Dahi Flamand şairi Quido Gezelle (1830-1899) Belçikanın Brügge şəhərində doğulmuşdur. Yaradıcılığı və əsrarəngiz lirik poeziyası ilə XIX əsr Avropa şeir dünyasına adını qızıl hərflərlə yazdırmış Gezelle eyni zamanda Flamand ədəbiyyatında avanqard stildə yazan şairləin atası hesab edilir. Onun bənzərsiz şerləri gec də olsa Niderlandda da tanınmış və qəbul edilmişdir. Orada onu İngilis müasiri (1844-1889) Gerard Manley Hopkinslə eyni sıraya qoyublar. Öz eksperimental şeirləri, cəmiyyəti narahat edən seksual məsələr barədə qeydləri, lirikasi ilə bənzərsiz səs ustası olan Gezelle Avropanın bir çox dilinə tərcümə edilib və bu gün də sevə-sevə oxunur. Şairi Belçikada, Niderlandda son dərəcə sevdirən səbəblərdən biri də çəkinmədən dialektlərdən olduqca çox istifadə etməsidir. Misal üçün Sleeping Buds (Yatan Tumurcuq) adlı şeirində şair başdan- başa təbiət hadisəsini Belçikanın şimal dialekti ilə təsvir etmişdir.
Dialektdən istifadə, kəndlilərin çox sevdiyi söz və ifadələri geniş şəkildə tətbiq etməsi onun tərcümə olunmasını son dərəcə qəlizləşdirmiş, ölümündən sonra uzun müddət onun yaradıcılığına tərcümə üçün müraciət edilməmişdir. Əsas peşəsi keşiş olan Quido Gezellenin əsərlərində digər tərəfdən dinin aşkar təsiri, məcburiyyətlər, dini mərasimlərin və ya qadağaların təsiri çox da hiss olunmur. Əksinə güclü ironiya, epitetlər və bənzətmələrdə Qezelle çox zaman həmkarlarının ciddi narazılığına səbəb olmuşdur. Gezellenin xarici dil bilikləri yalnız İngilis dili ilə məhdudlaşmayıb, o eyni zamanda Fransız, İtaliyan və İspan dillərində də sərbəst danışırmış. Bununla belə onun üçün əsas dominant xarici dil hər zaman ingilis dili olaraq qalmışdır. Bu isə ona doğma şəhər Brüggedə ingilis icması ilə rahat və effektiv əlaqə qurmağa yardım etmişdir. Bu əlaqələr, eyni zamanda İngilitərəyə bir neçə işgüzar səfəri onun Con Keblenin, Katolik intibah dövrünün digər tanınmış şairlərinin işləri ilə tanış olmasına zəmin yaratmışdır. Gezellenin hər zövqə uyğun şeirləri var: Bəzi şeirlərində onun kosmopolit, poliqlot, panteist yönləri, bəzilərində isə onun konservativ Katolik yönləri daha qabarıq nəzərə çarpır. Hansının gələcək nəsillərə ötürüləcəyinə isə zaman qərar verəcək...
Çiçəklər sevimli, çiçəklər əziz,
Döyünsün balaca ürəkləriniz,
Sübh tezdən səhəri salamlarkən siz;
Parlasın misralarım.
Elə ki, gəldi günəşli yay,
Dil-boğaza qoymayan çay,
Məni də özününkü say,
Dillən misralarımda.
Bülbül, axşam sənin səsin,
Bülbül, axşam sənin səsin,
Dərədə koldan yüksəlsin,
Şairdən bir nağıl gəlsin,
De gəlsin misra-misra.
Göldə sularla oynaşan,
Söyüdlərlə pıçıldaşan,
Qocaman meşəni coşduran -
Küləklər, qoşulun misralarıma.
Ey şimşək, ildırım, bəri gəl, bura,
Göylərdə nağara təki gurulda,
Məni bircə anlıq döndər axmağa,
Əks-səda ver misralarımda.
Çay, çiçək, cəh-cəh vuran quş,
Külək, şimşək, görmüş, duymuş,
Köksümdəki ürək necə vururmuş,
Allahı zikr edərkən misralarımda!