13 October, 2012

Five Star Day

 Fərqli mövzulara toxunulan filmləri sevirəm.. “Five Star Day” də onlardan biri oldu. 2010-cu ildə izləyiciyə təqdim olunan bu film bəlkə də mövzu baxımından hər insanın zövqünü oxşamasa belə, əminəm ki, ssenari və aktyorların bacarığı ilə izləyən hər kəsi özünə heyran buraxa bilər. İndiyə qədər astrologiyaya aid bir filmə rast gəlməmişdim. Elə ilk dədiqədən mövzu məni cəlb etməyi bacardı və sona qədər də marağım itmədi. Film bürclərə inanmayan bir şəxsin bu sahədə çalışmaları nəticəsində böyük uğur qazanmasından bəhs edir. Və bütün maraqlı hadisələr də bu mövzu ətrafında cərəyan edir.
     Doğum   günündə   gündəlik qoroskopu   ilə   tanış    olan    əsas    qəhrəman   Jack super bir gün yaşayacağına inansa da, hər şey əksinə olur.. Həmin gün həm işindən ayrılır, həm də sevdiyi qızın xəyanəti ilə üzləşir. Bərbad bir doğum günü keçirən Jack'in məzun olmaq üçün yeganə şansı astrologiyaya aid bir təqdimat hazırlamaq olur.. Belə ki, astroloji nəzəriyyəni çökdürmək istəyən bu gənc doğulduğu şəhərə Chikagoya gəlir və onunla eyni tarixdə eyni xəstəxanada doğulmuş 3 insanı axtarıb tapır. Onları tapması düşündüyü kimi asan olmasa da, nəticə gözlədiyi kimi olur – hər üç şəxsdən ad günlərini necə keçirdikləri barədə məlumat ala bilir.
     6 fevral 1982-ci ildə eyni xəstəxanada bir neçə dəqiqə fərqlə doğulan 4 insan.. Ayrı dünualar, ayrı
həyatlar.. Tək ortaq nöqtə bərbad keçən doğum günü.. İlk hədəf Sarah adlı qadın olur.. Narkotik maddə istifadəçisi ərindən uzaq yeganə qızını böyütməyə çalışan bir ana. Jackin onunla tanışlığı qəribə olsa da, tez bir zamanda səmimiyyət yarada bilir. Ailədəki şəraiti yoxlamaq üçün göndərilən sosial xidmətlərdən bir nümayəndənin narkoman ata ilə evdə qarşılaşması və atanın Sarah'ın nənəsindən yadigar qalan sepi oğraması ilə keçən bir ad günü yaşandığını öyrənir. İkinci şəxs xəstəxanada çalışan bir tibb bacısıdır. O da həyatının bu özəl gününü bilmədən velosiped sürən kiçik bir uşağı vurması ilə xatırlayır. Son axtarış hədəfi isə barda çalışan yenicə albom çıxarmış bir jazz sənətçisidir. Zəncirin son halqası da pozulmur, o da doğum gününü çarəsiz xəstəliyinin olduğunu öyrənərək başa vurmuşdur. Jack hər üç şəxsdən məlumat alaraq geri qayıdarkən təqdimatını artıq hazırlamış olur.. Və ona verilən son şansı uğurla dəyərləndirib məzun olur..
     Sonda bütün bu hadisələr cərəyan edərkən artıq qəhramanın öz həyatına bir istiqamət verdiyinin də şahidi oluruq.. Beləliklə astroloji nəzəriyyəyə qarşı çıxmaq üçün səyahətə başlayan Jack sevgi, bəxt, tale haqqında daha çətin suallarına cavab tapmış olur..
     Fərqli həyatlar, eyni təvəllüd və hər biri üçün bərbad keçən doğum günü.. Filmin mənim üçün ifadə etdiklərini maraqlı, fərqli, dinamik, düşündürücü, həyəcanlı olaraq qeyd edə bilərəm.. Şablon mövzulardan uzaq, hər kəs üçün maraqlı ola biləcək bir mövzunu izləyicilərə uğurlu layihə kimi təqdim etmək təqdirəlayiqdir..
Sonda filmdə ən çox bəyəndiyim fikir:
  • Whether you believe in chance, free will, or destiny sometimes when you look into another person’s eyes you just know. It’s all in the stars. ----- Neden bu kadar insan astrolojiye inanıyor, Belki de sebep kaderlerine ellerine alma sorumluluğundan korkmalarıdır.. Neye inanırsanız inanın, özgür irade, kader ya da yazgı.. Bazen birinin gözlerine baktığınızda hemen anlarsınız her şey yıldızlardadır..
Bütün bu detalları ilə "Five Star Day" məndən asanlıqla 5 bal alır.

13.10.2012     /     4.03 p.m.

24 September, 2012

Varis – Yetmiş Yeddinci Gün

  Varis yaradıcılığı haqqında fikrimin formalaşmasına kömək edən üçüncü kitab.. Yetmiş Yeddinci Gün.. Əgər bir müəllifin hər kitabını oxuduqca təsir altına düşürsənsə, deməli o həqiqətən böyük ədəbi istedada malikdir. Deyirlər ki, əsərlə sonda verilən kiçik parçanı oxumaqla tanış ola bilərsən, bu, kitab seçərkən ən uğurlu yol hesab olunur. Amma məncə bu Varisə aid deyil. Artıq Varis Yolçuyev “ mənim sevimli yazıçılarım” siyahısında özünə elə möhkəm yer tutub ki, onun işıq üzü görən hər kitabını tərəddüdsüz alıram. Məşhur yazıçı eyni zamanda kitablarına cəlbedici adlar seçməkdə də ustadı, kiçik bir adla yeni möhtəşəm bir əsərin yarandığına əmin olursan.
Hər kitabında bir yeniliklə qarşımıza çıxan Varis bununla ədəbiyyatımıza böyük irəliləyiş bəxş edir. 77-ci gün kitabında da bunu müşahidə etmək mümkündür. Əsərdə iki dövrə aid olan hadisələri müəllif dörd bölmə şəklində verir. Hər hissədə dörd müxtəlif həyatın şahidi oluruq. 1937 və 2006-cı illər... Mən, Uşaq Evi, Uşaqlar, O başlıqları altında birləşdirilən müxtəlif həyatlar...
     Əsəri oxuyarkən təkcə mənəvi zövq almırsan, eyni zamanda geniş məlumat əldə edirsən keçmiş dövr haqqında. Hər zaman repressiya dövrü, o zamankı şərait, yazıb-yaradan ədiblər və günahsız qurbanlar məni düşündürürdü. Bu kitab illərlə qaranlıqda qalmış bir çox suallarıma işıq tutdu. Müəllifin mükəmməl şəkildə təsviri repressiya dövrünü gözlərimiz önündə açır. Ülvi Hənifizadə obrazı ilə o şəraitdə yazıb yaradan, son ana qədər qələmi əlindən qoymayan ədəbiyyatçılarımız ümumiləşdirilib. Sadəcə xoşbəxt bir həyat arzusunda olan, həyat yoldaşı və hələ üzünü görmək qismət olmadığı oğlu ilə birlikdə yaşayacaqları kiçik dünyanın xəyalını quran kövrək təbiətli yazıçı ən çətin anlarında belə ümidini itirmir, haqsız günahlandırmalara, dəhşətli işgəncələrə dözərək gizli şəkildə yazmağa davam edir, doğru bildiyi yoldan dönmür.Ümumilikdə əsərin ideyası çox gözəldir. Kitabın əsası bu sitatla qurulub: “ Yetmiş Yeddi Gün günəşin doğmasını seyr et, yetmiş yeddinci gün sənin də ömrünə günəş doğacaq.”
     Amma müəllif 66-cı gün hər şeyin yoluna düşdüyünü göstərir. Hər yeni doğan günəşə ümidlə baxan Sabir sonunda atasının sağlamlığına qovuşmasına şahid olur. Bununla əsas ideya ifadə olunur: Sən ümidini Tanrıya bağla, mütləq bir gün həyatın arzuladığın kimi olacaq. Gözlərini qapa və xəyal qurmağa davam et. Möcüzələrə inan, gec də olsa istəyinə nail olacaqsan, təki inandığın yoldan ayrılma...Varisin əsərlərində “ümidli sabah” motivini çox bəyənirəm. Oxucu rəylərindən yazıçının bu fikirlə bir çox həyatdan küsmüş insanı möhkəm-möhkəm yaşama bağladığı məlum olur. Bu sevindirici hal bir daha sübut edir ki, müəllif həqiqətən də güclü təsir etmə qabiliyyətinə malikdir.Kitabı oxuyarkən o qədər canlı səhnələrə şahid oldum ki, göz yaşlarımı tuta bilmədim.. Xüsusilə, ən təsirli səhnələrdən biri uşaq evində gələcəyə aid bütün ümidlərini itirmiş qızın sevdiyi insandan hədiyyə aldığı fatanı taxaraq gəlincik asılan qarmaqla intihar etməsi oldu. Ümumiyyətlə, uşaq evində hər şey – gözləri ümidlə parıldayan uşaqlar, onlara can yandıran, orada sahib olduqları tək yaxşı insan - yaşlı müəllim, işçilərin kimsəsizlərin həyatına laqeyd münasibəti və uşaqlığı çox ağır keçmiş, həyatdan dəfələrlə zərbə almış direktorun intiqamını bu yazıq uşaqlardan alması o qədər gözəl təsvir edilib ki, təsirlənməmək mümkün deyil. Hər səhnə kiçik detallara qədər mükəmməl qurulub. Əvəzolunmaz təsvirlərdən biri də uşaq evində Mamedovun sevdiyi qızın cansız bədəni qarşısında əlində fata donub qalması idi. Bu reaksiyasız duruş həyatında sahib olduğu tək insanı, gələcəyini onsuz təsəvvür etmədiyi birini itirdiyi üçün yaşamın onun üçün artıq heç bir məna daşımamasının ifadəsi idi.Təkcə repressiya deyil, həmçinin, müxtəlif obrazların timsalında ayrı-ayrı ölkələrdə uşaqların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə də geniş məlumat verilir bu kitabda. Ağıllı obrazı ilə bir sıra problemlərə toxunulur, onların həlli üçün yollar təklif edilir. Həyatlarını kiçik bir məhəllədə keçirən uşaqların timsalında isə fərqi dünyagörüşə, maraqlara, əxlaqa malik olan yeniyetmə ve gənclərimizin daxili dünyası ustalıqla açılır.
     Əsərdə hər hissənin əvvəlində verilən dünya ədəbiyyatı nümayəndələrindən sitatlar və Adil Mirseyidin şeir parçaları da ideyanı tamamlamaqla yanaşı əlavə bir canlılıq qatır kitaba. Bütün bu xüsusiyyətləri ilə “Yetmiş Yeddinci Gün“ oxuduğum kitablar sırasında ən cox təsir edənlər və unudulmaz hesab etdiklərimdən oldu. Və həyatıma bir çox şey qatdığı üçün 5 bal aldı...
Hələ də oxumayanlar buraya  ----->  Yetmiş Yeddinci Gün
Bir Ovuc Torpaq,  Sonuncu Ölən Ümidlərdir  haqqında fikirlərimi oxumaq istəyənlər buyursun ;)

24.09.2012     /     11.40 p.m.

07 September, 2012

Elxan Elatlı – Pəncərədə Görünən Kölgə

Sevdiyim yazıçıdan bir əsər daha bitdi. Pəncərədə görünən kölgə.. Doğrusu, bu əsərin mənə belə təsir edəcəyini düşünməzdim. Hər yeni kitabını bitirdikcə bu detektiv müəllifə heyranlığım daha da artır. Hadisələrin ustalıqla qurulmasına və kiçik detallarına qədər izah olunaraq  hər əsərində fərqli tərzdə açılmasına şahid olmaq yazıçının mükəmməlliyindən xəbər verir. Riyaziyyatda, məntiqdə - dəqiq elmlərdə bacarıqlı olan bir şəxsin ədəbiyyatda da belə uğurlu əsərlər ərsəyə gətirdiyini görmək çox xoşdur. Elxan Elatlı detektiv ədəbiyyatımızın dəyərli nümayəndəsidir. Artıq 6 kitabı ilə tanış olmuşam, ancaq birini möhtəşəm, digərlərini isə ondan bir qədər zəif adlandıra bilmirəm. Mənə görə onun hər əsərinin bir özünəməxsusluğu var.
     Elxan Elatlı kitablarında ən sevdiyim ümumi cəhət bütün oxucuların sevimlisinə çevrilmiş Qara xəfiyyənin soyuqqanlı tərzdə bütün çətin məsələlərin öhdəsindən bacarıqla gəlməsidir. Müəllifin “Görünməyən İzlər”də qələmə aldığı “Bəzən görünməyən izlər görünən izlərdən daha çox şey ifadə edir.” cümləsi “Pəncərədə Görünən Kölgə” üçün də xarakterikdir. Heç kim tərəfindən diqqət edilməyən kiçik nüanslar əsla Qasımlının gözündən qaçmır və dahi xəfiyyəmiz əhəmiyyətsiz görünən detalların arxasınca gedərək, nəhayət məsələnin həll olunması üçün gərəkli olan açarı ələ keçirir. Müəllif bu prosesi elə ustalıqla qurur ki, oxucu nəfəs almadan kitabı bitirməyə can atır. Hətta özümüzü bacarıqlı detektivin yerində düşünür, məsələni açmağa cəhd edirik, amma təəssüflər olsun ki, onun qədər usta ola bilmirik, kiçik detallar bizim də gözümüzdən yayınır.
     “Pəncərədə Görünən Kölgə” əsərində bir ailənin məhvinə şahid oluruq. Səbəb isə sadəcə bir anlıq əsəb olur. Oxuyarkən qatildən ilk andan etibarən şübhələnmişdim. Onun soyuqqanlılığı və kiçik detallara fikir verərək ifadə verməsi polislərdə şübhə yaratmasa da, Qara xəfiyyə kimi mənim də diqqətimi cəlb etmişdi. Sonda açar cümlə hər zaman olduğu kimi Qasımlı tərəfindən verilir: “Kölgə olması üçün neft lampası ilə pəncərə arasında kiminsə dayanması lazımdır.” Müəllifin böyük bir məxfi işi kiçik bir cümlə ilə ümumiləşdirməsini xüsusi qiymətləndirirəm. Oxucu üçün bir müddət sonra sadəcə bu sonluğun xatırlanması əsərdəki hadisəni asanlıqla canlandırmağa kömək edir.
     “Pəncərədə Görünən Kölgə” həcmcə kiçik olsa da, mahiyyət etibarilə çox şey ifadə edir. Burada təkcə ustalıqla qurulmuş bir məxfi iş deyil, hisslərin mükəmməl ifadəsi ilə oxucuların qəlbinə toxuna bilən bir həyat hekayəsi təsvir olunub. Bir anlıq hirslə yox olan həyat, puç olan ümidlər və dumanlı bir görüntüyə çevrilən gələcək. Əsərin sonuna qədər xoş sonluq gözləsəm də, kədərli ancaq təsiri uzun müddət davam edəcək bir nəticə ilə qarşılaşdım. Beləliklə, qarmaqarışıq duyğularla müşayiət olunaraq oxuduğum bu kitab ilə Elxan Elatlı yaradıcılığından daha bir əsər bitirmiş oldum və bu müddət ərzində dəqiqliklə qurulmuş məntiqi məsələdən zövq aldım. “Pəncərədə Görünən Kölgə” məndən 4 bal aldı.

07.09.2012     /      2.30 a.m.

02 September, 2012

Reşat Nuri Güntekin – Çalıkuşu

   Reşat Nuri Güntekin’dən oxuduğum ikinci kitab.. Çalıkuşu.. Bu ad mənə o qədər dəyərli anları xatırladır ki.. Uşaqlıq illərim ilə bağlı unudulmaz xatirələri.. O zaman izlədiyim “Çalıkuşu” mənə ən çox təsir edən, dərin izlər buraxan bir film olmuşdu. Bu gün isə kitabını oxumaq şansı əldə etdiyim üçün çox sevinirəm.. Neçə il əvvəl izləyərkən təsirindən çıxa bilmədiyim bu səmimi həyat hekayəsini oxuduğum zaman da onun oxucunu cəlbetmə gücünə bir daha heyran oldum.. Doğrudan da “Çalıkuşu” Reşat Nuri Güntekin’in şah əsəridir.
Kitabı oxuduqca filmdən parçalar canlanırdı gözlərim qarşısında. Hər obraza bu qədər uyğun olan aktyorların seçilməsi məni valeh etdi.
       Məsumluğu, gözəlliyi, saflığı, şirinliyi ilə qəlbimizdə taxt quran Feride – Aydan Şener və sərbəst xarakteri ilə bəzən bizi üzən, sevgisinə sahib çixmağı ilə isə özünü sevdirməyi bacaran Kamuran – Kenan Kalav.. Bu cütlük başda olmaqla bütün aktyorlar rollarına o qədər hakimdir ki, əsərin gözəlliyini kitabı oxumadan belə duymaq olur onların sayəsində. Filmdə Feride’nin atasının ölüm xəbərini ona müəlliminin çatdırması məni ağladan unudulmaz səhnələrdən biri olmuşdu.. Eynilə kitab oxuyarkən həmin hissləri illər sonra yenidən yaşamağım müəllifin qüdrətinin ən gözəl isbatıdır.
      Kitabda təkcə qəhrəmanlar deyil, eyni zamanda Türkiyənin müxtəlif bölgələrində yerləşən məktəblər, evlər ən incə detallarına qədər ustalıqla təsvir olunub. Bu da oxucunun özünü hadisələrin mərkəzində təsəvvür etməsinə, bu saf sevgi hekayəsinə yaxından şahidlik etməsinə yardımçı olur.
      Oxuduğum zaman zövq aldığım kitablar sırasına daxil oldu “Çalıkuşu”. Xüsusilə, köhnə nəşrləri oxumağı sevən bir kitabqurdu olaraq Mikayıl Rzaquluzadənin tərcüməsi ilə 1987-ci ildə nəşr olunan bu kitab tamamilə zövqümcə oldu.. Kitab tərcümə baxımından məni qane etsə də, ön sözdə müəllif haqqında yazılmış bəzi fikirləri heç bəyənmədim. Türkiyənin çətin vəziyyətdə olması əsərdə üstüörtülü şəkildə verilib və həmçinin kitabın əsas qəhrəmanı Feridenin yaşadığı həyatda bir çox şeyə qarşı çıxaraq  müstəqil hərəkət etməsi və sonda yenidən öz sevgisinə qayıtmağa məcbur olması burada öz əksini tapır. Ancaq əsəri oxuyan, filmi izləyən hər kəsin bu fikirlərlə barışmayacağını düşünürəm. Əvvəla, Reşat Nuri Güntekin Türkiyənin müharibə vəziyyətini qabarıq təsvir etsəydi, o, məqsədini aşmış, eşq romanı əvəzinə tarixi bir əsər yaratmış olardı. Sonra baş qəhramana gəldikdə isə Feridenin uşaq təbiəti, ürək döyüntüləri, təlatümlü duyğuları ilə əvəzedilməz bir obraz olduğunu görürük. Bütün çətinliklərə, qarşılaşdığı ikiüzlüllüklərə, iyrəncliklərə baxmayaraq o saf qəbini hər zaman qoruyub saxlamağı bacaran dözümlü bir qızdır. Neçə illər ötsə belə Kamuran’a olan sevgisindən heç bir şey əksilmir. Sonda məcbur olduğu üçün deyil, həyatda ona ən çox yaxşılıq etmiş insanın son arzusunu yerinə yetirmək üçün Tekirdağa, qohumlarının yanına qayıdır və sevdiyi insanla barışır..
       Bu əsassız fikirlər xaricində nəşri, tərcüməni çox bəyəndim, bir də köhnə kitabların özünəməxsus qoxusu əlavə olununca hər zaman oxumağı arzuladığım bu romanı hər səhifəsindən ləzzət alaraq qısa zamanda bitirdim...
Reşat Nuri Güntekin'in bu şah əsərinə sevə-sevə 5 bal verirəm ;)

02.09.2012    /  11:58 p.m.            

23 August, 2012

Varis – Əzilmiş Fotoşəkillər

  Varis Yolçiyevdən daha bir kitab bitirdiyim üçün çox sevincliyəm. Bu müəllif qələminin gücü ilə mənə hər zaman zövq verir. Mövzu seçimləri, qəhrəmanlarının təlatümlü həyatlarının məharətli təsvirləri, onların qəlbinə incə toxunuşları ilə Varis bütün oxucularının qəlbini asanlıqla fəth edir. Bu müəllif təkcə istedadına görə deyil, oxucularına verdiyi dəyərlə də fərqlənir. Hər kitabının əvvəlində oxucu rəyləri ilə tanış olmaq bizlər üçün çox qiymətlidir.
      O, sayılı yazıçılardandır ki, kitabını oxumadan əvvəl hələ uzun müddət təsirində qalacağımı bilirəm. Yeni bitirdiyim “Əzilmiş Fotoşəkillər” də bunu sübut etdi. Qısa müddətdə oxuduğum bu kitab mənə film qədər təsir edən əsərlər sırasına daxil oldu. Yazıçı o qədər gözəl yazır ki, insan oxuyarkən istər-istəməz özünü qəhrəmanların yerinə qoyur. Bəzən sevinir, bəzənsə hisslərinə hakim ola bilməyib göz yaşlarına boğulur. Oxuduğu müddət ərzində obrazların həyatının bir parçasına çevrilir.
      Varisin ilk qələm təcrübəsi kimi sarsıdıcı həyat hekayəsi olan “Əzilmiş Fotoşəkillər” səhvlərlə məhv edilən talelərdən bəhs edir.. Əsərin əsas qəhrəmanlarından İlahəni “Sonuncu Ölən Ümidlər”in əsas qəhrəmanı Nailəyə bənzətdim müəyyən məqamlarda. Ancaq İlahə digər qadın obrazı qədər ümidsiz halda olmasa belə ondan daha zəif davranaraq “Bu da son!” deyib geri dönülməz bir yolu – intiharı seçir.
“Əzilmiş Fotoşəkillər” yalnızca mövzusu ilə deyil, ədəbiyyata gətirdiyi yeniliyi ilə də diqqəti cəlb edir. Bədiiliklə publisistikanın sintezi... Varisi əsərlərinə xüsusi yanaşma tərzinə görə, hər zaman yeniliyə can atdığına görə təqdir edirəm. Hər kitabında yeniliklərlə qarşımıza çıxaraq həm ədəbiyyatda, həm də qəlbimizdəki yerini dərinləşdirir.
      Hər zaman insanların nə hisslər keçirərək intihara doğru addımladığı məni maraqlandıran mövzulardan olub. Bu kitab sayəsində bədii bölümlərlə insanların həyatı, nöqsanları, zəiflikləri, mənəvi sarsıntıları və intahara gedən yolları ən incə detallarına qədər oxuyur, puplisistik hissələrlə isə intiharın psixoloji tərəfləri, alimlərin müxtəlif fikirləri, həyatda bu yolu seçmiş bəzi insanlar barədə məlumatlar əldə edirsən. Bu yeni tərzlə axtardığım bir çox suallara cavab tapa bildim. 
      Əsərdə şahidi olduğumuz həyat hekayəsi haqqında düşündüklərimi isə belə ifadə edərdim.. Ümidsizliyin bürüdüyü İlahə mübarizə aparmaq əvəzinə ən sonuncu “çıxış yolu”nu seçir.. Yaşadığı hadisə çox ağır olsa da, sevgisiylə və sevdiyi ilə bərabər bunun öhdəsindən gələ bilərdi deyə düşünürəm. Ən azından hər şeyi yoluna qoymaq üçün cəhd etmək mümkün idi. Ancaq yenə də qəhrəmanımıza haqq qazandırmamaq da mümkün deyil. Elə şəraitdə, həyatdan ümidini hər keçən günü daha da üzür, yorğunluqla, bütün dar fikirli insanlarla mübarizə aparırdı. Pulu sevgidən yüksəkdə görən şəxslərə inad ailəsinə, eşqinə bağlı idi. Evlilikdən əvvəlki günləri üçün darıxsa da, sevdiklərinin yanında olmadığı həyat ona ağır gəlsə də, əsla sevdiyi Ramili yarı yolda qoymaq haqda düşünməmişdi. Amma sonda hər şeyi yarı yolda qoymağa məcbur oldu.. Başqa bir yolu seçib həyatına davam etsəydi belə sevdiyi insanın gözlərinə əvvəlki İlahə kimi baxa bilməyəcəkdi, o gözlərdə hər zaman nə isə bir hüzn axtaracaqdı. Ramilin sevgisindən bir damla əskilməsi belə onun üçün ölümə bərabər bir hiss olacaqdı. Və sonluq..
Hekayənin, həyatın və kitabın sonu.. Varisi hər zaman əsərlərinə mükəmməl sonluq seçdiyi üçün də çox bəyənirəm. Sonda bütün bu yaşananlara səbəb olan qəhrəmanımız Rza da günahını anlayır və etdiklərinin günahını çəkdiyini düşünərək intihar variantını seçir. Səbəbləri və metodları fərqli olsa da, hər ikisinin çarə olaraq gördüyü yol eyni olur.. İlahədə ümidsizlik, Rzada isə vicdan əzabı...
     Kitabı bəyənməyimdə ən mühüm amil təkcə zövqlə oxunmağı deyil, eyni zamanda maarifləndirici olmasıdır. İntihar, onun səbəbləri, növləri, tarixi, bu yolu seçənlərin keçirdiyi hisslər, istifadə metodları, müxtəlif müəlliflərdən fikirlər və ən əsası bu haqda görülən tədbirlər haqqında geniş məlumatı əks etdirən bir mənbədir “Əzilmiş Fotoşəkillər”.
      Və şeir parçaları... Poeziya sevən biri olaraq müəllifin yeri gəldikcə şeirlərdən istifadə etməsini isə yüksək qiymətləndirirəm. “Əzilmiş Fotoşəkillər” 5 bal alaraq tez bir zamanda bəyəndiyim kitablar sırasında yerini aldı, müəllif isə en sevdiyim yazıçılar siyahısında hər zamankı yerini qoruyur.

23.08.2012     /     11.21 p.m.

20 August, 2012

Elxan Elatlı – Arxalı Canavar

  Tez bir zamanda bitirdiyim Elxan Elatlı kitablarından biri oldu. Və eyni zamanda bu müəllifin ən bəyəndiyim kitabı. Çox sevirəm Elxan Elatlının hadisələri bir-birilə əlaqələndirib oxucunu düşünməyə vadar edən yazı tərzini. Detektiv əsər deyilən zaman ağlıma gələn ilk yazıçılardan birinə çevrilib artıq Elxan Elatlı. Oxucuların çoxu “Xəyanət” adlı kitabına üstünlük versə də, mənim üçün ən gözəl əsəri “Arxalı Canavar” oldu bu müəllifin. Hadisələr o qədər dəqiq qurulub, təsvirlər elə gözəl verilib ki, oxuduqca kitabı əlindən qoymaq istəmirsən. “Görəsən daha nələr baş verəcək?” deyə düşünürsən...
       Elxan Elatlı hadisələri məharətlə əlaqələndirib böyük bir əsər yaratmaqda ustadır. Hər şeyi incə detallarına qədər düşünür və oxucunu özünə bağlayan kitablar ərsəyə gətirir. Bu bacarığında mexanika-riyaziyyat fakültəsini bitirməsinin də böyük rolu var deyə düşünürəm. Eyni zamanda məntiq kitabı müəllifi olan Elxan Elatlı bədii əsər yazarkən də dəqiq elmlərin tamlığından, quruluş mürəkkəbliyindən istifadə edir. Məharətli yazıçı hadisələri dəqiqliklə qurur və hətta oxucuya baş verəcək hadisələri təxmin etməsi üçün izlər qoyaraq yardımçı olur. Beləliklə, detektiv sevənlərin “sevimli əsərlər” siyahısını genişləndirir.
      “Arxalı Canavar”ı əlimə alarkən artıq mükəmməl bir məxfi işin məni gözlədiyini bilirdim. Obrazlar, hadisələr və bütün işin açılması, hər şeyin aydınlaşması üçün lazım olan kiçik detallar necə real görünür oxuyarkən.. İnsan özünü qarmaqarışıq görünən bir işin mərkəzində təsəvvür edir, necə davranacağını, hansı addımı atacağını öncədən düşünməyə başlayır.
      Kitabı bitirdiyim zaman “Bu, onun ən gözəl qurulmuş işidir” desəm də digər kitabları hələlik bir sürpriz olaraq qalırdı mənim üçün. Bu əsər həmçinin Elxan Elatlının ən çox sevilən iki qəhrəmanının – Qanbay Qasımlı və Ələmdar - qarşılaşdığı, məxfi işin açılmasında bərabər çalışdığı fərqli əsərdir. Adətim üzrə əsəri oxuduqdan sonra oxucu fikirləri ilə maraqlandım. Hər uğurlu işdə əhəmiyyətsiz detallara toxunub tənqid edənlər olduğu kimi bu əsər haqqında da mənfi rəylərə rast gəlsəm belə ümumilikdə, oxucuların əksəriyyətinin mənimlə eyni fikirdə olduğunun şahidi oldum. Əsərin məğzinə qiymət verən, hadisələrin əlaqəli davam etməsindən ləzzət alan, önəmsiz təsviri nüansları oxuyarkən hiss etməyən həqiqi oxucuların rəyləri əlbəttə təqdirəlayiqdir.Artıq Elxan Elatlı gözəl detektiv nümunələri ilə oxucuların qəlbini fəth etməyi bacarıb. Onun kimi yazıçılarımız sayəsində kitab səhifələrində öz fikrini bildirən, aktiv olan gənclərimizi görmək məni sevindirir. Və hələ payızda bizi yenə kitabın gözlədiyini düşündükcə daha şox sevinirəm.. “Ən yaxın Planet”in də böyük rəğbət görəcəyini ümid edirəm.
      Sevə-sevə oxuduğum “Arxalı Canavar" məndən 5 bal aldı...
      Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun  -----> Elxan Elatlı

20.08.2012     /     04:25 a.m.                  

14 August, 2012

DuyğuLarı PayLaşmaq

Yazmaq... Musiqi... Insani rahatladan ən gözəl vasitələr... Yazı və musiqi, ayrılmaz ikili deyə bilərik.. İnsana huzur verən daha effektli bir şey tanımıram... Duyğularını ifadə edə bilmək, içində qopan fırtınaları, təlatümlü dənizi, bəzənsə dalğasız sakitliyi kağızlara tökə bilmək... Bir dostla dərdləşmək qədər olmasa da yenə də insanı çox sakitləşdirir... Düşünün yazmasaq, hər şeyi ürəyimizdə saxlasaq, ürəyə ağır bir yük yükləmiş olarıq... Hüzünlər paylaşdıqca azalır, sevinclər isə çoxalır... paylaşın... kimsəylə olmasa belə kiçik bir vərəq parçasıyla paylaşın, yenə də içinizi rahatladacaq.. kim bilir bəlkə kimsə oxudu sizin yazdıqlarınızı... Sevincinizə sevinə, kədərinizi bilib sizə kömək etməyə çalışa bilər...
     Yazın, paylaşın duyğularınızı.. Ən sevincli anınızda hər qarşınıza çıxan boş vərəqə ulduzlar, ürəklər, çiçəklər çəkin... Sizi xoşbəxt edən səbəbi yazın, kiçik bir söz, ad, ya da bir hərf olsun yenə də paylaşın ürəyinizdəkini.. Sevinciniz daha da artacaq, qələminizdən çıxan hər bir işarə sizi daha da sevindirəcək... Kədərli olsanız da yazın, yazaraq anladın özünüzə hər şeyi.. Həyatınızda baş verən, sizi hüznə qərq edən şeyi yazın.. Baxın, kədərlənməyinizə dəyəcək bir şeydir mi? mühakimə edin.. Bu qısa həyatda bir gününüzü bu kədərlə məhv etməyə, ömür kitabınızdan tərtəmiz bir səhifəni göz qırpımında cırıb atmağa dəyər mi? Bəlkə də özünüzə etiraf etməkdə çəkdiyiniz çətinliyin öhdəsindən yazaraq gələcəksiniz.. Üzüntünüzün bir damla göz yaşınıza belə dəyməyəcək bir şey olduğunu bu zaman anlayacaqsınız.. Artıq həmdərdiniz var, heç vaxt özünüzü tək hiss etməyin.. kağız və qələm kimi əsla sizi tərk etməyəcək dostlara sahibsiniz.. Duyğularımızı paylaşmaq qədər gözəl bir şey ola bilər mi? Neçə şair , yazıçı var ki, əsərlərini oxuyarkən hər şeydən uzaqlaşıb onların dünyalarında yaşayırıq və bəzən də ' Bizim həyatımızı necə bilib bunları yazıblar? ' deyə düşünürük.. Deməli, nə vaxtsa eyni duyğuları hiss etmişik bu insanlarla.. Necə de gözəl ifadə edib hisslərimizi!.. Necə də dəqiq vurğulayıb ürək döyüntülərimizi!... Bu da tənha olmadığımıza bir sübutdur.. yazmaq - duyğuları paylaşmaq... minlərlə insanın səninlə eyni anda eyni hissləri duyduğundan xəbərdar olmaq.. Kiçik dəftərinizi və qələminizi yanınızdan ayırmayın, hər zaman yazmağa çalışın, özünüzə gülməli gəlsə belə davam edin.. Unutmayın bəlkə də bir gün biri sizin yazdıqlarınızla təsəlli tapacaq, yalnız olmadığını hiss edəcək.. Yazmaqla həm özünüz rahatlıq tapar, həm də başqasına ümid işığı ola bilərsiniz..

14.08.2012

Mehmet Coşkundeniz – Sen Git Aşk Bana Kalsın

   Mehmet Coşkundeniz - hər zaman heyranlıqla izlədiyim bir insan.. Onun kitabını oxumaq şansı əldə etdiyim üçün çox sevinirəm. Zəkası, dərin düşüncələri, əsas da sevgiyə münasibəti ilə hər kəsin diqqətini cəlb edir bu yazar. Onun qəlbindən axib gələn sətirləri oxuduğumuz zaman necə səmimi olduğunu, hiss edərək yazdığını anlamamaq mümkün deyil. Səhifələr, abzaslar, sətirlər bir-birini əvəz etdikcə onun duyğuları ifadə etməkdə necə usta olduğunu, sənətinə böyük əhəmiyyət verdiyini görürük. O, sadəcə ürəyini boşaltmaq üçün yazmır, minlərlə insana fikirləri, məsləhətləri ilə kömək olur. Mehmet Coşkundeniz eşqi o qədər gözəl bilir ki, o qədər dərində hiss edərək yazır ki, yazıları ilə sevənlər üçün bir müəllimə çevrilir, öz duyğularını paylaşaraq hər kəsin bəlkə də bilmədən yol verdiyi nöqsanları əks etdirir yazılarında.. Elə ona görə də bu istedadlı yazıçını “Aşk Doktoru” adlandırırlar.
 
      “Sen git aşk bana kalsın” kitabında da müəllifin bütün bu özəlliklərinin şahidi oluruq. Bu kitabı musiqi sədalarının müşayiəti ilə oxumağı məsləhət görərdim hər kəsə. Həzin bir musiqi, gecənin sakitliyi və ürəyin dərinliklərindən axıb gələrək oxuyucunun qəlbinə asanlıqla yol tapan sevda sözləri... “Sen git aşk bana kalsın” heç bir zaman aşiq olmayan, sevgini dadmayan birinə belə güclü təsirə malik bir kitabdır. Müəllifin də dediyi kimi, sevgi asan iş deyil, özünə, işinə zaman ayırdığın kimi onun üçün də vaxt sərf etməlisən. Bunu bacaraqsansa nağıllara bənzər bir eşq yaşayacaqsan, əks təqdirdə, yalnızlığa məhkumsan. “Aşk doktoru” həqiqətən bir həkim kimi qayğı ilə yanaşır “xəstələr”inə, onların problemlərini dinləyərək məsləhətlər verir.
      Kitabı bağladığım zaman sevgi, ayrılıq, tərərddüd, özləm, həsrət ancaq bu qədər gözəl izah oluna bilər
dedim. Oxuduqca səhifələrinin azalmasına üzüldüyüm kitablardan biri oldu “Sen git aşk bana kalsın”. Mehmet Coşkundenizin yaradıcılığı ilə ciddi şəkildə ilk olaraq bu kitab vasitəsilə tanış oldum. Bu dəyərli insana heyranlığım daha da artdı. Elə kitabın adından oxucunu necə səmimi yazıların gözlədiyi məlum olur.. Sen git aşk bana kalsın.. Sevgini bu qədər gözəl bilən birinin həyatına bu duyğunu yalnızca onun qədər dəyərli hesab edən biri daxil ola bilərdi ancaq. Belə olduğuna da əminəm.
Son olaraq kitabdan ən bəyəndiyim fikirləri yazmaq istəyərdim amma bütün kitabı yazmaq qeyri-mümkündür.. Bu kiçik hissə çox güman ki, sizi kitabda nələrin gözlədiyini anladacaq: 
  • Sizin de eliniz ayağınız birbirine dolanmaz mı âşık
    olduğunuzda... Sabahın kör vakitlerinde ne yapacağınızı bilmez halde yatağınızda debelenip durmaz mısınız aşk varsa.... Aşk girdiği her yüreği darmadağın eder, kimi zaman bir uçurtmaya takılıp gökyüzünde uçarsınız umarsızca, kimi zaman saat tik takları arasında bir telefon sesine muhtaç, oturursunuz anlamsızca, bir ayrılık vaktinde sancılanır ruhunuz kalakalırsınız, ne yağmurlarda ıslanmak rahatlatır sizi ne de arkadaşlara sığınmak, onsuz nasıl nefes aldığınıza şaşarsınız üstelik... 
       Sakitliyin hökm sürdüyü gecələrdə həzin musiqi, bir fincan isti qəhvə və “Sen git aşk bana kalsın” sizin yaxın dostunuza, sirdaşınıza çevriləcək.. Hər detalı ilə qəlbimi fəth edən bu kitaba sevə-sevə 5 bal verirəm…

14.08.2012     /     2:35 a.m.

29 July, 2012

Ahmed Günbay Yıldız – Hayata Dair Notlar

     Ahmed Günbay Yıldız'ın bir kitabını daha bitirdim... Hayata dair notlar. Bu müəllifi dili dərinliklərinə qədər bildiyi, fikirlərini ustalıqla ifadə etdiyi üçün xüsusi sevirəm. Oxuyarkən onun qələmindən çıxan sözlərdə qeyri-adilik hiss etmirsən, ancaq dərinliyə enəndə adi sözlərlə belə necə gözlər mənalar yaratdığını, əsərlərinin sevilməsinin sirrini anlayırsan. Həqiqətən, roman janrının ən gözəl nümunələrini onun yaradıcılığında tapmaq mümkündür.
     Ahmed Günbay Yıldız'la tanışlığım “Seni unutmaya gücüm yetmedi” kitabı vasitəsilə oldu. Sonra isə “Hülyalar hüzün açtı” ilə davam etdi.. İlk iki roman sadəliyi, axıcılığı ilə tez bir zamanda bitirdiyim kitablar sırasında yerini aldı. “Hayata dair notlar” isə adından da məlum olduğu kimi roman olmadığı üçün qısa müddətə bitmədi.. Amma yazıçının o qədər dəyərli fikirləri ilə qarşılaşdım ki, bu müddətə dəydi.
     Bu əsəri ilə Ahmed Günbay'ı daha yaxşı tanımaq mümkündür. Həyata, dinə, ailəyə, sevgiyə baxışı burada nəsihətlər şəklində öz əksini tapır. İnsanın doğulduğu andan etibarən həyata münasibəti, duyğuları, atdığı addımları çox gözəl şəkildə izah olunub. Ən bəyəndiyim nüanslardan biri yazıçının bütün ideyaları din çərçivəsində irəli sürməsi oldu. Kitabın başlıqları altında yazıçının bir-birindən dəyərli düşüncələri ilə tanış oluruq. İstər dinə, istər sevgiyə, ailəyə, gəncliyə, istərsə də ədəbiyyata dair fikirləri bəyənməmək mümkün deyil. Müəllifin də ifadə etdiyi kimi o, yazmaqdan hirsini tıkmək üçün deyil, illərlə yaşayacaq bir əsər yaratmaq üçün, qəlbinin dərinliklərində yatan duyğuları paylaşmaq üçün istifadə edib. Elə bu səbəbdən də onun əsərləri minlərlə oxuyucunun sevimli kitabları sırasında önəmli yerini qoruyur.
     Əminəm ki, bu kitabı oxuyan hər kəs özünə aid nə isə tapacaq onda. Bitirdikdən sonra həyata baxışınız dəyişir. Oxuduqlarınız səhvlərinizi, zəifliklərinizi üzünüzə vuracaq və onları düzəltməyə istiqamətləndirəcək sizləri. Müəllif sadə dillə, dərin fikirləri ilə həyatın öz əlimizdə olduğunu anlatmağa çalışır. Yalnızca doğru yola – O’na yönəlməklə irəliyə gedə, bizə verilən müddəti düzgün qiymətləndirə və hər şeyi öncədən mühakimə edərək uğurlu nəticələr əldə edə bilərik. Bu kitab sətirlər arasında gizlənən önəmli fikirləri tapıb həyatına əlavə edən hər kəs üçün bir xəzinə mahiyyəti daşıyır. Oxuduqca həyatınızla, daxilinizlə muqayisələr edin, sonda kitabın sizə nələr qatdığını anlayacaqsınız..
     “Hayata dair notlar” sadə dili, axıcılığı, maraqlı fikirlərlə zənginliyinə görə bəyəndiyim bir kitab olsa da, ancaq oxuyarkən güclü təsir bağışlamadığı üçün məndən sadəcə 3 bal aldı..
Və sonda kitabdan bəyəndiyim bəzi fikirlər:
  • An gelir sükut, hayatta kurulmuş en güçlü cümle olur.
  • Gecenin en karanlık anı sabahın ilk muştusudur aynı zamanda.
  • Tıpkı bir hazine avcısı gibi sabırlı, titiz, azimli olmalısın.. Bununla beraber hazinenin kendi içinde saklı olduğunu unutmayacaksın.
  • Hayat kendine karşı zayıf kalanlar için bir kabustan ibarettir.
  • Sürekli hayallerinin peşinde koşanlar gerçeklerle yüzleşemezler hiç bir zaman.
  • Hataları, sadece af dilemekle, hiç yaşanmamış hale getirebileceğiniz zannı bile hataların en büyüyüğüdür.
  • Arzuların acı çekmeye yara almaya tahammülü yoktur. Temayülleri doğrultusunda zahmetsiz yaşamak isterler sadece.
29.07.2012 
                                          

18 July, 2012

Elxan Elatlı – Xəyanət

     Elxan Elatlının hadisələri qarışıq hala salmaq, onları “Qanbay Qasımlı və Ələmdar”ın əli ilə açmaq bacarığına heyranam.. Artıq bir neçə kitabı ilə tanış olduğum üçün yeni birinə başladığım zaman məni fərqli bir macəranın gözlədiyindən əmin oluram. Bu müəllifin hər kitabından ilk bölməni oxuduqdan sonra kitabı vərəqləyib bir hadisəni nə qədər geniş şəkildə təsvir etdiyinə baxdıqca və müxtəlif hadisələrlə əlaqələndirib sadə şəkildə anlatdığını gördükcə.ləzzət alıram.  Səhifələr bir-birini əvəz edərkən məni nələrin gözləyə biləcəyini beynimdə canlandırmağa başlayıram, bitirdiyim zaman isə necə də sadə düşünürmüşəm deyə təəssüflənirəm.. Həqiqətən bu istedadlı yazıçı məxfi işin izahını əvvəlcədən ağla gəlməyəcək şəkildə qurub təsvir etməyə qadirdi. Detektiv əsər yazmaq daha böyük məsuliyyət tələb edir deyə düşünürəm. Hər şeyi elə qurmaq lazımdır ki, oxucu darıxmadan, həvəslə, həyəcanla addım-addım sona yaxınlaşsın. Elxan Elatlı da bu işin öhdəsindən ustalıqla gəlir.
     “Xəyanət” də oxuduğum Elxan Elatlı kitabları arasında öz yerini aldı. Əsərin ilk səhifələrindən özümü qarmaqarışıq bir dünyanın içində tapdım.. Qəhrəmanımız “Qara Xəfiyyə” kimi qarışıq işləri xoşlasam da, təəssüf ki, onun qədər bacarıqlı deyiləm bu məsələlərdə :) 
      Müəllif əsər üçün ideal ad seçib deyə düşünürəm. Bu kitabda hər addımda xəyanətlə üzləşirik.. Mövzu tamamilə dövrümüz üçün aktualdır. Kitabı oxuduqca həyatda Tanrıdan başqa kimsəyə bütün qəlbimizlə güvənməyin düzgün olmadığını anlayırıq.
      Elxan Elatlı əsərlərinə xas mükəmməllik bu əsərdə də nəzərə çarpsa belə bəzi nüanslara görə “Xəyanət” digərlərindən geri qaldı mənim üçün.. Xüsusilə bütün xəyanətlərin aşkar olduğu halda Asəfin xəyanətinin üstünün açılmaması bəyənmədiyim detallardan biri oldu.. Qanbay Qasımlının öhdəliyində olan vəzifə ilə tam əlaqəli olmadığı üçün bu xəyanətin qaranlıq qaldığını düşünürəm. Bəlkə də yazıçı əsərin əsas xəttini təşkil edən məxfi işlə sırf bağlı olmadığı üçün bu yalanın aşkarlanmasını əhəmiyyətli saymayıb. 
      Yeni kitabları ilə tanış olduqca Elxan Elatlıya daha çox heyran qalıram.. Onun əsərlərində gözdən qaçan kiçik detalların yavaş-yavaş aşkarlanmasını çox sevirəm.. Əsərlə tanış olduqca hər oxucu məkanı, qəhrəmanları, hadisələri təsəvvüründə fərqli canlandırır. Əsər hər dəfə oxunduqca yenidən həyata gəlir, oxucu fərqində olmadan yeni bir film çəkmiş olur. Bu müəllifin ən bəyəndiyim cəhətlərindən biri də təsvirləri xırda detallarına qədər dəqiqliklə verməsidir.. Oxuyarkən bütün səhnələr gözlərimiz qarşısında asanlıqla canlanmış olur..
      Sonda "Xəyanət" haqqında unudulmaz, çox təsirli bir əsər deyə bilməsəm də, məşhur detektiv müəllifin maraqlı kitablarından biri olduğunu qeyd etməliyəm.. Digər əsərlərlə müqayisədə mənə zəif təsir bağışladığı üçün sadəcə 3 balla qiymətləndirirəm..
      Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun  -----> Elxan Elatlı

18.07.2012 

13 July, 2012

Varis - Sonuncu Ölən Ümidlərdir

      Bu kitab oxumağa başlamadan məni maqnit kimi çəkirdi, amma hər dəfə nə isə rəfdən onu seçməyimə mane olurdu. Nədənsə uzun müddətdir sahib olduğum bu kitaba hər dəfə gözüm sataşanda “Dayan, hələ həmin vaxt deyil!” cümləsi səslənirdi qulaqlarımda...Qəribə olsa da, bəlkə də kitab ona olan marağımı hiss etmişdi :) Ona görə də sadəcə oxumaq həvəsi ilə başladığım kitablar sırasına daxil olmaq istəməyərək səbrlə oxunacağı günü gözləyirdi rəfin bir küncündə.. Və nəhayət o an gəldi. Bütün problemlərdən – imtahan həyəcanı, semestr balları, günlük streslərdən qurtulub kitabımı əlimə aldım. Bu sadəcə tətildə vaxtımı dəyərləndirmək, əsər haqqında məlumat qazanmaq üçün atılmış addım deyildi. Bəlkə də, ədəbiyyata olan vurğunluğumdan yaranmış bir hiss idi. Düşünürdüm, hətta əmin idim ki, bu, indiyə qədər oxuduğum fərqli dillərdə, fərqli üz qabıqlarına malik olan kitablardan fərqlənəcək. Elə buna görə də ona sərf etmək üçün ideal vaxtı gözləmişdim. Oxumağa başlamadan ətrafımdakı insanların nə düşündüklərini öyrənmək mənim üçün hər zaman maraqlı olur. Bir dostumun “ 2 saata bitirdim, elə də maraqlı deyil.”, digərinin “Əvvəli gözəl başlamışdı, amma sonluğu xəyal qırıqlığı oldu.” kimi fikirləri belə kitabın sehrinə inamımı azalda bilmədi.
     İlk öncə, İsmayıl Şıxlının müəllif haqqında dediyi sözlər... Görəsən bitirəndə mən də onunla razılaşa biləcəyəm mi? deyə düşündüm. Və budur 13.07.2012 saat 1:27 a.m. bitirdim.. Varislə tanışlığım elə onun ilk kitabı ilə oldu. Doğrudan da kitab inanılmaz sehrə malik idi, altıncı hissim bu dəfə də məni yanıltmadı. Ən sevdiyim kitablar sırasında yerini aldı. Varis Yolçiyev kimi bir ədəbiyyatçıya sahib olduğumuz üçün fəxr edirəm. Deməli, ədəbiyyatımız yaxşı əllərdədir.
   Film sahəsində çalışanlar duyğuları çatdırmaqda yazıçılardan daha şanslıdır deyə düşünürəm. İzləyiciyə təsir etmək üçün tək silahları söz deyil; jest, mimika və mühit vasitəsilə bu təsiri gücləndirə bilərlər, alternativləri çoxdur. Amma yazıçının əlində tək variant – söz var. O, sözdən maksimum dərəcədə istifadə etməli, əlində olan tək silahla daha güclü rəqiblə mübarizə aparmalıdır. Bunu yalnızca öz gücünə inananlar edir, Varisin isə belə sənətkarlardan olduğuna şübhə yoxdur. Bu müəllif əlindəki silahın hər sirrini o qədər gözəl bilir ki, tərəddüd etmədən mübarizəyə qoşulur. Nəticə də məlumdur. Film izləyərkən aldığım həzzi, keçirdiyim hissləri oxuyarkən yaşadığım ən gözəl kitablardan biri oldu. Oxunduğu zaman film effekti yaradan əsərlər azdır. Onlardan biri olaraq “Sonuncu Ölən Ümidlərdir” mütaliə zamanı hadisələri canlandırma bacarığından asılı olmayaraq hər oxuyuca dərindən təsir edir. “Kitab oxumağın vaxtı yetişdi.” şüarı ilə işıq üzü görən bu kitab son illərin kitab göstəricilərindən də aydın olduğu kimi bir çoxlarında mütaliəyə maraq oyadıb.
     Əsər təkcə sadə anlaşıqlı dili ilə deyil, hər hissənin əvvəlində verilən kitaba ayrı bir rəng qatan şeir parçaları ilə də məni valeh etdi. Bir çox oxucu sonunu bəyənməsə belə mənə görə yazıla biləcək ən gözəl sonluqdur. Bəlkə də hər kəsin gözlədiyi kimi bitsəydi, o da adi kitablar sırasına daxil olardı. Əsərdə yaşadıqları hər şeyə rəğmən bir-birini sevməkdən vazkeçməyən iki sevgilinin ayrılma anı iki dəfə təkrarlanır, sadəcə baş qəhrəman dəyişir. Həm sevdiyinin, həm də özünün həyatını vaxtında verilməyən qərarla məhv edən İlqar üçün ən ideal sonluq seçilib. Əminəm ki, əsəri oxuyarkən Nailəyə nifrət edənlər çox olub, rəğbət bəsləməsəm belə onun yerində olmadan, qərarlarını mühakimə etmədən mənfi adlandırmaq düzgün deyil deyə düşünürəm. İnsan oxuyarkən özünü onun yerində təsəvvür etməkdən belə çəkinir, amma Nailə bütün bunları yaşayıb dözəcək və sonda qələbə qazanacaq qədər güclü xarakterə malik idi. Hər yolu ağılla düşünərək intiqamını alsa da, sonda öz hisslərinə məğlub olub. Və bunda yenə də İlqarın rolu böyük idi. Həyatında qərar qəbul etməkdə daim gecikən bu oğlan sonda həbsə gedib gərçəkləri öyrənsəydi, bəlkə də, ilk düzgün addımını atmış olacaqdı. Ancaq bu, zəif xarakterli, ətrafındakıların sözlərini daha əhəmiyyətli sayan biri üçün xoşbəxt sonluq ola bilərdi, əsər üçün yox...
     Müəllifin verdiyi mesaj oxucunu gələcəyə inamla baxmağa səsləyir: “Edilən hər pisliyin cəzası gec də olsa verilir, sadəcə ümidin sizi tərk etməsinə əsla izn verməyin.” Nailə gənc yaşlarından əzab dolu həyat yaşasa belə ürəyindəki ümid hər zaman onun yeganə dayağı idi. Əsərdə bəyəndiyim nüanslardan biri də “son” və “ümid”lə bağlı Varisin düşüncələri oldu. ‘Sonun sonu’ və ‘sonun başlanğıcı’ bu iki sevgilinin vəziyyəti üçün seçilmiş ideal ifadələrdir. Eləcə də ‘ümid’ və ‘ümidciklər’.. Oxuyarkən öz həyatımıza nəzər yetiririk; görəsən bizim həyatımızda hansı daha çoxdur: ümidlər yoxsa ümidciklər? Ümidlər inamdan, ümidciklər isə arzudan doğur..
     Yəqin ki, ümidlər. Bu da son... Sonuncu ölən ümidlərdir... Tətilin ilk kitabını bitirməyin sevincini yaşayıram. İndi isə Varisin digər əsərlərini oxumaq haqda düşünürəm.. Görəsən hansı biri bu kitabı oxuduğum zaman yaranan duyğuları yenidən hiss etdirəcək mənə??
     “Sonuncu Ölən Ümidlərdir” hiss etdirdiyi duyğular sayəsində 5 bal alır məndən...
      Hələ də oxumayanlar buraya -----> Sonuncu Ölən Ümidlərdir...
 Bir Ovuc Torpaq,   Yetmiş Yeddinci Gün haqqında fikirlərimi oxumaq istəyənlər buyursun ;)

13.07.2012     /     4 .03 a.m.