10 May, 2019

Herşey Seninle Güzel

      Bu il izlədiyim ikinci film “Herşey Seninle Güzel” adlı türk filmi oldu. 2018-ci ildə izləyiciyə təqdim olunan bu romantik film ilk andan həm fraqmenti, həm də aktyor heyəti ilə diqqətimi cəlb etmişdi. Baş rollarında Mert Fırat, Burcu Biricik, Hazar Ergüçlü və İlker Aksumu gördüyümüz bu film 1997-ci il məhsulu olan “My Best Friend's Wedding” filminin türk versiyasıdır. Uyğunluğun dərəcəsini deyə bilməsəm də, filmdə istifadə olunan musiqilərin orijinaldan daha gözəl olduğunu etiraf etməliyəm.
        Film barədə çox şey yazmaq istəyirəm. Son zamanlar film izləyərkən bu qədər əyləndiyimi xatırlamıram. Hətta mənim kimi Burcu Biriciki sevməyən biri bu qədər sevə bildisə filmi, digərlərini təsəvvür edə bilmirəm. ))) Bu filmin fraqmentini izləyərkən bu qədər bəyənəcəyimi düşünmürdüm. Ancaq ilk dəqiqələrdən aktyorların necə həvəslə işlərinin öhdəsindən gəlməyi, filmdə istifadə olunan sözlər, musiqilər hətta məkanlar belə zövqümcə oldu. Sona qədər həyəcan və əyləncə qarışıq duyğularla izlədim.
        Mövzu barədə qısaca onu deyim ki, hər şey iki dostun – Deniz və Emre illər əvvəl bir-birinə verdiyi sözlə başlayır: 30 yaşımız olanda da subay olsaq, onda bir-birimizlə evlənərik. Artıq hər ikisinin 30 yaşı var və toy hazırlıqları görülür. Lakin bir-biri ilə deyil. 😀 Filmdə iki qadının sevgi uğrunda mübarizəsinə şahid oluruq. Bu mübarizədə hər şeyi tapa bilərsiniz: qısqanclığı, hiyləni, paxıllığı, intiqamı, sevgini və ən sonda isə mərhəməti. Denizin sevdiyi dostunu Melisadan ayırmaq, toya mane olmaq üçün sadəcə 5 günü var. Bunun üçün hər şeyi etməyə hazır olsa da, hesaba qatmadığı bir şey var – duyğuları qarşılıqlı deyil. Belə hiss etməsində Emrenin də rolu az deyil. Onun Denizə olan münasibəti nişanlısını belə narahat edir. Melisa da “düşmənini gərək göz önündə saxlayasan” deyərək Denizlə yaxınlıq edir, ancaq onun qurduğu planlardan hər zaman xəbərsiz olur. Beləcə ritmik şəkildə davam edən hekayəmiz necə sonlanır sizcə? Elbəttə ki, sevginin qələbəsi ilə. ❤❤
         Filmdə ən təqdirəlayiq detal boş səhnələrlə vaxt öldürmədən tam mövzunu əhatə etməsi və izləyicini yormaması oldu. Rəngarəng yay filmi dadında olması, mövzusu, musiqiləri, aktyorları ilə zövqümü oxşadı “Herşey Seninle Güzel”. Xüsusilə də musiqiləri... Mert Fıratın səsinin də belə gözəl ola biləciyini düşünməmişdim doğrusu... Filmdə ən sevdiyim səhnələr karaoke, axşam yeməyi və Denizin dürüstlüyü ilə sevgisi arasında qalaraq nişanlıları ayırmağı planlayarkən barışdırması oldu...
        Son zamanlar “Kuzgun” serialı ilə Burcu Biricik ona qarşı önyargı ilə yanaşdığımı hiss etdirdi mənə. Bu filmlə isə tam əmin oldum... Mən bu aktrisanı bu filmlə sevdim deyə bilərəm. O qədər səmimi, hiss edərək oynadı ki, hər duyğunu mimikaları ilə izləyənlərə mükəmməl əks etrirərək rolunun öhdəsindən layiqincə gəldi deyə bilərəm. İlker Aksumun da möhtəşəmliyini qeyd etməmək olmaz. Hər rolun haqqını verən bu aktyor ona yaraşmayan bu xarakterin yükünün altında belə istedadı ilə əzilmir, özündən rənglər qataraq filmin atmosferinə uyğun bir obraz yaradır mənə görə. 
         Film haqqında yazılanları araşdırarkən bəyənməyənlərin də çox olduğunun şahidi oldum. Ancaq obyektivlikdən uzaq tənqidlər məncə filmin sehrini pozmağa qadir ola bilməz. Romantik filmləri çox sevsəm də, bəyəndiklərim çox olmur. Ancaq “Herşey Seninle Güzel” hər detalı ilə bəyəndiyim filmlər arasında öz yerini alaraq 5 bal aldı məndən.

07 May, 2019

İda Yessen – Yeni Çağlar

      İlin yeddinci kitabı da bitdi... Bu dəfəki mütaliə səfərim bir qədər uzağa – Skandinaviya yarımadasına – Danimarka sərhədlərinə doğru uzanır. Müasir Danimarka ədəbiyyatında özünəməxsus yer tutan, hal-hazırda da yaradıcılıqla məşğul olan yazarlardan biri İda Yessen “Yeni Çağlar” kitabı ilə siyahıma daha bir maraqlı əsərin əlavə olunmasına şərait yaratdı. Son zamanlar Alatoran nəşrlərinə üstünlük verdiyimi artıq bilirsiniz. Bu dəfə də ənənəni pozmadım. Anar Rəhimovun orijinaldan tərcüməsində 2018-ci ildə işıq üzü görən bu tarixi roman öz ölkəsində nəşr olunduqdan 3 il sonra oxucularımıza təqdim olunub. Alatoran nəşriyyatında bir-birinin ardınca çapdan çıxan maraqlı kitablar Skandinaviya ölkələrinin ədəbiyyatı ilə maraqlanan hər kəs üçün əvəzsiz hədiyyədir. Eyni zamanda bu addım həmin ölkələrin dillərini bilməyən kitabqurdları üçün də yeni çıxan nəşrləri əlçatan edir.

         İda Yessen 1989-cu ildən yaradıcılıq fəaliyyətinə başlasa da onu dünyaya daha çox tanıdan, sevdirən “Yeni Çağlar” (En ny tid) və “Doktor Baqqenin əhvalatı” (Doktor Bagges anagrammer) başlıqları ilə çap olunan ikihissəli tarixi romanıdır. İlk olaraq 2015-ci ildə oxucuya təqdim olunan “Yeni Çağlar” romanı haqqında fikirlərimi paylaşım.
       Qısa müddətə oxuyub bitirdiyim bu əsər bəzi səhifələrdə darıxmağıma səbəb olsa da, ümumilikdə sevdiyim romanlar arasında öz yerini aldı. Kitab baş qəhrəmanımız Lilly Baggenin gündəliyi şəklində yazılıb. Bir gənc qızın ailəsindən uzağa müəllim kimi kariyerasına başladığı bölgəyə - Thyregoda səfəri ilə 1904-cü ildən başlayan xatirələri müxtəlif fasilələrlə 1932-ci ilədək davam edir. Yeni həyata başlayan, yeni bir əraziyə, yeni bir evə köçən Lilly kim bilə bilərdi ki, böyük ümidlərlə gəldiyi Thyregodda həm həyatının ən özəl, həm də ən ağrılı günlərini yaşayacaq. Yaşadıqlarını ağappaq səhifələrə köçürmək istəyən qəhrəmanımızın gündəlik yazmağa başlasa belə elə ilk səhifələrdən  uzun müddət ara verdiyinin şahidi oluruq. O ana qədər ki, təmizlik işləri apararkən illər sonra evin bir kənarında unudulmuş halda gündəliyini tapır. Yenidən yazmağa başlayan Lilly qəlb yoldaşı olmuş bu dəftərlə hər şeyini paylaşır. İndi daha açıq, daha təcrübəli, özündə dərin duyğular ehtiva edən sətirlər çıxır qarşımıza. Artıq ölüm döşəyində olan həyat yoldaşını hər gün xəstəxanada ziyarət edən Lilly qarışıq duyğular içərisində davam edir həyata. Onun qarşısında iki variant var: Ya Viqanddan sonra boşluğun içində qeyb olacaq, ya da həyatın bir qolundan yapışıb yaşamağa davam edib hər şeyi geridə qoyacaq. Yazıları ilə iç dünyasına səyahət etdiyimiz bu qadın ərinin ölümü ilə əvvəlcə tərəddüdlər içində boğulur. Öz ayaqları üzərində durmağı bacardığı halda bütün həyatını aralarında dərin sevgidən çox bağlılıq olan həyat yoldaşına təslim etdiyini anlayır tənha qaldığı bu günlərdə. Yeni evə köçmək ərəfəsində olan Lilly əşyalarını toplayarkən, keçmişini, ailəsini, universitet illərini, dostlarını, işə qəbul edilmə xatirələrini bir-bir yada salır. Həyat yoldaşının əşyaları arasında ondan bir iz, bir sevgi nişanəsi axtararkən artıq onsuz bir həyata məhkum olunduğunu anlayır. Bu kitab bir qadının gündəliyindən daha çox yenidən həyata tutunma hekayəsidir desək daha doğru olar. Hər anına şahid olduğumuz qəhrəmanımızı bəzən qınayır, bəzən dəstəkləyir, bəzənsə halına acıyırıq. Ancaq əminəm ki, heç birimiz özümüzü onun yerində təsəvvür etmirik. İndi onu yenə yeni bir ev, yeni bir həyat gözləyir, bu dəfə də tək öhdəsindən gəlməlidir hər şeyin, ancaq daha əvvəlki kimi nə gənc, nə də güclüdür. Bu dəfə yeni həyata başlamaq əvvəlkindən daha çətin olacaq.
         Əsəri oxuduqca Lilly və Vigand kimi iki fərqli xarakterin necə illərlə evli olduğu mənə qəribə gəldi. Bir tərəfdə işinə aşiq, danışmağı xoşlamayan, hökmlü, ənənələrdən uzaq, mərhəmət hissindən məhrum, məntiqinin gücünə önəm verən Viqand, digər tərəfdə həyata yeni atılan, gənc, duyğusal, romantik bir müəllim Lilly. Bu münasibətdə istər-istəməz qadın bu dominant xarakter altında əzilməyə məhkum idi. Bunun fərqinə isə illər sonra həyatda özünü tapmağa çalışarkən varır Lilly. İndi yaşadıqlarını keçmişi ilə müqayisə edərək hər şeyi götür-qoy edir, beləcə nə istədiyinə, qalan həyatına necə davam etməli olduğuna qərar verə bilir. Əsərin əvvəlində tənha qadın kimi halına üzüldüyümüz Lilly, illər keçdikcə artıq tənha yox azad qadın kimi qarşımıza çıxır. Bütün zəncirlərini qıraraq o, tənhalıqdan azadlığa gedən yolu özü qət edir. Bu yolda onun qarşısına yeni insanlar, yeni təkliflər, yeni şanslar da çıxır. Qəhrəmanımız isə tələsik qərar vermədən, ətrafı yox özünü düşünərək, həyatın selinə qapılmadan yoluna davam edir. Sonda kitabxana açaraq həm insanlara xidmət göstərən, həm də yaşadığı bölgənin daha müasir, daha məlumatlı olmasına çalışan bu qadın həyat qarşısında dimdik duruşu ilə çıxır qarşımıza. Və gündəliyin son xatirələrini oxuduqca isə keçmişinin onun üçün yeni həyatına da bir təkan olduğunun şahidi oluruq. Pozitiv notlarla bitirdiyim bu əsər həm Danimarka ədəbiyyatı, həm də İda Yessen qələmi ilə ilk tanışlıq oldu mənim üçün. Lilly həyatın zalımlığı qarşısında əzilmədən vuruşan mübariz bir qadın obrazı kimi yaddaşıma həkk olundu. “Yeni Çağlar” isə güclü bir qadının həyat mübarizəsini onun öz dilindən oxumaq istəyənlərə tövsiyə edəcəyim bir kitaba çevrildi.
         Əsər gündəlik şəklində oxucunu özünə cəlb edərək davam edərkən müəllif araya əsərlə bilvasitə əlaqəsi olan bəzi kənar əhvalatlar yerləşdirərək sanki bunun bir gündəlik olmadığını xatırladır. Bu əhvalatlar mənə qəribə görünsə də, əsərin ümumi məzmununa xələl gətirib onun sehrini poza bilmədi mənə görə. Son səhifənin xəyalını quraraq oxuyub bitirdim bu həyat mübarizəsini. Lilly Baggenin duyğuları, yaşadıqları, həyatını kağıza həkk etməsi – hər şeylə “Yeni Çağlar” vaxtımı dəyərli keçirməyimə yardımcı oldu və məndən 4 bal aldı. Növbədə isə romanın ikinci hissəsi məni gözləyir.