27 December, 2019

Ahmet Altan – Karanlıkta Sabah Kuşları

         2019-un on dördüncü kitabı Ahmet Altandan “Karanlıkta Sabah Kuşları” oldu. Dekabrın son günlərində tamamladığım e-kitab ilboyu sevərək oxuduqlarımdan oldu. Ahmet Altanın – qələmini sevdiyim yazarlardan birinin – bu kitabı ilə də məni xəyal qırıqlığına düçar etməyəcəyinə əmin idim. Su kimi axıb gedən səhifələr, duyğuyüklü zövq oxşayan yazılar kitabın asanlıqla bitməsinə səbəb oldu.
         Ahmet Altan kütləvi informasiya vasitələri arasında keçən həyatına oxucuları cəzb etməyi bacaran ədəbi nümunələr də sığdırıb. Jurnalistlikdən redaktorluğa, aparıcılıqdan yazarlığa keçid edərkən bəzən düşüncələrini azad şəkildə ifadə etdiyi, bəzənsə romanlarında məhrəm mövzulara yer verdiyi üçün daim tənqidə məruz qalıb.
Xüsusilə siyasi görüşləri sayəsində bəzi kitablarının yaranma mühiti barmaqlıqlar arxası olub. Bütün uğurları və uğursuzluqları fonunda mən onu ancaq ədəbiyyat sahəsindəki mövqeyinə görə dəyənləndirəcəyəm. Oxuduğum sətirlər ürəyimdən xəbər verirsə, o yazar mənim üçün artıq özünü isbat etmiş deməkdir. Ahmet Altanla ilk tanışlığım uzun illər əvvələ təsadüf edir. Onu tanımağa “Aldatmak”la başlayıb “İçimizde Bir Yer” ilə davam etdim, bu il isə “Karanlıkta Sabah Kuşları” kitabı ilə yazıçı qəlbimdəki yerini möhürlədi.
         “Karanlıkta Sabah Kuşları”da vahid süjet xətti olmasa da, yer verilən hər bir esse özü ayrılıqda bir həyat təsiri bağışlayır. Yazarlardan esseləri oxumağı çox sevirəm, onların daxili aləmi, romana, hekayəyə sığdıra bilmədikləri ani duyğuları, düşüncələri səhifələrdə əks olunur. Bir yazarı ancaq güclü emosiyalar yaradan şeylər esse yazmağa vadar edə bilər deyə düşünürəm. Bu səbəblər bir kitabdan, filmdən tutmuş bir insana, baxışa, illər sonra canlanan xatirəyə qədər hər şey ola bilər. Elə bu kitabda da yazarın müxtəlif mövzularda düşüncələri, yanaşma tərzi ilə yaxından tanış oluruq. Bəzən müxtəlif filmlər, yazarlar, kitablar haqqında yazıları onun zövqünü nümayiş etdirir, yeri gəldikcə isə dünyəvi problemlər, insanlar, duyğular haqqında etiraf etdikləri onun qəlbində gizlətdiklərindən xəbər verir.
          Ernest Hemingway, Anton Çehov, Ivan Turgenyev, Katherine Mansfield, Mihail Lermontov, Milan Kundera, Joseph Kessel, Horace McCoy, Jules Verne, Alexandre Dumas, Roger Vailland kimi yazarları xatırlayır yeri gəldikcə, fikirlərini dəstəkləmək üçün onların müxtəlif əsərlərinə müraciət edir. Həm türk, həm də dünya yazıçılarından misallarla təkcə heniş ədəbi zövqə sahib olduğunu isbat etmir, eyni zamanda oxucularına yeni kitab seçimi üçün də müəyyən fikir və ya məsləhət verir Ahmet Altan.
        Kitab o qədər dəyərli fikirlərlə zəngindir ki, səhifələr bir-birini əvəzləyərkən gah Ahmet Altanla eyni duyğuları paylaşdığım üçün sevinir, gah hər hansı bir məfhuma qatdığı yeni mənanı duyaraq heyranlığımı ifadə etməyə söz tapmır, gah da heç haqqında düşünmədiyim məsələlər barədə bilgi sahibi olurdum. Bəzən “Kaçınılmaz bir pişmanlık mı hayat?”, deyən yazıçı bəzənsə həyatın sirli olduğunu etiraf edir: "Her kes küçük ya da büyük, önemli ya da önemsiz bir sırdır başkası için. Hayatın neden böyle sır dolu olduğu sorusu isə bütün sırları kapsayan bir başka büyük sır." Ancaq bu yaşamağa məcbur olduğumuz həyatda sabaha ümidlə baxmasaq, gözəl bir şeyin baş verəcəyini gözləməkdən vazkeçsək həyatın necə mənasız olacağını da, yaşlılığın ruhumuzu əsir alacağını da vurğulayır.
       Esselərdən bəyəndiyim cümlələrin bir hissəsini qeyd etməklə, sizi bu kitabda nələrin gözlədiyi haqda fikir sahibi etmiş olaram deyə düşünürəm.
“Doğan günden beklediğım birşeyler vardı ve beklediğim birşeyler olduğu sürece yaşlanmayacağımı biliyordum, yaşlanmak beklemekten vazgeçmekti, sabahın yeni bir şey olduğuna inanmamaktı yaşlanmak.”
"Savaşlar, ölümler, ihanetler, kederler yalnızca kitapların içinde olsa, hayat kitapların arkasına çekilse..."

"Milyonlarca defa doğmasına rağmen hiç eskimeyen bir şeydi sabah, her defasında yeniydi, her defasında taze, her defasında kuşlarla geliyor, her defasında beliren aydınlıktan yeni birşeyler ummamızı sağlıyordu. "
"Nereden baraksak bakalım,yaşamakla yaşamı anlamak arasında hep bir çelişki olduğunu göreceğız."
"Yenilmeden galip gelemiyoruz. Her zafer bir yenilginin izini taşıyor derinimizde. Zaferlerimiz kadar da yenilgilerimiz oluyor. "
" Yazılan milyonlarca kitap insan ruhuna bir katre ışık düşürmek için çırpınırken ve biz onları okuyup insanları gözleyip tecrübelerimizi bir-birine ekleyerek bir şeyler anlayıp öğrendik sanırken, birden değıl başkasını kendimizi bile tam anlamadığımızı yüzümüze çarpar gerçekler."
"Hayat çekiciliğini ışığına mı yoksa gölgesine mi borçlu, bildiklerimizden dolayı mı hayata tutkunuz yoksa bilmediklerimiz ve merak ettiklerimiz mi bizi hayatın tutkunu yapıyor? Çözmek istediğimiz ne çok sır var. Ve çözüldü diye sandıkça, çözemediğimizi anladığımız kaç sır. "

       Kitabı vərəqlədikcə yazarın necə dolu-dolu uşaqlıq və gənclik keçirdiyini, kitablarla, filmlərlə əhatələndiyini asanlıqla anlamaq olur. Sevgiye, həyata, münasibətə, xəyanətə, musiqiyə və daha bir çox məfhuma dair dərin düşüncələri, ritorik sualları insanı durub düşünməyə vadar edir. Belə düşündürücü sətirlər arasında gəzişdikcə bir də son səhifəyə çatdığını anlayırsan. Geridə dəyərli keçirdiyin vaxt, bir kitabı daha bitirməyin verdiyi sevinc, yeni kitab seçimi üçün həyəcan və kitab haqqında fikirlərini yazmaq üçün səbrsizliklə qarışıq həvəs qalır... Bu müsbət emosiyalarla "“Karanlıkta Sabah Kuşları”nı bitirərkən Ahmet Altana tezliklə yenidən müraciət edəcəyimi düşünür, kitaba isə 4 bal verirəm.

23 December, 2019

Kamal Abdulla - Sirlərin Sərgüzəşti


       İlin on üçüncü kitabını 2019-un sonuna yaxınlaşdığımız bu günlərdə bitirdim. Bu dəfə yenidən öz ədəbiyyatımıza müraciət etdim və seçimim Azərbaycanın dünyaşöhrətli yazarı Kamal Abdullanın elə bu yaxınlarda işıq üzü görən kitabı “Sirlərin Sərgüzəşti” oldu. Əvvəl oxuduğum “Sehrbazlar Dərəsi”nin məndə yaratdığı müsbət emosiya və böyük gözləntilərlə başladığım yeni kitab da bütün tələblərimi artıqlaması ilə ödədi. İlk tanışlıqla məndə gözəl təəssürat yaradan yazıçılara il ərzində yenidən müraciət etməyə çalışdım. Kamal Abdulla da onlardan biri oldu.
Bu yazara xas bir xüsusiyyət var ki, - yeni əsərini oxuduğumuz zaman digər əsərlərindən də bir nümunəni - bir obraz, bir əhvalat olsun əlavə etməsi - mənim zövqümü oxşayır. Sanki yeni bir həyata alışmağa çalışarkən köhnə, tanış bir sima gəlir gözlərimiz önünə bu prosesi asanlaşdırmaq üçün. Kitabın mövzusu o qədər fərqlidir ki, açıqlanacaq hər bir detal əslində sirlərin içinə doğru atılan bir addım mahiyyəti daşıyır. Əsər adının haqqını verir desəm yanılmış olmaram. İlk sətirlərdən oxucu elə bir sirli aləmə atılır ki, son səhifəni bitirib kitabı bağladıqdan sonra belə düşüncələrində bu aləmin qonağı olmağa davam edir. 
          Əsərdə hər bir qəhrəman başlı-başlına sirli bir dünyadır. Hər kəs gizlətdiyi sirlərlə yaşamağa məhkumdur. Kimisi bunu rahat bacarır, kiminin isə vicdanı onu əzərək məhv edir. Bu mənada paralel zaman anlayışı dövrəyə girir. İki zaman arasında sıxışıb qalanlar... Reallıqla təxəyyülün mübarizəsi... Gerçəklər nə qədər acıdırsa, yaraları qanadır, yaşamağı çətinləşdirirsə, insan çıxış yolunu xəyallar dünyasına səyahət edərkən tapır, bu yolla sirlərinin əsiri olaraq öz dünyasına qapanır, unudaraq gerçəklikdən intiqamını alır. Ailə, sevgi, dostluq, qardaşlıq, vəd, yalan, güvən, mərhəmət, utanc, qorxu kimi məfhumlar bir də sirlərin fonunda çıxır qarşımıza. Hər sətri hiss edərək oxuyuruq, varlığına şübhə duyulan qəhrəmanlar belə qəlbimizdəki o telə toxunmağı bacarır. Kitabda zaman-zaman yer verilən fantastik məqamlar ayağımızı yerdən kəsmir, əksinə real həyatla müqayisələr aparmağa, cərəyan edən hər hadisədən müəyyən nəticələr çıxarmağa təlqin edir bizi. 
       Kitabdakı bir neçə sirr bəziləri üçün öz real obrazları ilə həmahəng olub açılır, bəzi oxucular üçün isə digər sirlər karvanına qoşulub gizli diyara səyahətə davam edir. Bir çox məqamın sirrini açan oxucuların Kamal Abdulla qələminin böyüklüyünə və yeri gəldikdə necə sivri ola biləcəyinə heyran qaldığına əminəm. Ən azından mən səhifələri çevirdikcə bunu bir daha dəqiqləşdirdim özüm üçün.
       Ədəbiyyatımız üçün bu fərqli üslub çox önəmlidir deyə düşünürəm. Hər gün işıq üzü görən bir-birinin bənzəri kitablardan fərqli olaraq oxucunu düşünməyə vadar edir “Sirlərin Sərgüzəşti”. Anlamadıqda təkrar oxumaq istəyir insan, görəsən hansı məqamı qaçırdım deyə nəfəs alıb bir də keçmişə qayıdır. Bu keçmiş sirlərdən bu günə qədər hər detalda fərqli mənaların gizləndiyini yəqin etdikcə risalələr qəlbinə yağ kimi yayılır. Həm dastan, həm əfsanə, həm rəvayət, həm nəzm qatılmış bu rəngarəng kitab insanı darıxmağa qoymur, beyin hər an gərgin vəziyyətdə nə olacağını gözləyir. Keçmişdən gələn gizli məqamlar, müasir dövrün açıq problemləri ilə vəhdət təşkil edir. Nigaranlığın fonunda hər sətirlə duyğu burulğanına qapılırsan mütaliə zamanı. Bu fəsli də bitirim sonra kitabı bağlayım deyərək bir də son səhifələrdə gəzişdiyinin fərqinə varırsan. Adicə “fəsil” sözündə belə 2 məqamın gizləndiyi bu kitab düşünün sizi haralara səyahətə çıxaracaq. Qədim Oğuz yurdundan tutun, Hindistana yaxın nəhəng adayadək, Çərxi-fələk diyarından sıx meşələrin dərinliyinədək yolculuğa çıxarkən bir anda necə Sahil metrosu yaxınlığında yerləşən bir mənzildə gözlərinizi açdığınıza heyran qalacaqsınız       
         Uşaqlar dondurma gördüyü an necə sevinc duyğusu onları bürüyürsə, mən də ləzzətlə oxuduğum kitabları dondurmaya bənzədirəm. Hələ üzərində adım yazılan bir dondurmadırsa, heç doymaq olmur dadından... 2019-un sonuna yaxınlaşarkən kitab xəzinəmə belə dəyərli bir əsər əlavə etdiyim üçün çox sevinirəm.
Təsirindən hələ bir müddət də çıxa bilməyəcəyim  “Sirlərin Sərgüzəşti” məndən 5 bal aldı və sevərək oxuduqlarım arasına daxil oldu.
Ədəbiyyatımızın zənginləşməsində və tarixi irsimizdən nümunələrin bu gün də canlanmasında, gənclərə çatdırılmasında Kamal Abdullanın rolunu inkar etmək olmaz. Gələn il üçün onun digər kitabları oxuma siyahımda olsa da, yeni əsərlərinin nəşr olunmasını səbrsizliklə gözləyirəm.