09 August, 2020

Daniel Keyes - Algernon’a Çiçekler

       2020-nin daha bir kitabı bu gün bitdi. Bu dəfə kitab seçimim uzun zamandır oxumaq istədiyim Daniel Keyes imzası daşıyan “Algernon’a Çiçekler” oldu. Kitabla bağlı heç bir şey bilmədən oxumağa başladım, bu da daha sehrli etdi mənim üçün romanı. Həm yazarla, həm də elmi-fantaksika ilə ilk tanışlıq da demək olar bu dəfəki seçimimə.
      Daniel Keyesə böyük şöhrət qazandıran 27 dilə tərcümə olunan bu şahəsər ilk dəfə 1959-cu ildə jurnalda öz əksini tapsa da, genişləndirilmiş şəkildə 1966-cı ildə oxucuların ixtiyarına verilib. Kitabda həm elmi, həm fantastik izlər ön planda olsa da, psixoloji məqamlar, mənəvi duyğular romanı daha möhtəşəm edir.     
     “Algernon’a Çiçekler” zehni geriliyi olan bir gəncin əməliyyatla ağıllı edilməsindən bəhs edir. İlk başda hər şey əla görünür: hər iki tərəf əməliyyat üçün müəyyən marağa sahibdir. Həkim Nemur və Strauss öz elmi nəzəriyyələrini tamamlamaq, tibbə yenilik gətirmək və ən əsası adlarını tarixə yazmaq üçün bu əməliyyatı təklif edir. Charlie Gordon isə uşaqlıqdan əziyyət çəkdiyi, onu digər uşaqlardan fərqləndirən, ailəsində hər zaman soyuq münasibət hiss etməsinə səbəb olan bu “əskiklik”dən qurtulmaq üçün məmnuniyyətlə təklifi qəbul edir. Onlar üçün təhlükəni, qorxunu azaldan əsas səbəb isə bu əməliyyatın Algernon adlı bir siçanda sınaqdan keçirilmiş olması və uğurla nəticələnməsidir. Charlie aşağı İQ ilə doğulsa belə onu hər kəsdən fərqləndirən sevgi və mərhəmət hissinin dəyərini anlamır. Sadəcə ağıllı olmaq, çoxlu dost qazanmaq, anasının fəxr edəcəyi bir övlad olmaq arzusu onu cavan yaşlarında belə rahat buraxmır. Və istədiyi əməliyyat sayəsində gerçəkləşir... Həqiqətən gerçəkləşən Charlie Gordonun arzusudurmu görəsən?
        Həkimlərin tapşırığı ilə həm elmi işə kömək məqsədilə, həm də gələcəkdə əməliyyata razılıq verən hər kəsin tanış olması üçün Charlie yaşadığı hər günü, hər hadisəni kağıza köçürməyə başlayır. Kitabın gündəlik məruzələr şəklində olması onu daha anlaşıqlı edir, yazılar vasitəsilə Charliedə gedən dəyişiklikləri aydın sezir oxucu. Kitabın ən təsirli hissələri əməliyyatdan sonra dahiyə çevrilən qəhrəmanımızın özünü axtarması ilə başlayır. Artıq adi insanlar kimidir, hətta daha da üstün. Keçmişdəki hər şeyi ən incə detallarına qədər xatırlayır. Beynində dolaşan suallara onu incidən təcrübələri xatırlayaraq cavab tapır. Amma yenə də tapacağını zənn etdiyi xoşbəxtliyi əldə edə bilmir. Əvvəlki Charlie ilə indiki dahi Charlie arasında sıxılıb qalır. 2 fərqli dünya yaşayan ancaq hansına aid olduğunu bilməyən bir ruha sahibdir indi. Heç də hər şey ağıllı olmaqla düzəlmirmiş, insanlar o qədər qəddardır ki, onlardan istər mənfi, istərsə də müsbət anlamda bir az fərqləndinmi səni tənha qoymağa tələsirlər. Charlie keçmişi ilə müharibəyə davam edərkən bir tərəfdən də bir dahi olaraq mərkəzində olduğu bu nəzəriyyəni araşdırır və yeni məlumatlar əldə etdikcə heç də uğurlu bir əməliyyat olmadığını özü üçün kəşf edir. Bu anda Algernonda baş verən geriləmə də onun araşdırmasında düzgün istiqamət aldığını göstərir.
       Kitabdakı psixoloji məqamları çox sevərək oxudum. Daniel Keyesin psixologiya üzrə təhsilinin bu möhtəşəm əsərin yaranmasında rolu danılmazdır. Keçmiş və indiki Charlie arasındakı müqayisələr, bir qadına olan sevgi ilə maraq arasındakı kəskin fərqlər, minnətdarlıqla peşmanlıq duyğusu arasındakı kəskin uçurum... Çox şey öyrəndim bu kitabdan. Hər sətri bir dərs mahiyyətində olan bölümlər kitabı daha oxunaqlı, daha unudulmaz edir. Baş qəhrəmanımızın timsalında iki dünya arasında qalmış bədənin, iki beyin arasında itib qalmış ruhun təsviri mənə yazıçını xüsusilə sevdirdi.
         Kitab zehni geriliyi olan gəncin səsindəki sevgi ifadə edən ton, gözlərindəki ümid və mərhəmət dolu parlaqlıq və qəlbindəki saflıq ilə ömrünü elmə sərf etmiş, hər kəsin qibtə etdiyi uğurlara imza atmış professorlardan daha yüksəkdə olduğunu göstərir. Charlie bunu həkimlərin üzünə vurduqda, onların elmi araşdırmasındakı səhvləri faktlarla isbat etdikdə, ona Algernondan fərqli münasibət göstərməyən Doktor Nemur və Strauss bir həyatla necə oynadıqlarını anlayırlar. Kitabda ən təsirli səhnələrdən biri Charlieni keçmişindən təqib edən acı xatirələrin əsas qəhrəmanları olan valideynləri və bacısı ilə yenidən qarşılaşma anıdır. İllərlə xəyalını qurduğu, anasına artıq onunla fəxr edə biləcəyi bir övlad olduğunu göstərmək üçün qarşısına çıxdığı zaman heç nəyin əvvəlki kimi olmadığını anlayır. Kitab sonlara yaxın göz yaşlarıma hakim ola bilmədiyim səhnələrlə zəngin idi. Hələ sonluq... Yazıla biləcək ən möhtəşəm sonluq idi. Həyatda sadəcə insana 7-8 ay müddətinə verilən bir şans... Bu müddətə insan nələri sığdıra bilər? Bir ömür həsrətini çəkdiyi hər şeyə 7 ayda nail ola bilərmi? Ən təsirlisi isə insanın bu şansın tezliklə bitəcəyinin fərqində olaraq nə isə etməyə çalışmasıdır. Nəticə isə məlumdur. Nə qədər qorxunc görünsə də, sonluq qaçınılmazdır. Həm Algernon, həm də Charlie üçün... Hər şey bitdiyində isə geriyə qazanılan tək dost Algernon və xatirələri qalır...
        “Algernon’a Çiçekler” həvəslə oxuduğum, məndən asanlıqla 5 bal alan və ən sevdiklərim arasına daxil olan kitablardan oldu. Sonda xatirə kimi sizin üçün seçdiyim sətirlər:
  • - “Korkuyorum. Hayattan ve ya ölümden değil, ve ya hiçlikten değil, hiç var olmamışım gibi o ışığı harcamış olmaktan korkuyorum."
  • - Eskisini yıkmadan bir arsanın üzerine yeni bir bina dikemezsin və o eski Charlie de bir türlü yıkılmıyor.
  • - Geçirdiğim ameliyat onun üstünü bir eğitim ve kültür tabakası ilə örtmüşdü, ama duygusal olarak o hala oradaydı – beni seyrediyor ve bekliyordu.
  • - Ama şimdi biliyorum ki, hepinizin atladığı bir şey var: Sevgi ve şefkat eli değmeyen zeka ve eğitim beş para etmez.

08 August, 2020

Eski Sevgili

        Bu günlərdə izlədiyim filmlərdən biri 2017-ci il istehsalı “Eski Sevgili” oldu. Baş rollarda Bade İşcil və Tolgahan Sayışmanı gördüyümüz bu romantik komediyanın rejissoru isə Emir Xəlilzadədir. 3 ildir çəkilməsinə baxmayaraq filmə təsadüfən internetdə gəzinərkən rast gəldim. Həm rəngarəng sevgilililər günü filmlərini sevən biri olduğum üçün, həm də Bade İşcili ilk dəfə bir filmdə izləmək şansım olacağı üçün dərhal siyahıma əlavə etdim. Əslində filmi çox bəyənəcəyimi düşünsəm və maraqla izləməyə başlasam da bir müddət sonra sıxıldığımı hiss etdim. Sonrasını isə sadəcə haqqında yazmaq, müəyyən fikir sahibi olmaq məqsədilə izlədim.
“Eski Sevgili” adından da göründüyü kimi gah küsüb, gah barışan nəhayət ayrılmağa qərar verən iki sevgilinin illər sonra qəribə təsadüflərlə qarşılaşması ilə başlayır. Hər iki tərəf özünə bir yol seçib və həyatına qaldığı yerdən davam edib. Ancaq qəlblərinin dərinliklərində gizlədiklərini sandıqları sevgi onları heç zaman tərk etməyib. Bunu ilk qarşılaşmada özlərinə etiraf edə bilməsələr də, xatirələr, şəkillər, deyilməyən sözlər onları təqib edir. Bir anda özləri də bilmədən bir macəranın içində olduqlarının fərqinə varırlar. Sonun onlar üçün yaxın olduğunu düşündükləri halda əslində sevginin daha qüvvətlə başlayacağı anın onları gözlədiyindən xəbərsizdirlər.
      Gələk film haqqında düşüncələrimə... İzləmədən öncə haqqında düşündüyüm bütün müsbət cəhətlər məhv oldu bu ssenarisi ilə... İzləyiciyə çatdırılmaq istənilən fikir maraqlı olsa da, bu fikri dəstəkləyən səhnələrin bəsit qalması sevginin bütün sehrini qaçırır. Romantika və komediya vəhdət təşkil edə bilmir filmdə. Bir səhnədə romantiklik ön planda olsa da, digərində gülməli, uyğun olmayan səhnələr, hətta macəra da nəzərə çarpır. Komediya cəhətdən isə istənilən heç nəyi qarşılamır. Bade İşcil və Tolgahan Sayışman belə uğurlu cütlük deyildi mənə görə. Filmə yamaq kimi görünən səhnələr, sevgi hekayəsindən kənarda qalan obrazlarla mövzu uzadılmağa çalışılsa da, istənilən nəticəni verməyib. Aktyorların çoxu özünü isbat etmiş şəxslər olduqları halda, bu filmdə həvəskar kimi görünürlər. 
       Sadəcə rəngarəngliyini və xoşbəxt sonluğunu bəyəndiyim "Eski Sevgili" məndən ancaq 2 bal ala bildi.

05 August, 2020

Ferenc Molnar – Pal Sokağı Çocukları

         2020-ci il mütaliəmin ən sevimlilərindən biri haqqında fikirlərimi paylaşım... Bu dəfəki kitab Macar ədəbiyyatı ilə ilk tanışlığıma vəsilə olan dünyaca məşhur hekayə Ferenc Molnardan “Pal Sokağı Çocukları“ oldu. Əslində uşaqların oxuması mütləq olan kitablar siyahısında ön sıralardan birini tutsa da bu maraqlı əsər mənə indi oxumaq qismət oldu. İlk səhifələrdən insanı özünə bağlama gücünə malik kitab oxucunu xatirələr dünyasına səyahətə çıxarır. Düşünmürəm ki, mütaliə zamanı öz uşaqlıq illərini, oyunlarını, parta arxasında keçən saatlarını xatırlamamış kimsə olar.
        Müəllif - Ferenc Molnar Macarıstanda şair, yazıçı, dramaturq, hətta jurnalist kimi tanınmış olsa da, ona dünya şöhrəti qazandıran “Pal Sokağı Çocukları“ əsəri olub. İlk nəşri 1906-cı ilə təsadüf edən kitab türk dilində müxtəlif illərdə bir çox nəşriyyatlar tərəfindən oxucuya təqdim olunmuşdur. Azərbaycanda isə 2011-ci ildə Ozan nəşriyyatından Ramil Səfərovun tərcüməsində işıq üzü görmüşdür.
       “Pal Sokağı Çocukları“ Budapeştin məşhur küçələrindən birində həyat sürən varlı və yoxsul uşaqların gündəlik yaşam tərzini, məktəb həyatını, oyunlarını, qayğılarını oxucuya elə təsirli sətirlərlə çatdırır ki, uzaq ölkədən bəhs etməsinə baxmayaraq insan özündə müəyyən oxşarlıqlar aşkar edir bu uşaqlarla tanış olarkən. Zahirən iki uşaq qrupunun – “Pak Sokağı Çocukları” və “Kırmızıgömlekliler” – mübarizəsi kimi görünsə də, bu kiçik səmtdə baş verən hər şey hal-hazırda dünyada aktuallığını itirməyən mübarizədir.
         Uşaqların dərsdə təsviri, tənəffüsü səbrsizliklə gözləməsi, kağızla mesajlaşması, kiçik qruplaşmalar – hər detal ilə doğma sətirlər idi mənim üçün. Xüsusilə yazıçının şagirdlərin məktəbdən çıxışını canlandırdığı “Sanki hepsi de özgürlüklerine kavuşan küçük tutsaklardı.” cümləsi məktəb illərimə geri qaytardı məni. Eləcə də onların evə gedərkən söhbətləri, sabahkı dərslərin müzakirəsi, oyun üçün xüsusi yer axtarışları və s. uşaqlıq xatirələrimizin bir parçası kimi öz əksini tapır kitabda.
          Hekayə eyni məhəlləni paylaşan uşaqların “Pal Sokağı çocukları”nın oyun oynamaq üçün odun yığınları olan bir tikilini özləri üçün meydança seçməsini və ona öz doğma vətənləri kimi bağlılığını qabarıq şəkildə oxucuya çatdırır. Əsas hadisələr onlardan həm yaşca böyük olan, həm də maddi imkanı daha yaxşı olan “Kırmızıgömlekliler”in özlərini daha “güclü və üstün” sayaraq bu saf uşaqların oyun meydançasına əl qoymaq planları ilə başlayır. İlk səhifələrdə əllərindən oyuncaqları alınan uşaqlar necə miskin, qorxaq, çəkingən görünürdülərsə, söhbət onların “vətən”ini zəbt etməyə gəldiyi zaman hər biri tarixi şəxsiyyətlərə bənzər döyüşçülərə, qorxmaz, igid əsgərlərə çevrildilər. Bu iki qrupun gizli planları, döyüş strategiyası, vəzifə bölgüsü sanki bir döyüş filmi izləyirmişəm kimi təsir oyatdı məndə oxuyarkən. Öz aralarında qruplaşan uşaqların eyni məqsəd uğrunda mübarizə zamanı necə tək yumruq olması, başçının qərarlarına tərəddüdsüz riayət etmələri, üzərilərinə düşən vəzifələri canla-başla yerinə yetirmələri yazıçının dərslik mahiyyətində bir bədii əsər yaratmaq bacarığından xəbər verir.
          Əsərdə diqqətimi çəkən məqamlardan biri uşaqların öz aralarında rütbələr təyin etməsi və “müharibə”yə hazırlaşarkən tam da reallığa uyğun döyüş planı hazırlaması oldu. Yazıçının bəhs etdiyi mövzuya bu qədər hakim olması məni heyran etmişdi. İnternetdə araşdırarkən Ferenc Molnarın müharibə illərində jurnalist kimi fəaliyyət göstərdiyi mənim üçün hər şeyi aydınlığa qovuşduran fakt oldu. Yazarın kitabın başlangıc və son bölümlərindəki müqayisələri könlümü oxşadı. Hər bir obraz bir dərs mahiyyəti daşıyırdı mənə görə. Öz dostlarına xəyanət edən, düşmən qrupda olduğu zaman dostlarının dəyərini anlayan Gereyb, casusa nifrət etdikləri halda, “hər kəsin ikinci bir şansa ehtiyacı vardır.” deyib dostluqlarını bir daha sınaqdan keçirən Bika, Nemeçek, Çonakoş, dostluqları bitsə belə yene də Gereybi valideyni qarşısında pis vəziyyətdə qoymayan Nemeçek, düşmən qrupun başçısı olsa da obyektiv vuruşan və qəlbindəki o mərhəmətli uşağı itirməyən Feri Atş və mənə görə ən təsirli ən güclü obraz – oğlunun öləcəyini bilsə də əlindəki işə oğlunun dəfn xərclərini qarşılamaq üçün ara vermədən davam edən Nemeçekin atası... Hər xarakter özünəməxsusluğu ilə yaddaşımda iz qoydu. İlk səhifələrdə xatirələr burulğanı, hadisələrin gedişatında əsəb, həyəcan, nifrət, fəxr, heyranlığın vəhdəti qarışıq duyğular, son səhifələrdə isə göz yaşlarıma hakim ola bilməmək... 


        Hər kəsin qəlbində özünəməxsus yeri olan bu kitab fərqli incəsənət növlərində də ölümsüzləşdirilmişdir. Səyahəti sevən hər kəsin mütləq baş çəkdiyi Budapeşt küçələrindən birini bu qəhrəman uşaqların heykəlləri bəzəyir. Eləcə də filmi də hal-hazırda belə kiçik-böyük - hər kəs tərəfindən maraqla izlənir. Təkcə uşaqlar üçün deyil, gənc oxucular üçün belə tərbiyəvi əhəmiyyətə malik bu kitab hələ uzun müddət təsirində qalacağım şahəsərlərdən biri kimi məndən 5 bal aldı.