2020-nin daha bir kitabı bu gün bitdi. Bu dəfə kitab seçimim uzun zamandır oxumaq istədiyim Daniel Keyes imzası daşıyan “Algernon’a Çiçekler” oldu. Kitabla bağlı heç bir şey bilmədən oxumağa başladım, bu da daha sehrli etdi mənim üçün romanı. Həm yazarla, həm də elmi-fantaksika ilə ilk tanışlıq da demək olar bu dəfəki seçimimə.
Daniel Keyesə böyük şöhrət qazandıran 27 dilə tərcümə olunan bu şahəsər ilk dəfə 1959-cu ildə jurnalda öz əksini tapsa da, genişləndirilmiş şəkildə 1966-cı ildə oxucuların ixtiyarına verilib. Kitabda həm elmi, həm fantastik izlər ön planda olsa da, psixoloji məqamlar, mənəvi duyğular romanı daha möhtəşəm edir.

“Algernon’a Çiçekler” zehni geriliyi olan bir gəncin əməliyyatla ağıllı edilməsindən bəhs edir. İlk başda hər şey əla görünür: hər iki tərəf əməliyyat üçün müəyyən marağa sahibdir. Həkim Nemur və Strauss öz elmi nəzəriyyələrini tamamlamaq, tibbə yenilik gətirmək və ən əsası adlarını tarixə yazmaq üçün bu əməliyyatı təklif edir. Charlie Gordon isə uşaqlıqdan əziyyət çəkdiyi, onu digər uşaqlardan fərqləndirən, ailəsində hər zaman soyuq münasibət hiss etməsinə səbəb olan bu “əskiklik”dən qurtulmaq üçün məmnuniyyətlə təklifi qəbul edir. Onlar üçün təhlükəni, qorxunu azaldan əsas səbəb isə bu əməliyyatın Algernon adlı bir siçanda sınaqdan keçirilmiş olması və uğurla nəticələnməsidir. Charlie aşağı İQ ilə doğulsa belə onu hər kəsdən fərqləndirən sevgi və mərhəmət hissinin dəyərini anlamır. Sadəcə ağıllı olmaq, çoxlu dost qazanmaq, anasının fəxr edəcəyi bir övlad olmaq arzusu onu cavan yaşlarında belə rahat buraxmır. Və istədiyi əməliyyat sayəsində gerçəkləşir... Həqiqətən gerçəkləşən Charlie Gordonun arzusudurmu görəsən?

Həkimlərin tapşırığı ilə həm elmi işə kömək məqsədilə, həm də gələcəkdə əməliyyata razılıq verən hər kəsin tanış olması üçün Charlie yaşadığı hər günü, hər hadisəni kağıza köçürməyə başlayır. Kitabın gündəlik məruzələr şəklində olması onu daha anlaşıqlı edir, yazılar vasitəsilə Charliedə gedən dəyişiklikləri aydın sezir oxucu. Kitabın ən təsirli hissələri əməliyyatdan sonra dahiyə çevrilən qəhrəmanımızın özünü axtarması ilə başlayır. Artıq adi insanlar kimidir, hətta daha da üstün. Keçmişdəki hər şeyi ən incə detallarına qədər xatırlayır. Beynində dolaşan suallara onu incidən təcrübələri xatırlayaraq cavab tapır. Amma yenə də tapacağını zənn etdiyi xoşbəxtliyi əldə edə bilmir. Əvvəlki Charlie ilə indiki dahi Charlie arasında sıxılıb qalır. 2 fərqli dünya yaşayan ancaq hansına aid olduğunu bilməyən bir ruha sahibdir indi. Heç də hər şey ağıllı olmaqla düzəlmirmiş, insanlar o qədər qəddardır ki, onlardan istər mənfi, istərsə də müsbət anlamda bir az fərqləndinmi səni tənha qoymağa tələsirlər. Charlie keçmişi ilə müharibəyə davam edərkən bir tərəfdən də bir dahi olaraq mərkəzində olduğu bu nəzəriyyəni araşdırır və yeni məlumatlar əldə etdikcə heç də uğurlu bir əməliyyat olmadığını özü üçün kəşf edir. Bu anda Algernonda baş verən geriləmə də onun araşdırmasında düzgün istiqamət aldığını göstərir.
Kitabdakı psixoloji məqamları çox sevərək oxudum. Daniel Keyesin psixologiya üzrə təhsilinin bu möhtəşəm əsərin yaranmasında rolu danılmazdır. Keçmiş və indiki Charlie arasındakı müqayisələr, bir qadına olan sevgi ilə maraq arasındakı kəskin fərqlər, minnətdarlıqla peşmanlıq duyğusu arasındakı kəskin uçurum... Çox şey öyrəndim bu kitabdan. Hər sətri bir dərs mahiyyətində olan bölümlər kitabı daha oxunaqlı, daha unudulmaz edir. Baş qəhrəmanımızın timsalında iki dünya arasında qalmış bədənin, iki beyin arasında itib qalmış ruhun təsviri mənə yazıçını xüsusilə sevdirdi.
Kitab zehni geriliyi olan gəncin səsindəki sevgi ifadə edən ton, gözlərindəki ümid və mərhəmət dolu parlaqlıq və qəlbindəki saflıq ilə ömrünü elmə sərf etmiş, hər kəsin qibtə etdiyi uğurlara imza atmış professorlardan daha yüksəkdə olduğunu göstərir. Charlie bunu həkimlərin üzünə vurduqda, onların elmi araşdırmasındakı səhvləri faktlarla isbat etdikdə, ona Algernondan fərqli münasibət göstərməyən Doktor Nemur və Strauss bir həyatla necə oynadıqlarını anlayırlar. Kitabda ən təsirli səhnələrdən biri Charlieni keçmişindən təqib edən acı xatirələrin əsas qəhrəmanları olan valideynləri və bacısı ilə yenidən qarşılaşma anıdır. İllərlə xəyalını qurduğu, anasına artıq onunla fəxr edə biləcəyi bir övlad olduğunu göstərmək üçün qarşısına çıxdığı zaman heç nəyin əvvəlki kimi olmadığını anlayır. Kitab sonlara yaxın göz yaşlarıma hakim ola bilmədiyim səhnələrlə zəngin idi. Hələ sonluq... Yazıla biləcək ən möhtəşəm sonluq idi. Həyatda sadəcə insana 7-8 ay müddətinə verilən bir şans... Bu müddətə insan nələri sığdıra bilər? Bir ömür həsrətini çəkdiyi hər şeyə 7 ayda nail ola bilərmi? Ən təsirlisi isə insanın bu şansın tezliklə bitəcəyinin fərqində olaraq nə isə etməyə çalışmasıdır. Nəticə isə məlumdur. Nə qədər qorxunc görünsə də, sonluq qaçınılmazdır. Həm Algernon, həm də Charlie üçün... Hər şey bitdiyində isə geriyə qazanılan tək dost Algernon və xatirələri qalır...

“Algernon’a Çiçekler” həvəslə oxuduğum, məndən asanlıqla 5 bal alan və ən sevdiklərim arasına daxil olan kitablardan oldu. Sonda xatirə kimi sizin üçün seçdiyim sətirlər:
- - “Korkuyorum. Hayattan ve ya ölümden değil, ve ya hiçlikten değil, hiç var olmamışım gibi o ışığı harcamış olmaktan korkuyorum."
- - Eskisini yıkmadan bir arsanın üzerine yeni bir bina dikemezsin və o eski Charlie de bir türlü yıkılmıyor.
- - Geçirdiğim ameliyat onun üstünü bir eğitim ve kültür tabakası ilə örtmüşdü, ama duygusal olarak o hala oradaydı – beni seyrediyor ve bekliyordu.
- - Ama şimdi biliyorum ki, hepinizin atladığı bir şey var: Sevgi ve şefkat eli değmeyen zeka ve eğitim beş para etmez.