
Albert Camus ona dünya şöhrəti gətirən bu əsəri 1942-ci ildə tamamlayıb. Yazıçı özünü heç bir cərəyanın nümayəndəsi kimi görməsə də, burada ekzistensializm, absurdizm, nihilizmin izləri sezilir. Heç bir cərəyanı tam anlamı ilə təbliğ etmir əsərlərində. Ancaq ona görə həyat yaşamağa dəyməyəcək qədər mənasızdır. Nə etsək də ölüm bizi haqlayacaq, buna görə də neçə yaşda ölməyin heç bir fərqi yoxdur. Ancaq mənasız bir şeyi – həyatı mənalı yaşamaqda da heç bir zərər görmür. Bu fikri ilə də onun fəlsəfi aylayışı pessimistlikdən uzaqlaşır.
“Yabancı”da baş qəhrəmanımız Meursault hər şeyə laqeyd şəkildə ömrünü sürdürən bir insandır. Nə çalışdığı işdə irəliləmək üçün bir məqsədi var, nə də ailə həyatı quraraq gələcəyi üçün bir addım atmağa... Anasının nə zaman dünyadan köçməsi belə onun üçün əhəmiyyət daşımır. Həyata mənasız baxan bu insan anası üçün ölümün bəlkə də bu mənasızlıqdan qurtulmaq üçün çıxış yolu olduğunu düşünür. İmkanı olmadığı üçün anasını qocalar evinə qoymağına belə haqq qazandıran Meursault bunu onunla daha çox maraqlanan insanların olması üçün etsə də, bu addımının onun əleyhinə çevriləcəyini heç ağlına belə gətirmir. Kitab ilk cümlədən qəhrəmanımızın anası ilə münasibətini ortaya qoyaraq oxucunu sarsıdır. Oxuduqca isə “Bu qədər mi laqeydlik bir insanın ruhuna hakim kəsilər?!” deyə düşünürsən. Onun üçün həyat anı yaşamaq belə deyil sadəcə yaşamaqdır. Nə keçmiş üzərində baş sındırır, nə gələcəyini düşünür. Sadəcə nə isə etmək üçün atır bütün addımlarını. İstər yemək yediyi kafedə insanlarla, istər müdiri ilə, istər onu sevən qadınla, istərsə də qonşuları ilə münasibətdə onun reaksiyasız davranışları bəzən qıcıq oyatsa da, sonda nəticəsini düşünmədən etdiyi bir hərəkət ucbatından özünü məhkəmə zalında tapdığı andan etibarən bütün bu reaksiyasız davranışların yazarın sonluq üçün qurduğu pillələr olduğunu anlayırsan. İnsanın dərin yaralar aldıqdan sonra artıq heç nəyin onu incidə bilməyəcəyi an hiss etdiyi boşluq hissi deyə bir şey var, bizim qəhrəmanımız da sanki o boşluqda yaşayır. Oxuduqca çətin həyat sürmüş yazarın özündən bir çox şey qatdığını düşündüm Meursaulta. Mənasız bir cəmiyyətdə yaşayan və hər şeyi öz mənasızlığı ilə tənha buraxan Meursaultun ən gözəl düşüncələrinə onun barmaqlıqlar arxasında ölümünü günbəgün saatbasaat gözlədiyi o anlarda şahid oluruq:
“Bir gününü dışarıda geçirmiş kimse hiç sıkılmadan yüz sene hapiste yata bilir.” Tək bir cümlə ilə Camus kitabın dərin anlamını ifadə edir. Meursault azadlıqda laqeyd yaşadığı bir günün dəyərini ölümü gözlədiyi zaman anlayır.
"Bu cinayet karşısında duyduğu dehşet şu sanığın duygusuzluğu karşısında duyduğu dehşetden neredeyse daha azdı." Bu cümlə isə yazarın minlərlə cinayət hadisəsi ilə tanış olan hakim üçün laqeydliyin, insanın öz taleyinə boyun eyib, gələcəyi uğrunda mübarizə aparmamasının yaratdığı təəccübün ifadə şəklidir.
Melanxolik notlarla bitən əsər "həyatın mənasızlığına edilən səssiz üsyan"ı ilə Albert Camusu dünyada çox oxunan və sevilən yazıçılardan biri edib. "Yabancı"mənim üçün də dəyərli əsərlər sırasında yerini aldı. Bəlkə də asanlıqla 5 bal verdiyim bu əsəri illər sonra təkrarən oxuduqda daha fərqli məqamlar aşkar edəcəyəm özüm üçün...