
Kitabda yer alan hekayələr Kızıl Elma, Oğulla Buluşma, Beyaz Yağmur, Asker Çocuğu ve Deve Gözü'dür. Həmçinin, bu 5 hekayə mənim müəllifin yaradıcılığı ilə ilk ciddi tanışlığım oldu.

- Kızıl Elma – hekayəsində bir atanın həyat yoldaşı ilə arasındakı münasibətin gərginləşdiyini, problemlərin çətin mərhələyə yüksəldiyini qızına anlatmaqda əziyyət çəkdiyini görürük. Burada təkcə həyat yoldaşını sevən bir kişi deyil, eyni zamanda mübahisələrin qızında yaradacağı təsirdən qorxan düşüncəli bir ata obrazı yaradıb müəllif. Və bütün bu qarışıq duyğular arasında tapılan bir qırmızı alma atanı keçmişə qaytararaq həyat yoldaşını bütün fərqliliyi, gözəl xüsusiyyətləri ilə gözündə canlandırmasına səbəb olur. Hər şeyin bir həll yolu var, yetər ki, insan vazkeçməsin. Kiçik bir alma ümid işığı olursa əgər, demeli heç vaxt gec deyil münasibəti yoluna qoymaq üçün.
- Oğulla Buluşma – burada Vətən uğrunda ölən bir oğulun həsrəti ilə alışıb-yanan bir ata görürük. Oğlunun öldüyünü bildiyi halda illər keçməsinə baxmayaraq bu reallığı qəbul etmək istəməyən ata həmin torpaqlara getmək üçün yola çıxır. Bu yolculuqda oğlunun əskər getdiyi günü, - baxmayaraq ki, bacıları yoldaşlarını bu səbəbdən itirdikləri üçün onun getməyinə razı deyildilər, amma o yenə də vətənə öz borcunu qaytarmaq istəyirdi, - bütün detalları ilə xatırlayır. Çarəsiz ata o torpaqlara çatdığı an oğlu ilə qarşılaşacağını düşünür.

- Beyaz Yağmur – bir-birinin həyatı olan ana və qız... Günləri birlikdə, işləri birlikdə, ortaq həyatı paylaşaraq yaşayan iki nəfərlik kiçik bir ailə... O vaxta qədər ki, yaşadıqları əraziyə kimsəsiz qalmış torpaqları əkib-becərmək üçün bir qrup gəlir... Bundan sonra bəzi şeylər dəyişməyə başlayır. Qız getdikcə yaşlanan anasına baxmaq üçün işə müraciət edib bu qrupa qoşulur. Əvvəl birlikdə etdikləri hər şeyi artıq ana tək etməyə başlayır. Qızının evdə olanda isə otağında – öz dünyasında olduğunu müşahidə edir. Qızının ondan qopduğunu anlayan ana ilk əvvəl nə onun ərini – iş yoldaşını, nə də bu bölgə üçün gördükləri işləri qəbul etmək istəmir. Yoldaşından sonra qızını da itirəcəyindən qorxan ana bir müddət sonra nəhayət onları qəbul edir. Bəyaz Yağmur adı həm torpağa bərəkət verən yağışı, həm də öz sevgisini burada tapmış bir qızın gəlinliyini ifadə edir və çox gözəl seçilib deyə düşünürəm.
- Asker Çocuğu - mənə ən çox təsir edən hekayə... müharibədə heç görmədiyi atasını itirmiş bir uşağın şəhərə gələn film ilə onu tanımasından bəhs edir bu hekayə. Burada ana obrazı xüsusi qüvvətli verilib. Filmə baxaraq bütün dərdini yenidən yaşayan ana, oğluna atasını anladır, necə mərdliklə savaşıb, necə qəhrəmanca öldüyünü. İzləyərkən anasına suallar verərək atasını tanıyır, hiss edir balaca. Artıq hər kəsə onun necə biri olduğunu, onunla necə fəxr etdiyini izah edə biləcək.
- Deve Gözü – son hekayədə məhsuldar torpaqları əkib-becərən bir qrup və onlara kömək etmək üçün gələn, işə ehtiyacı olan bir tələbədən danışılır. Qrupun bir üzvü ilk gündən tələbəni qəbul etmir və hər fürsətdə öz üstünlüyünü göstərməyə, onu əzməyə, bezib öz razılığı ilə işdən çıxmağına çalışır. Ancaq deyilən hər işi edən, bütün yükün altına şikayətsiz girən bu cavan oğlan tezliklə bütün qrupun rəğbətini qazanır. Elə bu tələbə ilə düşmən olan işçinin həyat yoldaşının belə. Günlər keçdikcə tələbə daha çox sevilir, bu mənfi qəhrəman isə huzuru pozmağa başlayır. Təkcə onunla deyil artıq hər kəslə münasibətini gərginləşdirir. Və bir gün torpaqda işləyərkən tələbənin tapdığı bir qızıl hər şeyin sonu olur... Bəlkə də gözəl günlərin başlanğıcı... Bir tərəfdən qızılı başıçıxan birinə göstərmək üçün saxlayan bu qaraqabaq işçinin hər şeyi geridə qoyaraq – öz həyat yoldaşını belə - o torpaqlardan qaçması, digər tərəfdən tələbənin onun yerinə keçib artıq traktorun idarəsini əlinə alması... Bəzən bir şeyi itirmək ağır olsa da, ümidli sabaha da bir işarədir, ağır yüklərdən qurtulmalısan ki, gələcəyə inamla addımlaya biləsən. Bu hekayədə Dəvə Gözü bulağın adı kimi burada həm torpaqların canlanması üçün suvarma mənbəyi, həm də su kimi saf yeni bir sevginin doğuşu üçün bir ümid işığı mənasında işlənir.