26 March, 2019

Rasim Qaraca – On Bir Gecə

        İlin bitirdiyim üçüncü kitabı Rasim Qaracadan “On Bir Gecə” oldu. Tez bir zamanda bitirdiyim “On Bir Gecə”13 hekayədən ibarət kiçikhəcmli kitabdır. Savaş günlərində eşq hekayələri – Qarabağ Dekameronu başlığı ilə təqdim olunan bu kitabda Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəliklərindən əldə olunub bədii formaya salınan 10 hekayə öz əksini tapıb. Qalan 3 hekayə isə müəllifin öz qələminin məhsuludur. Müasir ədəbiyyatımızın çox oxunan istedadlı naşir-yazarlarından olan Rasim Qaraca yaradıcılığı ilə ilk tanışlığım olan bu kitab 2014-cü ildə Alatoran nəşriyyatından işıq üzü görüb.
        Kitabın təhlilinə keçək. İlk sətirlərdən məlum olur ki, əlil arabasına məhkum olan Kamil Dadaşov indi həyatda olmayan yoldaşlarının xatirələrini yaşatmaq üçün onların həyatlarında olan ən önəmli anları kağıza köçürüb. 10 günlük mühasirədə olarkən taqım komandiri Çingizin təklifi ilə əsgərlər ilk sevgiləri, ilk intim münasibətləri haqqında danışmağa başlayıblar. Beləcə özəl həyatlardan bir dövr, bir an, bir bölüm oxuculara təqdim olunur kitabın davamında. 10 fərqli həyat, 10 fərqli xarakter, 10 fərqli hekayə, 10 fərqli sevgi münasibəti... Kimisi dəli kimi sevmiş, kimisi bir günlük əyləncə hesab etmiş, kimisi toxunmağa qorxmuş, kimisi nifrət etmiş, kimisi aldatmış, kimisi peşman olmuş... Fərqli duyğularla oxudum bu hekayələri, bəzən üzüldüm, bəzən qəzəbləndim, bəzən ümidləndim, bəzənsə kaş indi yaşayıb axtardıqları qadınlara qovuşardılar deyə ürəyimdən keçirdim. Kitabda bir çox mövzuya toxunulub bu həyat hekayələri sayəsində. Qədim cahil adət-ənənələrdən tutmuş, gənc yaşda hiss edilən hər duyğunun eşq sanılması, azəri qadınlarla xaricilərin fərqli cəhətləri, kiçik bir səhvə məhkum olan bir ömür, fiziki qüsurlu insanların ailə həyatı, valideyn xeyir-duası olmadan qurulan ailələr, xəyanətin ən ülvi hissləri məhv edərək geriyə peşmanlıqdan başqa bir şey buraxmaması kimi bir çox məsələlərə toxunulub.
       Mənə bu hekayələr arasında ən çox təsir edən “Sevginin nifrətə çevrilməsi” oldu... Soyuq təsir bağışlayan isə tamamlanmamış “Çətini ölənəcəndi” oldu. Kitabın sonuna müəllifin əlavə etdiyi 3 hekayədən biri olan “Sevgilim “Yox” olub” isə sevərək oxuduğum bölüm idi deyə bilərəm. “Könüzsüzlər” adlı essedən çıxarış kimi verilmiş annotasiyası da zövqümü oxşadı və ümumi məzmunu tam əhatələmiş oldu.
        Kitabda ən xoşuma gələn fikirlər:
  • Xoşbəxtlik bir-birinə zidd olan iki halın – ayıqlıqla hissə qapılmanın vəhdətindədir, bunun əksi ola bilməz.
  • İnsan beyni bağımsız çalışır, sən istəsən də, istəməsən də o bütün variantları süzgəcdən keçirir.
  • Könüllü gedənlərə elə gəlirmiş ki, onlar öz istəkləriylə gəldikləri üçün savaş tanrısının xüsusi himayəsi altına girmişdilər, başqalarına olan şeylər onlara ola bilməzdi, savaşın məntiqi də, məntiqsizliyi də onlardan yan keçəcəkdi.
  • Könüllü insanlar heç zaman ölmürlər, onlar könüllərdə yaşayırlar və beləcə bir gün dirilib bizi göz yaşına boğurlar.
        Sonda kitabı tez bir zamanda bitirsəm də, ayrılmağımın çətin olduğu əsərlərdən ola bilmədi mənim üçün. Sadə, səmimi dili ilə oxunaqlı olsa da, nədənsə müəllifin kitabını deyil də, kiminsə gündəliyini oxuyuram təsiri bağışladı məndə. Kitab oxuyarkən sıxıldığımı deyə bilmərəm, amma bitməyini də gözləmirdim desəm yalan olar. Bu detalları nəzərə alaraq “On Bir Gecə” məndən sadəcə 3 bal ala bildi. İl ərzində yenidən Rasim Qaraca yaradıcılığına müraciət edəcəm. Bu artıq məlum oldu.

Əziz Yabuqzadə - Ona

        İlin dördüncü kitabı gənc yazarlardan olan Əziz Yaqubzadənin “Ona” kitabı oldu. Ad günümdə gələn hədiyyələrdən biri olan bu kitab həm adı, həm də üz qabığı ilə diqqətimi ilk andaca çəkdi. Hələ bir də “Kimə şeir yazılsa, onu dünyanın ən xoşbəxti hesab edərdi. Ona kitab yazılırdı, xəbəri yox idi...” cümləsini oxuduqdan sonra...
       Kitab 2016-cı ildə Bakumoz nəşriyyatında işıq üzü görüb. Yazar bu kitabda öz fikirlərini, duyğularını, müşahidə etdiklərini başlıqlar formasında oxuculara təqdim edir. Dilinin çox sadə və axıcı olması, aydın ifadə olunmuş düşüncələr, əsas da məzəli çalarlar qatılmış sətirlər çox xoşuma gəldi. Kitabı karandaşla oxumağı sevən biri olaraq bütün sətirlərin altından xətt çəkməmək üçün özümü güclə saxlamışdım. O qədər fikirlərimə tərcüman oldu ki, bəzi sətirlər... Oxuduqca səhifələr başlıqları, başlıqlar bölmələri izləyirdi. Əlimə aldığım zaman əqrəblərin necə sürətlə hərəkət etdiyini unudurdum sanki. Kitabı maşında bitirdim desəm yalan olmaz. Həm zövqümə xitab etdiyi, həm də yolda gedərkən oxumaq üçün rahat - bölmələr şəklində - olduğu üçün nə zaman başlayıb – bitirdiyimi xatırlamıram.

       Nə yalan deyim bu tip kitabları sevdiyim və çox oxuduğum üçün kitaba başladığım ilk anda bir türk kitabının tərcüməsi ilə qarşı-qarşıya olduğumu sandım. Ancaq sonra yazarın özünə xas fikirləri ilə tanış olduqca bizdə də belə istedadların ədəbiyyata qədəm qoyması məni çox sevindirdi. Oxuyarkən qarışıq hisslər yarandı məndə. Beynimdə ən çox təkrarlanan sual yazarın bunları yazacaq qədər nə yaşadığı düşüncəsi oldu və ya bunları böyük bir eşq yaşamadan yazmaq olar mı? Çünki sətirlər təkcə bir qıza olan saf sevgidən bəhs etmir, bu sətirlər bəzən sevgiliyə nifrəti ifadə edir, bəzən peşmanlığı dilə gətirir, bəzən üsyan qoxuyur. Əziz Yaqubzadə kişilərlə qadınların elə gözəl təsvirini verib ki, bizlərə ən az öz həmcinsləri qədər yaxşı bələd olması heyran etdi məni. Həmçinin, qadınlarda olan bəzi nöqsanları dilə gətirdiyi kimi kişilərə xas bəzi səhv davranışların da izahını verir. Qısacası sırf sevgi kitabı deyil “Ona”, sevgi fonunda bir çox mövzuya toxunaraq oxuyucunu yormadan əyləndirir. Bəzi sətirləri təqdim edim sizə özünüz qərar verin:
  • · Sən heç birinin gedişinə görə saatlarla ağlamaq istərkən yanaqlarında onun əllərinin izi silinməsin deyə göz yaşlarını içinə axıtdın mı?
  • · Mən içində 8 milyard insanın həyat mübarizəsi apardığı bu dünyadan idim, o isə mənim dünyam idi.
  • · İçində “sən” olan hər şeyi sevərdim. Amma “sən”sizlik ağır oldu, sevgilim.
  • · Unudacaq qədər güclü idim. Ancaq unutmağa qıya bilməyəcək qədər çox sevmişdim.
  • · Sevdiyiniz birindən “qadınım” sözünü eşitdiyiniz an onun əllərindən möhkəm yapışın və ona onun qadını olduğunuzu bir daha hiss etdirin.
  • · Hər gözəl şeyin bir sonu var deyirlər. Biz çirkin qalaq, olarmı?
  • · Üzünü görmək istəmədiyimi, sənə nifrət etdiyimi öz-özümə təkrarladığım sənsiz saatlarım var mənim. Bir də səsini eşitsəm, dünyanın ən xoşbəxti olacağım axmaq bir xasiyyətim var.
  • · “ Kiçik bir gülüşümüzə belə layiq olmayan insanlar üçün günlərlə göz yaşı tökdük”, - deyə özlərini dəyərli sandılar.
  • · Qorxmursanmı, yalnızlığa öyrəşsəm, səni unudaram?

         Müəllif sonda qeyd edir ki: “Xahis edirəm, kitabı bitirərkən məmnun olub-olmadığını deyərək qapağını bağla. Və əmin ol ki, mən eşitməsəm də hiss edərəm.” Elə mən də kətabı məmnun bitirdiyimi qeyd edərək yazımı sonlandırım. Məndən 4 bal alan kitablardan oldu. Növbədə Əziz Yaqubzanin “Bir Sən Qədər” kitabı məni gözləyir...