Zeynepə kömək edəcəyini vəd edərək ondan bir gecə dəvətində sevgilisi rolunu oynamağı xahiş edir. Və hər şey elə bu gecədən başlayır. Bir günə nələrin dəyişə biləciyinə şahid oluruq: bir günə insanları tanıya bilərik, sabah yoxmuş kimi davrana bilərik, Allahın bizə bəxş etdikləri üçün şükürlər edə bilərik, hətta aşiq belə ola bilər, bizi tamamlayan o insanı tapa bilərik.

       Filmin əvvəlində hadisələr çox gözəl və dinamik davam edir. Əsas da ada səfəri, əvəzsiz mənzərəli güşələr, danışan gözlər, duyğuları aşkar edən baxışlar və s... Hər şey belə gözəl başlasa da əvvəldən "indi filmin adının haqqını verəcək nəsə baş verəcək" qorxusu ilə izlədim “Sonsuz Aşk”ı. Və nəhayət o an gecikmir. Hər bir xəstəsi üçün yeni yollar fikirləşən, əməliyyatlarında soyuqqanlı, özündənəmin olan Can ən çətin qərar, ən riskli əməliyyatı ilə üz-üzə qalır. İşi üçün öz şəxsi həyatını, maraqlarını, əyləncələrini ərtələyən bu adamı “həyata döndürən” Zeynep üçün eyni şeyi Can edə biləcəkmi? Bəzən özümüzü tanımaq üçün bizi kənardan dəyərləndirən birinin sözlərinə qulaq asmaq daha məqsədəuyğun gəlir. Başımızı aşağı salıb yolumuza davam edərkən həyatda nələri itirdiyimizi, hansı anları fəda etdiyimizi, hisslərimizlə dolu-dolu yaşamaq varkən monoton yaşamı seçdiyimizi anlamaq üçün bizi tanımadan müşahidə edən birinın sözləri bizim üçün dərs mahiyyətində ola bilir.

       Filmin sonu üçün çox ümidli idim, yəqin pozitivliyim tutmuşdu həmin an. Ancaq qaçınılmaz son məni göz yaşlarına boğdu. Adətən türk filmlərində sonluğu bəyənməsəm də, “Sonsuz Aşk”da son səhnə filmdə cərəyan edən hadisələrlə elə əlaqəli qurulmuşdu zövqümü oxşadı.
        Ümumilikdə film çox da güclü olmasa da, aktyor işi, bəzi səhnə və dialoqlar və musiqi seçimi onu daha baxımlı edib. Ən sevdiyim səhnələrdən Zeynepin bacısı ilə söhbəti, Sezen Aksu şahəsərlərindən birinin müşayiəti ilə olan ada səfəri, əməliyyatda Canın izləyiciyə ötürdüyü duyğu seli mənə daha çox təsir etdi. Dram izləməyi sevən biri kimi bu film mənim üçün unudulmaz olmasa belə, ona sərf etdiyim vaxtımı dəyərli sayıram. Bu səbəbdən “Sonsuz Aşk” məndən 4 bal alır.