![]() |
ANAR RƏHİMOV |
Bundan əlavə, Anar yaxınlarda Norveçin paytaxtı Osloda həm yeni tərcümə etdiyi (Simen Ekern - Avropalılar) kitabla bağlı elmi araşdırma aparmaq, həm də yazıçı ilə görüşmək üçün elmi-işgüzar səfərdə olmuşdur.
Ayın ən yaxşısı Anar Rəhimovla müsahibəni sizlərə təqdim edirik:
- Necə oldu ki, Norveç dilindən ədəbi tərcümələr etməyə başladın?
- Hər şeydən əvvəl, mən Norveç Ədəbiyyat Komitəsinə ( NORLA) çox zaman kölgədə qalan sənət sahiblərini, tərcüməçiləri geniş kütləyə tanıtdığı üçün ürəkdən təşəkkür edirəm. Hə... Necə oldu Norveç dilindən tərcümələr etməyə başladım? Əslində bu elə də uzunmüddətli bir tarixi əhatə etmir, daha dəqiq desək, ilk kitabımı cəmi iki il öncə 2016-cı ilin yayında tərcümə etmişəm. Amma onu da əlavə etməliyəm ki, bu heç də həyatımın gözlənilməz və təsadüfi bir dönüşü olmadı. Mən elə bir ailədə böyümüşəm ki, həm atam, həm də anam dilçi olub, onlar burada - Bakıda universitetdə xarici dilləri tədris edirdilər. Nəticədə kitablara, oxumağa, ümumiyyətlə, ədəbiyyata böyük sevgimin yaranmasında onların diqqətəlayiq təsiri oldu. Yadımdadır ki, balaca evimizdə hər yer kitablarla əhatə olunmuşdu. Uşaqlıqdan İvan Krılovun, Hans Kristian Andersenin, Astrid Lindqrenin, Mark Tvenin kitablarını oxuyaraq böyümüşəm. Tələbəlik illərində isə rus və ingilis dillərindən elmi məqalələri, istifadə qaydaları haqqında kitabçaları, işgüzar məktubları Azərbaycan dilinə tərcümə edirdim. Mən bunu cibxərcliyimi çıxartmaq üçün edirdim, digər tərəfdən isə bu iş mənə böyük zövq verirdi. Hiss edirdim ki, azacıq istedadım var və bir az öz üzərimdə işləsəm bu sahədə nisbətən uğurlu ola bilərəm.
Amma Norveç dilini universitet səviyyəsində öyrənməyim, Norveç dilindən ədəbi tərcümələr etməyə başlamağım tam təsadüf nəticəsində baş verdi. Mən ADU-nu
bitirmişəm və ixtisasıma uyğun olaraq həmin universitetdə 2011-ci ilə kimi ingilis dili müəllimi kimi çalışırdım.
Həmin vaxt heç ağlıma da gəlməzdi ki, bir gün Norveçə gedəcəyəm Oslo universitetində Norveç dili və ədəbiyyatı istiqamətində təhsili alacağam. Beləcə bir gün tam yeni ölkədə və mənim üçün tam yeni bir dil sahəsində təhsil almaq imkanı barədə məlumat verdilər. ( Həmin vaxt mən Norveç dilində bir kəlmə də bilmirdim.) Üç mərhələli müsahibədən uğurla keçdim və Norveçə 2 il yarım Norveç dili və ədəbiyyatı üzrə təhsil almaq üçün yollandım.
Orada əsas istiqamətim Norveç dili və ədəbyyatı olsa da, Norveç tarixi, mədəniyyəti, siyasəti, cəmiyyəti haqqında da fənnləri götürürdüm. Bu mənim üçün tam yeni bir dövr, yeni bir yaşantı idi. Yeni dili öyrənmək çətinliyindən əlavə mən Norveç qaydaları, onların davranış tərzi, mədəniyyəti ilə də dostlaşmalı idim. Hə, hələ kifayət qədər soyuq keçən Norveç yaylarını demirəm heç... Amma əsas çətinliyim dillə bağlı idi, norveç dilində ilk sözlərimi yalnız ölkəyə gələndən bir qədər sonra öyrəndim.
Ədəbiyyat fənnindən bəxtim gətirdi ki, Erik Yuriks kimi bir müəllimim oldu. Onunla bərabər Norveç ədəbiyyatının incilərindən Knut Hamsunu, Siqrid Undesti, Henrik İbseni, Daq Sulstadı müzakirə və analiz etmək bir başqa zövqlü proses idi.

- Tərcümə sənətindən başqa bir işlə məşğulsanmı. Bu halda məhz hansı işlə?

- Bilirik ki, yaxınlarda Simen Ekernin “Avropalılar" kitabının tərcüməsi ilə bağlı elmi araşdırma üçün Osloda olmusunuz. Bu barədə bizə qısa məlumat verə bilərsiniz?

Mənim kimi Avropanın sərhədlərindən kənarda yaşayan biri üçün həm kitabın adı, həm də onun mövzusu çox çəkici gəldi. Bundan əlavə, kitabı tərcümə edərkən bir xeyli əziyyət çəkməli oldum. Həm Bakıda, həm də Osloda araşdırmalar aparmaq məcburiyyətində qaldım. Daha öncələr heç zaman bu qədər ağır siyasi terminlər və çətin ifadələr olan bir Norveç kitabını tərcümə etməmişdim. Bəzən elə olurdu ki, bir sözün və ya ifadənin Azərbaycanca yerinə oturan qarşılığını tapmaq üçün yarım saat baş sındırırdım. Elə siyasi terminlər vardı ki, heç Azərbaycan dilində onlara rast gəlməmişdim. Amma nə qədər vaxt aparsa da, nə qədər çətin olsa da layihənin özü çox maraqlı idi. Kitabın tərcüməsi zamanı bir dəfə də olsun nə ümidsizliyə qapıldım, nə də işi yarımçıq saxlamaq istədim. Tərcümə sənətində tələb olunan ən əsas keyfiyyətlər səbr və məqsədyönlülükdür axı! Əziyyət çəkirsən, yuxusuz gecələr keçirirsən və çətin anlardan sonra kitabı hazır edib nəşriyyata
göndərirsən ha, bax onda səndən xoşbəxt insan olmur dünyada. Mən lap başdan əmin olmuşam ki, tərcüməçilik sənəti məhz belə anlarla daha mənalıdır. Azərbaycanda bir çox oxucu hazırda gerçəkdən Avropanın sərhədləri daxilində nə baş verməsi ilə maraqlanır. Bu baxımdan tamamilə Avropaya və onun gerçəkliklərinə, gizlinlərinə həsr edilən “Avropalılar” kitabının ölkəmizdə də məşhurluq qazanacağına inanıram və ümid edirəm. Bu barədə kitab az olduğundan insanlar bu mövzuya yəqin ki. maraq göstərəcək. Həm də mən hər zaman artıq formalaşmış meyilləri dəyişməyə cəhd edirəm, yeniliklər məni çəkir.
- İndiyədək sənə xüsusi çətin yaxud xüsusi əyləncəli gələn tərcümə işin barədə bizlərə məlumat verə bilərsənmi?

- Elə bir Norveç kitabı varmı ki, qəlbinə xüsusi yaxınlığı ilə seçilir. Varsa, hansıdır və nəyə görə?
- Mənim üçün əziz olan və fikirimcə Norveç ədəbiyyatı, mədəniyyəti haqqında təsəvvür yaradan bir neçə kitab mövcuddur. Amma əgər mütləq ad çəkməliyəmsə, o zaman icazə verin üç kitabın adını çəkim. Mənim üçün Norveç ədəbiyyatını tərcümə etmək yalnız sevdiyim işlə məşğul olmaq deyil. Məqsədim həm də Norveç tarixi, siyasəti, adət-ənənələri, həyat tərzi barədə oxucularda kifayət qədər aydın təəssürat yaratmaqdır. İstəyirəm Azərbaycanlı oxucular bu uzaq, soyuq ölkəni daha yaxından tanısınlar. Bu baxımdan Viqdis Yortun “ Miras və Vəsiyyətnamə" kitabının adını çəkə bilərəm.

- Səncə tərcüməçi olmağın ən yaxşı tərəfi hansıdır?
- Mənim üçün, ən azından mənim üçün deyək sevdiyim işlə məşğul ola bilməyimdir. Tərcüməçi peşəsi elədir ki, insan gərək həm oxumağı, həm də yazmağı sevsin. Bundan əlavə tərcüməçi mənə görə həm də gərək iki mədəniyyəti yaxşı başa düşüb dərk etsin. Tərcüməçinin işi ancaq oturub klaviyaturanı döyəcləməkdən ibarət deyil ki! Ən sevdiyim cəhətlərdən biri də işimdə müxtəlifliyin olmasıdır. İstəyirəm uşaq kitabı tərcümə edirəm, istəyirəm dedektiv, istəyirəm elmi ədəbiyyat və s. Özümü heç bir halda qayda-qanunlarla işləyən və dəqiq insan hesab etmirəm. Amma etiraf edim ki, tərcüməçiliyə başladıqdan sonra daha az dağınıq insana çevrilmişəm. Tərcüməçi həm də dili sevməlidir, dillə oynamaqdan zövq almalıdır. Baxmayaraq ki, neçə ildir eyni noutbukda işləyirəm, işlədiyim yer də evimdə demək olar ki, ancaq eyni yerdir, amma heç zaman bu mənə bezdirici və darıxdırıcı gəlmir. Əksinə hər yeni kitaba başlamaq mənim üçün yeni maraq, yeni həyəcan və zövq aldığım iş mənbəyidir. Amma bir şey də deyim ki, bəzən bu iş çox vaxt aparan da olur. Misal üçün Norveç dilində elə sözlər var ki, Azərbaycan dilində onları bir sözlə ifadə etmək olmur. Necə? Sadəcə olaraq yoxdur bu məfhumlar dilimizdə. Misal üçün: utepils, attpoklat, uting, dugnad, fyord və s. Bu da məni həvəsdən salmır. Bir şeyi də deyim, özü-özünün müdiri olmaq çox, çox xoş bir duyğudur.
Parkda, kitabxanada, ictimai nəqliyyatda görəndə ki, insanlar mənim tərcümə etdiyim kitabı oxuyur bu mənə xoş olur. Hələ onların kitab haqqında müsbət rəylərini eşidəndə sevincdən uçmağa qanad axtarıram. Adam düşünəndə ki, sənin tərcümələrin oxucuların Skandinaviya ədəbiyyatının bəzi incilərini dilimizdə oxuya bilmələri üçün şərait yaradır işini daha da həvəslə görməyə girişir. Sualınıza ümumiləşdirib belə cavab verim - Tərcüməçi olmaq mənim üçün çoxlu səyahət etmək, kitab festivallarında, beynəlxalq konfranslarda yeni insanlarla tanış olmaq, qiymətli və maraqlı kitabların ilk oxucularından olmaq, öz işinin və iş qrafikin ağası olmaq, bütün bunlardan da vacib yaşamaq üçün pul qazanmaq, maddi cəhətdən müstəqil olmaq deməkdir.
- Orijinaldan oxumaq istəyənlər və Norveç dilini bilənlər NORLA nın rəsmi səhifəsini ziyarət edin.
- Anar Rəhimovu yaxından tanıyın.
- Anar Rəhimovun Norlanın kitabxanasındakı digər tərcümələri ilə burada tanış ola bilərsiniz.
- Anar Rəhimovun dünyaca məşhur ASYMPTOTE online jurnalındakı müsahibəsi ilə tanış ola bilərsiniz.