

Əsərin təhlilinə gəldikdə ən önəmli məqamlardan başlasaq, ilk növbədə fərqli süjet xəttini vurğulamalıyam. Kitabda hər şey dümdüz davam edir. Bu, macəra sevən oxuculara sıxıcı gələ bilər. Ancaq hadisələr o qədər axıcı davam edir ki, heç macəra axtarmağa macal qalmır. Kitab 51 bölümdən ibarətdir. Hər bölümün öz süjeti, öz hadisələri əvəzləmə tərzi var. Bu da əsərdə daha nələrin ola biləcəyi haqda insanı düşünməyə vadar edir. Tam hər şey bitdi deyilən anda, yeni obrazlar peyda olur, yeni hadisələr cərəyan edir. Digər vacib məqamlar rahat başa düşülən yazı tərzi, detallı təsvirlərlə baş verən hər şeyin göz önündə asan canlandırılması, oxuyarkən oxucunu yormaması, yazıçının məharətinə bir növ sübutdur.
Kiçik bir adada yaşanan çətin həyat tərzi, inadkar insanlar, amansız təbii hadisələr, hər şeydən, hər kəsdən uzaq yaşamağa çalışanlar, dünyanın mərkəzindən kənarda qalmış ada sakınləri – GÖRÜNMƏZLƏR... Qəhrəmanlarımız - həyata 1-0 geridə başlayanlar Barröy adasının sakinləridir. Əsərdə ətraf adalardan söz açılsa da, əsas hadisələr Barröydə cərəyan edir. Hans, atası Martin, bacısı Barbro, həyat yoldaşı Maria və kiçik qızları İngrid. Onlar görünməzlərdir... Onların səsi də duyulmur... O qədər qələbəyə yaxınlaşdıqları anda məğlub olub həyata yenidən başlayıblar ki, bütün hirslərini, bağırtılarını, üsyanlarını öz içlərində boğmağa alışıblar... Zatən görünməyən, heç varlıqlarından xəbər belə olmayan insanların səsi necə eşidilə bilər ki?! Kitabda Hadisələr 1913-1928-ci illər aralığını əhatə edir. Bu müddət ərzində bu 5 sakindən bəziləri həyata vida edir, bəzisi doğulur, bəziləri isə qonşu ərazilərdən gəlib adada yaşamağa məcbur olur. Onların əməyi və həyatı təbiətin gücü qarşısında aciz olsa da, inadkar sakinlər öz adalarını yaşanmalı yer etmək üçün əllərindən gələn hər şeyi edir, bununla da həyatda qalmaq uğrunda mübarizə aparırlar.
Onlar yaşamlarını balıqçılıqla, quru balıq, süd, yun ticarəti ilə sürdürən, qazandıqları məhdud büdcə ilə, həm təbii hadisələr nəticəsində dağıntılara məruz qalan adalarını bərpa etməyə səy göstərən, həm öz qida tədarüklərini, həm də saxladıqları heyvanların yemlərini təmin etməyə çalışan inadkar insanlardır. Burada kişi-qadın bərabərliyi var, zərif məxluq anlayışı öz hökmünü itirib. Qadınlar da kişilərlə bərabər qayıqla dənizə açılır, balıq tutur, tarlada çalışır, balıq qurudur, heyvanlara qulluq edib onları əmək üçün hazırlayır hətta kişilərdən əlavə balıq tutmaq üçün tor toxuyur, kiçik tikinti işləri ilə məşğul olur, evin və adanın qayğısına qalırlar. Bu adada kiçik yaşlı uşaqlar belə işdən kənarda qalmır. Onların da böyüklər kimi bu cür çətin, güc tələb edən işlərin öhdəsindən gəlməsi heyrət doğurur. Uşaqlıqlarını yaşamaq yoxsa sadəcə yaşamaq uğrunda mübarizə... Bax bu seçim haqqı belə onlara verilmir. Hər an fırtına, tufan, leysan, qar fırtınası, quraqlıq təhlükəsi ilə üzləşən qəhrəmanlarımızın bu kiçik dünyasında sadalanan bu işlərdən başqa heç nəyə yer yoxdur. Hər yeni gün onlar üçün həyatla mübarizənin başlanğıcıdır. Bütün bunların fonunda isə ailə üzlərinin bir süfrə arxasında oturub yemək yeməsi, qəhvə içib ətrafı seyr etməsi belə onlar üçün əvəzsizdir, xüsusi dəyərə malikdir. Ailə sevgisi, doğma yurda bağlılıq, əməyin təbliği, təbiət qarşısında inadla mövqe tutmaq, sevdiklərini itirənlərin həyata və bir-birlərinə dörd əllə sarılması bu kitabın əsasını təşkil edir. Aşağıda əsərdən ən bəyəndiyim sətirləri paylaşıram. Onları oxuyarkən bütün həyatı kiçik bir adadan ibarət olan qəhrəmanlarımızı daha yaxşı tanıyacaqsınız.
- Bütün məsafələrin aldadıcı olduğu dənizdəki metafizik bir qüvvə kimi onun həyatında bəzi proseslər baş verirdi.
- Qadının üzünə bir az öncə dalğalar onların həyatına hökmranlıq edərkən yaranan gülüş yenidən qayıtdı.
- Bu yağış altında o, küləyin titrətdiyi dəniz yosunlarına bənzəyirdi.
- Həyat – onu yaşamağa dəyməyəcək qədər dəyərsizdir.
- Qoy ən güclü külək əssin, qoy ən dağıdıcı fırtına qopsun, qoy göy məhvərindən çıxıb yerlə birləşsin, yenə də onların doğma adalarına heç nə olan deyil.
- Yazanın xətti dəniz dalğaları kimi səliqəsiz, qalxıb-enən idi.
- Bu ona bənzəyirdi ki, insan bütün dünyanı özü üçün bir evə çevirir: səmanı tavana, göz işlədikcə görünən üfüqləri isə evin divarına. Bu evin adı isə dünya olur.
- Yüksəklikdən uçan quş qanadlarını açır və qalan hər bir işi külək onun əvəzində edir.
- İnsanın hansısa bir xəyal qurduğuna görə peşmançılıq hissi keçirməsi kimi sarsıdıcı bir şey ola bilməz.
- Malik olduğunu başa düşmədiyi qiymətli bir şeyin ondan ayrılması faktı ilə üzbəüz qalmışdı.
- Ətrafdakı heyvanlar və həşəratlar isə elə insanların özü kimi ölü bir səssizliyə bürünüb. Bu dəmdə eşidilən yalnız dumanın qəribə səsidir: fısıltı! Bu fısıltı balıqqulağının içindəki dənizin səsinə bənzəyir.