18 October, 2020

Gülseren Budayıcıoğlu – Hayata Dön

       Yaşadığımız bu çətin günlərdə insana təsəlli olan ən gözəl vasitə kitabdır. Və bu gün bir dəyərli əsər daha bitdi...Bu dəfə psixologiya sahəsindən seçim edərək son illərdə xeyli məşhurlaşan yazar Gülseren Budayıcıoğluna müraciət etdim. Kitabları sayəsində televiziya kanallarını bəzəyən serialların ard-arda çəkilməsinin də bu seçimimdə rolu böyükdür. Hal-hazırda ən çox izlənilən serial “Kırmızı Oda”nın təsirinə düşərək oxumaq üçün ilk seçdiyim kitabı “Hayata Dön” oldu. Kitabı oxuduqca “Niyə daha çox bu müəllifin kitablarına ssenarilər yazılır?” sualı beynimdə cavabını tapdı. Cümlələr o qədər canlı, hadisələr o qədər təfərrüatı ilə yazılıb ki, oxuyan hər kəs artıq təxəyyülündə obrazlarını müəyyən edib film çəkməyə başlayır.
       Gülseren Budayıcıoğlu yazıçılıqdan daha çox veriliş aparıcısı və usta psixiatr kimi tanınır Türkiyədə. 2004-cü ildən etibarən öz işi ilə əlaqəli kitablar yazmağa başlayan müəllif tezliklə geniş oxucu kütləsi qazanır. Son illər daha çox yazıçı kimi sevilir desəm yanılmaram. 5 kitaba sahib yazıçının üçüncü kitabı olan “Hayata Dön” onun hekayə şəklindən uzaqlaşaraq bir mövzu ərtafında yazdığı psixoloji romandır. Kitabda hadisələr Gülseren xanımın öz dilindən verilir. Öz həyatından hissələr də qataraq daha çox gündəlik iş rejimi, ehtiyacı olan hər kəsə qucaq açdığı Madalyon psixoloji mərkəzi və müalicə etdiyi xəstələrini qələmə alır. Sevgiyi, ailədəki hüzuru, acını, qorxunu, ümidsizliyi və s. duyğuları öz xəstələrindən dinlədikcə həyatında cərəyan edənlər də bir-bir canlanır təsəvvüründə. Sadəcə bir həkim kimi vəzifəsini yerinə yetirib evinə yollanmır, onların həyatını, duyğularını özünkülər ilə müqayisə edir, həyatına qatır hər bir xəstəsini, laqeydliyin hiss olunmadığı möhkəm bağ onu daha çox sevdirir yanına gələn hər kəsə. Fərqli xarakterlərə uyğun münasibət göstərən psixiatr uşaqla uşaq, böyüklə böyük olur. Xoş münasibət, gülər üz və səbr onun vəzifə düsturunun əsas komponentləridir.
        “Hayata Dön” obrazlarla zəngin əsər olsa da, Ala adlı güclü qadın qəhrəmanımız ön plana çəkilib. Uşaqlıqdan ancaq sevgisizlik içində diqqət edilmədən böyüyən Alanın acı taleyi insana yaşadığı əhəmiyyətsiz problemlər qarşısında üzüntü yaşadığı üçün vicdan əzabı verir. Gerçəkdən də kiçik olarkən əhatələndiyimiz insanlar və mühit indiki mən’imizi formalaşdıran əsas amildir. Səhifələri çevirdikcə insan yaşadığı hər günə şükr edir. Kitab insana başqalarının dərdlərinə laqeyd yanaşmamağı, sadəcə xarici görünüşlə mühakimənin yanlışlığını öyrətməklə yanaşı, bir sıra psixoloji vəziyyətlərin izahını verərək elmi cəhətdən də oxucunu məlumatlandırır. Həmçinin, kitabda o qədər fərqli mövzulara, hekayələrə yer verilib və psixoloji izahı irəli sürülüb ki, heyran qalmamaq əldə deyil. Sırf mərkəz və xəstələr ətrafında cərəyan edən hadisələrə fərqli hekayələr əlavə etdikcə romana xüsusi rəng qatır yazar. Oxucunu sıxmadan onu rəngarəng bir dünyaya qonaq aparıb eyni zamanda da məlumat bolluğu ilə qidalandırır. Bəzi tarixi şəxsiyyətlər, onların həyatındakı dönüş nöqtələri, həlledici addımlar atarkən sahib olduqları psixoloji vəziyyətlərdən söz salaraq bir çox məsələyə aydınlıq gətirir. Bu əsərlə həm mütaliə edir, həm də oxuduqca ətrafımızdakı insanları psixoloji durumlarına əsasən daha yaxşı tanımağı öyrənirik.
        Bir sözlə, 400 səhifə insanı sıxmadan tez bir zamanda sona çatır. Sonda geriyə təsirindən asanlıqla çıxa bilməyəcəyimiz həyat hekayələri və bəlkə də haqqında xeyli düşünsək də izahını tapa bilmədiyimiz bir çox məsələlərin həll yolu qalır. Mən Gülseren Budayıcıoğlunu bu kitabla tanıdım və qəlbimdə öz yerini elə ilk andaca aldı. İndi növbədə daha 4 kitabı məni gözləyir. Görək onlar da sevə-sevə 5 bal verdiyim “Hayata Dön” kimi böyük təsir gücünə malikdirmi?